Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-883/2024 13.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “əsassız hesablanmış borcun silinməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və İmanov Azad Nizami oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 07 noyabr 2023-cü il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə, İddiaçı iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, cavabdeh ASC tərəfindən ona əsassız olaraq hesablanmış 2.080 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus olan və Cəlilabad rayonunun Bəcrəvan kəndində yerləşən evdə ASC tərəfindən 2017-ci ildə elektrik sayğacı quraşdırılmış və ünvana **********00166 saylı abonent kodu verilmişdir. ASC-nin əməkdaşı tərəfindən hər ay mütəmadi olaraq sayğaca baxış keçirilmişdir. İddiaçı, ona məxsus evdə istifadə olunan elektrik enerjisinə görə ödənişləri mütəmadi və gecikdirilmədən etmişdir. İddiaçı ailəsi ilə birlikdə 2022-ci ilin avqust ayından bugünə kimi övladının ali təhsil alması ilə əlaqədar Bakı şəhərində yaşayır. İddiaçı, abonent kodu üzrə sistemdə ona aid məlumatlara nəzər saldıqda müəyyən etmişdir ki, ona 2.080 manat hesablanmışdır. Bunun səbəbləri ilə maraqlandıqda iddiaçıya məlum olmuşdur ki, onların uzun müddət evdə olmadığını görən cavabdeh ASC-nin əməkdaşları xx.xx.2023 tarixdə ətrafı hasarlanmış evinin həyətinə naməlum yolla keçərək, həyətə daxil olmuş, evin fasadına bərkidilmiş sayğacın təhlükəsizliyi məqsədilə iddiaçının şəxsi vəsaiti hesabına quraşdırılan qutunu sındırmış və sayğacda nasazlığın olması ilə bağlı akt tərtib etmişlər ki, məhz həmin akt əsasında da iddiaçıya qeyd edilən həmin borc hesablanmışdır. Akt iddiaçının məlumatı və iştirakı olmadan tərtib edilmişdir. Baş verənlər barəsində şikayət etmək üçün iddiaçı cavabdeh ASC-nin Lənkəran şəhərində yerləşən İdarəsinə yaxınlaşmışdır. Orada fəaliyyət göstərən əməkdaşlar abonent kodu üzrə elektron sistemdə iddiaçının məlumatlarını yoxlamış və bildirmişlər ki, hesablanmış məbləğ absurddur, lakin həmin məbləği ödəməkdən başqa yolu yoxdur. Vaxtaşırı sayğaca baxış keçirib fakturalar təqdim edib ödənişləri qəbul edən cavabdehin sonradan iddiaçının təqsiri olmadan yaranmış nasazlıq ucbatından əvvəlki tarixlər üçün borc hesablaması və tələb etməsi qanunsuzluqdur. Hələ sayğacın həqiqətən də sıradan çıxıb-çıxmamasının özü də müəmmalıdır. Çünki cihazın düzgün işləməməsi barədə məlumatı təsdiq edən yeganə fakt cavabdeh tərəfindən birtərəfli tərtib olunmuş aktdır və digər tərəfdən cavabdehin məktubunda qeyd edilir ki, sayğacda hesablanmış göstərici “1804” olsa da, əslində həmin göstərici "xxxx" olmalıdır. b) cavabdehin iddia tələbinə münasibəti barədə məlumat
3. Birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə iclasında iştirak etmiş cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı tərəfindən silinməsi tələb edilən 1.298,88 manat borc sayğac üzrə istifadə etdiyi elektrik enerjisinə görə, 796,80 manat borc isə limitdən artıq sərfiyyat göstəricisi ilə hesablanmış borcdur. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, ASC tərəfindən iddiaçıya məxsus abunə hesabına əsassız hesablanmış 796,80 manat borcun silinməsini, iddianın qalan hissədə təmin edilməməsini, cavabdeh ASC-dən 30 manatın alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsini qət etmişdir.
5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, xx.xx.2023cü il tarixinə limitdən artıq sərfiyyat kimi göstərilmiş 796,80 manat borcun hansı əsaslarla hesablanması araşdırılarkən abunə haqqında məlumatlarda limitdən artıq sərfiyyatın konkret hansı illər və aylar üzrə əks olunması görünmür. Bu səbəbdən, mötəbər subutlar olmadığından bu hal məhkəmədə müəyyən edilməmişdir. Rayon Məhkəməsi iddianın qalan hissəsinin isə əsassız olduğu üçün təmin edilməməsi qənaətinə gəlmişdir. d) apellyasiya şikayəti barədə məlumat
6. İş üzrə iddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, Rayon Məhkəməsinin qətnaməsinin qismən, yəni iddianın bir qisminin təmin edilməməsi hissəsində ləğv edilməsini və iddia tələbinin tam həcmdə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir
7. Əsasları iddianın əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. e) apellyasiya baxışının həddi barədə məlumat
8. Məhkəmə, hazırki iş üzrə apellyasiya baxışının hədləri ilə bağlı qeyd edir ki, Rayon Məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilmiş, iş üzrə cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verməmiş, qətnamədən apellyasiya şikayəti verən iddiaçı isə qətnaməni iddianın bir qisminin təmin edilməməsi hissəsində mübahisələndirmişdir.
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
10. Odur ki, qeyd edilənlərə əsaslanmış Məhkəmə qətnamənin əsaslılığı yalnız iddianın bir qisminin təmin edilməməsi hissəsində yoxlamışdır. f) apellyasiya icraatında iş üzrə tərəflərin iştirakı barədə məlumat
11. İddiaçı apellyasiya baxışında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və iddia ərizəsinin, habelə apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi.
12. Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya baxışının əvvəlki iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verərək əlavə olaraq bildirdi ki, iddiaçıya məxsus evə quraşdırılmış elektrik sayğacı elektron sayğac olmaqla üçfazalıdır. Sayğacın üzərində yeddi rəqəmli sərfiyyat göstəricisi olmalıdır. Lakin sayğac bazaya vurularkən göstərici yeddi rəqəmli əvəzinə altı rəqəmli vurulmuşdur. Yəqin ki mexaniki səhv ucbatından belə olmuşdur.
13. ASC-nin nümayəndəsi işə apellyasiya qaydasında baxılmanın növbəti iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iclasda iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir.
14. Bu hallar işin baxılmasına mane olmadığından, Məhkəmə, MPM-in 376.2-ci maddəsinə əsasən işə cavabdeh ASC-hin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
15. Apellyasiya baxışının hədlərini nəzərə alan Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə apellyasiya baxışının predmeti olan hissədə ləğv edilməli və həmin hissədə iddia təmin edilməlidir.
16. Belə ki, hazırki apellyasiya baxışının predmetini iddiaçının sayğac üzrə istifadə etdiyi elektrik enerjisinə görə hesablanmış 1.298,88 manat borcun əsaslı olub-olmaması təşkil edir. Belə ki, iddiaçıya məxsus və Cəlilabad rayonu, Bəcrəvan kəndində yerləşən evə (**********00166 saylı abunə kodu) ümumilikdə 2.079,26 manat məbləğində borc hesablanmışdır ki, həmin borcun sayğac üzrə limit daxilində hesablanmış hissəsini 1.298,88 manat, limitdən artıq sərfiyyat göstəricisi ilə hesablanmış hissəsi 796,80 manat təşkil edir.
17. Cavabdeh ASC tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli məktublardan görünür ki, qeyd edilən ünvanda xx.xx.2023-cü il tarixdə əməkdaşlar tərəfindən “Elektrik enerjisindən istifadə Qaydaları”na riayət olunmasının vəziyyəti yoxlanılan zaman xx.xx.2017-ci il tarixdə quraşdırılmış sayğacın göstəricisinin kompüter məlumat bazasında qeyd edildiyi kimi “1804” deyil, "xxxx" olduğu aşkarlanmışdır. Sayğac istismara yararsız olduğu üçün xx.xx.2023-cü il tarixdə yenisi ilə əvəz edilmişdir. Çıxarılan sayğac laboratoriya şəraitində yoxlanılmış, daxili qüsur nəticəsində işləmədiyi, üzərindəki göstəricinin "xxxx" olduğu barədə rəy verilmişdir. ASCnin Müştəri xidmətləri idarəsində abonentə **********00166 saylı abunə kodu üzrə yuxarıda qeyd edilən göstərici əsasında tarif və limit fərqinə görə yaranmış borcun azaldılması təklif edilsə də, abonent qalan məbləğin ödənişindən imtina etdiyi üçün razılaşma protokolunun tərtib edilməsi mümkün olmamışdır.
18. Cavabdeh ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 030373 №-li, xx.xx.2023-cü il tarixli aktdan görünür ki, iddiaçıya məxsus ünvana aid elektrik sayğacına keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, elektrik sayğacı 7 rəqəmli olduğu halda kompüter bazasında sayğacın 6 rəqəmli olması qeyd olunmuşdur. Sayğacın "xxxx" göstəricisinə əsasən kompüter məlumat bazasına daxil edilməmiş 16.236 kVt/s enerji sərfiyyatı aşkar edilmişdir.
20. Məhkəmə tərəfindən müəyyən edilir ki, iddiaçıya məxsus **********00166 saylı abonent kodu üzrə hesablanmış 1.298,88 manat borc xx.xx.2018-ci il tarixdən başlayaraq yaranmış sərfiyyatla bağlı olmuşdur. Həmin tarixdə iddiaçının istifadəsində olan sayğacın sərfiyyat göstəricisi “0” dan başlayaraq xx.xx.2023-ci il tarixə qədər “1804” əks olunmuşdur, yəni sərfiyyat üzrə sayğac göstəricisi 4 rəqəmli olmuşdur. Bu müddət ərzində orta aylıq sərfiyyat 2-3 manat məbləğində əks olunur.
21. xx.xx.2023-cü il tarixdə isə sayğacın sərfiyyat göstəricisi 5 rəqəmli əks olunmaqla "xxxx" təşkil etdiyi görünür. Borcun yaranmasının səbəbi də bununla bağlıdır.
22. Qeyd edilənlərə əsasən Rayon Məhkəməsi iddiaçının istifadəsində olan sayğacın xx.xx.2018-xx.xx.2023 tarixində sərfiyyat göstəricisi "xxxx" olduğunu hesab edərək qeyd etmişdir ki, əvvəlki dövrün sərfiyyatı ilə müqayisə etdikdə görünür ki, 2017-ci il ərzində ümumiyyətlə heç bir sərfiyyat olmamış, 2015-2016-cı illər üçün sərfiyyat üzrə orta aylıq ödəniş isə təxminən 7-8 manat olmuşdur. Bu zaman əvvəlki illərin, yəni 2015- 2018-ci illərin, sərfiyyat üzrə sayğac göstəriciləri də 4 rəqəmli əks olunmuşdur. Cavabdehin nümayəndəsi qeyd olunanları təmsil etdiyi şirkətin əməkdaşlarının səhvi ilə izah etmiş, lakin, sayğac üzrə elektrik enerjisinin sərfiyyat göstəricisinin "xxxx" real olmasını bildirmişdir. Bu aktlar və sayğac üzərində əks olunmuş rəqəmlərlə təsdiq olunur. Bu əsasla da sərfiyyat üzrə 2018-ci ildən başlayaraq hesablanmış borc iddiaçıdan tələb edilmişdir.
23. İddiaçının sayğac göstəricilərinə münasibəti aydılnlaşdırılarkən o, bildirmişdir ki, sayğac əslində 7 rəqəmli olmaqla onda sərfiyyat üzrə əks olunan göstəricinin 5 rəqəmli olmasını qəbul edir. Lakin, ona təqdim edilən bildirişlərdə cavabdehin əməkdaşlarının səhvi nəticəsində sərfiyyat üzrə göstərici 4 rəqəmli olmaqla əks olunması ucbatından bildirişlər üzrə hesablanan məbləğin ödənişini etmişdir. Sonradan isə sərfiyyat göstəricisinin səhv əks olunmasını ona bildirildikdə yaranmış borcu qəbul etmədiyini bildirmişdir.
24. Məhkəmə hesab edir ki, sayğacın həqiqi göstəricisi ilə bağlı Rayon Məhkəməsinin gəlmiş olduğu nəticə düzgün deyil.
25. Belə ki, Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan müəyyən edilir ki, iddiaçının ünvanına elektrik sayğacı quraşdırıldığı tarixdən xx.xx.2022-ci il tarixədək sayğacın aylıq göstəricisi 30 kVt/s-dan çox olmamış, eyni zamanda xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək (9 ay müddətində) sayğacın göstəricisi oxunarkən eyni rəqəm – “1804” olması görünür. Buna baxmayaraq, 40 gün sonra, yəni xx.xx.2023-cü il tarixində sayğacın göstəricisinin 4 rəqəmli deyil, 5 rəqəmli kimi "xxxx" oxunaraq 16236 kVt/s sərfiyyat (ümumi 2.095,68 manat) abonent cədvəlinə daxil edilmişdir. ASC-nin 030373 nömrəli, xx.xx.2023-cü il tarixli aktına əsasən abonentə aid elektrik sayğacının yeddi rəqəmli, informasiya bazasında altı rəqəmli olması barədə akt tərtib edilmiş, həmin akta əsasən xx.xx.2023-cü il tarixində sayğac dəyişdirilmişdir. ASCnin Laboratoriya Mərkəzində çıxarılan sayğaca dövlət möhürünün normal olması, daxili qüsur nəticəsində işləməməsi, istismara yararsız olması, göstəricisinin kompüter bazasındakı göstəricidən fərqləndiyi barədə laboratoriya rəyi verilmişdir. İlkin aktda, sayğac dəyişdirilməsi barədə protokolda və laboratoriya rəyində sayğacın göstəricisi "xxxx" göstərilmişdir. Sayğac göstəricisinin informasiya bazasına səhv yüklənməsində abonentin (iddiaçının) hər hansı təqsiri olmamışdır. Sayğacın xx.xx.2023-cü il tarixində oxunan göstəricisinə əsasən abonent hesabına əlavə edilən sərfiyyatın silinməsi üçün ASC-yə müraciət olunmuşdur. Elektrik enerjisinin qanunsuz olaraq kəsilməsinə və ya qanunvericilikdə istehlakçıya yazılı bildirişin göndərilməsi tələb olunan hallarda yazılı bildiriş göndərilmədən elektrik enerjisinin verilməsinin dayandırılmasına görə X1 vəzifəli şəxsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülmüşdür.
26. Göründüyü kimi hazırda mübahisələndirilən borcun hesablanmasına səbəb olmuş sayğac göstəricisinin informasiya bazasına səhv yüklənməsində iddiaçının hər hansı təqsiri olmamışdır.
27. “İstehlakçı hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.6-cı maddəsinə görə, icraçı (iş görən, yaxud xidmət göstərən müəssisə, idarə, təşkilat və ya sahibkar) görülmüş işlərdə və göstərilmiş xidmətlərdə qüsurların istehlakçının (şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxs) təqsiri ucbatından əmələ gəldiyini sübut edərsə, buna görə məsuliyyət daşımır.
28. MPM-in 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Lakin hazırki mübahisə üzrə borcun hesablanmasına səbəb olmuş qüsurun iddiaçının təqsiri ucbatından yaranması sübuta yetmir.
30. Elektrik istehlakına görə hesablanmış 1.298,88 manat borcun əsassız olduğu müəyyən edildiyindən və sayğacda olan qüsurun iddiaçının təqsiri ucbatından yaranmadığı öz təsdiqini tapdığından həmin borcun silinməsi barədə iddiaçının tələbi əsaslıdır. Lakin işə baxmış Rayon Məhkəməsi iddia tələbinin qeyd edilən hissəsini təmin etməmişdir.
31. Buna görə də hesab edilməlidir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamənin apellyasiya baxışının predmeti olan hissəsi səhvdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıymır. e) apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəsi barədə məlumat
32. Beləliklə, apellyasiya baxışı ilə müəyyən edilir ki, apellyasiya baxışının predmeti olan hissədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə işin hallarına uyğun deyil. Rayon Məhkəməsi həmin hissədə işin hallarını səhv müəyyən etmişdir. Apellyasiya şikayətinin dəlili əsaslıdır.
33. MPM-in 385-ci maddəsinin tələbinə görə isə, yuxarıda qeyd edilən hal birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin apellyasiya qaydasında ləğv edilməsi və iş üzrə yeni qətnamənin qəbul edilməsi üçün əsasdır.
34. Məhkəmə həmçinin qeyd edir ki, iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün qəbul edilən qətnamədən kassasiya şikayəti verilə bilməz. Çünki MPM-in 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla apellyasiya məhkəmələrinin mülki kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
35. Odur ki, göstərilənləri nəzərə alan, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanan, MPM-in 392, 393 və 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilsin. Hazırkı mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 07 noyabr 2023-cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə, yəni iddianın təmin edilməməsi hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı məxsus abunə hesabına (**********00166) əsassız hesablanmış 1.298,88 manat borc silinsin. Müəyyən edilsin ki, hazırkı mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 07 noyabr 2023-cü il tarixli qətnamənin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı aid abunə hesabına (**********00166) əsassız hesablanmış 796,8 manat borc silinməsi hissəsi hazırki apellyasiya baxışının predmeti olmamışdır. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.