Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8970/2020 27.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Elmira Nağıyevadan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi ilə, İddiaçı cavabdehlər X2 və X1 qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin “ərazi aidiyyəti ilə bağlı məhkəmələr arasındakı fikir ayrılığının həll edilməsi barədə" müraciətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Hazırkı işin ərazi aidiyyəti ilə bağlı Abşeron Rayon Məhkəməsi ilə Nəsimi Rayon Məhkəməsinin arasında fikir ayrılığı yaranıb. Belə ki, Abşeron Rayon Məhkəməsi işi ərazi aidiyyəti üzrə baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərib, Nəsimi Rayon Məhkəməsi isə bununla razılaşmayaraq ərazi aidiyyəti ilə bağlı fikir ayrılığının həll edilməsi üçün Bakı Apelyasiya Məhkəməsinə müraciət edib. İşə Abşeron Rayon Məhkəməsində baxılmalıdır. Belə ki, iddia ərizəsində cavabdeh kimi Cavabdeh MMC göstərilmişdir. Həmin MMC-nin hüquqi ünvanı Abşeron rayonunda yerləşir. Ona görə də iddia ərizəsi Abşeron Rayon Məhkəməsinə verilmişdir. Həmin məhkəmə isə xx.xx.2020-ci il tarixdə protokol qaydasında iki qərardad qəbul etmişdir. 1-ci qərardadla qərara alınmışdır ki, ilk Cavabdeh MMC əsl cavabdeh Elçin İsmayılovla əvəz edilsin. 2-ci qərardadla qərara alınmışdır ki, Aynur Zeynalov da cavabdeh kimi işə cəlb edilsin. Daha sonra – xx.xx.2020-ci il tarixdə ayrıca akt şəklində qəbul edilmiş qərardadla qərara alınmışdır ki, mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardad onunla əsaslandırılmışdır ki, cavabdehlərdən biri (Aynur Zeynalov) Nəsimi rayonunda, digəri (Elçin İsmayılov) isə Nərimanov rayonunda qeydiyyatdadır, ona görə də iş cavabdehlərdən birinin qeydiyyatda olduğu yer üzrə Nəsimi Rayon Məhkəməsində baxılmalıdır. İşin göndərilməsi qanunsuz olmuşdur. Belə ki, Mülki-Prosessual Məcəllənin 44.1-ci maddəsinə görə aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Abşeron Rayon Məhkəməsi işi aidiyyət qaydalarına riayət etməklə öz icraatına qəbul etmişdir. Mülki-Prosessual Məcəllənin 35.2-ci maddəsinə görə hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. İş üzrə ilk Cavabdeh MMC olmuş, onun hüquqi ünvanı isə Abşeron rayonunda yerləşdiyinə görə iddia Abşeron Rayon Məhkəməsinə verilmişdir. Sonradan ilk cavabdehin (Cavabdeh MMC-nin) əsl cavabdehlə (Elçin İsmayılovla) əvəz edilməsi, habelə digər şəxsin (Aynur Zeynalovun) cavabdeh kimi işə cəlb edilməsi işin Nəsimi Rayon Məhkəməsinə göndərilməsinə əsas vermirdi. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 45.4-cü maddəsinin göstərişini rəhbər tutaraq, məhkəmə qərara aldı: Hazırkı mülki iş baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-8970/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8970/2020
27.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver