Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-885/2024 19.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və 2 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı Reyestri X12 1 saylı Bakı Ərazi İdarəsi üçüncü şəxs olmaqla) qarşı iş üzrə (Açar sözlər: əqdin etibarsızlığı, vicdanlı alıcı) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X10 (sədrlik edən və məruzəçi), X11 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Əliyev Ülfət Vilayət oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh1, onun nümayəndəsi (vəkili) Vəkil2, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi (vəkili) Vəkil4 iştirakları ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 21 iyun 2023-cü il tarixli qətnaməsindən cavadeh Cavabdeh1 (nümayəndəsi və vəkili Vəkil2), həmçinin digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 (nümayəndəsi və vəkili Vəkil4) tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçının atası X7 vaxtı ilə X6 ilə ailə həyatı qurmuş və birgə nikahlarından iddiaçı, yəni İddiaçı dünyaya gəlmişdir. Daha sonra X2 Tatyana Vladimirovnadan boşanmış və Cavabdeh1 ilə ailə həyatı qurmuşdur. X1 yaranmış problemlər səbəbindən ölmüşdür. Lakin o, ölümündən əvvəl arvadı Cavabdeh1 mülkiyyətindəki əmlakların idarə olunmasına dair baş etibarnamə vermişdir. X4 ölümündən üç gün sonra Cavabdeh1 qüvvədən düşmüş etibarnamə ilə mərhum ərinin adına olan daşınmaz əmlakı bacısı Cavabdeh1 bağışlamışdır. Daha sonra Cavabdeh2 həmin bağışlama müqaviləsi əsasında “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarış alaraq ona hədiyyə verilmiş daşınmaz əmlak üzərindəki mülkiyyət hüququnu qeydiyyata aldırmışdır. Sonradan o, həmin daşınmaz əmlakı 80000 manat müqabilində Cavabdeh3 satmışdır. Cavabdeh3 da, alqı-satqı müqaviləsi əsasında aldığı çıxarış ilə daşınmaz əmlak üzərindəki mülkiyyət hüququnu qeydiyyata aldırmışdır. Hazırda mərhum X4 övladı İddiaçı qeyd olunan müqavilələri və sonuncu müqavilə əsasında verilmiş çıxarışı mübahisələndirir.
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı (nümayəndəsi və vəkili Vəkil1) “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə, daha sonra isə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və 2 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı Reyestri X12 1 saylı Bakı Ərazi İdarəsi üçüncü şəxs olmaqla) qarşı iddianın dəyişdirilməsinə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə (bundan sonra mətndə - birinci instansiya məhkəməsi) müraciət etmiş, 22 sentyabr 2021-ci il tarixli, 4Ə-1759 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, 07 fevral 2022-ci il tarixli, 4Ə-44 reyestr nömrəli alqı-satqı müqaviləsinin və onun nəticəsində əldə edilmiş çıxarışın ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçının atası 18 sentyabr 2021-ci il tarixdə ölmüşdür. Ölmüş atasının adına olan Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən evin və digər əmlakların vərəsəlik payının rəsmiləşdirilməsi üçün 4 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə müraciət edilmişdir. Notariat ofisinin notariusu əmlak payının müəyyən edilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı Reyestri X12 1 saylı Bakı Ərazi İdarəsinə sorğu ilə müraciət etmiş, lakin verilən rəsmi cavabda qeyd olunmuşdur ki, həmin mənzil 2 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 4Ə1759 reyestr nömrəli, 22 sentyabr 2021-ci il tarixli bağışlama müqaviləsinə əsasən digər şəxsin, yəni Cavabdeh2 adına etibarnamə əsasında rəsmiləşdirilmişdir. Araşdırma zamanı vəkil sorğusu əsasında müəyyən edilmişdir ki, bağışlama müqaviləsi ilə əldə olunan mənzil 07 fevral 2022-ci il tarixdə 18 sayl Notariat Kontorunda alqı satqı müqaviləsinə əsasən Cavabdeh3 adına rəsmiləşdirilmişdir və hazırda mülkiyyətindədir. Qeyd olunanlardan açıq surətdə bəlli olur ki, bağışlama müqaviləsi iddiaçının atası tərəfindən verilmiş etibarnamə əsasında onun ölümündən sonra, yəni 18 sentyabr 2021-ci il tarixdən sonra 22 sentyabr 2021-ci il tarixdə rəsmiləşdirilmişdir. Odur ki, iddia tələbi təmin edilməlidir.
4. Birinci instansiya məhkəməsi 21 iyun 2023-cü il tarixli (hakim L.Talıbova, e-2(010)- 735/2023 nömrəli mülki iş üzrə) qətnamə qəbul edərək, iddia tələbini təmin etmiş, X4 əvəzinə Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 22 sentyabr 2021-ci il tarixli “Daşınmaz əmlakın bağışlanmasına” dair bağışlama müqaviləsinin etibarsız hesab edilməsini, Azərbaycan Respublikası ƏMDK-nin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına verilmiş 12 oktyabr 2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsini, Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış 07 fevral 2022-ci il tarixli, AN-İ № ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsini, Azərbaycan Respublikası ƏMDK-nin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh3 adına verilən 09 fevral 2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsini, Cavabdeh2 daşınmaz əmlakın dəyəri 80000 (səksən min) manat məbləğində pul vəsaitinin alınaraq Cavabdeh3 ödənilməsini, Cavabdeh3 tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış sahəsi, 129 saylı evin 120 saylı mənzilinin boşaldılaraq Cavabdeh1 təhvil verilməsini qət etmişdir.
5. Qeyd olunan qətnamə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra mətndə - Mülki Məcəllə) istinad edilərək belə əsaslandırılmışdır ki, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağışlama müqaviləsi bağlanarkən X7 artıq ölmüşdür və cavabdehlər arasında hüquqi qüvvəsi mövcud olmayan etibarnamə əsasında bağışlama müqaviləsi bağlanmışdır. Cavabdeh1 bağışlama müqaviləsini bağlayarkən təmsil etdiyi şəxsin ölüm halı ona məlum idi və həmin bağışlama müqaviləsi etibarlı əqd hesab oluna bilməz. Buna görə də məhkəmə hesab edir ki, hazırki əqd Mülki Məcəllənin tələblərinə zidd olaraq bağlandığından və sonrakı alqı-satqı müqaviləsinin əsasını da həmin etibarsız əqd nəticəsində əldə edilmiş mülkiyyət sənədi təşkil etdiyindən tərəflər arasında bağlanmış bağışlama müqaviləsi və bundan sonra onun əsasında bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab olunmalıdır. Həmin müqavilələr əsasında Azərbaycan Respublikası ƏMDK-nin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh2 və Cavabdeh3 verilmiş çıxarışlar ləğv olunmalı, tərəflər əvvəlki vəziyyətinə qayıtmalı və tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalıdırlar.
6. Həmin qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin isə rədd olunmasını xahiş etmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 avqust 2023-cü il tarixli, 2(103)-5715/2023 nömrəli qərardadı ilə mülki işə apellyasiya qaydasında baxılması mümkün hesab edilmişdir.
8. Sonradan birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmiş, bu səbəbdən də, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 29 sentyabr 2023-cü il tarixli, 2(103)- 5715/2023 nömrəli qərardad qəbul edərək, apellyasiya şikayətinin mümkün sayılması barədə qərardadı ləğv etmiş və mülki işi apellyasiya baxışından çıxararaq, verilmiş apellyasiya şikayətlərinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə qaytarmışdır.
9. Mülki iş birinci instansiya məhkəməsinə daxil olduqdan sonra cavabdehlər Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi (vəkili) Vəkil4 18 oktyabr 2023-cü il tarixli ərizə ilə həmin məhkəməyə müraciət edərək, qətnamədən apellyasiya şikayəti vərmək üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsini xahiş etmişdir.
10. Birinci instansiya məhkəməsi tərəfindən 27 oktyabr 2023-cü il tarixli qərardad qəbul edilərək, buraxılmış prosessual müddət bərpa edilmiş və apellyasiya şikayətləri baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh1 apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnamə çıxararkən, iddiaçı tərəfindən etibarsız əqdlərin nəticələrinin tətbiqi üçün mülki qanunvericilikdə müəyyən edilmiş iddia müddətinin - kəsici müddətin ötürülməsini, bu barədə cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazı nəzərə almamışdır. Halbuki, Mülki Məcəllənin 354.1-ci maddəsinə görə, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Konstitusiya Məhkəməsinin də mövqeyinə görə, bu müddət əhəmiyyətsiz əqd üzrə qarşı tərəfdən icra olunmuşların geri qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırılması üçün müəyyən edilmiş müddətdir. İddia tələbinin belə əqd üzrə icra olunmuşların geri qaytarılması ilə bağlı olması bu tələbin məhz Mülki Məcəllənin 354.1-ci maddəsində nəzərdə tutulan iddia müddətinin təsir dairəsinə düşdüyünü göstərir. Etibarsız hesab olunan və iddiaçı Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanılan əqdin icrasının üzərindən bir ildən artıq müddətin keçməsi və bu əqdin bağlanması zamanı İddiaçı bu müqavilənin bağlanmasından xəbərdar olması məhkəməyə təqdim edilən sübutlarla təsdiq olunmuşdur. Birinci instansiya məhkəməsi bu hala əhəmiyyət və hüquqi qiymət verməmişdir. Həmçinin birinci instansiya məhkəməsi müvafiq iş üzrə qətnamə qəbul etdiyi zaman üçüncü şəxslərin vicdanlı olması faktını nəzərə almamış, qanunvericilikdə bu mənada nəzərdə tutulmuş normaları tətbiq etməməklə işə yanlış hüquqi qiymət vermişdir. Mülki Məcəllənin 182.1-ci madəsinə görə, əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı kimi qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Cavabdeh1 ilə müqavilə bağlayan Cavabdeh2, eyni zamanda ikinci ilə müqavilə bağlayan Cavabdeh3 vicdanlı əldə edənlər olması, məhkəmə tərəfindən yuxarıda göstərilən normanın tətbiq olunmaması ilə həmin şəxslərin mülkiyyət hüquqlarının pozulmasını göstərir. Həmçinin qeyd olunmalıdır ki, iddiaçı mərhum atasının miras əmlakını qəbul etmək üçün bağışlama müqaviləsinin və müvafiq çıxarışların ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etsə də, mülki qanunvericilikdə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti (3 ay) ötürmüşdür. Mülki Məcəllənin 1246-cı maddəsinə görə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Cavabdeh yazılı etirazında bunu məhkəmənin diqqətinə çatdırsa da, məhkəmə tərəfindən bu məsələyə ümumiyyətlə əhəmiyyət və hüquqi qiymət verilməyib.
12. Cavabdeh2 apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi hazırki mülki iş üzrə iddiaçı tərəfindən qanunla müəyyən olunmuş bir illik iddia müddətinin - kəsici müddətin buraxılmasına və iddiaçının mirası qəbul etmək üçün qanunla müəyyən edilmiş müddəti ötürməsinə, habelə iş materiallarında Cavabdeh2 vicdanlı alıcı olmasına əhəmiyyət və hüquqi qiymət verməmiş, bununla da işə tam, hərtərəfli, obyektiv və qərəzsiz baxmamışdır. Həmçinin Cavabdeh2 məhkəmə iclaslarının vaxtı və yeri barədə, prosessual hüquq və vəzifələri, işə baxılması qaydası barədə xəbərdar edilməmiş, bununla da onun barəsində baxılan işdə iştirak etmək, ona qarşı irəli sürülən iddia tələblərinə qarşı etirazlar vermək hüquqları pozulmuşdur.
13. Cavabdeh3 apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi hazırki mülki iş üzrə iddiaçı tərəfindən qanunla müəyyən olunmuş bir illik iddia müddətinin - kəsici müddətin buraxılmasına və iddiaçının mirası qəbul etmək üçün qanunla müəyyən edilmiş müddəti ötürməsinə, habelə iş materiallarında Cavabdeh3 vicdanlı alıcı olmasına, notariusda müəyyən edilmiş qaydada alqı-satqı müqaviləsi bağladığına və satın aldığı əşyaya dair notariusun depoziti vasitəsilə ödəniş etməsi, həmin anda əmlakın daşınmaz əmlakın dövlət reyestrində satıcının adına qeydə alınması, üzərində heç bir yüklülüyün olmaması hallarına əhəmiyyət və hüquqi qiymət verməmiş, bununla da işə tam, hərtərəfli, obyektiv və qərəzsiz baxmamış və MPM-nin 88-ci maddəsinin tələbini pozmuşdur. Həmçinin Cavabdeh3 məhkəmə iclaslarının vaxtı və yeri barədə, prosessual hüquq və vəzifələri, işə baxılması qaydası barədə xəbərdar edilməmiş, bununla da onun barəsində baxılan işdə iştirak etmək, ona qarşı irəli sürülən iddia tələblərinə qarşı etirazlar vermək hüquqları pozulmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 19 yanvar 2024-cü il tarixdə apellyasiya instansiyası məhkəməsinə etiraz təqdim edərək bildirmişdir ki, cavabdehlər tərəfindən apellyasiya şikayətlərində göstərilənlər tam əsassızdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Cavabdehlər isə qanunvericiliyin tələblərini kobud şəkildə pozmuş və iddiaçının hüquqlarına birbaşa təsir edərək, nəticə etibarı ilə iddiaçını vərəsəlik hüququndan məhrum etmişdirlər. Cavabdehlərin niyyəti açıq şəkildə nümayiş edilmiş və məhkəmə ədalətli olaraq qanun pozuntusu ilə bağlanmış əqdləri etibarsız hesab etmişdir. Birinci instansiya məhkəməsinin nəticələri işdəki bütün sübutların obyektiv və birbaşa araşdırılmasına əsaslanmış, məhkəmə prosesində hüquqi əhəmiyyəti olan bütün hallar düzgün müəyyən edilmişdir. Bu səbəbdən məhkəmə qətnaməsinin ləğvi üçün heç bir əsas yoxdur.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir.
16. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir.
17. Məhkəmə iclasında iştirak etmiş cavabdehlər Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi (vəkili) Vəkil4 apellyasiya şikayətlərini müdafiə edərək, təmin edilmələrini xahiş etmişdir.
18. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 apellyasiya şikayətlərinə etiraz edərək, təmin edilməmələrini xahiş etmişdir.
19. İddiaçı, cavabdeh 2 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi və üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı Reyestri X12 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasının keçirilməsinin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, habelə bu barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:
20. 182.1-ci maddəsinə görə, əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır.
21. 324.1, 324.2, 324.3 və 324.4-cü maddələrinə görə, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
22. 337.1, 337.2, 337.3 və 337.4-cü maddələrinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
23. 389.1 və 389.2-ci maddələrinə görə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir.
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun:
24. 2.1-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.
25. 2.2-ci maddəsinə görə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır.
26. 2.3-cü maddəsinə görə, daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər.
27. 8.0.3-cü maddəsinə görə, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr əsasdır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
28. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Apellyasiya baxışının hədləri
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
32. Hazırkı işdə iddia tələbi təmin olunduğundan və apellyasiya şikayətlərində qətnamə iş üzrə cavabdehlər tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini ayrı-ayrılıqda araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – “Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış 07 fevral 2022-ci il tarixli, AN-İ № ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası ƏMDK-nin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh3 adına verilən 09 fevral 2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, Cavabdeh2 daşınmaz əmlakın dəyəri 80000 (səksən min) manat məbləğində pul vəsaitinin alınaraq Cavabdeh3 ödənilməsi və Cavabdeh3 tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış sahəsi, 129 saylı evin 120 saylı mənzilinin boşaldılaraq Cavabdeh1 təhvil verilməsi” hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi rədd edilməli, qətnamə qalan hissədə, yəni “X4 əvəzinə Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 22 sentyabr 2021-ci il tarixli “Daşınmaz əmlakın bağışlanmasına” dair bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və Azərbaycan Respublikası ƏMDK-nin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına verilmiş verilən 12 oktyabr 2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi” hissəsində isə dəyişdirilmədən saxlanmalıdır.
34. Məhkəmə kollegiyası mübahisə ilə əlaqədar, ilk növbədə, mülki hüquqi öhdəliklərin ən mühüm yaranma əsaslarından olan əqdin mahiyyətinin və əqd münasibətlərinin tənzimlənməsinin əsas prinsiplərinin açıqlanmasını zəruri hesab edir.
35. Belə ki, Mülki Məcəllənin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
36. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd), yaxud üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
37. Hazırki mülki iş üzrə mübahisənin yaranma əsasını cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 22 sentyabr 2021-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması” müqaviləsi və Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış 07 fevral 2022-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqı” müqaviləsi təşkil edir.
38. Qeyd olunmalıdır ki, müqavilə əqdlərin bir növü kimi mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir və müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir (Mülki Məcəllənin 389.1 və 389.2-ci maddələri).
39. Arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir. Əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır.
40. Hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli Qərarı).
41. Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.
42. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir.
43. Mülki Məcəllədə hər iki etibarsızlıq halına anlayış verilərək onların xüsusiyyətlərinə aydınlıq gətirilmişdir. Belə ki, Mülki Məcəllənin 337.2-ci maddəsinə görə, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Beləliklə, mübahisələndirmə dedikdə əqdin digər tərəfinə əqdin etibarsızlığı ilə bağlı iradə ifadəsinin bildirilməsi nəzərdə tutulur.
44. Mülki Məcəllənin 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
45. Göründüyü kimi, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli Qərarı).
46. Mülki iş materiallarından müəyyən edilir ki, hazırda iddia tələbinin ilkin predmetini cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 22 sentyabr 2021-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması” müqaviləsinin etibarsızlığı təşkil edir. Həmin müqavilənin bağlanması nəticəsində X7, onun mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 120 saylı mənzili arvadının bacısı olan Cavabdeh2 bağışlamışdır. Qeyd olunan müqavilənin X7 tərəfindən yox, Cavabdeh1 tərəfindən bağlanmasına əsas isə vaxtilə X7 tərəfindən Cavabdeh1 verilmiş 19 avqust 2021-ci il tarixli etibarnamə olmuşdur. Həmin etibarnamə ilə X2 Kəmalə Əzim qızına onun bütün əmlakını idarə etmək və üzərində sərəncam vermək, buna müvafiq olaraq qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq və s. haqqında əqdləri bağlamaq hüququ və digər hüquqlar vermişdir. İş materiallarında olan “Vətəndaşlıq vəziyyəti aktları” AQİS-dən çıxarışdan müəyyən olunur ki, X7 18 sentyabr 2021-ci ildə ölmüş, bu barədə akt qeydi Masallı rayon Qeydiyyat şöbəsi tərəfindən 01 oktyabr 2021-ci il tarixdə AZ-İİ seriya, 234562 nömrə ilə qeydə alınmışdır.
47. Qeyd edilməlidir ki, Mülki Məcəllənin 365.1.7-ci maddəsinə görə, etibarnaməni vermiş fiziki şəxsin ölməsi nəticəsində etibarnamənin qüvvəsinə xitam verilir.
48. X4 18 sentyabr 2021-ci il tarixdə ölməsinə və bu səbəbdən vaxtilə onun tərəfindən Cavabdeh1 verilmiş etibarnamənin qüvvədən düşməsinə baxmayaraq, Cavabdeh1 səlahiyyəti olmadan ölmüş şəxsin mülkiyyətində olmuş mənzili onun adından bacısına bağışlamışdır. Nəticədə, müqavilə qanunvericiliyin tələblərinin pozulması ilə bağlandığı üçün əhəmiyyətsizdir. Bu hal isə həmin müqavilənin öz-özlüyündə etibarsız olmasına dəlalət verir.
49. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi 22 sentyabr 2021-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması” müqaviləsini etibarsız hesab etməkdə haqlı olmuşdur.
50. Həmçinin apellyatorların müddətin buraxılmasına dair iddialarına münasibətdə qeyd olunmalıdır ki, Mülki Məcəllənin etibarsız əqdlər üzrə müddətləri müəyyən edən 354.1-ci maddəsinə müvafiq olaraq, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Yuxarıda vurğulandığı kimi, əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli Qərarı)
51. İddiaçının iddia ərizəsindəki tələbinə diqqət edildikdə məlum olur ki, o, “Daşınmaz əmlakın bağışlanması” və “Daşınmaz əmlakın alqı-satqısı”na dair müqavilələrin etibarsızlığını, həmçinin sonuncu müqavilə əsasında verilmiş çıxarışın ləğvini tələb etmişdir.
52. Göründüyü kimi, iddia ərizəsində müqavilələrin etibarsız sayılması tələb olunur və əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında hansısa tələb mövcud deyil, müqavilə əsasında verilmiş çıxarış isə maraqlı şəxsə daşınmaz əmlak üzərində hüquq verən yox, onun hüquqlarını təsdiq edən (qeydiyyatı əks etdirən) hüquqi aktdır və əqdin etibarsızlığı nəticələri kimi qiymətləndirilə bilməz (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli Qərarı).
53. Odur ki, iddiaçı tərəfindən qanunvericilikdə nəzrədə tutulmuş hər-hansısa müddət ötürülməmişdir.
54. 22 sentyabr 2021-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması” müqaviləsi əsasında verilmiş 12 oktyabr 2021-ci il qeydiyyat tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışa münasibətdə isə qeyd olunmalıdır ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.
55. Qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır və qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər.
56. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri də daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələrdir.
57. İş materiallarından müəyyən edilir ki, 12 oktyabr 2021-ci il qeydiyyat tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışla ünvan 3 ünvanında yerləşən 120 saylı mənzil üzərində xüsusi mülkiyyət hüququ Cavabdeh2 adına qeydə alınmışdır. İşin mübahisəsiz halıdr ki, həmin mənzil üzərində mülkiyyət hüququnun Cavabdeh2 adına qeydə alınmasına əsas 22 sentyabr 2021-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması” müqaviləsi olmuşdur.
58. 22 sentyabr 2021-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması” müqaviləsi etibarsız olduğundan və daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat, həmin qeydiyyatın xeyrinə aparıldığı şəxsə münasibətdə hər hansı hüquqi əsasa malik olmadığından həmin qeydiyyatın hər hansı bir hüquqi qüvvəsi qalmamışdır. Belə olan halda, sözügedən çıxarış bağışlama müqaviləsinə münasibətdə formal qeydiyyat xarakteri daşımışdır. Artıq çıxarışın verilməsinə əsas olan sənədin hər hansı bir hüquqi qüvvəsi olmadığından, etibarsız hesab edildiyindən onun əsasında verilmiş çıxarış da ləğv edilməlidir. Odur ki, birinci instnasiya məhkəməsi qeyd olunan çıxarışın ləğv edilməsinə dair düzgün nəticəyə gəlmişdir.
59. Həmçinin qeyd olunmalıdır ki, apellyasiya şikayətlərində Cavabdeh2 vicdanlı alıcı olması ilə bağlı mülahizələr mövcuddur. Bu barədə məhkəmə kollegiyası izah edir ki, Mülki Məcəllənin 182.1-ci maddəsinə görə əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Hazırki mübahisə üzrə Cavabdeh2 digər Cavabdeh1 bacısı olması nəzərə alındıqda, bağışlama müqaviləsi bağlanan zaman Cavabdeh2 bacısının ərinin ölməsi və bacısı tərəfindən müqavilənin səlahiyyəti olmadan, qanunsuz olaraq bağlanması barədə məlumatının olmaması həqiqətə uyğun hesab edilə bilməz. Odur ki, Cavabdeh2 bağışlama müqaviləsi bağlanarkən, həmin müqavilənin salahiyyətli şəxs tərəfindən bağlanmadığını bildiyi üçün vicdanlı alıcı hesab oluna bilməz.
60. Birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmalı hissəsinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyanın (bundan sonra mətndə - Konstitusiya) 13 və 29-cu maddələrinin tələblərinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
61. Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi bu hüquqa verilən təminat da mülki hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun K.Qəribovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli Qərarı).
62. Mülki Məcəllənin 139-cu maddəsinə uyğun olaraq, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır.
63. Mülki Məcəllənin və bütövlükdə mülki qanunvericiliyin əsas məqsədi mülki dövriyyə azadlığını təmin etməkdir. Daşınmaz əşyalar isə öz iqtisadi dəyərləri baxımından mülki dövriyyədə çox böyük əhəmiyyət və funksiyaya malikdir. Odur ki, mülki dövriyyənin inkişafında daşınmaz əşyalarla bağlı əşya hüquqlarının mövcudluğu, mahiyyəti və mənsubiyyəti baxımından hüquqi etimadın təmin olunması olduqca zəruridir.
64. Daşınmaz əşyalar üzərində əşya hüquqlarının şəffaflığı daşınmaz əşyaların dövlət reyestrindəki qeydiyyatla təmin edilir. Belə ki, daşınmaz əşya üzərində əşya hüquqlarının qeydiyyatını dövlət özü aparır və qəbul etdiyi qanunlar vasitəsilə də şəxsləri özünün apardığı bu qeydiyyata görə hərəkət etməyə vadar və məcbur edir. Bu səbəbdən də mülki hüquq subyektləri dövlət tərəfindən aparılan bu qeydiyyata arxayın olaraq daşınmaz əşya ilə bağlı əşya hüquqlarını əldə etdiklərini güman etməkdə tam haqlı hesab olunurlar.
65. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 2010-cu il 25 oktyabr tarixli Qərarı).
66. Mülki Məcəllənin 140-cı maddəsi, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra mətndə – “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun) 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
67. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır.
68. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai qüvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 18 iyul tarixli Qərarı).
69. Mülki Məcəllənin 148.2-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları qorunmalıdır.
70. Həmin Məcəllənin 182.1-ci maddəsinə görə isə əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır.
71. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir (Konstitusiya Məhkəməsi Plenumunun S.N.Məmmədovanın şikayəti üzrə 2004-cü il 27 oktyabr tarixli Qərarı).
72. Mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alqı-satqı müqaviləsinin və onun alıcı üçün verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülürsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilirsə, iddianın təmin olunmasından imtina edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun H.Cəfərovun şikayəti üzrə 2014-cü il 15 sentyabr tarixli Qərarı).
73. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh Əliyev X8 Sevda Əzim qızı ilə 07 fevral 2022-ci il tarixdə “Daşınmaz əmlakın alqı-satqı” müqaviləsini bağlayarkən, onda həmin müqavilənin legitimsizliyi barədə şübhə yaranmamış, habelə əldə olunmuş əmlaka dair üçüncü şəxslərin iddialarından xəbəri olmamışdır.
74. İş materiallarına əlavə edilmiş 42-44 nömrəli notariat işindən görünür ki, Cavabdeh2 mənzil üzərində xüsusi mülkiyyət hüququnu 12 oktyabr 2021-ci il qeydiyyat tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışla qeydiyyata aldırdıqdan sonra digər Cavabdeh3 ilə 07 fevral 2022-ci il tarixdə “Daşınmaz əmlakın alqı-satqı” müqaviləsi bağlamışdır. Həmin müqavilənin şərtlərinə görə, Cavabdeh2 ünvan 3 ünvanında yerləşən 120 saylı mənzili 80000 (səksən min) manat müqabilində Cavabdeh3 satmışdır. Cavabdeh3 da, öz növbəsində qeyd olunan mənzilin alınması üçün 80000 manat məbləğində pulu Bakı şəhəri 18 saylı notariat ofisinin xüsusi notariusu C.Məlikovun depozit hesabına köçürmüşdür (əsas – xx.xx.2022-ci il tarixli xəzinə mədaxil orederi). Müqavilə bağlanılan tarixə satılmış əmlak üzərində məhdudiyyət və yüklülük qeydiyyata alınmamışdır (əsas – xx.xx.2022-ci il tarixli “Elektron notariat” informasiya sistemindən çıxarış). Cavabdeh3 müqavilə əsasında mənzili aldıqdan sonra həmin mənzil üzərində öz mülkiyyət hüququnu qeydiyyata aldıraraq, 09 fevral 2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış əldə etmişdir.
75. Belə olan halda, Cavabdeh3 hazırki mübahisə üzrə vicdanlı alıcıdır və bu səbəbdən birinci instansiya məhkəməsinin qətnaməsi “Daşınmaz əmlakın alqı-satqı” müqaviləsinin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası ƏMDK-nin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh3 adına verilən 09 fevral 2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, Cavabdeh2 daşınmaz əmlakın dəyəri 80000 (səksən min) manat məbləğində pul vəsaitinin alınaraq Cavabdeh3 ödənilməsi və Cavabdeh3 tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış sahəsi, 129 saylı evin 120 saylı mənzilinin boşaldılaraq Cavabdeh1 təhvil verilməsi” hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi rədd edilməlidir.
76. Apellyasiya şikayətində qeyd olunmuş digər dəlillərə münasibətdə isə qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi hazırki mübahisənin predmeti olmadığından, qanunvericilikdə müəyyənləşdirilmiş 3 ay müddətin ötürlməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
77. Həmçinin qeyd olunmalıdır ki, iş materiallarında yer alan göndərilən məktubların siyahılarından müəyyən edilir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 yaşadıqları ünvanlara məhkəmə iclaslarının bildirişləri lazımi qaydada göndərilmiş, lakin onlar məhkəmə iclaslarında iştirak etməmişlər. Odur ki, onların məhkəmə iclaslarının keçirilməsinin yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməmələri sadəcə mülahizədən ibarətdir və iş materialları ilə sübut olunmur.
78. MPM-in 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
79. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
80. Həmin Məcəllənin 386-cı maddəsinə görə, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
81. Qeyd olunanlara əsasən və MPM-in 372, 382, 392, 393, 402, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i:
Apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 21 iyun 2023-cü il tarixli, e-2(010)- 735/2023 nömrəli qətnaməsi qismən – “Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, AN-İ № ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası ƏMDK-nin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh3 adına verilən xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, Cavabdeh2 daşınmaz əmlakın dəyəri 80000 (səksən min) manat məbləğində pul vəsaitinin alınaraq Cavabdeh3 ödənilməsi və Cavabdeh3 tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış sahəsi, 129 saylı evin 120 saylı mənzilinin boşaldılaraq Cavabdeh1 təhvil verilməsi” hissəsində ləğv edilsin. Həmin hissə üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi rədd edilsin. Birinci instansiya məhkəməsinin qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.