Məhkəmə qərarları › İş №2(103)-8860/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8860/2020

18.11.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8860/2020 18.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, iddiaçı Bakı Şəhəri İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətində qarşı “qanunsuz aparılan tikinti işlərinin dayandırılması və qanunsuz tikilinin sökülməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxxx 2020-ci il tarixli qərardaddan cavabdeh MMC-nın verdiyi şikayət üzrə apellyasiya icraatının mümkünlüyü məsələsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı RİH-nin cavabdeh MMC-yə qarşı irəli sürülmüş iddiasına dair mülki işə Sabunçu Rayon Məhkəməsi tərəfindən baxılan zaman cavabdeh MMC-nin vəkili (nümayəndəsi) X1 vəsatətlə Rayon Məhkəməsinə müraciət edərək mülki işin aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Vəsatətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadla vəsatəti təmin etməmişdir. MMC həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək qərardadın ləğv edilməsini və vəsatətin təmin edilməsini xahiş etmişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardad ilə şikayəti təmin etməmiş və baxılması üçün şikayəti mülki işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) hesab edir ki, şikayət üzrə apellyasiya icraatı qeyri-mümkündür. Belə ki, yuxarıda qeyd edilən qərardad məhkəmə aidiyyətinin dəyişdirilməsi və işin ümumi məhkəmədən kommersiya məhkəməsinə baxılması ilə bağlı vəsatətin müzakirəsinin nəticəsi ilə qəbul edilmişdir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarında bununla bağlı aşağıdakılar qeyd olunmuşdur: “Məhkəmələrin nəzərinə çatdırılır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (MPM) edilmiş əlavə və dəyişikliklərə əsasən 2020-ci il yanvarın 1-dən məhkəmə aidiyyəti ilə bağlı birinci instansiya məhkəmələrinin qərardadlarından verilmiş şikayətlərə, habelə məhkəmələr arasında yaranan fikir ayrılıqlarına apellyasiya instansiyası məhkəməsi deyil, birbaşa olaraq kassasiya instansiyası məhkəməsi tərəfindən baxılması nəzərdə tutulmuşdur. .. Birinci instansiya məhkəmələri nəzərə almalıdırlar ki, MPM-ə əlavə edilmiş 403-1-ci maddənin tətbiqi kassasiya instansiyası ilə yanaşı birinci instansiya məhkəmələrinin üzərinə də müəyyən prosessual vəzifələr qoymaqla, onlar tərəfindən məhkəmə aidiyyəti ilə bağlı yaranan fikir ayrılıqlarına dair qərardadların qəbulundan fərqli olaraq, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadlardan işdə iştirak edən şəxslər tərəfindən şikayətin verilməsi zamanı bir sıra zəruri prosessual hərəkətlərin yerinə yetirilməsini tələb edir. Belə ki, ilk növbədə qeyd edilməlidir ki, bu qərardadlardan verilən şikayətlərin birinci instansiya məhkəməsinə verilməsinə baxmayaraq, şikayətlər hər bir halda vəkil tərəfindən tərtib edilməli, habelə müvafiq order əlavə edilməlidir. Məhkəmə aidiyyətinə dair mübahisələr üzrə bu şikayətlər vəkil tərəfindən tərtib edilmədikdə və ona vəkilin orderi əlavə olunmadıqda, MPM-nin 403-1.4-cü maddəsindən çıxış edilməklə, həmin Məcəllənin apelyasiya instansiyası məhkəməsinin səlahiyyətlərinə aid edilmiş 408.1.3-cü maddəsinin müddəaları tətbiq edilib, şikayət geri qaytarılmalıdır. Nəzərə alınmalıdır ki, MPM-nin 403-1.4-cü maddəsinə əsasən şikayətin birinci instansiya məhkəməsi tərəfindən qaytarılmasına dair bu qərardaddan kassasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Bununla yanaşı, digər qərardadlardan fərqli olaraq qanunvericiliyə edilən sözügedən dəyişikliklərə uyğun olaraq birinci instansiya məhkəməsi MPM-nin 269-cu maddəsi əsasında şikayətə baxarkən öz qərardadının ləğv edilməməsi barədə qənaətə gəldikdən sonrakı 7 gün ərzində MPM-nin 403-1.5-ci maddəsində nəzərdə tutulmuş qaydada şikayəti xəbərnaməli bildirişlə işdə iştirak edən şəxslərə göndərməli, habelə hər birinə şikayəti aldıqdan sonra 5 gün müddətində kassasiya instansiyası məhkəməsinə etiraz və yaxud izahatlarını göndərmək hüquqlarını izah etməlidir. Yalnız bundan sonra iş kassasiya instansiyası məhkəməsinə göndərilməlidir ki, sonuncunun işə məhkəmə iclası keçirmədən qısaldılmış 10 günlük müddətdə baxma imkanı olsun”. Məhkəmə bildirir ki, MPM-nin 269.3-cü maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi MPM-nin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə işi kassasiya instansiyası məhkəməsinə göndərir. İşdən də göründüyü kimi birinci instansiya məhkəməsi yanlışlığa yol verərək məhkəmə aidiyyəti haqqındakı qərardaddan verilmiş şikayəti müvafiq prosessual qaydalara əməl etməklə birbaşa kassasiya instansiyasına deyil, apellyasiya instansiyasına göndərmiş və bununla da MPM-nin 269.3-cü maddəsinin tələbini pozmuşdur. MPM-nin 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Odur ki, qeyd olunanları nəzərə alan Məhkəmə hesab edir ki, cavabdeh MMC tərəfindən qərardaddan verilmiş şikayət üzrə apellyasiya icraatı qeyri mümkün hesab edilməklə, şikayət mülki işlə birlikdə həmin Rayon Məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənləri, habelə MPM-nin 366 və 402-cı maddələrini rəhbər tutaraq Məhkəmə QƏRARA ALDİ: Hazırki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxxx 2020-ci il tarixli qərardaddan Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin verdiyi şikayət üzrə apellyasiya icraatı qeyri-mümkün hesab edilsin və iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar