Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-895/2022 23.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 cəlb olunmaqla) artıq işlədiyi iş vaxtına görə ödənişin edilməsi, vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli 2(004)-1169/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DƏDRX-ə (hazırkı adı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi) qarşı (üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 cəlb olunmaqla) iddia ərizəsi və sonradan iddia həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 14.11.2017-ci il tarixdən 02.12.2020-ci il tarixədək 313 gün ərzində artıq işlədiyi 313 saatın, 09.12.2019-11.12.2019-cu il tarixədək 3 gün ərzində işlədiyi tam iş vaxtının əvəzinin, habelə mənəvi zərərin əvəzi kimi 50000 manat pulun, 2012-2014-cü illərdə məzuniyyətdə olduğu vaxtda 66 gün, 2015-2016-cı illərdə 30 gün işlədiyi dövrün əmək haqqının cavabdehdən tutularaq ona ödənilməsi, eləcə də hazırda icra etdiyi əmək funksiyasına görə qısaldılmış iş vaxtı tətbiq edilməklə onunla bağlanmış əmək müqaviləsinə dəyişikliyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1980-ci ildən Bakı şəhər Texniki İnventarlaşdırma Bürosunda mühəndis, 01.07.2009-cu il tarixindən 2011-ci ilin may ayınadək Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin Daşınmaz Əmlakın Texniki İnventarlaşdırılması Şöbəsinin texniki inventarlaşma sənədlərinin təhlili və pasportların hazırlanması sektorunda mühəndis-inventarlaşdırıcı, 08.06.2011-ci il tarixindən qeydiyyat sənədlərinin qəbulu və ilkin ekspertizası şöbəsində və 05.01.2016-cı il tarixindən qeydiyyat sənədlərinin qəbulu, verilməsi və vətəndaşlara xidmətin təşkili şöbəsinin sənədlərin qəbulu sektorunda hüquqların dövlət qeydiyyatı üzrə baş ekspert vəzifəsində işləyir. 08.06.2011-ci il tarixdən sonra vəzifəsi dəyişsə də, onunla həmin vəzifələrinə uyğun olaraq yeni əmək müqaviləsi bağlanmamışdır. İşlədiyi dövrdə heç bir intizam pozuntusuna yol verməmişdir. Lakin rəhbərlik tərəfindən ona qarşı olan qərəzli münasibət sağlamlığında ciddi problemlər yaratmışdır. İşlədiyi dövr ərzində tədricən səhhəti pozulmuş və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının 06.11.2017-ci il tarixli rəyinə əsasən ona İİ dərəcəli əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 91-ci maddəsinin 1-ci və 2-ci bəndlərinin tələblərinə müvafiq olaraq İİ dərəcəli əlil olması barədə həkim ekspert komissiyasının sistemdən əldə edilmiş məlumatını iş yerinə təqdim edərək qısaldılmış iş gününün tətbiq edilməsini xahiş etsə də, cavabdeh təşkilat buna məhəl qoymamış, hamı kimi gündəlik iş vaxtının səkkiz saatını işlədikdən sonra evə buraxılmışdır. Nəticədə 14.11.2017-ci il tarixdən 02.12.2020-ci il tarixədək olan 313 gün ərzində 313 saat artıq işləmişdir. 09.12.2019-cu il tarixdə əmək məzuniyyətinə buraxılsa da, bu barədə ona vaxtında məlumat verilməmiş, nəticədə 09.11.2019-11.12.2019-cu il tarixlərində 3 gün ərzində işləməyə məcbur olmuşdur. Bundan əlavə, əmək qanunvericiliyinə əsasən ona 36 gün əmək məzuniyyəti verildiyi halda, məzuniyyətin bir hissəsini işdə keçirmiş, 2012-2014-cü illərdə məzuniyyətdə olduğu vaxtda 66 gün, 2015- 2016-cı illərdə 30 gün əlavə işləmişdir. Cavabdehin qanunsuz hərəkətləri onun sağlamlığının pozulmasına və mənəvi iztirab keçirməsinə səbəb olmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli 2(004)- 1169/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla yanaşı bildirmişdir ki, hazırda o, cavabdeh qurumun işçisi olaraq bu günə qədər də onun əmək müqaviləsi qüvvədədir. Cavabdehlə əmək münasibəti davam etdiyinə görə iddia müddəti tətbiq edilməməlidir. Eyni zamanda qeyd edir ki, məzuniyyət vaxtı məcburi olaraq işləməyi, cavabdeh qurumun işdən azad olunma təhdidi ilə olmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdeh təşkilatın nümayəndəsi isə apellyasiya şikayətinə etiraz edərək izahatında bildirmişdir ki, iddiaçı hazırkı iddia üzrə iddia müddətini ötürmürdür. Həmçinin, o, məzuniyyətdə olduğu dövrdə rəsmi olaraq işə çağırılmamışdır. İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 21 aprel 2021-ci il tarixli 2(103)-4182/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli 2(102)- 5055/2021 saylı qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin olunmuş və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır. Təkrar məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, cavabdehin nümayəndəsi isə şikayətin təmin edilməməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına üzrlü səbəb olmadan gəlmədiyinə görə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli 2(004)-1169/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, İddiaçı 14.03.1980-ci il tarixdə Bakı şəhər Texniki İnventarlaşdırma Bürosunda texnik-inventarizator vəzifəsinə işə qəbul edilmiş, həmin tarixdən qeyd olunan təşkilatda və onun hüquqi varisi olan təşkilatlarda müxtəlif vəzifələrdə işləmiş, 05.01.2016-cı il tarixindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin qeydiyyat sənədlərinin qəbulu, verilməsi və vətəndaşlara xidmətin təşkili şöbəsinin sənədlərin qəbulu sektorunda hüquqların dövlət qeydiyyatı üzrə baş ekspert vəzifəsində işləyir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair 08.11.2017-ci il tarixli məlumatdan görünür ki, İddiaçı 06.11.2017-ci il tarixdən İİ dərəcəli əlillik təyin edilmişdir. Əlilliyin səbəbi kimi ümumi xəstəlik qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinin 25.09.2020-ci il tarixli məktubundan görünür ki, iddiaçının 11.09.2020-ci il tarixli ********** qeydiyyat nömrəli ərizəsinə cavab olaraq aşağıdakılar bildirilmişdir: 1. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında əlilliyin qiymətləndirilməsi barədə sonuncu müayinəyə dair 06.11.2017-ci il tarixli 0108003AAC2A nömrəli məlumatın surətini 14.11.2017-ci il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə təqdim etmişdir. İİ qrup əlil kimi qısaldılmış iş vaxtının tətbiq olunması barədə ərizə ilə 26.11.2019-cu il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciəti həmin gün Xidmətin Kadrlar şöbəsinə göndərilmiş, 08.06.2020-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən onun əmək müqaviləsinə qısaldılmış iş vaxtının tətbiq olunması barədə dəyişikliklər və əlavələr edilməsi barədə məlumat göndərilmiş, iddiaçı həmin əlavəni imzalamaqdan imtina edərək, müqavilənin tam şəkildə dəyişdirilib göndərilməsini və yalnız bundan sonra həmin müqaviləni imzalayacağını bildirmişdir. 14.11.2017-ci il tarixdən 16.09.2020-ci il tarixədək tabeldə iddiaçının gündəlik iş saatı 8 saat, bayram günləri qabağı iş saatı 7 saat göstərilmişdir. Həmin müddətdə işlədiyi günlərin sayı 313, bayram günləri qabağı 6 gün olmuşdur. İddiaçının 2018-2019-cu iş ilindən qalan məzuniyyətin verilməsi üçün 26.11.2019-cu il tarixli ərizəsi həmin gün Xidmətin kadrlar şöbəsinə göndərilmiş, xidmət rəisinin 02.12.2019-cu il tarixli 1003/Ş nömrəli əmrinə əsasən iddiaçıya 09.12.2019-cu il tarixdən məzuniyyət verilmiş, müvafiq olaraq 9, 10, 11 dekabr 2019-cu il tarixli günlər tabeldə məzuniyyət günləri kimi göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DƏDRX-in 23.01.2020-ci, 02.03.2020-ci və 01.05.2020-ci il tarixli məktublarından görünür ki, iddiaçının işlədiyi dövr üçün növbəti əmək məzuniyyətinin verilməsi və həftəlik iş vaxtının mövcud qanunvericiliyə uyğun olaraq müəyyən edilməsi barədə 14 yanvar 2020ci il tarixli müraciətinə baxılmış, bununla əlaqədar bildirilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 02.12.2019-cu il tarixli əmri ilə ərizəsi əsasında 09.12.2019-cu il tarixdən 05.01.2020-ci il tarixədək 25 təqvim günü (01.07.2018-01.07.2019-cu iş ilindən qalan) əmək məzuniyyəti verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təqdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnamənin 12-ci bəndinə əsasən məzuniyyət dövründə, yəni 12.12.2019-cu il tarixdən 30.12.2019-cu il tarixədək xəstə olması ilə bağlı təqdim etdiyi əmək qabiliyyətinin olmaması vərəqəsinə uyğun olaraq həmin dövr üçün (14 təqvim günü üçün sığortaedənin vəsaiti hesabına, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına) müavinətin ödənilməsi təmin edilir. Eyni zamanda bildirilmişdir ki, 2-ci qrup əlil olduğuna görə iddiaçıya Azərbaycan Respublikası Əmək Məcəlləsinin 91-ci maddəsinin 2-ci hissəsinə əsasən həftə ərzində qısaldılmış iş vaxtı tətbiq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DƏDRX-in 17.07.2020-ci il tarixli məktubundan görünür ki, iddiaçının işlədiyi dövr üçün növbəti əmək məzuniyyətinin verilməsi və əlillik dərəcəsinə görə qısaldılmış iş rejiminin tətbiq edilməməsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə ünvanladığı müraciətə baxılmışdır. Bununla əlaqədar bildirilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq əmrləri ilə ona 2-ci qrup əlil olduğuna görə 2018/2019-cu iş ili üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 119-cu maddəsinin 2-ci hissəsinə əsasən 42 təqvim günü müddətinə əmək məzuniyyəti verilmişdir. Eyni zamanda bildirilmişdir ki, 2-ci qrup əlil olduğuna görə iddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 91-ci maddəsinin 2-ci hissəsinə əsasən həftəlik qısaldılmış iş vaxtı tətbiq edilməsi ilə bağlı əmək müqaviləsinə edilmiş dəyişiklikləri imzalamaqdan imtina etmişdir. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası hazırkı işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli qərarında şərh olunan göstərişə uyğun olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə sorğu göndərmiş, sorğuya cavab məktubunda göstərilmişdir ki, İddiaçı hal-hazırda Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin Qeydiyyat sənədlərinin qəbulu, verilməsi və vətəndaşlara xidmətin təşkili şöbəsinin Sənədlərin qəbulu sektorunda hüquqların dövlət qeydiyyatı üzrə baş ekspert vəzifəsində işlədiyi vəzifə dövlət qulluğu vəzifəsinə aid deyildir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 17-ci maddəsinin 1-ci hissəsinə əsasən hər hansı qayda və üsulla zor işlətməklə, həmçinin əmək müqaviləsinə xitam veriləcəyi hədə-qorxusu ilə işçini əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etmək qadağandır. İşçini məcburi əməyə cəlb edən təqsirkar şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 46-cı maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır. Həmin Məcəllənin 46-cı maddəsinin 5-cı hissəsinə əsasən əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulmuş hallarda əmək funksiyasının, əmək şəraitinin və onun şərtlərinin dəyişdirilməsi, habelə əvəzçilik qaydasında əmək müqaviləsinin bağlanması işəgötürənin müvafiq məzmunda əmri (sərəncamı, qərarı) ilə sənədləşdirilə bilər. Bu zaman əmək müqaviləsinin bağlanması və ona dəyişikliklər edilməsi qaydalarına mütləq əməl edilməlidir. Həmin Məcəllənin 91-ci maddəsinin 1-ci hissəsinə görə işçilərin ayrı-ayrı kateqoriyalarına, onların yaşı, səhhəti, əmək şəraiti, əmək funksiyasının xüsusiyyətləri və digər hallar nəzərə alınaraq bu Məcəllə ilə və müvafiq normativ hüquqi aktlarla, habelə əmək müqaviləsinin, kollektiv müqavilənin şərtləri ilə qısaldılmış iş vaxtı müəyyən edilə bilər. Həmin Məcəllənin 91-ci maddəsinin 2-ci hissəsinə əsasən qısaldılmış iş vaxtının müddəti həftə ərzində 16 yaşınadək işçilər üçün 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər və 1-ci, 2-ci dərəcə əlilliyi olan işçilər üçün, həmçinin hamilə və yaşyarımadək uşağı olan qadınlar və 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlər üçün 36 saatdan artıq olmamalıdır. Beləliklə, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, iddia tələbi üzrə sübutetmə yükü bilavasitə iddiaçının üzərinə düşür və məhz o, cavabdeh şirkətdə işlədiyi dövrdə iş vaxtından əlavə işlərə cəlb edilmiş olduğunu və bu saatların iddia etdiyi müddətdə olduğunu sübut etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı 14.11.2017-ci il tarixdən 02.12.2020-ci il tarixədək 313 gün ərzində 313 saat ərzində artıq işləməsi, məzuniyyətdə olduğu 09.12.2019-11.12.2019-cu il tarixlərində 3 gün ərzində işləməyə məcbur edilməsi və həmin dövrdə işləməsi, 2012-2014-cü illərdə məzuniyyətdə olduğu vaxtda 66 gün, 2015-2016-cı illərdə 30 gün işləməsi və işləməyə məcbur edilməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bundan əlavə, iş materiallarından görünür ki, cavabdeh təşkilat qısaldılmış iş vaxtının tətbiq olunması üçün müqaviləyə dəyişiklik edilməsini iddiaçıya təklif etmiş, lakin iddiaçı müqaviləyə dəyişikliyi imzalamaqdan imtina etmişdir. Buna görə də birinci instansiya məhkəməsi iddianı təmin etməməklə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli 2(004)- 1169/2021 saylı qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-895/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-895/2022
23.02.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver