Məhkəmə qərarları › İş №2(103)-8906/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8906/2020

11.12.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8906/2020 11.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamalıyev Fərid Seyfulla oğlunun katibliyi ilə, İddiaçı cavabdeh «Cavabdeh» İB-yə qarşı “aktın etibarsız hesab edilməsi və borcun silinməsi” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5204/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı cavabdeh «Cavabdeh» İB-yə qarşı “aktın etibarsız hesab edilməsi və borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, “Cavabdeh” İstehsalat Birliyinin xx xxxx 2018-ci il tarixli, “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 58/1176 nömrəli aktının əsassız və qanuna zidd olduğu üçün etibarsız hesab edilməsi və qanunsuz olaraq həmin akta görə 403.20 manat məbləğində əsassız yazılmış pulun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxx 2020-ci il tarixdə ünvan 10 ünvanında olan köhnə sayğac yenisi ilə əvəz edilmişdir. Buna dair qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx xxx 2020-ci il tarixli, ******* nömrəli akt da tərtib olunmuşdur. Bundan bir qədər sonra onlara təqdim edilən bildirişdə borc məbləği 320.10 manat (üç yüz iyirmi manat on qəpik) göstərilmişdir. Həmin anlaşılmazlığın araşdırılması məqsədilə iddiaçı xx xxxx 2020-ci il tarixdə ərizə ilə “Cavabdeh” İstehsalat Birliyi Bakı X1 Departamentinə müvafiq ərizə ilə müraciət etmişdir. Həmin müraciətdən sonra iddiaçı xx xxxx 2018-ci il tarixli, 58/1176 nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın surətini və əlavə olunmuş sənədləri əldə etmişdir. Halbuki, həmin aktdan bu günədək onun xəbəri olmamışdır. Beləliklə, xx xxxx 2018-ci il tarixli, 58/1176 nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın surətindən məlum olur ki, qaz paylayıcısı tərəfindən sayğacın yivli birləşməsinə vurulmuş plomb (yerində aşkar olunmadı) qırılıb. 2018-ci il tarixdə dəyişdirilmiş əvvəlki qaz sayğacı illər əvvəl qaz xəttinə quraşdırılıb. Bu illər ərzində isə neçə nəzarətçilər dəyişib. Ancaq heç biri də həmin sayğacda hər hansı bir problemin olduğu faktını aşkar etməyib. Əslində heç bir müdaxilə olmadığı təqdirdə xx xxxx 2018-ci il tarixdə “Cavabdeh” İstehsalat Birliyi tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında 58/1176 nömrəli akt tərtib edilib. xx xxxx 2018-ci il tarixdə “Cavabdeh” İstehsalat Birliyi tərəfindən itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası belə hesab edib ki, itirilmiş qaz 2016 m3 olmalıdır. Onun da əsasında “Cavabdeh” İB ona əsassız və qanuna zid olaraq 403.20 manat borc pul yazıb. Həmin 403.20 manat cərimənin yazıldığını çox gec bilmişdir. Həmçinin heç vaxt ona borc barədə bildiriş təqdim olunmayıb. Həmçinin qanuna görə də, sayğacın hansı vəziyyətdə olmasına görə iddiaçı məsuliyyət daşımır. Həmin məsuliyyəti “Cavabdeh” İstehsalat Birliyinin işçiləri daşıyır. “Cavabdeh” İstehsalat Birliyinin xx xxxx 2018- ci il tarixli, “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 58/1176 nömrəli aktı əsassız və qanuna zid olduğu üçün məhkəmə tərəfindən etibarsız hesab edilməli və bunların əsasında yazılmış 403.20 manat pul silinməlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5204/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, “Cavabdeh” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2018-ci il tarixli 58/1176 saylı aktın etibarsız hesab edilməsi, cavabdeh «Cavabdeh» İstehsalat Birliyi tərəfindən İddiaçı məxsus ünvan 1 ünvanına hesablanmış 403.20 manat məbləğində borc məbləğini silmək vəzifəsinin cavabdeh «Cavabdeh» İstehsalat Birliyinə həvalə edilməsi qət edilmişdir (sədrlik edən: İlahə Abbasova). Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5204/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı yaşadığı ünvanda quraşdırılmış qaz sayğacı abonentin iştirakı ilə akt tərtib edilərək çıxarılmış, yeni qaz sayğacı ilə əvəz edilmişdir. Ünvandan çıxarılmlış sayğac dövlət yoxlamasından keçirilməsi üçün “İnformasiya Texnologiyaları və Rabitə İdarəsi”nə göndərilmişdir. “İnformasiya Texnologiyaları və Rabitə İdarəsi”nin rəyinə əsasən qaz sayğacına müdaxilə olunduğu və sayğacın istismara yararsız olduğu aşkar olunmuşdur. Bu səbəbdən də itirilmiş qazın dəyərinə gorə 403,20 manat hesablanaraq abonentdən tələb edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli, 80 saylı “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında qanunun 4.5-ci bəndinə əsasən Qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qazsayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin qərarda vətəndaşın laboratoriyada keçirilən yoxlamada iştirakının Birlik tərəfindən təmin olunması qeyd olunmamışdır. Abonent öz vəsaiti hesabmada yoxlamanı keçirdə bilər. Məhkəməyə təqdim olunmuş laboratoriyanın rəyindədə aydın görünür ki, sayğaclar yoxlamaya gedərəkən kütləvi şəkildə və yalnız sayğacın nömrəsi qeyd olunur orada vətəndaş və onun ünvanı barədə məlumat olmur. Bununla da yoxlamanın nə qədər şəffaf keçirildiyi öz təsdiqini tapır. Dövlət təşkilatı kimi Cavabdeh məqsədi səlahiyyəti daxilində dövlətin əmlakını qorumaq və ona vurulmuş zərərin əvəzini ödətdirmək üçün tədbirlər görməkdir. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2000-ci il tarixli 356 saylı “Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında” Fərmanın 9-cu bəndində qeyd olunur ki, “Cavabdeh” İstehsalat Birliyi təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər (rayon) icra hakimiyyəti oıqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirsinlər. Sayğaca müdaxilə rəydə aşkar göründüyü halda məhkəmə bunu ağlabatan saymır. Bu qərarla hər kəs sayğaca müdaxilə edər və ödəniş etmədən təbii qazdan istifadə edər və dövlət əmlakını yararsız hala salar. Məhkəmə qeyd edir ki, sayğaca cavabdeh qazpaylayıcıdır. Bəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli, 80 saylı “Qazdan istifadə Qaydaları"nın 4.9-cu maddəsinə əsasən zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plomblarm qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Lakin burada sayğacın dəyişdirilməsi, təmiri və yoxlamaya göndərilməsi göstərilir. Vətəndaş tərəfindən sayğacın yararsız hala salınması heç vaxt dövlət təşkilatının hesabına dəyişdirilə bilməz. Bu kimi hallar mövcud iqtisadi vəziyyətdə Birliyin vəziyyətini ağırlaşdırar və istehlakçılar arasında intizamsızlıq yaradar. Hər kəs sayğaca müdaxilə edib təbii qazı sayğac göstəricisi nəzərə alınmadan işlədər. Bu da öz növbəsində dövlətə maliyə cəhətdən zərər vurar. Həmçinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli, 80 saylı “Qazdan istifadə Qaydaları"nm 4.9-cu maddəsində göstərilir ki, vətəndaşın təqsiri olmasa sayğaca cavabdeh qazpaylayıcıdır. Məhkəməyə təqdim olumuş olunmuş laboratoriyanın rəyində qeyd olunurki sayğaca müdaxilə halı var, lakin məhkəmə bu işə laqeyd yanaşaraq vətəndaşın təqsiri məsələsini araşdırmaq yerinə sayğacın dəyərini qazpaylayıcının hesabına ödənilməsini qət etmişdir. Tərəflərin izahatları: İşə baxılması vaxtı və yeri haqqında tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh “Cavabdeh” İB tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarında olan “Cavabdeh” İB-nin xx.xx.2020-ci il tarixli xəbərdarlıq qəbzinə əsasən, İddiaçı 320.10. manat məbləğində borcu oduğu göstərilmişdir. İş materiallarında olan SOCAR “Cavabdeh” İB-si tərəfindən verilmiş abonentin saldosundan məlum olur ki, İddiaçı 2018-ci il üçün 403.20 manat borcu vardır. İş materiallarında olan SOCAR “Cavabdeh” İB-si tərəfindən verilmiş 58/1176 nömrəli xx xxxx 2018-ci il tarixli Aktın surətindən məlum olur ki, istehlakçı İddiaçı mülkiyyətində olan evdən çıxarılmış sayğac laboratoriyaya göndərilmiş və məlum olmuşdur ki, “sayğacın yivli birləşməsinə vurulmuş plomb qırılıb”. İş materiallarında olan Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2020-ci il tarixli ******* saylı aktın surətindən məlum olur ki, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında İtron tipli G4 markalı qaz sayğacı yeni sayğac ilə əvəz edilmişdir. Hüquqi dəyərləndirmə: Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş Qazdan istifadə Qaydalarının 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması qaz paylayıcısının vəsaiti hesabına, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, sayğaca müdaxilənin iddiaçı (istehlakçı) tərəfindən törədilməsi cavabdeh təşkilat tərəfindən sübut edilmədiyindən iddiaçıya 403.20 manat məbləğində borc yazılması əsassız olmuşdur. Belə olan halda, cavabdeh tərəfindən hesablanmış 403.20 manat məbləğində borcun silinməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsi əsaslı olmuşdur. İddia tələbinin “Cavabdeh” İstehsalat Birliyinin xx xxxx 2018-ci il tarixli, “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 58/1176 nömrəli aktının etibarsız hesab edilməsi hissəsinə münasibətdə kollegiya qeyd edir ki, həmin aktda sayğacın yivli birləşməsində olan plombun qırıldığı qeyd edilsə də, cavabdeh həmin qüsurun məhz iddiaçının təqsiri üzündən yaranması halı ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd edilənlərə əsasən, kollegiya hesab edir ki, sayğaca müdaxilə edilməsinin iddiaçı tərəfindən törədilməsi halı cavabdeh tərəfindən irəli sürüldüyündən sübutetmə yükünü də cavabdeh daşıyır. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, sayğaca müdaxilənin iddiaçı (istehlakçı) tərəfindən törədilməsi cavabdeh tərəfindən sübuta yetirilmədiyindən, cavabdehin apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh “Cavabdeh” İstehsalat Birliyinin apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5204/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar