Məhkəmə qərarları › İş №2(103)-8922/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8922/2021

03.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8922/2021 03.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), İbayev Vəfaddin Ələm oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balaban Nərgiz Cəlaləddin qızının katibliyi ilə, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2400/2021 №-li mülki iş üzrə qəbul etdiyi 14 iyul 2021-ci il tarixli qərardadından iş üzrə İddiaçı verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və həmin Xidmətin Hərracların Təşkili üzrə Auksion Mərkəzinə qarşı iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət edərək, Bakı Şəhəri, Qaradağ rayonu, Qızılbaş qəsəbəsində yerləşən 15 saylı bazarın 15 saylı filialının özəlləşdirilməsinə dair cavabdehlər tərəfindən 18.08.2020-ci il tarixdə keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi və hərrac nəticəsində iş üzrə üçüncü şəxs olan X1 adına verilmiş çıxarışın ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi əsasında Rayon Məhkəməsində mülki işin icraatı başlanmışdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 14.07.2021-ci il tarixli qərardadla iş üzrə icraata xitam vermişdir. Həmin qərardadla Rayon Məhkəməsi iddiaçıya izah vermişdir ki, o, iddia ərizəsində qeyd edilən mübahisənin həlli ilə bağlı müvafiq iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququna malikdir. Qərardad onunla əsaslandırılmışdır ki, (yuxarıda qeyd edilən) iddiaya mülki mühakimə qaydasında baxılmalı deyil, çünki iddiaçının iddia ərizəsi ilə inzibati orqan olan cavabdehlərə qarşı ilə irəli sürdüyü tələb inzibati icraat qaydasında baxılmalı olan tələbdir. İddiaçı həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək qərardadın ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 29.07.2021-ci il tarixli qərardadı ilə şikayəti təmin etməmiş və baxılması üçün, şikayəti, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçının inzibati orqan sayılan cavabdehlərə qarşı irəli sürdüyü iddia, mübahisəli sahənin özəlləşdirilməsinə dair cavabdehlər tərəfindən keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi və hərrac nəticəsində üçüncü şəxsin adına verilmiş çıxarışın ləğv olunması barədədir. Məhkəmə bildirir ki, həmin hərrac məhz cavabdehlərin qanunla onların üzərilərinə qoyulmuş vəzifələrin icrası ilə bağlı həyata keçirilib. Belə ki, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsi prosesində dövlət əmlakının satıcısı kimi müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) çıxış edir. Məhkəmə bildirir ki, iddiaçı tərəfindən cavabdehlərin mübahisələndirdiyi hər iki hərəkətdən (sahənin özəlləşdirilməsi ilə bağlı hərracın keçirilməsi və hərracın nəticəsi olaraq iş üzrə üçüncü şəxs İ.Hüseynova çıxarışın verilməsi) şikayəti son nəticədə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) 2.2.1 və 2.2.2-ci maddələrinin təsiri altına düşür. Çünki İPM-nin 2.2-ci maddəsinin tələbinə görə, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) (maddə 2.2.1); inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) (2.2.2.) inzibati məhkəmə icraatı qaydasında baxılır: İPM-nin 2.1-ci maddəsinin tələblərinə görə isə, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati mübahisələrə dair işlər üzrə məhkəmələr və inzibati mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyaları tərəfindən həyata keçirilir. Qeyd edilənlərə əsasən Məhkəmə hesab edir ki, hazırki işə mülki mühakimə icraatı qaydasında baxılmalı olmadığına görə Rayon Məhkəməsi işi üzrə icraata xitam verməkdə haqlı olmuşdur. Çünki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinin tələbinə görə, işə ümumi məhkəmədə mülki mühakimə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddia ərizəsi əsasında icraatı başlanılmış mülki iş üzrə icraata xitam verir. Şikayətin dəlilləri əsassızdır; barəsində şikayət verilmiş qərardad qanuni və əsaslıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 14 iyul 2021-ci il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar