Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8931/2020 03.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Yusifov Ülvi Rövşən oğlunun iştirakı ilə İddiaçı “xxxx” MMC-yə qarşı “pulun ödənilməsi” barədə ilkin, “xxxx” MMC-nin İddiaçı qarşı “müqavilənin ləğvi və pulun ödənilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixdə qəbul etdiyi qərardaddan İddiaçı nümayəndəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə İddiaçı “xxxx” MMC-yə qarşı “pulun ödənilməsi” barədə ilkin, “xxxx” MMC-nin İddiaçı qarşı “müqavilənin ləğvi və pulun ödənilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə əmlakın qiymətləndirilməsi ekspertizası təyin olunmuş və müvafiq ekspert rəyi alınanadək işin icraatı dayandırılmışdır. Həmin qərardadın icraatın dayandırılmasına dair hissəsindən şikayət verən İddiaçı nümayəndəsi qərardadın müvafiq hissədə ləğv olunmasını və işə mahiyyəti baxılmasının davam etdirilməsini xahiş etmiş, şikayətini məhkəmənin ekspertiza təyin etməklə qanunvericiliyin tələbini pozması, əmlakın qiymətləndirilməsinə və qiymətləndirmənin həyata keçirilməsi üçün işin icraatının dayandırılmasına zərurət olmadığı arqumentləri ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) Ülvi Yusifov şikayəti müdafiə edərək onun təmin olunmasını xahiş etmiş, MMC-nin nümayəndəsi isə məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı isə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəllənin 395-ci maddəsinə görə işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından aşağıdakı hallarda şikayət verə bilərlər: bu Məcəllədə göstərilən hallarda; məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda. Birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. Məcəllənin 264.0.7-ci maddəsinə görə isə, ayrıca akt şəklində qəbul edilən qərardadda həmçinin əgər qərardaddan şikayət verilə bilərsə, şikayət vermə qaydası və müddəti göstərilməlidir. Mülki prosessual qanunvericiliyin sadalanan müddəalarının mənasından göründüyü kimi məhkəmənin işə baxarkən qəbul etdiyi bütün qərardadlardan şikayət verilməsi imkanı nəzərdə tutulmamışdır. Yalnız Mülki Prosessual Məcəllədə birbaşa göstərilən hallarda, həmçinin qərardad işin sonrakı hərəkətinə mane olduqda qəbul edilmiş qərardadlardan şikayət verilə bilər. Mülki Prosessual Məcəllənin 97-98-ci maddələrinin mənasına görə, qanunvericilik istər ekspertiza təyin edilməsi, istərsə də ekspertiza təyin edilməsindən imtinaya dair qərardadlardan şikayət verilməsi imkanını təsbit etmir; həmçinin, ekspertizanın təyin olunması barədə vəsatət üzrə qəbul edilmiş qərardad işin sonrakı hərəkətinə mane olacaq xarakterli də deyildir. Bununla yanaşı, ekspertiza təyini zamanı icraat dayandırılmışdırsa məhkəmənin bununla bağlı qəbul etdiyi qərardaddan şikayət verilə bilər; İddiaçı nümayəndəsinin şikayətinin məzmunundan görünür ki, o, məhz icraatın dayandırılmasından şikayət vermişdır və hazırkı apellyasiya baxışının predmeti məhz qərardadın həmin hissəsidir. Qanunverici məhkəmənin üzərinə iş üzrə icraatı dayandırmaq vəzifəsi qoyan (MPM-nin 254-cü maddəsi) və məhkəməyə belə hüququ verən (MPMnin 255-ci maddəsi) konkret hallar müəyyən edərək, icraatın dayandırılması hallarını məcburi və qeyri-məcburi növlərə ayırır. İcraatın dayandırılmasının qeyri-məcburi hallarından biri Mülki Prosessual Məcəllənin 255.0.5-ci maddəsində nəzərdə tutulan – məhkəmə tərəfindən ekspertizanın təyin olunmasıdır. Bu əsasla işin icraatının dayandırılması, xüsusilə, ekspert tədqiqatının uzunmüddətli olacağı, habelə iş materiallarının ekpertizaya göndərilməli olduğu hallarda, eləcə də, ekspert rəyi alınmadan işin icraatının davam etdirilməsinin məqsədəmüvafiq olmadığı hallarda zəruridir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə icraatı dayandırmaqda haqlı olmuşdur – xüsusilə ona görə ki, təyin etdiyi ekspertizanın növü baxımından ekspert (qiymətləndirici) rəyi alınmadan işin icraatının davam etdirilməsi məqsədəmüvafiq deyildir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1450/2020 saylı iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qərardadı apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-8931/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8931/2020
03.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver