Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8915/2021 04.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər İbayev Vəfaddin Ələm oğlundan və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əmək haqqı və s.” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli, 2(005)-1859/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı “əmək haqqının, istifadə edilməyən məzuniyyətə görə kompensasiyanın və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus “Dəb” qadın geyim dükanında müddətsiz əmək müqaviləsi üzrə işlədiyi satıcı vəzifəsinə görə 2020-ci ilin may ayından dekabr ayına kimi hər ay 350 manat olmaqla, cəmi 2450 manat əmək haqqının və istifadə edilməyən məzuniyyətə görə 470 manat kompensasiya, mənəvi zərərə görə 2000 manat, ümumilikdə 4920 manat məbləğində pulun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, iddiaçı 2019-cu il tarixdən Cavabdeh məxsus “Dəb” qadın geyim dükanına müddətsiz əmək müqaviləsi üzrə satıcı vəzifəsinə qəbul edilmişdir. İşlədiyi dövrdə heç bir əmək və icra intizamını pozmamışdır. Ona təhkim olunmuş bütün işləri vaxtı-vaxtında və lazımı qaydada icra etmişdir. Ona təyin edilmiş 350 manat əmək haqqını nağd şəkildə alırdı. 2020-ci ilin avqust ayında işəgötürən ona bildirdi ki, ölkə üzrə tətbiq edilmiş xüsusi karantınlə bağlı hələlik işə gəlməsin, ona əmək haqqı ödəniləcək. Lakin işəgötürən tərəfindən ona əmək haqqı ödənilmədi. Hər dəfə işəgötürənlə əlaqə saxladıqda bildirdi ki, işləmədiyi aylara görə ona əmək haqqı ödəniləcək. O, sonradan yenə zəng vuraraq kreditinin olmasını və başqa gəlir yerinin olmamasını nəzərə alıb onun işə çıxmağını və əmək haqqının ödənilməsini xahiş etmişdir. İşəgötürən yenə də bəhanələr gətirdikdə, məcbur olub ilk öncə cavabdehə rəsmi ərizə ilə müraciət etmiş, cavab verilmədiyinə görə əmək müfəttişliyinə şikayət etmişdir, lakin müvafiq qurum onun hüququnu bərpa edə bilməmiş və ona sadəcə şifahi olaraq bildirmişdir ki, məhkəməyə müraciət edin. Bu səbəbdən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh 2020-ci ilin may ayından onun əmək haqqını heç bir üzrlü səbəb olmadan ödəmir. Cavabdeh ona işlədiyi müddət ərzində əmək məzuniyyəti və yaxud istifadə edilməyən əmək məzuniyyətinə görə pul kompensasiyası da verməyib. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli, 2(005)- 1859/2021 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamə ilə razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, birinci instansiya məhkəməsində iddiaçı şahidlərinin olduğunu, cavabdehin onu qeyri-qanuni yolla işlətdiyini, adından saxta ərizələr yazdığını, imzalarının saxtalaşdırıldığını, pandemiya dövründə qanunsuz olaraq işdən azad edildiyini, bundan əvvəl dəfələrlə aidiyyatı dövlət idarələrinə şikayətlər etdiyini, lakin onlara normal qaydada baxılmadığını qeyd edərək məhkəmə tərəfindən zəruri məlumatların əldə edilməsi üçün müvafiq sorğunun göndərilməsini və şahidlərinin məhkəmədə dindirilməsini xahiş etsə də, iddia tələbimin artırılması barədə ərizə vermiş olsa da, məhkəmə bunlara əhəmiyyət verməmişdir. İmzası və istəyi olmadan onun adından guya işdən azad olunmaq istədiyi barədə saxta ərizə tərtib olunmuşdur. İddiaçı imza etmədiyinə görə və imzalarla birgə müvafiq sənədlər Cavabdeh tərəfindən saxtalaşdırıldığına görə müvafiq xətt ekspertizası keçirilməlidir və zəruri halda cinayət işi başlanması məqsədilə xüsusi qərardad çıxarılaraq aidiyyəti üzrə rayon prokurorluğuna göndərilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan 26.04.2020-ci il tarixli, xxxxxxx000100 nömrəli əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, İddiaçı 26.04.2021-ci il tarixdə işəgötürən Cavabdeh ilə müddətsiz əmək müqaviləsi bağlayaraq, “Dəb” qadın geyimləri mağazasında satıcı vəzifəsinə işə qəbul olunmuşdur. İşçinin aylıq əmək haqqısı 260 manat məbləğində müəyyən olunmuşdur. İş materiallarında olan 22.05.2020-ci il tarixli, xxxxxxx0001X0 nömrəli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, İddiaçı 26.04.2020-ci il tarixdə bağladığı əmək müqaviləsinə tərəflərin qarşılıqlı razılığı əsasında işəgötürən Cavabdeh 21.05.2020-ci il tarixli, 28 nömrəli əmri ilə xitam verilmişdir. Birinci instansiya məhkəməsi iddianın rədd edilməsi barədə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı arasında əmək müqaviləsi 26 aprel 2020-ci il tarixdə bağlanmış, həmin müqaviləyə 21 may 2020-ci il tarixdə xitam verilmişdir. İddiaçının izahatından, o cümlədən iddia ərizəsindən müəyyən olunur ki, əmək müqaviləsi olmadan işlədiyi müddət ərzində 350 manat əmək haqqı almış, həmin əmək haqqı nağd şəkildə ödənmişdir. Tərəflər arasında qanunvericiliyin tələblərinə əsasən əmək münasibətləri yarandığı tarixdən bir ay sonra əmək münasibətlərinə xitam verilmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı 2020-ci ilin may ayından 2020-ci ilin dekabr ayına kimi hər ay 350 manat əmək haqqını, o cümlədən istifadə edilməyən məzuniyyət pulunun əvəzini tələb etməkdə haqlı olmamışdır. Kollegiya hesab edir ki, iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qənaəti düzgün olmuşdur. Belə ki, işin müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçı 26.04.2020-ci il tarixdən 22.05.2020-ci il tarixədək olan müddətdə cavabdehə məxsus dükanda satıcı işləmişdir. Lakin iddiaçının tələbi işdən azad edildikdən sonra faktiki işlədiyi müddət üçün ona ödənilməli olan əmək haqqı, mənəvi zərər və məzuniyyətə görə kompensasiya ödənilməsi ilə bağlı olmuşdur. İddiaçı onun satıcı kimi 2020-ci ilin may ayından sonra da işlədiyini, lakin ona əmək haqqı ödənilmədiyini bildirmiş, cavabdeh isə iddiaçı ilə əmək müqaviləsinə rəsmi qaydada xitam verildikdən sonra onun həmin dükanda bir daha işləmədiyini ona görə də iddianın əsassız olduğunu bildirmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Həmin Məcəllənin 9-cu maddəsinin “d” bəndinə əsasən qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarındandır. Həmin Məcəllənin 42.1-ci maddəsinə əsasən, əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Həmin Məcəllənin 172.1-ci maddəsinə əsasən, aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Həmin Məcəllənin 131-ci maddəsinin 1-ci bəndinə əsasən işçinin birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ əmək müqaviləsinin bağlandığı andan etibarən altı ay işlədikdən sonra əmələ gəlir. Həmin Məcəllənin 135-ci maddəsinin 2-ci bəndinə əsasən işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Həmin Məcəllənin 172.4-cü maddəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Həmin Məcəllənin 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Əmək qanunvericiliyin yuxarıda qeyd edilən normalarından görünür ki, işçi tərəfindən öz əmək hüquqlarının müdafiə olunması, o cümlədən əmək və məzuniyyət haqlarının ödənilməsini tələb etməsi üçün ilk növbədə tərəflər arasında əmək münasibətləri mövcud olmalıdır. Lakin hazırkı işin tərəfləri arasında 26.05.2020-ci il tarixdə əmək münasibətlərinə xitam verilidikdən sonra onların əmək münasibətlərini davam etdirməsi təsdiq olunmur. İddiaçı onun may ayından sonra cavabdehə məxsus dükanda işləməyə davam etdiyini bildirsə də, buna dair mötəbər sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı onun işdən azad olunmasına baxmayaraq, müddətsiz əmək müqaviləsi üzrə işlədiyi satıcı vəzifəsinə görə ödənilməmiş əmək haqqının, istifadə edilməyən məzuniyyətə görə kompensasiyanın və mənəvi zərərin ödənilməsi barədə iddiaçının şikayətinin dəlilləri əsassız olmuşdur. Apellyasiya şikayətində qeyd olunan Cavabdeh tərəfindən iddiaçının imzasının saxtalaşdırılması, onun adından ərizə yazılması kimi dəlillərlə bağlı məhkəmə kollegiyasə qeyd edir ki, həmin dəlillər hazırki iddia tələbinin predmetinə aid deyildir. Artiq qeyd edildiyi kimi, iddiaçı onun işdən azad edilməsi ilə bağlı cavabdehin hərəkət və ya qərarını mübahisələndirməmişdir. Məhkəmə kollegiyası cavabdehin iddiaçıya əmək haqqının ödənilməməsində təqsirinin sübuta yetirilməməsini nəzərə alaraq, iddianın mənəvi ziyanla bağlı hissəsinə prosessual qənaət prinsipinə uyğun olaraq əlavə hüquqi qiymət verilməsini zəruri bilmir. MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutlar araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri formal mülahizələr olmaqla qətnamənin ləğvi üçün əsas deyildir. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçının apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli, 2(005)- 1859/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-8915/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8915/2021
04.11.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver