Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-889/2020 15.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Abiddin Qabil oğlu Hüseynov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili X2, Cavabdeh ASC-nin nümayəndəsi X3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-4592/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxxxx 2011-ci il tarixli ipoteka müqaviləsinə ipotekanın əlavə qeydiyyatı haqqında bağlanmış xx.xx.2015-ci il tarixli razılaşmanın və İddiaçı məxsus Göyçay şəhəri, R.Rza küçəsi, 103 saylı ünvanda 0,0403 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 3 otaqlı fərdi yaşayış evi üzərində olan ipoteka yüklülüyünün etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili X5 məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə ünvanlayaraq, xx xxxxxxxx 2011-ci il tarixli ipoteka müqaviləsinə ipotekanın əlavə qeydiyyatı haqqında bağlanmış xx.xx.2015-ci il tarixli razılaşmanın və İddiaçı məxsus Göyçay şəhəri, R.Rza küçəsi, 103 saylı ünvanda 0,0403 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 3 otaqlı fərdi yaşayış evi üzərində olan ipoteka yüklülüyünə xitam verilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış xx xxxx 2015-ci il tarixli, GY-1307 saylı kredit müqaviləsinə əsasən iddiaçıya 36 müddətinə 18 faiz olmaqla 40000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin tarixdə bağlanmış xx xxxxxxxx 2011-ci il tarixli ipoteka müqaviləsinə ipotekanın əlavə qeydiyyatı haqqında razılaşmaya görə mülkiyyət hüququ üzrə cavabdeh İddiaçı məxsus Göyçay şəhəri, R.Rza küçəsi, 103 saylı ünvanda 0,0403 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 3 otaqlı fərdi yaşayış evi kredit müqaviləsi üzrə öhdəliyin icrasının təminatı kimi ipotekaya qoyulmuşdur. Cavabdeh ASC-nin Göyçay filialı ilə İddiaçı arasında bağlanmış xx xxxxxxxx 2011-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka qoyan İddiaçı mülkiyyət hüququ ilə ona məxsus olub bu müqavilənin 3.1-ci bəndində göstərilən əmlakı həmin müqavilənin 2-ci bəndində göstərilən öhdəliyin təminatı kimi ipotekaya qoymuşdur. Cavabdeh ASC-nin Göyçay filialı ilə İddiaçı arasında bağlanmış xx xxxx 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən xx xxxxxxxx 2011-ci il tarixli ipoteka müqaviləsinin 2.1, 2.2 və 3.2-ci bəndində dəyişiklik edilmişdir. İpoteka predmetinin qiyməti 103700 manat məbləğində qiymətləndirilmişdir. Həmçinin Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış xx xxxx 2015-ci il tarixli, GY-1307 saylı kredit müqaviləsinə əsasən verilmiş 40000 ABŞ dolları məbləğində vəsait Cavabdeh ASCnin Göyçay filialı ilə İddiaçı arasında bağlanmış xx xxxxxxxx 2011-ci il tarixli ipoteka müqaviləsinin təminatı olan digər kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi üçün verilmişdir. Bundan sonra verilmiş kredit məbləği ilə borc bağlanmış, sonra isə 2011-ci il tarixli ipoteka müqaviləsinə dəyişiklik edilməsi barədə əlavə razılaşma bağlanmışdır. Belə olan halda ipoteka müqaviləsinə əlavə sazişin bağlanması qeyri-mümkündür. Həmçinin əgər 2011-ci il tarixində bağlanmış ipoteka müqaviləsinə səbəb olan öhdəlik xx xxxx 2015-ci il tarixində bağlanmışdırsa, həmin müqaviləyə əsasən bağlanmış ipoteka müqaviləsinə də xitam verilmişdir. Cavabdehin ipoteka müqaviləsinə əlavə ipoteka sazişini də bağlanması bir daha sübut edir ki, 2011-ci il tarixində bağlanmış ipoteka müqaviləsinə əslində xitam verilmişdir. Xitam verilmiş müqaviləyə əsasən isə Əlavə Sazişin bağlanması qeyri-mümkündür. Çünki əlavə saziş qüvvədə olan müqaviləyə əsasən bağlana bilər. Əksi mümkün deyildir. Həmçinin çıxarışda 3 otaqlı sahəsi 90 kv.metr olan ev yazılıb, köhnə çıxarışla müqaviləni bağlayıblar, evin təqdim edilən şəkillərində ev heç də çıxarışda qeyd olunan ölçüdə deyil. Yəni olmayan bir predmet barəsində ipoteka müqaviləsi bağlanılıb. Köhnə ipoteka müqaviləsinə istinadən razılaşma bağlanması ipoteka müqaviləsinə xitam verilməsi üçün əsasdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-4592/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh "Cavabdeh" Açıq Səhmdar Cəmiyyətinə qarşı "ipoteka yüklülüyünə xitam verilməsi və s." tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X4 şikayəti müdafiə etdiyini bildirərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh ASC-nin nümayəndəsi X6 apellyasiya şikayətinin əsassız olduğunu bildirərək onun təmin edilməməsini xahiş etmişdirlər. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-4592/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan "Cavabdeh" ASC-nin Göyçay filialı ilə İddiaçı arasında bağlanmış xx xxxx 2015-ci il tarixli, GY-1307 saylı kredit müqaviləsinin surətindən görünür ki, kredit müqaviləsindən görünür ki, bank cavabdehə 36 ay müddətinə, illik 18% ödəmək şərti ilə 40000 ABŞ dolları məbləğində kredit verməyi, borc alan isə borcu qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan "Cavabdeh" ASC-nin Göyçay filialı (İpoteka saxlayan) ilə İddiaçı (İpoteka qoyan) arasında bağlanmış xx xxxxxxxx 2011-ci il tarixli ipoteka müqaviləsinin surətindən görünür ki, "Cavabdeh" ASC-nin Göyçay filialı ilə İddiaçıarasında bağlanmış xx.xx.2011-ci il tarixli kredit müqaviləsinin təminatı kimi Göyçay şəhəri, R.Rza küçəsi, 103 saylı ünvanda 0,0403 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 3 otaqlı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Cavabdeh ASC-nin Göyçay filialı ilə İddiaçı arasında bağlanmış xx xxxxxxxx 2011-ci il tarixli ipoteka müqaviləsinə əsasən, ipoteka qoyan İddiaçı mülkiyyət hüququ ilə onlara məxsus olub bu müqavilənin 3.1-ci bəndində göstərilən əmlakı həmin müqavilənin 2-ci maddəsində göstərilən öhdəliyin təminatı kimi ipotekaya qoyur (müqavilənin 1.1-ci bəndi). İpotekanın medmeti ünvan 2 saylı ünvanda mülkiyyətdə olan 0,0403 ha torpaq sahəsində yerləşən mülkiyyət hüququ üzrə cavabdeh İddiaçı məxsus 2 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evidir. (3.1-ci bənd). İpoteka predmetinin qiyməti 67400 manat məbləğində qiymətləndirilmişdir (3.2-ci bənd). İş materiallarında olan ipotekanın əlavə qeydiyyatı haqqında xx xxxx 2015-ci il tarixli razılaşmanın surətindən görünür ki, xx xxxxxxxx 2011-ci il tarixli ipoteka müqaviləsinin 2.1, 2.2 və 3.2-ci bəndlərinə dəyişiklik edilmişdir. İpoteka predmetinin qiyməti 103700 manat məbləğində qiymətləndirilmişdir (3.2-ci bənd). İş materiallarında olan Göyçay rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(046)- 91/2018 saylı qətnaməsinin surətindən görünür ki, xx.xx.2015-ci il tarixli GY-1307 saylı kredit müqaviləsi üzrə 31960 ABŞ dolları əsas, 8632 ABŞ dolları 47 sent faiz, 50 ABŞ dolları cərimə olmaqla, cəmi 40642 ABŞ dolları 47 sent pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarının cavabdehlər İddiaçı və X1 tutulub iddiaçı "Cavabdeh" ASC-yə ödənilməsi və tələbin ipoteka predmeti olan Göyçay şəhəri, R.Rza küçəsi, 103 saylı ünvanda 0,0403 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 3 otaqlı fərdi yaşayış evinə yönəldilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 337.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icarə edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müdəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Həmin Məcəllənin 527.2-ci maddəsinə əsasən öhdəliyə tərəflərdən birinin tələbi ilə xitam verilməsinə yalnız bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan hallarda yol verilir. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1-ci maddəsinə əsasən ipotekaya aşağıdakı hallarda xitam verilir: - ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; - əsas öhdəliyə xitam verildikdə; - tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; - ipoteka predmeti məhv olduqda; - bu Qanunla nəzərdə tutulmuş digər hallarda. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddəsinə əsasən, ipotekaya xitam verilməsi əsaslarından biri əsas öhdəliyə xitam verilməsidir. Həmin qanunun 1.0.8-ci maddəsinə əsasən, əsas öhdəlik əsas müqavilədən yaranan və icrası ipoteka ilə tam və ya qismən təmin edilən borc və digər öhdəliklərdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, İddiaçı tərəfindən "Cavabdeh" ASC qarşısında ipoteka ilə təmin olunmuş kredit öhdəliyi tam icra edilmədiyindən ipotekaya xitam verilə bilməz. Belə ki, ipoteka qoyulmuş əmlakın hüquqi mahiyyəti ondan ibarətdir ki, həmin əmlak əsas öhdəliyin icra olunmasının təminatı kimi çıxış edir. Bununla əlaqədar, ipoteka müqaviləsi ipoteka saxlayan ilə ipoteka qoyan arasında girovla təmin olunmuş əsas öhdəliyə münasibətdə əlavə öhdəlik yaradır. Deməli, ipoteka müqaviləsinə xitam verilməsi əsas öhdəliyə xitam verilməsi ilə müəyyən edilir. Bununla belə ipoteka əqdin bir növü olduğuna görə (Mülki Məcəllənin 324.2-ci maddəsi) onun bağlanmış hesab olunması üçün Mülki Məcəlləyə əsasən əqdin bağlanması üçün zəruri olan bütün şərtlərin mövcud olması vacibdir. Bu cür şərtlərdən tərəflərin fəaliyyət qabiliyyətinin və əqdin hüququn tələblərinə uyğun olmasının mövcudluğu zəruridir. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçı kredit və ipoteka müqaviləsini, eyni zamanda ipotekanın əlavə qeydiyyatı haqqında razılaşmanı bağlayarkən göstərilən şərtlərlə razılaşaraq cavabdehlə həmin müqavilələri bağlamışdır. Hazırda iddiaçı ipotekanın əlavə qeydiyyatı haqqında xx xxxx 2015-ci il tarixli razılaşmanın və fərdi yaşayış evi üzərində olan ipoteka yüklülüyünə xitam verilməsini tələb etsə də, tələbin əsasını təşkil edən halları sübut edə bilməmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materiallarına və maddi hüquq normalarına istinadla əsaslandırılmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbinin təmin edilməməsi nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-4592/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-4592/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Azad İmanov Hakimlər Abiddin Hüseynov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-889/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-889/2020
15.01.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver