Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-887/2023 11.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: sığorta ödənişinin ödənilməsi və s) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi Həsənov Azər Fazil oğlunun iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2727/2022 saylı, 17 oktyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, qərarın surətinin Quba RPŞ-nin DYPB-nə göndərilməsi, Hacıyev Yunus Məhəmməd oğlunun barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi əsasında inzibati xəta haqqında protokol tərtib edilməsi qərara alınmışdır.
2. Mülki işin materiallarında olan Azərbaycan Respublikası “Bakı Ekspertiza Mərkəzi” tərəfindən verilmiş ME0032/22 nömrəli xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, buraxılış ili 2008-ci il olan “VAZ 21074” markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 1680 manat müəyyən olunmuşdur.
3. Mülki işin materiallarında olan "xxxx" Firması tərəfindən verilən xx.xx.2022-ci il tarixli 262 nömrəli ziyan aktından görünür ki, “VAZ 21074” markalı **-BO-*** dövlət qeydiyyat nişanlı buraxılış ili 2008-ci il olan avtomobilə dəymiş ziyanın ümumi məbləği 2363 manat müəyyən olunmuşdur.
4. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, “VAZ 21074” markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləğinin müəyyən olunmasına görə İddiaçı tərəfindən "xxxx" Firmasına 30 manat məbləğində ödəniş edilmişdir.
5. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, vurulan maddi ziyanla bağlı Dövlət Sığorta Şirkəti tərəfindən 1405 manat sığorta ödənişi ayrılmışdır.
6. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/4522-8/1604 nömrəli ekspert rəyindən görünür ki, 2008-ci il buraxılışlı “VAZ 21074” markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 2163 manat müəyyən edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil etmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı sığorta ödənişinin ödənilməsi və s. tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Dövlət Sığorta Kommersiya Şirkətində sığortalı olan **-JE- *** dövlət qeydiyyat nişanlı “Hyundai Conti” avtobus markalı avtomobilin sürücüsünün təqsiri üzündən baş vermiş yol nəqliyyat hadisəsi zamanı iddiaçıya məxsus **-BO-*** dövlət qeydiyyat nişanlı “VAZ 21074” markalı avtomobilə dəymiş maddi zərərin əvəzi olaraq 2363 manat sığorta ödənişinin, ziyan aktının tərtib edilməsinə görə ödənilmiş 30 manat pulun və 30 manat dövlət rüsumunun, cəmi 2423 manat məbləğində pulun cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ona məxsus “VAZ 21074” markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2022-ci il tarixdə Quba şəhəri ərazisində idarə edərkən “Hyundai Conti” avtobus markalı **-JE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün təqsiri üzündən yol-nəqliyyat hadisəsi baş vermiş, iddiaçının avtomobilinə 2363 manat məbləğində maddi zərər dəymişdir. Lakin Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən iddiaçının avtomobilinə dəymiş zərərin əvəzi olaraq 1405 manat məbləğində sığorta ödənişi ayrılmışdır. Dəfələrlə cavabdehə məxsus qaynar xətt nömrəsi ilə əlaqə saxlayaraq cavabdehin əməkdaşları ilə danışmasına və ayrılmış məbləğin maşına dəyən zərəri ödəmədiyini bildirməsinə baxmayaraq, cavabdehin əməkdaşları sığorta ödənişinin artırılmayacağını qəti şəkildə ona bildirmişlər. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etməyə məcbur olmuş və iddia tələbinin təmin edilməsi məhkəmədən xahiş edilmişdir.
9. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti iddia ərizəsinə etiraz təqdim edərək, iddianın əsassız olduğunu bildirmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci ildə Quba şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş vermişdir. Hadisə zamanı Şirkət tərəfindən “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” müqaviləsi ilə sığortalanmış Hacıyev Yunus Məhəmməd oğlu tərəfindən idarə olunan “Hyundai County avtobus” markalı **-JF-*** dövlət qeydiyyat nişanlı avtomobillə iddiaçı tərəfindən idarə olunan “VAZ 21074 minik” markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, nəticədə sonuncuya maddi ziyan dəymişdir. Baş vermiş sığorta hadisəsi ilə əlaqədar dərhal Şirkətin qəza komissarı hadisə yerinə gəlmiş və hadisəni qeydə almışdır. Sığorta hadisəsi ilə əlaqədar zərərçəkənə məxsus avtomobilə dəymiş zərərin qiymətləndirilməsi üçün lazımi tədbirlər görülmüş və avtomobilə dəymiş zərər Şirkət tərəfindən tərtib olunmuş qüsur aktına əsasən 1405 manat məbləğində müəyyən edilmişdir. Zərərçəkən məbləğlə razılaşmadığından qarşılıqlı razılaşma əsasında müstəqil ekspert qismində Azərbaycan Respublikası Mərkəzi Bankının reyestrinə daxil olan və sığorta sahəsində müstəqil ekspert hesab olunan “Bakı Ekspertiza Mərkəzi” seçilmişdir. Həmin ekspert qurumu tərəfindən müvafiq qiymətləndirmə fəaliyyəti həyata keçirilmiş və qurumun tərtib etdiyi xx.xx.2022-ci il tarixli zərər aktına əsasən, avtomobilə dəymiş ziyan 1680 manat məbləğində müəyyən edilmişdir. Lakin iddiaçı bu qiymətlə də razılaşmamış və “Təbriz Firması” adlı ekspertiza mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən iddiaçıya məxsus avtomobilə guya 2363 manat məbləğində zərər dəyməsi hesablanmışdır. Qeyd edilmişdir ki, “Təbriz Firması” adlı qurum sığorta sahəsində yardımçı fəaliyyət göstərən müstəqil ekspert deyildir və Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi reyestrində qeydə alınmamışdır. Bu səbəbdən avtomobilə dəymiş zərəri həmin qurumun qiymətləndirməyə ixtiyarı yoxdur, qiymətləndirilmiş olsa belə, iş üzrə əhəmiyyət kəsb edə bilməz. Həmin zərər aktı real hesab edilə bilməz, bu səbəbdən də məhkəmə tərəfindən mötəbər sübut qismində qəbul edilməməli olduğu bildirilmişdir. Qeyd olunanlara əsasən, cavabdeh iddia tələbini 1680 manat hissəsində qəbul etmiş, iddianın həmin hissədə qismən təmin edilməsi, qalan hissədə isə təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
10. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2727/2022 saylı, 17 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Günay Abidova) iddianın qismən təmin edilməsi, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 2163 manat məbləğində sığorta ödənişi və ziyan aktının tərtib edilməsinə görə 30 manat olmaqla, cəmi 2193 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, iş üzrə ödənilmiş 44 manat dövlət rüsumunun 40 manat hissəsinin cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq İddiaçı ödənilməsi, qalan 4 manat hissəsinin isə iddiaçıya aid edilməsi, iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğin 91 (doxsan bir) manat hissəsi cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən, 9 (doqquz) manat hissəsi isə İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1, 922.1-922.2, 926.1-ci maddələrinə, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 6.2, 6.6, 7, 13.4, 15.1, 16.2 və 18.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
12. Qətnamədən cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti apellyasiya şikayəti verərək qətnamənin tamamilə leğv edilməsini ve iddia telebinin qismen, yəni tələbin 1680 (bir min altı yüz səksən) manat hissəsində təmin olunması, qalan hissədə isə rədd edilməsi barədə yeni qetnamə çırxarılmasını, iş üzre birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş ekspertizanın dəyəri olan 100 (bir yuz) manat vesait bütövlükdə iddiaçıdan tutulmasını, iş üzrə apellyasiya şikayətinin verilməsi uyğun odenilmiş 22,40 (iyirmi iki manat, 40 qepik) dövlət rusumunun iddiaçıdan cavabdehin xeyrinə tutulmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar iddiaçıya məxsus “VAZ 21074 MİNİK”markalı, **- BO-*** d.q.n.-lı avtomobilə dəymiş zərərə görə qanunvericiliklə nəzərdə tutulmuş qaydada sığorta hesablamaları həyata keçirilmiş və baş vermiş sığorta hadisəsi nəticəsində qeyd olunan avtomobilə 1405 manat məbləğində zərər dəydiyi müəyyən edilmişdir. Müstəqil ekspert “Bakı Ekspertiza Mərkəzi” tərəfindənverilmiş xx.xx.2022-ci il tarixli ekspert rəyinə əsasən, sözügedən avtomobilə 1680 manat məbləğində zərər dəydiyi müəyyən edilmişdir. Verilmiş ekspert rəyinə uyğun olaraq, iddiaçıya 1680 manat məbləğində sığorta ödənişinin verilməsinin müəyyən olunmasına baxmayaraq, iddiaçı Şirkətə, yaxud onun nümayəndəsinə məlumat vermədən avtomobilə dəymiş zərərin müəyyənləşdirilməsi məqsədilə "xxxx" firmasına müraciət etmiş və həmin müəssisə tərəfindən verilmiş ziyan aktına əsasən, sözügedən avtomobilə 2363 manat məbləğində zərər dəydiyi qeyd edilmişdir. İddiaçının təqdim etdiyi qüsur aktının sığorta qanunvericiliyi normalarının tələblərinin pozulması yolu ilə əldə edilmiş olmasına görə hesab edirik ki, iddiaçının təqdim etdiyi qüsur aktı iş üzrə mötəbər sübut qismində nəzərdən keçirilə bilməz. İddiaçıya məxsus “VAZ 21074 MİNİK” markalı, **-BO-*** d.q.n.-lı avtomobilə dəymiş zərər məbləğinin müəyyənləşdirilməsi məqsədilə birinci instansiya məhkəməsinin müvafiq qərardadına əsasən, iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmuşdur. İş üzrə aparılmış ekspertizanın nəticəsi olaraq, AzərbaycanRespublikası ƏN-nin Məhkəmə Eskpertizası Mərkəzi tərəfindən məhkəməyə xx.xx.2022-ciil tarixli, 9/4522- 8/1604 nömrəli ekspert rəyi təqdim olunmuşdur. Qeyd olunan ekspert rəyi nəzərdən keçirilərkən, ekspertin cavabdeh tərəfindən təqdim olunmuş qüsur aktına, ümumiyyətlə, münasibət bildirmədiyi və nəzərə almadığı məlum olmuşdur. Ekspert rəyi məhkəməyə daxil olduqdan sonra məhkəmənin müvafiq qərardadı ilə iş üzrə icraat təzələnmişdir. İş üzrə verilmiş ekspert rəyinin mötəbər sübut hesab edilə bilməyəcəyi, buna görə də əmlaka dəymiş zərər məbləğinin qiymətləndirilməsində istinad edilə bilməyəcəyi faktlarla kifayət qədər əsaslandırılmış, buna görə də avtomobilə dəymiş real zərər məbləğinin müəyyənləşdirilməsi məqsədi ilə cavabdehin təqdim etdiyi qüsur aktı nəzərə alınmaqla təkrar ekspertiza keçirilməsi barədə vəsatətlə müraciət edilərək iş üzrə təkrar ekspertiza keçirilməsi xahiş olunmuşdur. Lakin vəsatət məhkəmə tərəfindən təmin edilməmiş, bu barədə çıxarılmış qərardadda isə vəsatətin əsassız olması səbəbindən təmin edilməməli olması qeyd olunmuşdur. Halbuki, vəsatətdə işin faktiki halları məhkəmənin diqqətinə çatdırılmaqla, təmin edilməli olması kifayət qədər əsaslandırılmış, habelə, cavabdehin nümayəndəsi tərəfindən verilmiş izahatda da vəsatətin təmin edilməli olmasına dair dəlillər yetərincə məhkəmənin nəzərinə çatdırılmışdır. Qeyd olunanlara əsasən, birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş məhkəmə araşdırması natamam olmuş və nəticə təktərəfli sübutlar əsasında əldə olunmuş, cavabdehin kifayət qədər əsaslandırılmış mövqeyi isə nəzərə alınmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
15. Məhkəmə kollegiyasının iclasında cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi Həsənov Azər Fazil oğlu apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
16. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
17. Maddə 883.1 sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.
18. Maddə 922.1-922.2 sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir.
19. Maddə 926.1 sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.
“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun
20. Maddə 6.2 mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir.
21. Maddə 6.6 Fərdi qəza sığortası üzrə sağlamlığına zərər dəymiş sığorta olunan, mülki məsuliyyətin sığortası üzrə isə əmlakına və (və ya) sağlamlığına zərər dəymiş üçüncü şəxs zərərçəkən hesab edilir.
22. Maddə 7 Sığortalı və (və ya) sığorta olunanın ailə üzvləri istisna olmaqla, bu Qanuna görə mülki məsuliyyətin icbari sığortası üzrə sığorta müqaviləsinin tərəfi olmayan, sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən, eyni zamanda sığorta ödənişi almaq hüququna malik olan fiziki şəxslər – fiziki şəxs öldüyü halda, onun ailə üzvləri – və ya hüquqi şəxslər, yaxud onların hüquq varisləri üçüncü şəxs sayılırlar.
23. Maddə 13.4. Sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq sığorta müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə və hallara şamil olunur.
24. Maddə 15.1. İcbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir.
25. Maddə 16.2. Sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır.
26. Maddə 18.1. Bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
30. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
33. Hazırki halda, cavabdeh apellyasiya şikayətində qətnamənin tamamilə ləğv edilməsini və iddia tələbinin qismən təmin edilməsini xahiş etdiyindən apellyasiya baxışının hədlərini qətnamənin məhz həmin hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2727/2022 saylı, 17 oktyabr 2022-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
35. Belə ki, işin mübahisəsiz hallar ondan ibarət olmuşdur ki, xx.xx.2022-ci il tarixdə Quba şəhəri ərazisində cavabdeh tərəfindən sığortalanan “Hyundai County avtobus” markalı **-JF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Hacıyev Yunus Məhəmməd oğlunun təqsiri ilə yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə İddiaçı tərəfindən idarə olunan “VAZ 21074 minik” markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. İddiaçı ilə cavabdeh arasında avtomobilə dəyən maddi ziyanın məbləği barəsində narazılıq yaranmış, belə ki, iddiaçı avtomobilə dəyən zərərin 2363 manat məbləğində olmasını bildirərək, həmin məbləğin ödənilməsini iddiaçıdan tələb etsə də, cavabdeh avtomobilə dəymiş ziyan üçün 1405 məbləğində sığorta ödənişinin ayrılmasını bildirmiş, bu səbəbdən də iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Hazırda cavabdeh iddia tələbini 1680 manat hissəsində qəbul edərək, iddianın həmin hissədə qismən təmin edilməsi, qalan hissədə isə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəfindən təyin edilmiş ekspertiza tədqiqatının nəticəsinə görə 2008-ci il buraxılışlı “VAZ 21074” markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 2163 manat məbləğində müəyyən edilmişdir.
36. Məhkəmə kollegiyası hesab edir ki, sığortaçı tərəfindən sığorta ödənişinin verilməsinə əsas olan sığorta hadisəsi (yol-nəqliyyat hadisəsi) baş verdiyindən və bunun nəticəsində iddiaçıya maddi zərər dəydiyindən, o, hazırkı iddia tələbi ilə məkhəməyə müraciət etməkdə haqlı olmuşdur. Sözügedən avtomobilə dəymiş zərərin məbləği ilə əlaqədar tərəflər arasında mübahisə yarandığından məhkəmə tərəfindən haqlı olaraq ekspertizanın keçirilməsi labüd hesab edilmiş, iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/4522-8/1604 nömrəli ekspert rəyinə əsasən, 2008-ci il buraxılışlı “VAZ 21074” markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 2163 manat məbləğində müəyyən edilmişdir.
37. Beləliklə, məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddia tələbi ekspert rəyinə müvafiq olaraq 2163 manat məbləğində təmin edilməlidir.
38. Məhkəmə iddia tələbinin “ziyan aktının tərtib edilməsinə görə ödənilmiş 30 manat pulun cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə də haqlı olaraq qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixli mədaxil qəbzi əsasında iddiaçı tərəfindən ziyan aktına görə 30 manat məbləğində ödəniş edilməsi müəyyən edildiyindən iddia bu hissədə təmin edilməlidir.
39. Kollegiya cavabehin apellyasiya şikayətinin ekspert rəyinin əsassız olması barədə dəlilini qəbul etmir. Belə ki, avtomobilə dəymiş zərərin məbləği ilə əlaqədar tərəflər arasında mübahisə yaranmış və hər iki tərəf fərqli məbləği müəyyən edən aktlar təqdim etmişdir. Tərəflər arasında məhz məbləğin müəyyən edilməsi hissəsində mübahisə yarandığından işin daha obyektiv və ədalətli həlli baxımından məhkəmə haqlı olaraq iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası ilə müəyyən edilmiş məbləği əsas götürməklə məbəği müəyyən etmişdir. Həmin ekspert rəyinin əsassız olması sübut edilmir.
40. Ona görə də kollegiya hesab edir ki, apelyasiya şikayətinin dəlilləri yuxarıda göstərilənlərə əsasən formal mülahizələr olmaqla qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
41. Məhkəmə kollegiyası həmçinin izah edir ki, cavabdehin apellyasiya şikayəti ilə mübahisələdirdiyi hissə 5000 manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2727/2022 saylı, 17 oktyabr 2022ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.