Məhkəmə qərarları › İş №2(103)-8842/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8842/2021

17.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8842/2021 17.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının nümayəndəsi (oğlu) Nümayəndə Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Səbail Rayon Məhkəməsinin 05.04.2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində 1.700 manat pul tələb olunub. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, cavabdehlərin birindən – Cavabdeh2 1.700 manat və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat alınaraq iddiaçıya verilsin, iddianın qalan hissəsi təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin. Məhkəmə iclasında iştirak edən cavabeh Cavabdeh2 apellyasiya şikayətinin əsaslı olduğunu, iddiaçının nümayəndəsi Nümayəndə isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Digər Cavabdeh1 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Qətnamənin bir hissəsi - cavabdeh İradə Hseynovadan 1.700 manat pul tutulmasına aid olan hissəsi mübahisələndirildiyinə görə qətnamənin yalnız həmin hissəsinin əsaslılığı apellyasiya qaydasında yoxlanılmışdır. Yoxlanılan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Müəyyən olunur ki, bir-birlərini tanıyan 10 nəfər özlərinin “lotereya” adlandırdıqları razılaşma əldə ediblər. Razılaşmaya əsasən 10 nəfərin hər biri hər ay 200 manat verməklə 2.000 manatı pul cəmləyiblər və növbə ilə hər ay bir nəfər 2.000 manat pulu götürüb. İddiaçının mərhum arvadı Müşgünaz Yusifova və Cavabdeh2 həmin 10 nəfərin sırasında olub. 2015-ci ilin dekabr ayında 2.000 manat pulu götürmək növbəsi iddiaçının arvadına çatıb, pulu iddiaçının arvadına vermək üçün Cavabdeh2 götürüb, lakin ona verməyib. İddiaçının arvadı 2016-cı ildə avtoqəzada vəfat edib. Cavabdeh2 2.000 manatın 300 manatını qaytarıb, 1.700 manat isə qalıb. Hazırda iddiaçı 1.700 manatın qaytarılmasını tələb edir. Cavabdeh2 1.700 manatı qaytardığını bildirir, lakin bu barədə sübut təqdim edə bilmir. 10 nəfərin arasındakı razılaşma Mülki Məcəllənin 389.1-ci maddəsinin göstərişinə görə müqavilə hesab olunur. Belə müqavilə Mülki Məcəllədə nəzərdə tutulmasa da həmin Məcəlləyə zidd deyil. Mülki Məcəllənin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Ona görə də 1.700 manat pul tələbi müqavilə tələbi hesab olunur. Cavabdeh2 həmin razılaşmanın iştirakçısı olduğuna görə müqavilə tərəfi sayılır. Müqavilə tərəfi kimi onun üzərinə düşən vəzifələrdən biri müqavilənin digər iştirakçılarından toplanmış pulu iddiaçının arvadına çatdırmaq olub, lakin o, bu vəzifəsini yerinə yetirməyib. İddiaçının arvadı vəfat etdiyinə görə iddiaçı müqavilə münasbətində onun hüquq varisi sayılır. Mülki Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Ona görə də məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi 1.700 manat pulun cavabdehdən tutularaq iddiaçıya verilməsini qət etməklə düzgün nəticəyə gəlib, mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Beləliklə, apellyasiya şikayəti rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti rədd olunsun. Hazırkı iş üzrə Səbail Rayon Məhkəməsinin 05.04.2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar