Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8881/2021 17.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli qətnaməsindən iddiaçı X4 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı X4 cavabdeh “X7” Şirkətinə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “X7” Şirkəti ilə bağlanmış 25.05.2009-cu il tarixli alqı-satqı və borc müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakim Ş.Süleymanova, iş № 2(009)-1429/21) iddia təmin edilməmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, 25.05.2009-cu il tarixli alqı-satqı və borc müqaviləsini o imzalamamışdır, müqavilə ümumiyyətlə mövcud olmamışdır. Həmin müqavilə qarışıq müqavilə kimi bağlanmışdır. Lakin müqavilə bağlanarkən müqavilədə nəzərdə tutulmuş alqı-satqı və borc müqaviləsinin qanunvericilikdə nəzərdə tutulmuş mühüm şərtlərinə əməl edilməmişdir. Müqavilənin predmeti olan nəqliyyat vasitəsi onun mülkiyyətində deyil, R.Əhmədlinin mülkiyyətindədir. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi iddianı qəbul etməmiş və izahat verərək bildirmişdir ki, bu iş artıq neçə müddətdir ki uzanır. Artıq bu iş ilə bağlı məhkəmə qətnamələri vardır. İddia tələbi əsassız olduğundan rədd edilməlidir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı iddia ərizəsi ilə eyni məzmun daşıyan apellyasiya şikayətində bir daha göstərmişdir ki, həmin müqaviləni o imzalamamış, müqavilə ümumiyyətlə mövcud olmamışdır. Şirkət mövcud olmayan müqaviləni özü hansısa bir şəkildə tərtib etmişdir. O, şirkətdə işləmiş, avtomaşınların satışı ilə məşğul olmuşdur. Lakin onların aralarında heç vaxt müqavilə imzalanmamışdır. Həmişə heç bir müqavilə olmadan işləmişlər. Şirkət hansısa bir müqavilənin onun tərəfindən imzalanmasına nail olmuşdur. O, mövcud olmayan və üzərinə öhdəlik götürmədiyi müqavilə üzrə məsuliyyət daşıya bilməz. İradəsinin ziddinə olaraq üzərinə öhdəlik qoyulmuşdur. Müqavilə diqqətlə oxuduqda və həmçinin müqavilənin görüntüsü, araya əlavə edilmiş cümlələr həmin müqavilənin saxta olduğunu təsdiq edir. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında izahat verərkən apellyasiya şikayətini qəbul etmədi və rədd olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı heç bir üzrlü səbəb göstərmədən məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, cavabdehin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin iş üzrə 01 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, Binəqədi Rayon Məhkəməsinin 11 yanvar 2011-ci il tarixli qətnaməsi ilə iddiaçı “X7” Şirkətinin cavabdeh X3 qarşı pul tələbinə dair iddiası təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin 28 mart 2012-ci il tarixli qətnaməsi ilə Binəqədi rayon Məhkəməsinin 11 yanvar 2011-ci il tarixli qətnaməsi ləğv edilərək “X7” Şirkətinin iddiası qismən təmin olunmuş və X1 “Farqo” markalı yük avtomobilinin ödənilməmiş qalan dəyərini təşkil edən 38000 manatın və öhdəliyin tam icra edilməməsinə görə avtomobilin müəyyən olunmuş alğı-satqı dəyərinin 10% təşkil edən 6200 manatın, cəmi 44200 manatın alınaraq “X7” Şirkətinə verilməsi qət olunmuşdur. Qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. İşdən həmçinin görünür ki, iddiaçı T.Zərbəlizadə bundan əvvəl cavabdeh “X7” şirkətinə qarşı 25.05.2009-cu il tarixli alqı-satqı və borc müqaviləsinin ləğv edilməsi barədə iddia qaldırmış, Səbail rayon məhkəməsinin 10 iyun 2020-ci il tarixli qətnaməsi ilə həmin iddia rədd olunmuş və qətnamə qanuni qüvvəyə minmişdir. Göründüyü kimi, hazırda mübahisələndirilən müqavilənin qanuniliyi əvvəllər qanuni qüvvəyə minmiş məhkəmə aktları əsasında yoxlanılmış, müqavilənin iddiaçı tərəfindən imzalandığı ekspertiza keçirilməklə müəyyən olunmuş və iddiaçının dəlillərinə qiymət verilmişdir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İddia ərizəsi ilə eyni məzmun daşıyan apellyasiya şikayətinin əsas dəlili tərəflər arasında borc münasibətlərinin və alqı-satqı və borc müqaviləsinin mühüm şərtlərinin mövcud olmaması barədədir. Məhkəmə kollegiyası həmin dəlili əsassız sayır və qeyd edir ki, iddiaçının hazırkı işdə mübahisələndirdiyi qarışıq (alqı-satqı və borc) müqaviləsinin qanuniliyi əvvəllər qanuni qüvvəyə minmiş məhkəmə aktları əsasında yoxlanılmış, iddiaçı müqaviləni imzalamadığını, müqavilədəki imzanın ona məxsus olmadığını bildirdiyindən həmin işdə məhkəmə xətşünaslıq ekspertizası keçirilmiş, müqavilənin iddiaçı tərəfindən imzalandığı müəyyən edilmişdir. Bir sözlə, iddiaçı hazırkı işdə mübahisələndirdiyi, irəli sürdüyü dəlilləri həmin işdə də irəli sürmüş və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə həmin dəlillərə müfəssəl hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə görə isə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəaları ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən olunan hallar işdə iştirak edən şəxslərə münasibətdə preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”. Məhz bu prinsipi əsas götürərək məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan məhkəmə qətnaməsi ilə hazırkı işdə iddiaçı tərəfindən mübahisələndirilən məsələlərə faktiki olaraq hüquqi qiymət verilmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən edilən həmin hallar isə preyudisial əhəmiyyət kəsb etdiyindən, sözügedən halların əlavə araşdırılmasına ümumiyyətlə zərurət yoxdur. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli qərarında isə qeyd olunmuşdur ki, məhkəmə qərarlarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Məhkəmə kollegiyası işin tam, hərtərəfli və obyektiv araşdırılmaması, maddi və prosessual hüquq normalarının tələblərinin pozulmasıilə bağlı dəlilləri də əsassız sayır və qeyd edir ki, işin halları məhkəmə tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılmış və işin müəyyən edilən hallarına uyğun gələn maddi hüquq normaları tətbiq olunmaqla mübahisəli hüquq münasibətinə düzgün hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən sübutlar qiymətləndirilərkən göstərilən tələblərə əməl olunmuşdur. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı X2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin iş üzrə 01 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-8881/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8881/2021
17.11.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver