Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8893/2021 27.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun tutulması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli 2(007)-1501/2021 saylı qətnaməsindən cavabdehin apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 15940 manat pulun, 8000 manat əldən çıxmış faydanın, 31 manat dövlət rüsumunun MMC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli 2(007)-1501/2021 saylı qətnaməsi ilə iddia qismən təmin olunmuş, Cavabdeh 15940 manat pul və 31 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, aidiyyət qaydaları pozulmuşdur, belə ki, o fiziki şəxs kimi VÖEN-i olmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Hazırki mübahisə də iki sahibkar arasında olan mübahisədir. Kollegiyanın iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, müqavilə bağlanarkən, cavabdehin MMC-yə VÖEN-nin olduğunu və sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu bildirmədiyini qeyd etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumatlandırılmış cavabdeh məhkəməyə gəlmədiyindən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin olunmalı, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli 2(007)- 1501/2021 saylı qətnaməsi ləğv edilməli, mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli Qərarının 12 və 13-cü bəndlərində qeyd edilir ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, MPM-in 418.4.9 və 418.5-ci maddələri ilə işin məhkəmə aidiyyəti üzrə düzgün baxılmaması kobud prosessual pozuntu kimi apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi əsası kimi nəzərdə tutulduğundan, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən MPM-in 384 və 387-ci maddəsində məhkəmə aidiyyətinin pozulması əsası ilə qətnamənin ləğv edilərək aidiyyəti üzrə göndərilməsi ilə bağlı konkret müddəaların nəzərdə tutulmadığına istinad etməklə, məhkəmə aidiyyəti məsələsinə qiymətin verilməməsi mümkünsüzdür. Bununla bağlı apelyasiya instansiyası məhkəmələrinə izah edilir ki, işin birinci instansiya məhkəməsi tərəfindən məhkəmə aidiyyəti üzrə səhvən baxıldığının müəyyən edildiyi halda, apelyasiya məhkəməsi MPM-in 387.2.1-ci maddəsinə istinad etməklə qətnaməni ləğv etməli və MPM-in 365-ci maddəsindən çıxış etməklə MPM-in 32.4-cü maddəsini rəhbər tutub işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul etməlidir. MPM-in 32.5-ci maddəsinə əsasən həmin qərardadlardan şikayətin verilməsi nəzərdə tutulduğundan, apelyasiya instansiyası məhkəmələri işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qəbul etdikləri qərardadlardan tərəflərin kassasiya instansiyası məhkəməsinə şikayət vermək hüquqlarının olduğunu da nəzərdən qaçırmamalıdırlar. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 06 may 2019-cu il tarixli, BRC 177 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, satıcı (İddiaçıMMC) alıcıya (Cavabdeh) müqaviləyə əlavələrdə göstərilən malları təqdim etməklə onun mülkiyyətinə verir, alıcı isə malları qəbul edib onların dəyərini müqavilənin şərtlərinə müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Cavabdehin apelyasiya şikayətindən müəyyən edilir ki, o, vergi ödəyicisi kimi uçotda olmaqla fərdi sahibkardır. Apelyasiya şikayətinə əlavə edilmiş Vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən, həmçinin AZEMİS Elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, cavabdeh fiziki şəxsin vergi uçotu haqqında ********** nömrəli aktiv VÖEN əsasında fəaliyyət göstərir. Beləliklə, müəyyən edilmişdir ki, cavabdeh fərdi sahibkar statusu əldə edən fiziki şəxs olmaqla, iddiaçı ilə aralarında yaranan hüquq münasibətləri xarakterinə görə sahibkarlıq fəaliyyətindən irəli gələn münasibətlərə uyğun gəlir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olduğundan hazırkı mülki işə Bakı Kommersiya Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.2.1-ci maddəsinə görə işə, buna baxmağa hüququ olmayan hakim tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32.5, 387.2.1, 397-398 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apelyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli 2(007)-1501/2021 saylı qətnaməsi ləğv edilsin. Mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-8893/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8893/2021
27.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver