Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-892/2021 15.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Səmədov Tofiq Səməd oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Rzayeva Günel Rza qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndələri X1, X2 iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “müqavilə bəndlərinin dəyişdirilməsi” tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı iddiası qismən təmin edilmiş, iddia ilə cavabdeh arasında bağlanmış xx xxxx 2013- cü il tarixli 17082 nömrəli müqavilənin 1.1-ci bəndində “92,06” rəqəminin “86,2” rəqəmi ilə əvəz edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı və “xxxx” ASC-nin apellyasiya şikayətləri qismən təmin edilmiş, qətnamə dəyişdirilmiş, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx xxxx 2013-cü il tarixli 17082 nömrəli müqavilənin 1.1-ci bəndində “92,06” rəqəminin “79.0” rəqəmi ilə əvəz edilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdehin nümayəndəsi kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4057/20 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarından görünür ki, xx xxxx 2019-cu il tarixdə İddiaçı “xxxx” ASC-yə qarşı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla cavabdeh arasında bağlanmış xx xxxx 2013-cu il tarixli 17082 nömrəli müqavilənin 1.1-ci bəndində 92,06 rəqəminin 79 rəqəmi iləəvəz edilməsi, 2.1-ci bənddəki 71.372,41 rəqəminin 57.033,61 rəqəmi iləəvəz edilməsi, eyni bənddəki 523,04 rəqəminin 403,55 rəqəmi iləəvəz edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, o, cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə xx xxxx 2013-cu il tarixli 17082 nömrəli müqavilə bağlayaraq, müqavilənin 1.1-ci bəndinə əsasən cavabdehdən sahəsi 92,06 kv.metr (müqavilədə mənzilin göstərilən sahəsi) olan 2 otaqlı mənzili 10 illik ipoteka şərtləri ilə kreditlə almışdır. Mənzil alqı-satqı müqaviləsi bağlanan zaman ona təklif olunan mənzilin 1 kv.metr üçün endirimlə 465 (dörd yüz altmış beş) manat qiymətləndirilmişdi, endirim qiymətinin səbəbi mənzilin mətbəxində pəncərə və balkonun olmamağı idi. Müqavilənin 2.1-ci bəndinə əsasən mənzilin 71.372,41 (yetmiş bir min üç yüz yetmiş iki manat qırx bir qəpik) manat (müqavilədə mənzilin göstərilən dəyəri) qiymətini hər ay 523,04 (beş yüz iyirmi üç manat dörd qəpik) manat olmaqla 120 (yüz iyirmi) ay müddətinə ödəməyi öhdəlik götürmüşdür. Mənzilin alqısatqı müqaviləsini, mənzilin təhvil-təslim aktını, mənzilin baxış aktını imzalamışdır. Aldığı mənzili bu günə kimi maliyyə vəziyyəti yol vermədiyinə görə təmir etdirə bilməmişdir. Hal-hazırda mənzildə təmirsiz olaraq yaşayır. xx xxxxxx 2019-cu il tarixində təmirlə əlaqədar mənzilin sahəsini ölçərkən məlum olmuşdur ki, o “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfındən aldanılmışdır. Mənzili usta ilə birlikdə lazer metrlə ölçdükdə məlum olmuşdur ki, 92,06 kv.metr adı ilə ona satılan mənzil əslində 79 kv.metrdir. Ona məlum oldu ki, aldığı mənzilin sahəsi müqavilədə 1.1 bəndində qeyd olunan sahədən 13,06 kv.metr əksikdir. Qeyd olunan müqavilə əslində Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə zidd tərtib edilmişdir. Cavabdeh onun hüquqi savadsızlığından və həmin vaxt mənzilə çox ehtiyacı olduğundan istənilən şərtlərə razı olacağını bilərək yuxarıda qeyd etdiyi mənzilin alqısatqı müqaviləsinə, mənzilin təhvil-təslim aktına, mənzilin baxış aktına ona imza etdirmişdir. O, öz öhdəliklərini vaxtı-vaxtında yerinə yetirmiş və hal-hazırda da yerinə yetirir. xx xxxx 2013-cu il tarixli 17082 nömrəli müqavilə ilə aldığı mənzilin sahəsinin 92,06 kv.metr deyil, 79 kv.metr olduğunu müəyyən etdikdən sonra rəsmi olaraq xx xxxxxx 2019-cu il tarixində cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə müraciət etsə də, müqavilədən irəli gələn bu mübahisəli məsələ bu günə qədər öz həllini tapmamışdır. Aldığı mənzilin ümumi sahəsinin müqavilədə göstərildiyi kimi 92,06 kv.metr deyil, 79 kv.metr olduğu təqdirdə, onunla “xxxx” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx xxxx 2013cu il tarixli 17082 nömrəli mənzilin alqı-satqı müqaviləsinin 2.1-ci bəndində mənzilin dəyəri 71.372,41 (yetmiş bir min üç yüz yetmiş iki manat qırx bir qəpik) manat deyil, 57.033,61 (əlli yeddi min otuz üç manat altmış bir qəpik) manat məbləğində müəyyən edilməli və 120 (yüz iyirmi) ay müddətinə hər ay ödənilən məbləğ 523,04 (beş yüz iyirmi üç manat dörd qəpik) manat deyil, 403,55 (dörd yüz üç manat əlli beş qəpik) manat olmalıdır. Qeyd olunanları nəzərə alıb ərizənin təmin edilməsi xahiş olunmuşdur. İşə baxan məhkəmə instansiyaları tərəfindən mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxan birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsinin əsas səbəbi kimi, tərəflər arasında bağlanmış müqavilənin qanuna zidd olan 1.2 bəndini (bu müqavilənin 1.1-ci bəndində qeyd edilən mənzilin ümumi sahəsinə mənzilin divarlarının və arakəsmələrin sahəsi, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahələri də daxildir) əsas götürməyini, iddiaçının imza edib, razılaşmağı ilə əsaslandırmışdır. Məhkəmə müqavilənin 1.2 bəndinin qanuna zidd tərtib olunduğunu nəzərə almayaraq, Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsini 2-ci və 3-cü bəndlərinin, Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012 tarixli 07 №-li Qərarının 1.2, 3.2 və 3.8-ci bəndlərinin, Mülki Məcəllənin 6.2, 390.1 və 390.2 maddələrinin pozulmasına dair qətnamədə bir kəlmə belə qeyd etməmişdir. Bununla da məhkəmə MPM-nin 217.1 və 217.2 maddələrinin əsaslarına düzgün riayət etməmiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, nəticədə qanunsuz, ədalətsiz və əsassız qətnamə qəbul etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2013-cü il tarixdə “xxxx” ASC ilə İddiaçı arasında mənzil alqı-satqısına dair müqavilə bağlanmış, müqavilənin şərtlərinə uyğun olaraq satıcı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində inşa edilmiş 7 saylı binanın, 1-ci blokunda 2 otaqdan ibarət, ümumi sahəsi 92.06 kv/m olan 170 saylı mənzil iddiaçıya satılmışdır. Mənzilin sahəsi 92.06 kv/m müəyyən edilmişdir. Mənzilin ümumi sahəsi hesablanarkən mənzilin sahəsinə arakəsmələr də daxil edilmişdir. Belə olan halda, iddiaçı müqaviləni imzalayarkən və mənzili təhvil alarkən bundan məlumatı olmuş və aktı imza edərək mənzili qəbul etmişdir. xx.xx.2013-cü il tarixli, 17082 saylı müqavilənin 1.2-ci bəndinə əsasən bu müqavilənin 1.1-ci bəndində qeyd edilən mənzilin ümumi sahəsinə mənzilin divarlarının və arakəsmələrinin sahəsi, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahələr də daxildir. İddiaçı müqavilənin həmin bəndi ilə razılaşmış və müqaviləni imza etmişdir. Buna baxmayaraq iddiaçı Korporasiyaya qarşı 2019-cu ildə, yəni 6 ildən sonra məhkəməyə müraciət etmişdir. Məhkəmə qətnamədə müqavilənin həmin bəndinə hüquqi qiymət verməmiş və iddiaçının guya mənzili 2019-cu ildə təmir edərkən mənzilin sahəsinin ona məlum olduğunu qeyd etməklə kifayətlənmişdir. Halbuki, iddiaçı müqaviləni imzalayarkən mənzilin ümumi sahəsinə hansı sahələr daxil olduğu ona məlum idi. İddiaçı xx.xx.2013-cu ildə alqı-satqı müqaviləsini bağlayarkən mənzilin ümumi sahəsinə mənzilin divarlarının və arakəsmələrin sahəsinin aid edildiyinə dair müqavilədə bənd olduğunu bildiyindən və ya bilməyə borclu olduğundan həmin müqavilədən irəli gələn tələblə bağlı 2019-cu ildə qaldıraraq 3 illik iddia müddətini ötürdüyündən iddia tələbi rədd edilməlidir. Kollegiya sədrlik edənin məruzəsini dinləyib, apellyasiya şikayətlərinin dəlillərini ayrıayrılıqda müzakirə edib, apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını, qarşı tərəfin apellyasiya şikayəti ilə razılaşmayaraq rədd olunmasını xahiş edən tərəflərin izahatlarını dinləyib, işdə olan sübutları qiymətləndirdikdən sonra hesab edir ki, aşağıdakı hüquqi əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin olunmamalıdır, cavabdehin apellyasiya şikayəti təmin olunmalı, qətnamə ləğv edilərək iddia ərizəisnin rədd olunmasına dair qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır(372.6). Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsinə yönəldiyindən, eləcə də mabahisənin predmeti bölünməz olduğundan kollegiya hesab edir ki, qətnamənin əsaslılığı tam yoxlanılmalıdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv həllini təmin etmədiyindən, mübahisənin düzgün həlli üçün əhəmiyyəti olan halları araşdırmadığından qətnamə qanuni sayıla bilməz. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə görə: 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin hallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx xxxx 2013-cü il tarixli, 17082 saylı mənzilin alqı-satqı müqaviləsinə əsasən, cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, 2595 nömrəli məhəllədə Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi 7 nömrəli binanın, İ Blok, 17-ci mərtəbəsindəki 170 nömrəli 2 otaqdan ibarət, ümumi sahəsi 92,06 kv.m olan mənzili iddiaçıya satmağı, sonuncu isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Mənzilin dəyəri tərəflərin razılığı ilə 71.372,41 manat təşkil etməklə, iddiaçı mənzilin qiymətini hər ay 523,04 manat məbləğində ödəniş etməklə 120 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı aldığı mənzilin ölçüsünün müqavilədə göstərilən ölçü ilə uyğunsuzluq təşkil etdiyinə istinad edərək xx xxxxxx 2019cu il tarixli ərizə ilə cavabdeh ASC-yə müraciət edərək, müvafiq müqavilədən irəli gələn mübahisənin qarşılıqlı razılaşma yolu ilə həll edilməsini xahiş etmişdir. Bundan sonra iddiaçı hazırki iddianı qaldıraraq mənzilin ümumi sahəsinin 79 kv.m olduğunu bildirərək, buna müvafiq şəkildə mənzilin ümumi dəyərinin 57.033,61 manata, aylıq ödənişin isə 403,55 manata azaldılmasını və bu məzmunda müqavilə bəndlərinin dəyişdirilməsini tələb etmişdir. Cavabdeh isə həmin halları mübahisələndirərək, tərəflərin mənzilin ümumi sahəsini 92,06 kv.m, bu sahəyə divarların və arakəsmələrin, dəhliz və eyvanların, habelə yardımçı sahələrin də daxil olmasını şərtləşdirildiklərini, iddiaçının isə həmin sahələri nəzərə almadığını, tərəflər arasında mənzilin dəyərinin hər kvadrat metr üçün deyil, ümumi razılaşdırıldığını bildirmişdir. İş üzrə alınmış xx xxxxxxxx 2019-cu il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, göstərilən mənzilin və arakəsmələrinin sahələri nəzərə alınmaqla ümumi sahəsi (8,70x3,80)+(7,50x6,0)+(0,75+2,0):2x5,9=86,2 kv.metr təşkil edir Göründüüü kimi, iddia tələbinin əsasını müqavilə bəndlərinin dəyişdirilməsi təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsaslarını müəyyən edən 421-ci maddəsinin tələblərinə görə, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Belə olan halda müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsini tələb etmək hüququ yalnız müqavilə tərəflərinə məxsus olmaqla, müqavilə tərəflərindən biri müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozduqda digər tərəf öz hüququnu realizə edə bilər. Eyni zamanda, müqavilə öhdəliyin hər cür pozuntusu, yaxud müqavilə bağlanarkən əsas götürülən şəraitin adi dəyişməsinə görə deyil, yalnız əhəmiyyətli olduğu hallarda dəyişdirilə bilər. Öhdəliyin pozulması və şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, müqavilə tərəfi təmin etmək istədiyi mənafedən (ümid etməyə haqqı çatandan) xeyli dərəcədə məhrum olur, yaxud dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydi, onun müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayacağı və ya ümumiyyətlə bağlamayacağı aşkar olur. Başqa sözlə, əgər tərəflər müqavilə bağlayarkən əldə edəcəkləri mənfəəti, yaxud mövcud şəraitinin dəyişəcəyini görmüşlərsə, yaxud lazımi diqqət və ağlabatan ehtiyatlılıqla bunu görməli idilərsə, o zaman müqavilənin dəyişdirilməsindən söhbət gedə bilməz. Bu halda, cavabdehin müqavilə öhdəliklərini əhəmiyyətli dərəcədə pozması, yaxud şəraitin əhəmiyyətli dərəcədə dəyişilməsi sübuta yetirilməlidir. Tərəflər arasında bağlanmış müqavilənin 1.1-ci bəndinə əsasən, cavabdehin iddiaçıya satmağı öhdəsinə götürdüyü mənzilin ümumi sahəsi göstərilmişdir. Həmin müqavilənin 2.1-ci maddəsi ilə bu sahəyə mənzilin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların, habelə yardımçı sahələrin də daxil olması qeyd edilmişdir. Deməli, mənzilin ümumi sahəsi üçün vahid qiymət müəyyən edilmiş, qiymət hər kvadrat metr üçün hesablanmamışdır. Yəni iddiaçı divarları və arakəsmələri, dəhliz və eyvanları, habelə yardımçı sahələri də daxil olmaqla ümumi sahəsi müəyyən edilən mənzilə görə 71.372,41 manat ödəməyi öz iradə ifadəsi əsasında öhdəsinə götürmüşdür. Tərəflər bağladıqları müqavilənin şərtlərini (mənzilin ümumi sahəsini, onun hesablanma şərtlərini və dəyərini) azad şəkildə özləri razılaşdırmış və üzərlərinə qarşılıqlı öhdəliklər götürmüşlər. Belə olan halda, heç bir qanuni əsas olmadan tərəflərdən birinin istəyi ilə digər tərəfin iradəsinə zidd olaraq həmin şərtlərin dəyişdirilməsi yolverilməzdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəyə müqavilənin dəyişdirilməsi əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət verməməklə, iş üzrə gəldiyi nəticəni işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1.-ci madəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Mülki Məcəllənin 421.2.-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəllənin 422.1.-ci maddəsinə görə tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki,baxılan işdə Mülki Məcəllənin 421-422-ci maddələrinin dispozisiya şərtləri aşkar edilmədiyindən müqavilənin dəyişdirilməsi əsassızdır. Hazırkı işdətərəflər bağladıqları müqavilənin şərtlərini (mənzilin ümumi sahəsini, onun hesablanma şərtlərini və dəyərini) azad şəkildə özləri razılaşdırmış və üzərlərində qarşılıqlı öhdəoiklər götürmüşlər.Belə olan halda həmin şərtərini formal əsaslarla və mülahizələrlə dəyişdirilməsi yolverilməzdir. Cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə verərək tələbin həm də bu əsasla rədd olunmasını xahiş etmişdir. Kollegiya hesab edir ki, iddianın özü əsassız olduğundan, ondan müdafiə vasitəsi kimi iddia müddətinin tətbiqi məsələsi mübahisənin hüquqi həlli üçün əhəmiyyət kəsb etmir.Odur ki, prosessual qənaət prinsipi də nəzərə alındıqda, həmin xüsusat üzrə əlavə araşdırma aparmağa zərurət yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.4.-cü maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Kollegiya hesab edir ki, yuxarıda göstəilənlərə əsasən və qeyd olunan normaların tələbləri baxımından idiaçının apellyasiya şikayətitəmin edilməməlidir, cavabdehin sözügedən yaşayış sahəsindən çıxması qeyd olunan normaların tələblərinə zidd olduğundan cavabdehin apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkməsinin qətnaməsi ləğv edilməklə, iddia tələbi rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392,393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı apellasiya şikayəti təmin olunmasın. Cavabdeh “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)-1924/19 nömrəli qətnaməsi ləğv olunsun. İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “müqavilə bəndlərinin dəyişdirilməsi” tələbinə dair iddia tələbləri təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-892/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-892/2021
15.04.2021 · Müqavilələrin dəyişdirilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver