Məhkəmə qərarları › İş №2(103)-8855/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8855/2020

07.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8855/2020 07.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, Qərardad ilə hüquq və vəzifələrinə toxunan şəxs Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-883/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadından Cavabdeh4 tərəfindən verilmiş şikayətə, Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən öhdəliyin yerinə yetirilməməsi, eləcə də qüsurlu və sertifikatı olmayan mallar təklif etmə hərəkətlərinin qanunsuz hesab edilməsi, beh müqavilələri üzrə 36550 manat beh məbləğinin 2 misli miqdarında, yəni 73100 manat məbləğin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi və beh müqavilələrinə xitam verilməsi, 20000 manat mənəvi ziyanın, 200 manat hüquqi xidmətə görə və 30 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddianın təmini tədbiri barədə ərizə ünvanlayaraq, məhkəmə mübahisəsi başa çatanadək Bakı şəhəri, Babək prospekti, 41 A ünvanda yerləşən “X2” mebel mağazasında yerləşən 73100 manat məbləğində əmlakların üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-883/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ilə iddianı təmin etmə tədbirinə dair ərizə təmin edilərək, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 41 A ünvanda yerləşən “X2” mebel mağazasında yerləşən 73100 manat məbləğində əmlakların üzərinə həbs qoyulmuşdur. Cavabdeh4 məhkəməyə şikayət təqdim edərək, Səbail Rayon Məhkəməsinin 2(009)- 883/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, o, “X2” mebel mağazasını icarə müqaviləsinə əsasən icarəyə götürmüşdür və kiçik sahibkarlıq fəaliyyəti ilə məşğuldur. xx xxx 2019-cu il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən ona sahibkarlıq uçotu haqqında qeydiyyat şəhadətnaməsi verilmişdir. “X2” mebel mağazasının cavabdehlərə heç bir aidiyyəti olmadığı halda məhkəmə tərəfindən heç bir araşdırma aparılmadan qanunsuz olaraq, iddiaya aid olmayan şəxsin, yəni onun əmlakları üzərinə həbs qoyulmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-883/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə Cavabdeh4 şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Həmin qərardaddan Cavabdeh4 şikayət vermişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-883/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7393/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə Cavabdeh4 şikayəti qismən təmin edilərək, iş üzrə Səbail Rayon Məhkəməsinin 2(009)-883/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilmiş, mülki iş Səbail Rayon Məhkəməsinin 2(009)-883/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadından Cavabdeh4 verdiyi şikayətə yenidən baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-883/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə Səbail Rayon Məhkəməsinin 2(009)-883/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadından Cavabdeh4 şikayəti təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil2 bildirdi ki, iddiaçıların iddiasında cavabdehlər arasında Cavabdeh4 göstərilməmişdi. Məhkəmə onun əmlaklarına həbs qoyub. Halbuki, nə Cavabdeh4 cavabdeh kimi qəbul edilməmişdir, nədə onun əmlakının iş üzrə olan cavabdehlərə heç bir aidiyyəti yoxdur. 2019-cu ilin və 2020-ci ilin icarə müqavilələrini təqdim etmişdir. Həmin müqavilələrə əsasən əmlakı icarəyə götürmüşər. Mağazanın mülkiyyətçisi başqasıdır. Cavabdeh4 mağazanı icarəyə götürən şəxsdir. İcarəyə Cavabdeh4 götürübsə, deməli içərisindəki mallar da Cavabdeh4 məxsusdur. Cavabdeh1 mağazada menecerdir. Onun heç VÖEN-i də yoxdur. Bu halda necə onun adına mal gələ bilər. İşə baxılması vaxtı və yeri haqqında işdə iştirak etməli olan şəxlərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, səbəbini göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı(bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1-ci və 158.1.1-ci, 158.1.2-ci və 158.1.3-cü maddəsinə əsasən, iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək kimi kimi tədbirlər görülə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2018-ci il tarixli qərarında qeyd olunru ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin tədbirinin tətbiqinə dair ərizəni təmin edərkən haqlı olmamışdır. Əvvəla, birinci instansiya məhkəməsi iddiaçı tərəfindən iddianı təmin etmə tədbirinin tətbiq edilməsini kifayət qədər əsaslandırılmamasına xüsusi diqqət yetirməmiş, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməmiş, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olub-olmamasını yoxlamamış, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasına diqqət yetirməmiş və işdə iştirak edən yaxud etməyən başqa şəxslərin qanuni mənafelərinə zərər vurmayan məhkəmə aktı qəbul etməmişdir. Belə ki, işdə olan icarə müqaviləsinə görə X1 xx xxxxxx 2020-ci il tarixdə mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 41 A ünvanda yerləşən, ümumi sahəsi 11641.8 kv/m. olan qeyri yaşayış sahəsinin, əsas sahəsi 1000 kv/m, köməkçi sahəsi 250 kv/m olan hissəsini icarəçi Cavabdeh4 icarəyə vermişdir. Göründüyü kimi, mübahisəli qeyri-yaşayış sahəsi bütövlüklə Ülkər Salmanovanın mülkiyyətindədir, lakin onun müəyyən hissəsini Cavabdeh4 icarəyə götürmüşdür. Bundan əvvəl, işə baxan apellyasiya instansiyası məhkəməsi də öz qərardadında qeyd etmişdir ki, icarə müqavilələrinə əsasən mübahisəli sahə Cavabdeh4 istifadəsində olduğuna görə o, iddianın təmin tədbirinə dair qərardaddan şikayət vermək üçün subyektiv hüquqa malikdir. Lakin birinci instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qərardadında gəldiyi bu qənaətə ümumiyyətlə heç bir əhəmiyyət vermədən, yəni üzərinə həbs qoyulmuş 73100 manat məbləğində əmlakın həqiqətən Cavabdeh4 yaxud cavabdehlərə məxsus olub-olmadığını araşdırmadan qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadında özünün xx xxxx 2020-ci il tarixli qərardadının əsaslı olduğu və şikayət ərizəsində göstərilənlərin onun ləğvi üçün əsas olmadığı qənaətinə gələrək Cavabdeh4 şikayətini bu dəfə də təmin etməyərək işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. İkincisi, qeyd olunan 73100 manat məbləğində əmlakın üzərinə həbs qoyulması Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd olunan qərarında formalaşdırılan hüquqi mövqeyinə zidd olmuşdur. Belə ki, prosessual qanunvericiliyin tələbinə görə iddianı təmini tədbiri kimi həbs yalnız cavabdehin əmlakının üzərinə qoyula bilər. Cavabdeh4 hazırki iş üzrə cavabdeh olmamış, ona qarşı iddiaçı tərəfindən hər hansı bir tələb yönəldilməmiş, lakin onun mülkiyyətində olan əmlakın üzərinə həbs qoyulduğunu israr edir. Bu cür vəziyyətdə məhkəmənin 73100 manat dəyərində əmlakın cavabdehlərə yaxud Cavabdeh4 məxsus olub-olmamasını aydınlaşdırmadan necə ədalətli məhkəmə aktı qəbul edə bilər. Əlbətdə ki, birinci instansiya məhkəməsi ərizəni təmin etməzdən əvvəl yaxud şikayəti rədd etməzdən əvvəl bu halları yoxlamalı idi. Apellyasiya instansiya məhkəməsi vurğulayır ki, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşısada və işi qabaqcadan mahiyyəti üzrə həll etməsədə, hazırki iş üzrə iddianın təmini tədbiri iddia tələbinin məzmununa və həddinə mütənasib olmamş və bu məhkəmə aktı işdə cavabdeh olmayan şəxsin qanuni mənafelərinə zərər vurma ilə nəticələnmişdir. Mülki Prosessual Məcəllənin 398.0 və 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: Şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-883/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsindən ötrü mülki iş Bakı şəhəri Səbail Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar