Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-885/2025 27.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MTK-ya qarşı iş üzrə (Açar sözlər: mənzilin çatışmayan sahəsi üzrə pul tələbi, podrat müqaviləsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)-2625/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Cavabdeh MTK ilə İddiaçı arasında imzalanmış xx.xx.2018-ci il tarixli, 0955 nömrəli müqaviləyə əsasən kooperativ Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında inşa edəcəyi yaşayış binasının B bloku, 15-ci mərtəbəsində yerləşən tam sahəsi 108,7 kv.m olan 3 otaqlı mənzili üzvə verməyi, üzv isə hər kvadratmetrinin qiyməti ƏDV daxil 920 manat olmaqla ümumilikdə 100.004 manat məbləğində mənzilin dəyərini kooperativə ödəməyi öhdəsinə götürmüşdür.
2. “Mənzil açarının təqdim olunması” barədə xx.xx.2020-ci il tarixli Akta əsasən mənzilin açarı İddiaçı təqdim olunmuşdur.
3. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, giriş 52, M15, m3 ünvanında yerləşən 93,40 kv.metr mənzilə dair mülkiyyət hüququ xx.xx.2021-ci il tarixində İddiaçı adına qeydiyyata alınmışdır.
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh MTK-ya qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı tərəfindən cavabdeh "xxxx" MTK-ya ödənilmiş məbləğin öhdəliyin icra edilməmiş hissəsini təşkil edən 10.672 manat pul məbləğinin, həmçinin ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh MTK ilə iddiaçı arasında imzalanmış xx.xx.2018-ci il tarixli, 0955 nömrəli müqaviləyə əsasən Bakı şəhəri, Xətai rayonu, ünvan 1də yerləşən, ümumi sahəsi 108,7 kv.m olan 3 otaqlı mənzilin hər kvadratmetrinin qiyməti ƏDV daxil 920 manat olmaqla ümumilikdə 100.004 manat müqabilində iddiaçıya təhvil verilməsi barədə razılıq əldə edilmişdir. İddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər tam icra edilmiş və xx.xx.2020-ci il tarixli təhvil aktına əsasən mənzil ona təhvil verilmişdir. İddiaçı mənzil sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci tarixli, **********26-05301-093237 reyestr, ********** qeydiyyat nömrəli çıxarış alarkən ona məlum olmuşdur ki, mənzilin ümumi sahəsi 93.40 kv.m-dir. Mənzil sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli texniki pasporta əsasən mənzilin ümumi sahəsi aşağıdakı qaydada müəyyən edilmişdir: Dəhliz – 11.4 kv.m, Yaşayış otağı – 24.4 kv.m, Mətbəx – 15.0 kv.m, Sanitar qovşağı – 2.5 kv.m, Sanitar qovşağı – 3.4 kv.m, Yaşayış otağı – 17.3 kv.m, Yaşayış otağı – 15.5 kv.m, Lociya – Əmsalsız 3.7 kv.m, 0.5 əmsalla 1.9 kv.m, Lociya – Əmsalsız 3.9 kv.m, 0.5 əmsalla 2.0 kv.m. Beləliklə, mənzilin sahəsi əmsallar tətbiq edilmədən hesablandıqda texniki pasporta olan sahələrin cəmi 11.4+24.4+15.0+2.5+3.4+17.3+15.5+3.7+15.5+3.7+3.9=97.1 kv.m təşkil edir. Cavabdeh tərəfindən faktiki olaraq müqavilə üzrə öhdəliklər düzgün icra edilməmiş, faktiki olaraq 97.1 kv.m mənzil sahəsi təqdim edilmişdir. Bu isə o deməkdir ki, müqavilədə qeyd olunan sahə ilə faktiki təqdim edilmiş sahə arasında 108.7-97.1= 11.6 kv.m fərq mövcuddur. Nəzərə alınsa ki, mənzilin hər bir kvadratmetri üzrə tərəfindən 920 manat cavabdehə ödənilmişdir, bu halda həmin fərqin dəyərini təşkil edən 11.6 x 920 = 10.672 manat məbləğ geri ödənilməlidir. Bununla bağlı müqavilənin 5.1-ci bəndinin tələblərinə müvafiq olaraq xx.xx.2024-cü il tarixli məktubla cavabdehə yazılı müraciət edərək, 10.672 manat məbləğin ona geri ödənilməsini tələb etsə də, məktub müqavilədə və vergi orqanın uçot məlumatlarında qeyd olunan ünvana çatmadan həmin ünvanda olmaması əsası ilə geri qayıtmışdır. Həmçinin eyni məzmunda xx.xx.2024-cü il tarixində e-mehkeme portalı vasitəsilə pretenziya bölməsi vasitəsilə cavabdehə məktub təqdim edilsə də, məktublarına geri dönüş edilməmişdir.
6. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki (inşaat) ekspertizası təyin edilmişdir.
7. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/3914 nömrəli ekspert rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, giriş 52, M15, m3 ünvanında yerləşən mənzilin faktiki ümumi sahəsinin (müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı nəzərə alınmadan) 97,8 kv.m, həmin mənzilin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsinin 108,7 kv.metr təşkil etdiyi müəyyən edilmişdir.
8. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)- 2625/2024 nömrəli qətnaməsi ilə (hakim K.B.Xudayev) iddia qismən təmin edilmiş, Cavabdeh MTK-dan 10.028 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 93,96 manatın tutularaq İddiaçı ödənilməsi, ödənilmiş dövlət rüsumunun qalan hissəsi yəni, 6,04 manatın iddiaçıya aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri 50 manat pulun Cavabdeh MTK-dan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.
9. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçı müqavilənin tələblərini tam olaraq icra etsə də cavabdeh müqavilənin şərtlərini pozaraq müqavilədə nəzərdə tutulmuş ölçüdən az sahədən ibarət mənzili ona təhvil vermişdir.
10. Belə ki, yaşayış sahəsinin alınması ilə bağlı formalaşmış praktika, işgüzar adətlər mövcuddur. Yaşayış sahəsinə ehtiyacı olan şəxsin həmin münasibətlərə girərkən əldə edəcəyi əsas məqsədlərdən biri mənzilin yaşayış sahəsinin ölçüsüdür. Müqavilədə yaşayış sahəsinin ölçüsünün göstərilməsi, ilk olaraq alıcının həmin ölçüyə uyğun yaşayış sahəsinə sahib olacağına əminlik verir. Ona görə müqavilədəki qeyri-müəyyən hallar (sahəsinin qanunvericiliyin tələblərinə uyğun deyil, başqa qaydada hesablanması və s.) alıcının deyil, tikintini həyata keçirən və mənzil satışı ilə məşğul olan tərəfin ziyanına şərh edilməlidir. Tərəflər bağladıqları müqavilənin şərtlərini (mənzilin ümumi sahəsini, onun hesablanma şərtlərini və dəyərini) azad şəkildə özləri razılaşdırmış və üzərlərinə qarşılıqlı öhdəliklər götürmüşlər. Belə olan halda, həmin şərtlərin formal əsaslarla və mülahizələrlə dəyişdirilməsi yolverilməzdir.
11. Formalaşmış məhkəmə təcrübəsinə görə də, analoji işlərdə mənzilin ümumi sahəsi eyvan (lociya) sahələrinə əmsal tətbiq edilmədən, daxili sahələr isə divaraltı sahələr nəzərə alınmadan hesablanır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/3914 nömrəli ekspert rəyinə əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, giriş 52, M15, m3 ünvanında yerləşən mənzilin faktiki ümumi sahəsinin (müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı nəzərə alınmadan) 97,8 kv.m təşkil etdiyi öz təsdiqini tapmışdır.
12. Məhkəmə qeyd etmişdir ki, müqavilə öhdəlikləri üzrə fərqin 10,9 kv.m (108,7- 97,8=10,9 kv.m) olması və hər kvadrat metri üçün 920 manat təşkil etməsi nəzərə alınmaqla cavabdeh tərəfindən müqavilə öhdəliklərinə əməl edilməməsi nəticəsində iddiaçı tərəfindən cavabdehə 10.028 (10,9 x 920) manat əsassız pul vəsaiti ödənilmişdir. Bu baxımdan həmin pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 448.1, 752.1, 753.1, 762.1, 762.3-cü maddələrinə, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2, 59.3-cü maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 101.3, 103.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
14. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə müqavilə bağlandığı zaman ona ünvan 3 ünvanında yerləşən mənzilin faktiki sahəsinə uyğun təqdim edilmiş, faktiki sahəsi 108,7 kv.m.olan mənzilin tam sahəsinə uyğun alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə tərəfi olaraq müqavilə öhdəliklərini qəbul etmiş, daha sonra isə mübahisələndirmişdir. Hesab edir ki, iddiaçı müqavilə tərəfi olaraq öhdəliklərini qəbul etməsinə baxmayaraq, müqavilə öhdəliklərini mübahisələndirməklə, kobud pozuntulara yol vermişdir. Müqavilə azadlığına dair müddəalar pozulmuşdur. Öhdəliklərin icrası zamanı vicdanlılıq müddəalarına da riayət edilməmişdir. Müqavilələrin standart şərtlərinin qeyri-adi müddəalarına dair müddəalar da məhkəmə öz qətnaməsində nəzərə almamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz verərək bildirmişdir ki, cavabdeh tərəfindən verilmiş tamamilə əsassız apellyаsiyа şiкаyətində özü-özünü təkzib еdən ifаdələr işlədilmiş, işdə оlаn sübutlаrı cavabdeh öz fərziyyələri ilə təkzib еtməyə çаlışmışdır. Cavabdeh mövcud qanunvericiliyin, eləcə də formalaşmış məhkəmə təcrübəsinin konkret və birmənalı tələblərinə zidd olaraq müqavilədə nəzərdə tutulmuş ölçüdəki mənzili təhvil verməyərək hüquq pozuntusu etmişdir. Cavabdehin apellyasiya şiкаyətində isə qətnamənin ləğvi üçün heç bir əsаs yохdur. Birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmış və düzgün hüquqi nəticəyə gəlmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etdi.
18. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin onun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə ərizə ünvanlayaraq Bakı şəhərində olmadığından "xxxx" MTK-nrn nümayəndəsi olaraq hazırki iclasda iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, lakin bununla bağlı hər hansı sənəd təqdim etməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Maddə 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Maddə 762.3. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıqaşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur.
20. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi: Maddə 59.2. Yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Maddə 59.3. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir.
21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
23. Hazırkı işdə iddia qismən təmin olunduğundan, cavabdeh apellyasiya şikayətində qətnaməni iddianın təmin olunan hissəsində mübahisələndirdiyindən qətnamənin əsaslığı yalnız həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası iddiaçını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
25. Belə ki, işdə olan sənədlərlə müəyyən edilir ki, tərəflər arasında xx.xx.2018-ci il tarixdə podrat müqaviləsi bağlanmış və cavabdeh Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında inşa edəcəyi yaşayış binasının B bloku, 15-ci mərtəbəsində yerləşən tam sahəsi 108,7 kv.m olan 3 otaqlı mənzili təhvil verməyi, iddiaçı isə hər kvadratmetrinin qiyməti ƏDV daxil 920 manat olmaqla ümumilikdə 100.004 manat məbləğində mənzilin dəyərini kooperativə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə mənzilin dəyəri iddiaçı tərəfindən tam olaraq ödənilmişdir.
26. Müqavilənin 1.7-ci bəndinə əsasən inşa ediləcək binada iddiaçıya təhvil verilməli olan mənzilin tam sahəsinin 108,70 kvadratmetr olduğu göstərilsə də, mənzilə çıxarış alan zaman iddiaçıya məlum olmuşdur ki, cavabdehə tam ödəniş etməsinə baxmayaraq öhdəliyə uyğun olaraq mənzil ona təhvil verilməmişdir. Belə ki, çıxarışda mənzilin sahəsi 93,40 kv.metr göstərilmişdir.
27. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin araşdırma zamanı əldə etdiyi ekspert rəyindən müəyyən olunur ki, mübahisəli mənzilin faktiki ümumi sahəsi (müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı nəzərə alınmadan) 97,8 kv.m, həmin mənzilin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsi 108,7 kv.metr təşkil edir.
28. Göründüyü kimi, Cavabdeh MTK-nın İddiaçı təhvil verdiyi mənzilin ümumi sahəsi faktiki olaraq 97,8 kv.m-dir.
29. Məhkəmə kollegiyası qeyd edir ki, yaşayış sahəsinə ehtiyacı olan şəxsin həmin münasibətlərə girərkən əldə edəcəyi əsas məqsədlərdən biri mənzilin yaşayış sahəsinin faktiki ölçüsüdür. Formalaşmış məhkəmə təcrübəsinə görə də, analoji işlərdə mənzilin ümumi sahəsi divaraltı sahələr nəzərə alınmadan hesablanır.
30. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası həmçinin qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilədə müqavilənin standart şərtlərinin qeyri-adi müddəalarına rast gəlinmir.
31. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz.
32. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh MTK tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)- 2625/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.