Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8972/2021 16.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-149/2021 saylı, 24 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, onunla Cavabdeh arasında bağlanılmış 10 noyabr 2012-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, onun atası X2 ailə üzvləri ilə birlikdə kəndli təsərrüfatı kimi ev quşlarının (broyler) yetişdirilməsi və satışı ilə məşğul olur. Talib Əsgərov 2012-ci ildə ev quşlarına yem almaq üçün həmin yemi topdan satan Vüqar adlı bir şəxslə tanış olmuşdur. Həmin vaxtlar onun 18 yaşı yenicə tamam olmuşdur. 2012-ci ilin ortalarında atası ilə Vüqar razılığa gəlmişlər ki, əvvəlcədən razılaşdıqları qiymətə atası Vüqardan nisyə yem məhsulları alır. Təqribən iki ay vaxt ərzində ev quşları yetişdirilib realizə olunduqdan sonra onlara satdığı məhsulun qiymətini ona tam ödəyirlər və növbəti mərhələ üçün yenidən ondan yem məhsulları alırlar. Vüqarın şərti belə olmuşdur ki, yem məhsulları nisyə verildiyindən o, kredit müqaviləsi bağlamaq şərti ilə məhsulu buraxa bilər, yəni müqavilə bağlayırlar ki, guya ondan borca pul götürmüşlər, həmin borc miqdarında o iddiaçıya yem məhsulları buraxır, yem məhsullarının dəyərini tam ödədikdən sonra isə növbəti müqaviləni bağlayaraq, alverlərini davam etdirirlər. Elə də etmişlər. 2012-ci il avqust ayının 22-də Vüqarın göstərişinə əsasən onun işçisi X3 adlı şəxs atası Talib Əsgərovla formal olaraq 20.000 manat məbləğində borc müqaviləsi bağlamışdır. Müqaviləyə görə, guya X3 atasına 20.000 manat məbləğində borc pul vermişdir. Halbuki, atası ilə Şahidin heç tanışlıqları da olmamışdır. Həqiqətdə isə bu müqavilə gələcəkdə nisyə götürməli olacaqları yem məhsulunun dəyəri idi. Atası məcbur olub borc müqaviləsini bağlamışdır ki, 1-2 aya yetişdirdiyləri cücələri satıb, həmin məbləği tam ödəyərlər. Həmçinin, nisyə mal verən olmadığından, atası, Vüqarın şərti ilə razılaşmalı olmuşdur. Borc müqaviləsi bağlanıldıqdan sonra ev quşları üçün Vüqardan yem məhsulları götürməyə başlamışlar. Əvvəlcədən gəldikləri razılığın şərtlərinə uyğun oaraq götürdükləri yem məhsullarının dəyərini Vüqara tam ödəmişlər. Aralarında etibarlılıq münasibətləri yarandığından, Vüqarın təklifi ilə 10 noyabr 2012-ci il tarixdə onunla Vüqarın digər işçisi Cavabdeh arasında daha böyük məbləğə, 65.000 manat məbləğində kredit müqaviləsi bağlanılmışdır. Müqavilə bağlanıldıqdan sonra Vüqardan yem məhsullarının alışını davam etdirmişlər və yeni partiya ev quşlarını yetişdirib Vüqara olan borclarını tam ödəmişlər. Həmçinin qazanc da əldə etmişlər. 2013-cü illin əvəllərində Vüqar nisyə satdığı yem məhsullarının qiymətini artırmışdır. O səbəbdən, yetişdirdikləri ev quşlarının yemlənməsində istifadə etdikləri yem məhsullarını başqa satıcılardan almağa qərar vermişlər. Vüqar bir neçə dəfə onunla işlərini davam etdirməyi xahiş etsə də, qiymətdə razılaşmadıqlarından atası bu təklifindən imtina etmişdir. 2013-cü ilin təqribən oktyabr ayında isə Bakı şəhəri, Suraxanı rayon icra şöbəsindən çağırış vərəqəsi almışlar. Araşdırarkən məlum olmuşdur ki, Vüqar formal xarakter daşıyan borc müqaviləsinin birindən, atası ilə Şahid arasında bağlanılmış 22 avqust 2012-ci il tarixli 20.000 manatlıq müqavilədən istifadə edərək, notariat kontorunda icra qeydi yazdırmış və həmin icra qeydini İcra şöbəsinə göndətdirərək X1 adı ilə atasından 20.000 manat məbləğində pul tələb etmişdir. Vüqarın məqsədi həqiqətdə pul tələbi yox, atasını ondan yem məhsullarını almağa məcbur etmək idi. Vüqarla mübahisəni məhkəmədən kənar həll etmək mümkün olmadığından, atası icra qeydi verilməsinə əsas olmuş onunla X3 arasında bağlanılmış 22 avqust 2012-ci il tarixli Borcun etirafı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. İşin məhkəmə araşdırılması zamanı pulun tam ödənilməsinə dair tərəflər arasında yaranmış fikir ayrılığı məhkəmədən kənar həll olumuşdur. Belə ki, atası, Vüqarın işçisinə ödədiyi, lakin Vüqarın dediyinə görə, ona çatdırılmamış 6.300 manat məbləğində əlavə pul ödəyərək hər iki müqavilə üzrə mübahisəni başa çatdırmışdır. Lakin, bir neçə gün bundan əvvəl ölkədən çıxmaq istəyərkən, ona bildirilmişdir ki, Suraxanı Rayon İcra şöbəsi tərəfindən axtarışdadır. Axtarışın səbəblərini öyrənərkən, məlum olmuşdur ki, tanımadığı, bilmədiyi Cavabdeh adlı şəxslə 2012-ci ilin noyabr ayında imzaladığı borc müqaviləsindən Vüqar istifadə edərək icra qeydi yazdırmış və icra qeydinə əsasən 65.000 manat məbləğində vəsaiti ondan tələb edir. Baxmayaraq ki, həmin məbləğ borc olmamış, həmin məbləğ götürülmüş yem məhsullarının dəyəri olmuşdur ki, həmin dəyər də, 2012-2013-cü illərdə tam ödənilmişdir. İcra qeydi Cavabdeh adından yazılmışdır, o səbəbədən hesab edir ki, icra qeydinin yazılmasına əsas olmuş müqavilə etibarsız hesab edilməlidir. Cavabdeh müdiri Vüqar adlı şəxsin göstərişinə əsasən ona borc vermədiyi halda borc adı altında onunla görünüş xətrinə, başqa əqdi pərdələmək üçün bağlanılmış, etibarsızlığa səbəb ola biləcək müqavilədən istifadə etməklə ondan 65.000 manat məbləğində pul əldə etmək üçün icra qeydi yazdırmaqla İcra şöbəsinə təqdim etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-149/2021 saylı, 24 fevral 2021-ci il tarixli qətnaməsi ilə iİddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti və apelyasiya şikayətinə əlavə vermişdir. İddiacı İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışlar ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-149/2021 saylı, 24 fevral 2021-ci il tarixli qətnaməsi mövcud qanunvericiliyin tələblərinə uyğun olmadığından ləğv edilməli və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Bundan əlavə, cavabdehin əməllərində ciddi qanun pozuntularının olduğunu nəzərə alaraq, hesab edir ki, iş üzrə xüsusi qərardad çıxarılaraq ptokurora Məlumat verilməlidir. İşin faktiki hallarından və qətnamədə göstərilmiş hüquqi əsaslardan görünür ki, məhkəmə maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Hesab edir ki, məhkəmə Mülki Məcəllənin 354.2-ci maddəsinin tətbiqində səhvə yol vermişdir. Aralarında borc münasibətləri olmamış, cavbdeh tərəfindən borc tələblərinə məruz qalmadığından borc müqaviləsinin mübahisələndirilməsinə də zərurət yaranmamışdır. Başqa əqdi pərdələmək üçün bağlanılmış 10 noyabr 2012-ci il tarixli borc müqaviləsindən istifadə olunması ona 2017-ci ilin avqust ayında məlum olmuş və həmin vaxtdan da məhkəməyə müraciət etmişdir. 2017-ci ilin avqust ayının ortalarında Suraxanı rayon icra şöbəsi tərəfindən axtarışda olduğuna dair məlumat almışdır və dərhal Goranboy Rayon Məhkənməsinə müraciət etmişdir. Hesab edir ki, iddia müddətinin axımı 2017-ci ilin avqust ayından başlayır. İşin bu hallarını nəzərə almayan Nəsimi Rayon Məhkəməsi müddətin tətbiqində səhv nəticəyə gəlmişdir. İddiaçı apelyasiya şikayətinə əlavəni onunla əsaslandırmışdır ki, tələbə “kəsici müddərti” tətbiq etməkdə məhkəmə səhvə yol vermişdir. Belə ki, iddia ərizəsinin mahiyyətindən də görünür ki, tərəflər arasında 10 noyabr 2012-ci ildə bağlanmış kredit müqaviləsi yalan əqd olmuş və tərəflərin iradəsini ifadə etməmişdir. Tərəflər arasında kredit müqaviləsi bağlansa da, həmin müqavilənin nə ona nə də ki, cavabdehə heç bir aidiyyatı olmamışdır. O, Azərtürk LTD MMC-nin fəhləsidir, imzaladıqları kredit müqaviləsi yalan əqd olmuş, başqa bir əqdi pərdələyərək, onun şərtlərinin həyata keçirilməsinə xidmət etmişdir. Qanunvericilik, etibarsız əqdləri iki yerə bölür: mübahisələndirilən əqdlər və əhəmiyyətsiz əqdlər. İşin faktiki halları baxımından Kredit müqaviləsinin Yalan əqd olması tərəflərin bir-birini ümumiyyətlə tanımaması, müqaviləni ayrı-ayrılıqda imzalaması, onların bir dəfə də olsun bir yerdə olmamaları, cavabdehin müxtəlif dövlət orqanlarına şikayətlər etməsi və bu şikayətlər zamanı onun borcun böyük hissəsini qaytardığını qeyd etməsi, (halbuki həmin vaxtlar o, müddətli həqiqi hərbi xidmətdə olmuşdur) onu deməyə əsas verir ki, əqd həqiqətən də əhəmiyyətsiz əqd olmuşdur. Apelyasiya şikayətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-149/2021 saylı, 24 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi, həmçinin borc müqaviləsindən sui-istifadə etməklə əsassız varlanmaya cəhd edən Cavabdeh əməllərində ciddi qanun pozuntuları olduğundan onun barəsində xüsusi qərardad çıxarılmaqla prokurora məlumat verilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq İddiaçı və Cavabdeh məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən həmin şəxslərin iştirаkı оlmаdаn işə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında, İddiaçı vəkili Vəkil2 iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətini müdafiə etdiyini bildirərək, iddia ərizəsində göstərilənlərə və apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış etdi, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-149/2021 saylı, 24 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini, həmçinin borc müqaviləsindən sui-istifadə etməklə əsassız varlanmaya cəhd edən Cavabdeh əməllərində ciddi qanun pozuntuları olduğundan onun barəsində xüsusi qərardad çıxarılmaqla prokurora məlumat verilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda İddiaçı apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişlər. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Məhkəmə kollegiyası İddiaçı vəkili Vəkil2 çıxışını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş matеriallarında olan, 10 noyabr 2012-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, Cavabdehtərəfindən İddiaçı 10 dekabr 2012-ci il tarixədək ödəmək şərtilə 65.000 manat məbləğində borc pul verir.(İ.v. 7) İş hallarından görünür ki, tərəflər arasında bağlanmış 10 noyabr 2012-ci il tarixli borc müqaviləsinə görə, cavadeh iddiaçıya 10 dekabr 2012-ci il tarixdə qaytarmq şərti ilə 65.000 manat borc vermişdir. Birinci nistansiya məhkəməsi təqdim edilmiş sübutların tədqiqi ilə müəyyən etmişdir ki, İddiaçı kredit müqaviləsində göstərilən şərtlərlə razılaşaraq cavabdehlə həmin müqaviləni bağlamış və qeyd olunan müqavilə əsasında öz üzərinə kredit borcunun ödənilməsi üzrə öhdəlik götürmüşdür. Mübahisələndirilən müqavilə 10 noyabr 2012-ci il tarixdə bağlanmış, lakin həmin tarixdən təqribən 5 ilə yaxın müddət keçdikdən sonra iddiaçı hazırki tələblə məhkəmədə iddia qaldırmaqla iddia müddətini ötürmüşdür. Məhkəmə kollegiyası birinci nistansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab edir. Məhkəmə kollegiyası İddiaçı apelyasiya şikayətində göstərdiyi dəlilləri ilə bağlı aşağıdakiları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324-cü maddəsinə əsasən: 324.1. Əəqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər; 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçı tələblə məhkəməyə müraciət etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürməklə (kəsici müddət) məhkəməyə müraciət etdiyindən iddia rədd edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və yaxud bilməli olduğu vaxtdan hesablanır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırda mübahisələndirilən müqavilə 10 noyabr 2012-ci il tarixdə bağlanmış, lakin həmin tarixdən təqribən 5 ilə yaxın müddət keçdikdən sonra iddiaçı hazırkı tələbi ilə məhkəmədə iddia qaldırmışdır. Qüvvədə olan mülki qanunvericiliyə görə, müddətin keçməsinə görə müqavilənin ləğv edilməsi üzrə tələblərə iddia müddəti tətbiq oluna bilər, müqavilənin etibarsızlığına dair tələblərə isə bundan fərqli olaraq qanunda nəzərdə tutulan “kəsici müddətlər” tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göründüyü kimi, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Bu isə onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bu kimi hallarda iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. Qanunvericliyə edilmiş dəyişikliklərdən müəyyən edilir ki, həmin müddətlər iddia müddəti kimi nəzərdə tutulmamış və iddia müddəti kimi nəzərdə tutulmadığından həmin müddətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi ilə müəyyən edilmiş mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında deyil, məhkəmə tərəfindən müəyyən edildiyi halda məhkəmənin özü tərəfindən tətbiq edilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar (§ 33). İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Məhkəmə kollegiyası qeyd edir ki, mülki hüquq anlamında müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır, göstərilən maddədə həm əhəmiyyətsiz, həm də mübahisə edilən əqdlərin etibarsızlıqları ilə bağlı müddətlər müəyyən edilmişdir. Qeyd etmək lazımdır ki, əgər mübahisə edilən əqdin etibarlı olub-olmamasının mübahisə edilməsi müddəti müəyyən edilmişsə, əhəmiyyətsiz əqdin isə etibarsızlığı nəticəsinin tətbiqi haqqında iddia müddəti müəyyən edilmişdir. Maddədə həm əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqini tələb etmək üçün, həm də mübahisə edilən əqdin mübahisələndirilməsi üçün bir illik müddət müəyyən edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsinin nəticəsi yuxarıda qeyd edilən maddi hüquq normalarının tələblərinə uyğun olmuşdur. Məhkəmə kollegiyası qeyd edilən maddi hüquq normalarının tələblərini nəzərə alaıb, İddiaçı apelyasiya şikayətinin cavabdehlə aralarında bağlanmış Kredit müqaviləsinin Yalan əqd olması, tərəflərin bir-birini ümumiyyətlə tanımaması, müqaviləni ayrı-ayrılıqda imzalaması, onların bir dəfə də olsun bir yerdə olmamaları, başqa bir əqdi pərdələyərək, onun şərtlərinin həyata keçirilməsinə xidmət etməsi, məhkəmənin tələbə “kəsici müddərti” tətbiq etməkdə səhvə yol verməsi barədə dəlillərinə münasibət bildirərək qeyd edir ki, iddiaçı kredit müqaviləsinin bağlandığı zaman qanunvericiliyin tələblərinə əməl edilməməsini təsdiq edən sübutları nə birinci instansiya məhkəməsinə, nədə ki, apelyasiya instansiya məhkəməsinə təqdim edə bilməmişdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətində göstərilən digər dəlillər də birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, həmin dəlilərə münasibət bildirməyi zəruri hesab etmir. Bundan başqa İddiaçı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasını qeyd etsə də, həmin pozuntuların nədən ibarət olmasını və məhkəmənin gəldiyi nəticəyə qarşı etdiyi etirazını əsaslandıra bilməmiş, göstərilənlərin məhkəmə qətnaməsindən fərqli olması barədə məhkəmələrə heç bir sübut təqdim etməmişdir. Halbu ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddədə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələblərinə uyğun olaraq iş üzrə tədqiq olunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Bеləliklə, məhkəmə kollеgiyası İddiaçı apеlyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun olaraq araşdırıb hеsab еdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosеssual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, işdə, həmçinin apеlyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar olmadığından, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-149/2021 saylı, 24 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən, apеlyasiya şikayəti isə təmin еdilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyas, Qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-149/2021 saylı, 24 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-8972/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8972/2021
16.11.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver