Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8974/2021 22.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı, Cavabdeh ASC-nin nümayəndəsi Məmmədov Məmməd Əhməd oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-3898/2021 saylı 16 iyun 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1959-cu ildə Lənkəran şəhərinin Mamusta kəndində anadan olmuşdur, ailəlidir, 4 əlil anasıdır, orta təhsillidir. İddiaçının həyat yoldaşı Mirzəyev Şahaddin Yəhya oğlu 2019-cu ildə "xxxx" ASC-nin Lənkəran rayon şöbəsindən 3935 manat kredit götürmüş və sonra səhhətində ciddi dəyişiklik olmuşdur. İddiaçının həyat yoldaşı əvvəllər onkoloji xəstəlik keçirtməklə Bakı şəhərində cərrahiyyə əməliyyat olunmuş, daha sonra isə psixi durumunda problemlər yaranmışdır. Belə ki, o, mütəmadi olaraq qeyri-adekvat hərəkətlərə yol verir, hətta mənzilin yanmasına da cəhd göstərmişdir. İddiaçı həyat yoldaşının bu vəziyyətinin dəyişməyəcəyini görüb Lənkəran Rayon Məhkəməsinə "şəxsin fəaliyyət qabiliyyətsizliyini elan etməsinə dair" iddia qaldırmışdır. Məhkəmə bu işlə əlaqəli ekspertiza təyin etmiş və bununla bağlı rəy verilmişdir. Lənkəran Rayon Məhkəməsinin 2(049)-291/2021 saylı, 17 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddiaçının həyat yoldaşı barəsində "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi"nə dair qətnamə qəbul edilmişdir. Hazırda iddiaçının həyat yoldaşı səhhəti ilə əlaqədar banka olan kredit borcunu ödəmək iqtidarında deyil, ona görə də həmin müqavilə etibarsız hesab edilməlidir. Göstərilənlərə əsasən Cavabdeh ASC-nin Lənkəran şəhər filialının iddiaçının həyat yoldaşı, hazırda Lənkəran Rayon Məhkəməsinin qətnaməsinə əsasən fəaliyyət qabiliyyətsizliyi elan edilən Mirzəyev Şahaddin Yəhya oğlu ilə bağlanmış 138CLM********** saylı müqavilənin etibarsız sayılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-3898/2021 saylı 16 iyun 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı şikayəti müdafiə etdiyini bildirərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh ASC-nin nümayəndəsi Məmmədov Məmməd Əhməd oğlu apellyasiya şikayətinin əsassız olduğunu bildirərək onun təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-3898/2021 saylı 16 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Lənkəran rayonu Mamusta kənd soveti tərəfindən verilmiş İ-JQ № 487894 saylı, 12 oktyabr 1978-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Mirzəyev Şahadin Yəhya oğlu ilə Əliyeva Seyidə Şavələd qızı nikahlarını bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında elə həmin tarixdə 37 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Mirzəyeva soyadı verilmişdir. İş materiallarında olan "xxxx" ASC ilə Mirzəyev Şahəddin Yəhya oğlu arasında bağlanmış 23.01.2018-ci il tarixli, 138CLM********** saylı kredit müqaviləsinin surətindən görünür ki, Bank Mirzəyev Şahəddin Yəhya oğluna 43 ay müddətinə, illik 27,84 faiz olmaqla, 3935 manat məbləğində kredit vermişdir. İş materiallarında olan Lənkəran Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2(049)- 291/2021 saylı qətnaməsi ilə ərizə təmin edilmiş, 10.05.1957-ci il tarixdə Lənkəran rayonu, Mamusta kəndində doğulmuş və həmin kənddə qeydiyyatda olmaqla yaşayan Mirzəyev Şahəddin Yəhya oğlunun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi qət edilmişdir. İş materiallarında olan Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısının Mamusta kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 29.04.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı əri Mirzəyev Şahadin Yəhya oğlu İ qrup əlildir. Xəstə əri hərəkət edə bilmir, ona arvadı İddiaçı himayədarlıq edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 337.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Məhkəmə kollegiyası qeyd edir ki, qanunverici tərəfindən əqdin etibarsız hesab edilməsi əsasları subyekt, iradə ifadəsinin sağlamlığı, forma və məzmun tələbləri və s. baxımdan təsnifləşdirilmişdir. Tərəfin iradəsi qüsurlu olan əqd, özündə əqd bağlanarkən daxili iradənin lazımi olmayan şəraitdə formalaşmasını və ya iradənin xaricən düzgün ifadə olunmamasını ehtiva edir. Bu baxımdan, məhkəmə qeyd edir ki, hər hansı əqdin (o cümlədən kredit kartı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (tam fəaliyyət qabiliyyətli və səlahiyyətli şəxslərin) iştirakı, onların sağlam (zədələnməmiş) iradəsinin mövcudluğu və bu iradənin doğru ifadə edilməsi zəruridir. Məhz göstərilən qaydalara əməl edilməklə bağlanmış əqd etibarlı hesab edilir. Hazırkı halda iddiaçı qanunverici tərəfindən müəyyən edilmiş əqdin etibarsızlığı hallarından hər hansı birinin mövcudluğuna dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, şikayətdə göstərilən hallar formal mülahizələr olmaqla əsaslı sayıla və təmin edilə bilməz. Belə ki, işin mübahisəsiz hal ondan ibarətdir ki, Mirzəyev Şahəddin Yəhya oğlu kredit müqaviləsi bağlayarkən fəaliyyət qabiliyyətli şəxs olmuş, sonradan səhhətinin ağırlaşmalar getmiş və Lənkəran Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2(049)- 291/2021 saylı qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdir. Sonradan vəziyyətin dəyişməsi isə müqavilənin etibarsızlığı üçün əsas ola bilməz. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbinin rədd edilməsi nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-3898/2021 saylı 16 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-3898/2021 saylı 16 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-8974/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8974/2021
22.09.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver