Məhkəmə qərarları › İş №2(103)-890/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-890/2021

03.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-890/2021 03.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X4 oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh Piriyeva Cavabdeh qarşı «mənzildən istifadə hüququnun kompensasiya verilməklə itirilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)-1757/2019 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Piriyeva Cavabdeh qarşı «mənzildən istifadə hüququnun kompensasiya verilməklə itirilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdeh Piriyeva Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, ev 4-də yerləşən 33 nömrəli mənzildən 9000 manat kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququnun itirilməsi və azyaşlı uşaqları ilə birlikdə mənzildən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, ev 4, mənzil 33 İddiaçı tam olaraq xüsusi mülkiyyətindədir. İddiaçıya məxsus həmin mənzildə əvvəllər onun oğlu övladları və keçmiş arvadı ilə birgə yaşayırdı. Sonradan oğlunun keçmiş arvadı ilə münasibətləri pisləşdikdən sonra birgə nikahlarından olan azyaşlı uşaqları məhkəmə qaydasında sonuncunun himayəsinə verilməklə aralarında olan nikaha xitam verilmişdir. Nikah münasibətlərinə xitam verildikdən sonra keçmiş gəlini, hazırki iş üzrə cavabdeh Piriyeva Cavabdeh iddiaçının mülkiyyətində olan hazırki iş üzrə sözügedən mənzilə istifadə hüququnun tanınması, uşaqları ilə birlikdə həmin mənzilə köçürülməsi və digər iddia tələbləri ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(006)-3882/2018 saylı qətnaməsi ilə cavabdehin iddiası qismən təmin olunaraq, sonuncunun iddiaçının mülkiyyətində olan həmin mənzilə istifadə hüququ tanınmaqla uşaqları ilə birlikdə həmin mənzilə köçürülmüşdür. İddiaçı sözügedən məhkəmə mübahisəsi üzrə iddianı qəbul etməsə də, sonradan nəvələrinə, eləcə də keçmiş gəlini ilə olan uzaq qohumluq münasibətləri xatirinə görə həmin qətnamədən apellyasiya qaydasında şikayət etməmişdi. O, ümid edirdi ki, oğlu və keçmiş gəlini barışarlar və yenidən həyatlarına davam edərlər. Lakin, vaxt keçdikcə baş verən hadisələr onun ümid etdiklərinin əksini göstərməyə başladı. Xüsusən də, cavabdehin iddiaçının mülkiyyətində olan mənzilə istifadə hüququ tanındıqdan və uşaqları ilə birgə həmin mənzilə köçdükdən sonra münasibətlər daha da pisləşməyə başladı. Cavabdehin məhkəmə qaydasında sözügedən mənzilə köçürülməsinə baxmayaraq, uşaqları ilə birgə qonşuluqda yerləşən cavabdehin atasına məxsus olan Bakı şəhəri, Xan Şuşinski 18 ünvanında yerləşən «xxxx» MTK tərəfindən inşa edilən binanın dördüncü blokunda olan 7 və 8 nömrəli mənzillərdə yaşayır. Beləliklə, göstərilənlərə əsasən cavabdeh və onun ailəsi ilə iddiaçının və onun oğlunun münasibəti olduqca kəskin və pisdir. Münasibətlərinin bu dərəcədə pis olması səbəbindən iddiaçının və onun ailə üzvlərinin cavabdehlə bir mənzildə birgə yaşamaqları mümkün deyildir. Göstərilən səbəblərdən iddiaçı hesab edir ki, cavabdehə kompensasiya verilməsi yolu ilə sonuncunun həmin mənzilə dair istifadə hüququna xitam verilməklə, uşaqları ilə birgə mənzildən çıxarılmalıdır. Mübahisəli mənzillə eyni ərazidə və eyni şərtlərdə olan mənzilin aylıq kirayə haqqı orta bazar qiyməti ilə 200-300 manat təşkil edir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 iddianı müdafiə etmiş, həmçinin kompensasiya məbləğinin 14400 manat məbləğində müəyyən edilməsinə etirazlarının olmamasını göstərmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)- 1757/2019 saylı qətnaməsi ilə (hakim Ramin Xəlilov) iddia qismən təmin edilərək, cavabdeh Piriyeva Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, ev 4-də yerləşən 33 nömrəli mənzildən (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi, 36, M8, m 3) 14400 (on dörd min dörd yüz) manat kompensasiya ödənilməklə yaşayış sahəsindən istifadə hüququnun itirilməsi və onun, azyaşlı uşaqları ilə birlikdə mənzildən çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manatın İddiaçı tutulub «xxxx» MMC-nin (VÖENİ:**********, H/H: «xxxx» ASC-nin Nərimanov rayon filialı, KOD:200093, VÖEN **********, M/H: AZ37NABZ********************, S.W.İ.F.T. AİİBAZ2X, İBAN: AZ91AİİB********************) hesabına köçürülməsi, «xxxx» MMC tərəfindən aparılmış qiymətləndirmə hesabatının haqqı olan 300 (üç yüz) manat məbləğində pulun İddiaçı tutularaq «xxxx» MMC-nin (VÖEN: **********, hesab № AZE30AZRT**********0019299007, bank «xxxx» ASC-nin «Yasamal» filialı, VÖEN: **********, müxbir hesab: AZE02NABZ********************, SWİFT: AZRT AZ 22) hesabına köçürülməsi qət olunmuşdur. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-13632/2019 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin olunmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)-1757/2019 saylı qətnaməsi ləğv olunmuş, iddia təmin olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının xx xxxxxxxx 2020ci il tarixli, 2(102)-2427/2020 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-13632/2019 saylı qətnaməsi ləğv olunmuş, mülki iş yenidən baxılması üçün göndərilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini – birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, işin obyektiv araşdırılmaması, təklif olunan kompensasiya məbləği ilə razı deyildir, mənzilin dəyərinin daha artıq olması, eyni şəraitli mənzilin həmin ərazidə kirayə haqqının 800 manat təşkil etməsi və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Tərəflərin izahatlari, prosessual məsələlər: Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, şikayətdə göstərilən dəlillərə və birinci instansiya məhkəməsində verdiyi izahata uyğun eyniməzmunlu izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikyətinin dəlillərini əsassız sayaraq, iddia tələbini müdafiə etmiş, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq məhkəmə kollegiyasına yazılı ərizə təqdim edərək hazırki vəziyyətdə cavabdeh tərəfə 20000 manat kompensasiya təklif etdiklərini, bu halın nəzərə alınmaqla iddianın təmin olunmasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. İlkin olaraq qeyd edilməlidir ki, mübahisə predmeti olan mənzilin (Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, ev 4, mənzil 33) iddiaçının xüsusi mülkiyyətində olması, cavabdehin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(006)-3882/2018 saylı qətnaməsi ilə mübahisəli mənzilə istifadə hüququ tanınmaqla, uşaqları ilə birlikdə həmin mənzilə köçürülməsi işin mübahisələndirilməyən hallarıdır. Eyni zamanda işdən görünür ki, xx xxxxxxx 2011-ci il tarixdə iddiaçının oğlu Siracəddin Kərimov ilə cavabdeh arasında nikah bağlanmış və onlar ailə qurmuşlar. Onların birgə nikahlarından iki uşaqları (xx xxx 2013-cü il təvəllüdlü Ayan, xx xxxxxxxx 2014-cü il təvəllüdlü Murad) vardır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş, uşaqların anaları Cavabdeh Piriyevanın yanında saxlanılması qət olunmuşdur. Hazırda iddiaçı mülkiyyətçi kimi cavabdehə kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsini və uşaqları ilə birlikdə mənzildən çıxarılmasını tələb edir. Cavabdeh tərəf isə təklif olunan kompensasiyanın məbləği ilə razı deyildir. Həmçinin, qeyd edilməlidir ki, iddiaçı iddia ərizəsində kompensasiyanın məbləğini 9000 manat göstərsə də, sonradan həmin məbləği 14400 manat, hazırki apellyasiya baxışı zamanı isə 20000 manat olaraq təklif etmişdir. İşdə olan «xxxx» MMC-nin xx xxxxx 2019-cu il tarixli, «xxxx» MMC-nin xx xxx 2019cu il tarixli, və «xxxx» MMC-nin xx xxxx 2019-cu il tarixli rəylərinə əsasən – mübahisəli mənzilin hazırki bazar dəyəri 132000-190000 manat, həmin mənzilə oxşar ərazidə və şəraitdə olan mənzilin aylıq kirayə haqqı isə 350-700 manat civarındadır. İddianın rədd olunması barədə apellyasiya instansiyası məhkəməsinin əvvəlki qətnaməsini ləğv edib, işi yeni baxışa göndərərkən Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası xx xxxxxxxx 2020-ci il tarixli qərarında göstərmişdir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edərkən, gəldiyi nəticəni belə əsaslandırıb ki, mülki qanunvercilikdə təsbit edilmiş “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mənzilin dəyərinə münasibətdə deyil, mənzilin istifadəçisinə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verməsi üçün zəruri olan vəsait kimi başa düşülür. Eyni zamanda istifadə hüququna xitam verilərkən müddət elə təyin edilməlidir ki, mənzilə istifadə hüququ olan şəxs bu müddət ərzində özünü əvvəlki mənzildə ona məxsus olan şəraitə uyğun yaşayış sahəsi ilə təmin edə bilməsi üçün mülkiyyətçi tərəfindən təklif edilən kompensasiya məbləği yetərli olsun. Bu baxımdan iddiaçı tərəfindən cavabdehə təklif edilən 14.400 manat kompensasiya məbləğinin sonuncunun iki azyaşlı uşağı ilə birlikdə davamlı surətdə və müəyyən müddət ərzində başqa yerdə mübahisəli mənzildə ona xas olan şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermir. Bu səbəbdən də iddia təmin oluna bilməz. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi sözügedən mənzilin mülkiyyətçisi, yəni iddiaçı tərəfindən cavabdehə təklif edilən kompensasiyanın məbləği ilə razılaşmadığı halda, bazar qiymətlərinə uyğun olaraq yetərli kompensasiyanın məbləğini müəyyən etməməklə və ümumiyyətlə bunu mənzilin mülkiyyətçisi olan iddiaçı ilə razılaşdırmamaqla Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərini pozub və həmin maddənin təfsirində səhvə yol verib. Mülkiyyətçi istifadə hüququna xitam verilməsi haqqında iddia qaldırarkən öz iddiasında kompensasiya məbləğini göstərə və ya göstərməyə bilər. Lakin iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən aslı olmayaraq, işə baxan məhkəmə hər bir halda Mülki Məcəllənin 228.2-ci maddəsinin və MPM-nin tələblərinə müvafiq olaraq kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməlidir. Eyni zamanda işə baxan məhkəmə bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən mülkiyyətçinin həmin məbləgin ödənilməsi barədə razılığını nəzərə almalıdır. Bazar qiymətinə uyğun olaraq kompensasiya məbləginin ödənilməsinə dair iddiaçının razılığı nəzərə alınmadan iddianın təmin edilməsi onun məhkəməyə müraciət etməsini əhəmiyyətsiz edər və dispozitiv hüququnu pozmuş olur. Göründüyü kimi apelyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən təklif edilən kompensasiyanın məbləğini yetərli hesab etmədiyi halda, sadalanan maddələrin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarında müəyyən edilmiş hüquqi mövqeyə uyğun olaraq yetərli hesab etdiyi kompensasiyanın məbləğini müəyyən etməyib və həmin məbləğə ümumiyyətlə iddiaçının münasibətini öyrənməyib. Məhkəmə kollegiyası işin faktiki halları, toplanmış sübutları və kassasiya instansiyasının hüquqi mövqeyini nəzərə alaraq mübahisə ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusiya məqsədinə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” x xxxxxxx 2013-cü il tarixli Qərarı). Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan mənzildən istifadə hüququna müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsini əmlak itkilərinə aid etmək olar. Çünki, kompensasiya verilməsi yolu ilə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi bir tərəfdən mülkiyyət hüququnun qorunmasına yönəlir, digər tərəfdən isə əmlakdan istifadə hüququnun itirilməsi ilə nəticələnir. Qanunverici Mülki Məcəllənin 228.2-ci maddəsində istifadə hüququna xitam verilməsi zamanı kompensasiyanın bazar qiymətinə uyğun ödənilməsini müəyyən etmişdir. Mülkiyyətçi istifadə hüququna xitam verilməsi haqqında iddia qaldırarkən öz iddiasında kompensasiya məbləğini göstərə və ya göstərməyə bilər. Lakin iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən aslı olmayaraq, işə baxan birinci instansiya məhkəməsi hər bir halda Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərinə və Mülki Prosessual Məcəlləyə müvafiq olaraq kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməli, mülkiyyətçinin həmin məbləgin ödənilməsinə dair razılığını nəzərə almalıdır (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2016-cı il tarixli qərarı). Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən təklif olunan kompensasiyanın məbləğinin yetərli olub-olmamasını tam və ətraflı yoxlamamış, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməmiş, işdə olan sübutları düzgün qiymətləndirməmişdir. Məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin normalarını nəzərə alaraq hesab edir ki, təklif olunmuş 14400 manat kompensasiya cavabdehə və onun azyaşlı övladlarına davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermir. Konstitusiya Məhkəməsi qeyd edilən qərarında, həmçinin göstərmişdir ki, kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. İddiaçı tərəf apellyasiya icraatı zamanı məhkəmə kollegiyasının da mövqeyini nəzərə alaraq, kompensasiyanın məbləğini dəyişərək, 20000 manat təklif etmişdir. Qeyd edilməlidir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır («R.Ağalarovun şikayəti üzrə» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxxxx 2007-ci il tarixli qərarı). Ümumiyyətlə isə istifadə hüququna xitam verilərkən elə bir müddət müəyyən edilməlidir ki, istifadə hüququna xitam verilən şəxsin bu müddət ərzində özünü əvvəlki mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi ilə təmin edə bilməsi üçün mülkiyyətçi tərəfindən təklif edilən kompensasiya məbləği yetərli olsun. Təklif olunan məbləğin yetərli olub-olmamasının qiymətləndirilməsi isə hər bir konkret işə xas xarakterik halların müəyyənləşdirilməsini və buna uyğun olaraq kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir. İşdə olan müxtəlif qiymətləndiricilərin rəylərinə əsasən – mübahisəli mənzilin hazırki bazar dəyəri 132000-190000 manat, həmin mənzilə oxşar ərazidə və şəraitdə olan mənzilin aylıq kirayə haqqı isə 350-700 manat civarındadır. Məhkəmə kollegiyası işdə olan digər sübutlara əsasən kompensasiyanın qeyd edilən məbləğini (20000 manat) hazırkı mübahisə üzrə adekvat bazar qiyməti kimi qəbul edir. Çünki, kompensasiya cavabdehin həmin ərazidə uzun müddət (təqribən 3 il və ondan artıq müddətdə) mübahisəli mənzilə oxşar şəraitdə yaşamasına imkan verir. Həmçinin qeyd edilməlidir ki, cavabdehin istifadə hüququna xitam verilməsi nəticəsində mülkiyyətçidən tənasübsüz (həddindən artıq) pul vəsaiti tələb etməsi özüözlüyündə mülkiyyət hüququnun əsassız məhdudlaşdırılması ilə nəticələ bilər. Çünki, yuxarıda da qeyd edildiyi kimi - kompensasiya institutunun mahiyyəti əmlakdan istifadə etmək hüququnun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçilərə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə onlara xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Yəni, əmlak istifadəçiləri hüquqdan sui-istifadə edərək, özlərinin vəziyyətinin əvvəlkinə (mövcud olana) nisbədən daha da yaxşılaşdırılması istiqamətində kompensasiyanın ödənilməsini tələb edə bilməzlər. Əks halda, bu əmlak mülkiyyətçilərinin hüquqlarının əsassız məhdudlaşdırılmasına və ya onlaorın üzərinə həddindən artıq yükün qoyulmasına səbəb ola bilər. Halbuki, mülkiyyətin müdafiəsi konstitusion prinsipdir (Konstitusiyanın 13-cü mad.) «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Göründüyü kimi mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir, həm də, qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə maraqlarına uyğun hərəkət etmək sahiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Məhkəmə kollegiyası, işin faktiki hallarını, qanunvericiliyin qeyd edilən normalarını, işdə olan sübutları, kassasiya instansiyasının hüquqi mövqeyini nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qeyd edilən hissədə dəyişdirilməli, kompensasiyanın məbləği 20000 manat həddində müəyyən edilməlidir. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə xx xxxx 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. MPM-in 384.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi kompensasiyanın məbləği hissədə dəyişdirilməli, kompensasiyanın məbləği 20000 (iyirmi min) manat müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.3, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdeh Piriyeva Cavabdeh qarşı «mənzildən istifadə hüququnun kompensasiya verilməklə itirilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)-1757/2019 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)- 1757/2019 saylı qətnaməsi kompensasiyanın məbləği hissədə dəyişdirilsin, cavabdeh tərəfə ödənilməli olan kompensasiyanın məbləği 20000 (iyirmi min) manat müəyyən edilsin. Qətnamə apellyasiya şikayətinə əsasən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar