Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8855/2021 01.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahvediyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Sumqayıt şəhəri 4 saylı Notariat Ofisi və Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “müqavilənin etibarsız hesab edilməsi və s. tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli 2(006)-3269/2021 saylı qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli 2(006)- 3269/2021 saylı qərardadı ilə iddianı təmin etmə tədbiri barədə İddiaçı tərəfindən verilmiş ərizə təmin edilmiş, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 0.08 ha torpaq sahəsində yerləşən 4807/1 nömrəli bağ evinin üzərinə həbs qoyulmuş, Bakı Apelyasiya Məhkəməsini 17 may 2021-ci il tarixli 2(103)-5088/2021 saylı qərardadı ilə Cavabdeh1 şikayəti təmin edilməmiş və həmin qərardad dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli 2(006)-3269/2021 saylı qərardadı ilə Sumqayıt şəhəri, Novxanı bağ massivi, 0.08 ha torpaq sahəsində yerləşən 4807/1 nömrəli bağ evinin üzərinə qoyulmuş həbsin dəyişdirilərək iddianı təmin etmə tədbiri kimi əmlakın özgəninkiləşdirilməsinin qadağan edilməsi ilə əvəz edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli 2(006)-3269/2021 saylı qərardadı ilə ərizə rədd edilmişdir. Həmin qərardaddan Cavabdeh1 tərəfindən verilmiş şikayət məhkəmənin 02.08.2021-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətdə qərardadın ləğv edilməsi xahiş edilərək, göstərilmişdir ki, tətbiq edilmiş əmlak üzərinə həbs qoyulması iddia tələbi ilə mütənasiblik təşkil etmir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlmədiklərinə görə kollegiya işə onların (nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin olunmadan, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nın 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 161.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin ərizəsinə əsasən iddianı təmin etmə tədbirinin bir növünün digəri ilə əvəz edilməsinə yol verilir. Məcəllənin 161.2-ci maddəsinə görə iddianı təmin etmənin bir növünün digəri ilə əvəz edilməsi məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri barədə xəbərdar edilirlər, lakin onların gəlməməsi təmin etmənin növünün əvəz edilməsi haqqında məsələyə baxmağa mane olmur. Məhkəmə belə nəticəyə gəlmişdir ki, Cavabdeh1 ərizədə iddianı təmin etmə tədbirinin bir növünün digər növü ilə əvəz edilməsi zərurətini və əvəz ediləcək tədbirlərin irəli sürülmüş tələbə mütənasib olmasını kifayət qədər əsaslandırmamışdır. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti qanuni və əsaslı olmuşdur. Göründüyü kimi, məhkəmə tərəfindən əmlakın üzərinə həbs qoyulmuş, Bakı Apelyasiya Məhkəməsinin qərardadı ilə Sumqayıt şəhəri, Novxanı bağ massivi, 0.08 ha torpaq sahəsində yerləşən 4807/1 nömrəli bağ evi bilavasitə mübahisə predmeti ilə bağlı olduğundan, həmin ev ilə bağlı hər hansı hərəkətin edilməsi, iddianın təmin ediləcəyi halda qətnamənin icrasını çətinləşdirə biləcəyi nəzərə alınaraq, həmin qərardad dəyişdirilmədən saxlanılmışdır. Hazırda həbsin əmlakın özgəninkiləşdirilməsinin qadağan edilməsi ilə əvəz edilməsini zəruri edən hər hansı əsas müəyyən edilməmişdir, cavabdeh bununla bağlı tələbini kifayət qədər əsaslandıra bilməmişdir. Digər tərəfdən nəzərə alınmalıdır ki, əmlak üzərinə həbs qoyulması faktiki olaraq onun özgəninkiləşdirilməsinin qadağan edilməsini ehtiva edir, yəni hər iki iddianı təmin etmə tədbiri eyni xarakter daşıyır, buna görə də «həbs»in «özgəninkiləşdirilmənin qadağan edilməsi» ilə əvəz olunmasının heç bir əhəmiyyəti yoxdur və cavabdehin bu barədə ərizəsi işə baxılmasını yubatmaq məqsədini güdür. Kollegiya qeyd edir ki, şikayətin dəlilləri əsassızdır və qərardadın ləğv edilməsi üçün əsas təşkil etmir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 401 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli 2(006)-3269/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-8855/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8855/2021
01.09.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver