Məhkəmə qərarları › İş №2(103)-897/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-897/2021

11.03.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-897/2021 11.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X6 oğlunun katibliyi, İddiaçının vəkili X3, Cavabdeh1 ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə və Cavabdeh2 qarşı "ipoteka müqaviləsinin etibarsız hesab olunması" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə və Cavabdeh2 qarşı «ipoteka müqaviləsinin etibarsız hesab olunması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «Volkswagen Passat» markalı **-ZK-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı Cavabdeh1 ASC ilə Cavabdeh2 arasında xx.xx.2015-ci il tarixdə bağlanmış ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh2 ilə 1999-cu il tarixdə nikaha daxil olmuşdur. Bu yaxınlarda xəbər tutmuşdur ki, birgə nikah dövründə əldə etdikləri «Volkswagen Passat» markalı **-ZK-*** dövlət qeydiyyat nişanlı avtomobil onun razılığı olmadan xx.xx.2015-ci il tarixdə digər Cavabdeh1 ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. Bununla da, onun mülkiyyət hüququ pozulmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(006)- 4634/2019 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə və Cavabdeh2 qarşı «ipoteka müqaviləsinin etibarsız hesab olunması» tələbinə dair iddiası əsassız olduğundan və iddia müddəti ötürüldüyündən, iddia müddəti tətbiq edilməklə rədd edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan iş üzrə İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçını məhkəmədə təmsil edən nümayəndənin ipoteka müqaviləsinin mövcudluğundan «bu yaxınlarda» xəbər tutmağı ilə ipoteka müqaviləsinin mövcudluğundan necə xəbər tutmağını əsaslandırmaması iddianın əsassız olmasına dəlalət etmir. Çünki, o, nümayəndəyə ipoteka müqaviləsinin mövcudluğundan «bu yaxınlarda» xəbər tutduğunu qeyd etməklə təxmini tarixi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(102)-2077/2019 saylı qərarından sonrakı tarix olması və ipoteka müqaviləsinin mövcudluğundan necə xəbər tutduğunu ətraflı şəkildə qeyd etmişdir. Onun isə bu mövqeyini məhkəmədə izah etməməsi iddiaçının günahı deyil və o, nümayəndənin bu hərəkətlərinə görə cavabdeh deyildir. Bundan əlavə, məhkəmə hazırki mübahisəyə Azərbaycan Respublikasının MM-nin 354.1 -ci maddəsini tətbiq edərkən həmin maddədə müəyyən olunmuş 1 illik müddətin keçməsinin əqdin etibarsız hesab edilməsi imkanını aradan qaldırdığı üçün onun əqdin etibarsız sayılmasını əsas verən halları bildiyi və ya bilməli olduğu vaxtın müəyyənləşdirilməsinin iş üçün mühüm əhəmiyyət kəsb etməsinə əhəmiyyət verməmişdir. Belə ki, iddiaçıya «Volkswagen Passat» markalı **-ZK-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı Cavabdeh1 ASC ilə Cavabdeh2 arasında xx.xx.2015-ci il tarixdə ipoteka müqaviləsinin bağlanması Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsinin icrası zamanı avtomaşının yerinin müəyyən edilməsi ilə bağlı icra orqanının telefon zəngi gələrkən məlum olmuşdur. Zəng edən şəxsin bildirdiyinə görə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(102)-2077/2019 saylı qərarının qəbul edilməsindən sonra Cavabdeh2 tutma yönəldilən avtomaşının hərracda satılması ilə bağlı yerini onlara bildirməməklə icradan yayınmağa çalışır. O, zəng edən şəxsə həmin avtomaşının birgə nikah dövründə alındığı üçün razılığı olmadan tutmanın yönəldilməsinin qanunsuz olduğunu bildirdikdə, ona qanuni qüvvəsini almış məhkəmə qərarlarının olması bildirilmişdir. Bundan sonra tutmanın ipoteka predmeti olan avtomaşına yönəldiyini öyrənmiş və həyat yoldaşına bununla bağlı iradını bildirmişdir. İşin materiallarından görünür ki, xx.xx.2015-ci il tarixdə ipoteka müqaviləsi üzrə əlavə razılıq bağlanarkən avtomobil «xxxx» MMC-nin sahibliyində olmuşdur, yəni, əlavə ipoteka müqaviləsi bağlayarkən də ipoteka qoyan qismində «xxxx» MMC çıxış etmişdir. Məhkəmə araşdırmayaraq bu hala qiymət verməmişdir ki, bundan 2 gün sonra xx.xx.2015-ci ildə avtomaşın necə və nə üçün Cavabdeh2 adına rəsmiləşdirilmişdir. Bundan əlavə, mübahisəli avtomobilin yalnız xx.xx.2015-ci il tarixdən birgə nikah dövründə əldə edilmiş əmlak sayıldığını göstərən məhkəmə iddiaçının həmin avtomaşın üzərində mülkiyyət hüququnun olmasına da diqqət yetirməyərək işin bu halına da hüquqi qiymət verməmiş və ya vermək istəməmişdir. Məhkəmə iclasında iddiaçının vəkili X4 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh2 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. İş materiallarına əlavə olunmuş sənədlər toplusundan, həmçinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarından görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 ASC-nin Cavabdeh2 və «xxxx» MMC-yə qarşı iddiası qismən təmin edilmiş, cavabdehlərdən müştərək qaydada xx xxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə 14.000 ABŞ dolları əsas borc, 3.187 ABŞ dolları faiz borcu, 979 ABŞ dolları cərimə olmaqla, cəmi 18.166 ABŞ dolları məbləğində borcun ödəniş gününə manata məzənnəsi ilə tutularaq Cavabdeh1 ASC-yə ödənilməsi, tutmanın Cavabdeh2 məxsus olan və ipoteka ilə yüklü edilmiş «Volkswagen Passat» markalı **-ZK- *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin cavabdehin borcuna yönəldilməsi, satışdan əldə olunmuş vəsaitin borcun ödənilməsindən sonra qalan hissəsinin Cavabdeh2 qaytarılması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 apellyasiya şikayəti təmin edilməmiş, Suraxanı Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(102)-2077/2019 saylı qərarına əsasən Cavabdeh2 kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. İşə baxan birinci instansiya məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, ipoteka müqaviləsinin etibarsız hesab edilməsi üçün hazırkı iş üzrə heç bir qanuni əsas müəyyən edilməmişdir. Məhkəmə müəyyən etmişdir ki, xx.xx.2013-cü il tarixdə ipoteka müqaviləsi bağlanarkən, həmçinin xx.xx.2015-ci il tarixdə ipoteka müqaviləsi üzrə əlavə razılıq bağlanarkən avtomobil «xxxx» MMC-nin mülkiyyətində olmuş, ipoteka qoyan qismində «xxxx» MMC çıxış etmişdir. Mübahisəli avtomobil Cavabdeh2 mülkiyyətinə yalnız xx.xx.2015-ci il tarixdə, yəni avtomobil ipoteka ilə yüklü edildikdən iki gün sonra keçmişdir. Bu səbəbdən, istər ipoteka müqaviləsi, istərsə də ipoteka müqaviləsi üzrə əlavə razılıq bağlanarkən iddiaçının razılığı tələb olunmamışdır. Çünki avtomobil ipoteka müqaviləsi və əlavə razılıq bağlanan an iddiaçının ərinin mülkiyyətində deyil, MMC-nin mülkiyyətində olmuşdur və birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilməmişdir. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. İşin faktiki halları ilə müəyyən edilir ki, tərəflər arasında xx.xx.2015-ci il tarixdə ipoteka müqaviləsi bağlanarkən qanunvericiliyin tələblərinə riayət olunmuşdur. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə iddianı təmin etməməklə düzgün qənaətə gəlmişdir. Bundan başqa iş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia müddəti də ötürülmüşdür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə görə, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, tərəflər arasında mübahisələndirilən müqavilə xx.xx.2015-ci il tarixdə bağlanmışdır. Göründüyü kimi, iddiaçı tərəfindən 1 illik iddia müddəti üzürsüz səbəblərdən ötürülmüşdür. Apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verən məhkəmə kollegiyası həmin dəlillərlə razılaşmır. Belə ki, birinci instansiya məhkəməsində iddiaçının nümayəndəsi qismində iştirak etmiş şəxsə İddiaçı tərəfindən etibarnamə verilmiş və həmin etibarnamə əsasında həmin şəxs iddiaçının adından məhkəmə iclasında iştirak edərək onu təmsil etmişdir. Belə olan halda, iddiaçının onu təmsil edən şəxsin hərəkətlərinə cavabdeh olmadığı ilə bağlı dəlilini məhkəmə kollegiyası əsassız hesab edir. İddia müddətinin ötürülməməsi ilə bağlı iddiaçının dəlilinə münasibət bildirərək kollegiya həmin dəlili də əsassız hesab edir. Belə ki, iddiaçı əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi vaxtın konkret nə vaxt olduğunu sübuta yetirə bilməmişdir. Mübahisə predmeti olan avtomobilin ipoteka ilə yüklü edilməsindən 2 gün sonra xx.xx.2015-ci ildə avtomaşının necə və nə üçün Cavabdeh2 adına rəsmiləşdirməsinin işə baxan məhkəmə tərəfindən araşdırılmamasına dair apellyasiya şikayətinin digər dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi ipoteka müqaviləsinin etibarsızlığı ilə əlaqədar olduğundan, həmin müqavilə bağlandıqdan sonra avtomobilin hansı səbəbdən və hansı qaydada iddiaçının ərinin mülkiyyətinə keçməsi iddia baxışının predmeti olmamış və işə baxan birinci instansiya məhkəməsi haqlı olaraq həmin məsələyə qiymət verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasına yol verilməmiş və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar