Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8989/2021 17.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “kredit borcunun restrukturizasiya olunması, həmin kredit müqaviləsinə xitam verilməsi və onunla güzəştli şərtlərlə yeni kredit müqaviləsinin bağlanması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, 551 saylı fərmanına uyğun olaraq keçmiş "xxxx" İKB ASC, hazırkı Cavabdeh ASC-nin Bərdə şəhər filialı ilə onun arasında bağlanmış 06 aprel 2015-ci il tarixli, 12-SKMF-3-0-259-15 saylı kredit müqaviləsi üzrə yaranmış kredit borcunun restrukturizasiya olunması, həmin kredit müqaviləsinə xitam verilməsi və onunla güzəştli şərtlərlə yeni kredit müqaviləsinin bağlanması öhdəliyinin Cavabdeh ASC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim N.Tağıyeva, iş № 2(006)-2889/21) iddia qismən təmin edilərək, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, 551 saylı fərmanına uyğun olaraq keçmiş "xxxx" X4” ASC, hazırkı Cavabdeh ASC-nin Bərdə şəhər filialı ilə onun arasında bağlanmış 06 aprel 2015-ci il tarixli, 12-SKMF-3-0-259-15 saylı kredit müqaviləsi üzrə yaranmış kredit borcunun restrukturizasiya olunması öhdəliyi cavabdehin üzərinə qoyulmuş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Cavabdeh "xxxx" ASC narazı qalaraq qətnamədən apellyasiya şikayəti vermişdir. İşin halları: İddia belə əsaslandırılmışdır ki, iddiaçı ilə keçmiş "xxxx" X4” ASC-nin Bərdə şəhər filialı, hazırki adla ”Yelo Bank” ASC arasında 06 aprel 2015-ci il tarixli kredit müqaviləsi bağlanılmışdır ki, bu müqaviləyə əsasən də bank tərəfindən ona 36 ay müddətinə illik 6 % ödəmək şərti ilə 15 000 (on beş min) manat məbləğində kredit ayrılmışdır. Kredit müqavilələri ilə bağlı iddiaçı ilə bank arasında ipoteka müqaviləsi də bağlanılmışdır ki, ipoteka müqaviləsinə əsasən X5 məxsus Bərdə rayonu, Hacallı kəndində yerləşən 3 otaqlı, 141,8 kvadrat metr ümumi, 101,6 kvadrat metr yaşayış, 40,231 kvadrat metr köməkçi sahədən ibarət fərdi yaşayış evi ilə 0,73 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. Lakin qeyd edilən dövrdə baş vermiş qlobal maliyyə böhranı, habelə Azərbaycan manatının devalvasiyaya uğraması səbəbindən onun da maliyyə durumu kəskin şəkildə pisləşmiş və onun bank qarşısında ödənişlərin həyata keçirilməsində problemləri yaranmışdır. Bütün bunlardan bankın da məlumatı olmuş və ödənişlərin normal həyata keçirilməsinin təmini üsulu kimi onun üçün individual ödəniş cədvəlinin tərtib edilməsi tərəfindən banka təklif edilsə də, bankın rəhbərliyi tərəfindən bu məsələ öz müsbət həllini tapmamışdır. Kreditin ödənilməsində yaranmış çətinliklərlə bağlı ödənişlərin normal qaydada həyata keçirilməsi üçün möhlət verilməsi və fərdi (individual) cədvəlin tərtib edilməsi ilə əlaqədar qeyd olunan banka dəfələrlə etdiyim müraciətlər də nəticəsiz qalmışdır. Nəticədə, iddiaçı "xxxx"(”Yelo Bank”) İKB ASC kredit üzrə əsas borcun, ona hesablanmış faizlərin və cərimə faizinin tutulması və tutmanın ipoteka predmeti olan daşınmaz əmlaka yönəldilməsi barədə iddia ərizəsi ilə Bərdə rayon Məhkəməsinə müraciət etmişdir. Bərdə Rayon Məhkəməsinin 15 may 2018-ci il tarixli, 2(021)-2097/2018 saylı qətnaməsi ilə iddiaçı "xxxx" X1 və digərlərinə qarşı iddia tələbi qismən təmin edilmiş, kredit müqaviləsi üzrə ondan "xxxx" (”Yelo Bank”) İKB ASC-nin xeyrinə 13125,0 manat əsas borcun, 1172,01 manat faiz borcunun, 20 manat cərimə borcunun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat pulun tutulması, tutmanın ipoteka predmeti olan X5 məxsus Bərdə rayonu, Hacallı kəndində yerləşən 3 otaqlı, 141,8 kvadrat metr ümumi, 101,6 kvadrat metr yaşayış, 40,231 kvadrat metr köməkçi sahədən ibarət fərdi yaşayış evi ilə 0,73 ha torpaq sahəsinə yönəldilməsi, həmin daşınmaz əmlakların açıq hərraca çıxarılaraq satılması və satışdan əldə olunan pulla kreditin ödənilməsi qət olunmuşdur. Ancaq məlum olduğu kimi, məhkəmə qətnaməsinin çıxarıldığı müddətdən sonra ölkə başçısının məlum fərmanı ilə fiziki şəxslər tərəfindən vaxtı keçmiş kreditlərlə bağlı müvafiq hüquqi tənzimləmə aparılmışdır. Belə ki, ’’Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli,551 saylı Fərmanının 6-cı bəndində banklara tövsiyə edilmişdir ki, bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər və borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Adı çəkilən Fərmanın 8.10-cu bəndində göstərilmişdir ki, məhkəmədə olan işlərin geri çağırılması dedikdə vaxtı keçmiş kredit borcları ilə bağlı məhkəmələrdə olan iddialardan imtina edilməsi və icra sənədi üzrə icraata xitam verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tədbirlər görülməsi nəzərdə tutulur. Ancaq "xxxx" (”Yelo Bank”) İKB ASC bugünədək bu Fərmanın tələblərini nəinki yerinə yetirməmiş, icra məmurlarının vasitəsi ilə əsassız olaraq ondan qətnamədə müəyyən edilmiş pul məbləğini almağa cəhd göstərmişdir. Hesab edir ki, bu sahədə vəziyyətin dəyişməsi və ölkə başçısının yuxarıda göstərilən Fərmanının qüvvəyə minməsi səbəbindən məhkəmə qətnaməsi ilə tənzimlənmiş mübahisəli məsələ artıq hüquqi müstəvidə deyil, ölkə başçısının sözügedən Fərmanının tələbləri əsasında bankla onun arasında çözülməli idi və onun bank qarşısında olan kredit borcu restrukturizasiya edilməklə cavabdehlə onun arasında güzəştli şərtlərlə yeni kredit müqaviləsi bağlanılmalı di. Belə ki, onun borclu olduğu kredit məbləği ölkə başçısının yuxarıda qeyd olunan fərmanının təsiri altına düşmüşdür. Təəssüf ki, kredit borcunun restrukturizasiya edilməklə onunla güzəştli şərtlərlə yeni kredit müqaviləsinin bağlanılması barədə cavabdehə dəfələrlə etdiyi şifahi və yazılı müraciətlər bugünədək hər hansı bir nəticə verməmişdir. 2019-cu və 2020-ci illər ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına etdiyi bir neçə yazılı müraciətləri baxılması üçün təkrarən "xxxx"(”Yelo Bank”) İKB ASC-ə göndərilmiş, ancaq sonuncu buna da əhəmiyyət verməmişdir. Halbuki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 fevral tarixli 551 nömrəli Fərmanının 3.1-ci və 7.3-cü bəndlərinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018ci il 4 oktyabr tarixli 288 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsi”nin 4.10.12-ci yarımbəndini rəhbər tutaraq Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin ********** №-li 27 mart 2019-cu il tarixli Qərarı qəbul edilmişdir ki, onun aldığı kredit məbləği də həmin qərara əsasən tənzimlənməli və onun tələblərinə uyğun olaraq restrukturizasiya edilməlidir. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edilmiş və onun səlahiyyətləri hal-hazırda Azərbaycan Respublikasının Mərkəzi Bankına verilmişdir. Onun Azərbaycan Respublikasının Mərkəzi Bankına etdiyi sonuncu müraciətinə əsasən onunla telefon əlaqəsi saxlanılaraq bildiurilmişdir ki, cavabdehin təqdim etdiyi kredit borcu restrukturizasiya olunan şəxslərin siyahısına əsasən onun adına da müvafiq qurumun yaratdığı elektron portalda əks olunmuş və kredit borcunun faizləri silinərək onun adına güzəştli şərtlərlə müvafiq kredit məbləğinin ayrılması müəyyən olunmuşdur. Cavabdehin bugünədək onun yeni müqavilə bağlamadığını nəzərə alaraq bunun məsuliyyətinin "Nikoyİ" (”Yelo Bank”) İKB ASC-nin üzərinə düşdüyü bildirilərək ona müvafiq qaydada məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Bütün bu səbəblərə görə müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. ’’Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, 551 saylı Fərmanının 5.1-ci bəndinə əsasən bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000 manat mabləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsinin təmin edilməsi Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilmişdir. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi iddianı qəbul etməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh "xxxx" ASC apellyasiya şikayətində qətnamənin ləğv, iddianın rədd olunmasını xahiş etmiş və apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, güzəştli şərtlərlə yeni kredit müqaviləsinin bağlanılmasının mümkün olmamasının səbəbi İddiaçı 06 aprel 2015-ci il tarixli kredit müqaviləsinin təminatı olaraq girov qoyulmuş qızıl-zinət əşyalarının yenidən girov qoyulmasına razılıq verməməsidir. Bu, iddiaçının banka qarşı iddia tələbi və 06 iyul 2021-ci il tarixli ərizəsi ilə öz təsdiqini tapır. İddiaçıya bank tərəfindən dəfələrlə müraciət olunaraq 06 aprel 2015-ci il tarixli kredit müqaviləsinin tminatı olmuş əmlakların və qızıl-zinət əşyalarının girov qoyulması şərti ilə banka olan kredit borcunun restrukturizasiya edilməsi və güzəştli şərtlərlə yeni kredit müqaviləsinin bağlanması təklif olunsa da, İddiaçı buna razılıq verməmişdir. Əksinə, 06.07.2021-ci il tarixdə banka ərizə ilə müraciət edərək, qızıl-zinət əşyaların girov qoyulmaqla güzəştli şərtlərlə yeni kredit müqaviləsinin bağlanmasına razı olmadığını bildirmiş və girovda olan qızıl-zinət əşyalarının ona qaytarılmasını tələb etmişdir. Güzəştli şərtlərlə yeni kredit müqaviləsinin bağlanmamasının səbəbi bankın təqsiri deyil, iddiaçının qızıl-zinət əşyalarının yenidən girov qoyulmasına razılıq verməməsidir. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. İddiaçı isə apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya şikayətinin məzmunundan göründüyü kimi, hazırkı qətnamə yalnız iddianın təmin edilən hissəsində mübahisələndirilmişdir. Bu səbəbdən də, qətnamənin əsaslılığı məhkəmə kollegiyası tərəfindən mübahisələndirilən hissədə yoxlanılmışdır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə 02 iyun 2021ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, Bərdə Rayon Məhkəməsinin 15 may 2018-ci il tarixli qətnaməsi ilə "xxxx" X2 tələbi qismən təmin edilmiş, kredit müqaviləsi üzrə İddiaçı "xxxx" (”Yelo Bank”) İKB ASC-nin xeyrinə 13125,0 manat əsas borcun, 1172,01 manat faiz borcunun, 20 manat cərimə borcunun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat pulun tutulması, tutmanın ipoteka predmeti olan X5 məxsus Bərdə rayonu, Hacallı kəndində yerləşən 3 otaqlı, 141,8 kvadrat metr ümumi, 101,6 kvadrat metr yaşayış, 40,231 kvadrat metr köməkçi sahədən ibarət fərdi yaşayış evi ilə 0,73 ha torpaq sahəsinə yönəldilməsi, həmin daşınmaz əmlakların açıq hərraca çıxarılaraq satılması və satışdan əldə olunan pulla kreditin ödənilməsi qət olunmuşdur. Qətnamə çıxdıqdan sonra 28 fevral 2019-cu il tarixdə ölkə Başçısı tərəfindən “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 551 nömrəli Fərman verilmişdir. Həmin Fərmanla fiziki şəxslər tərəfindən vaxtı keçirilmiş kreditlərlə bağlı müvafiq hüquqi tənzimləmə aparılmışdır. İş materiallarından göründüyü kimi, iddiaçı adı çəkilən Fərmanın icrasına başlanıldıqdan sonra kredit borcunun restrukturizasiya olunması üçün Azərbaycan Respublikasının Mərkəzi Bankına müraciət etmiş, Mərkəzi Bank tərəfindən onun sorğusu cavablandırılmış, kredit borcunun Fərmanın təsiri altına düşdüyünü, restrukturizasiyanın həmin borca da şamil olunduğu, müvafiq komprnsasiya hesablandığı bildirilmiş və bununla bağlı "xxxx" ASC-yə müraciət etməsi məsləhət görülmüşdür. Mərkəzi Bank özü də bununla bağlı müvafiq tədbirlərin görülməsi üçün "xxxx" ASC-yə 25.09.2020-ci il tarixli məktub göndərmiş və sonuncu həmin sorğuya 04.11.2020-ci il tarixli məktubla cavab verərək bildirmişdir ki, Bankın səlahiyyətli orqanının qərarına əsasən kredit müqaviləsi üzrə faiz və cərimə borclarının bağışlanması şərti ilə Borcalanın əsas qalıq borcu olan 11270,94 AZN illik 1% olmaqla 5 il müddətinə restrukturizasiya edilə bilər (i.v.40-41). Maliyyə Bazarlarına Nəzarət Palatasının elektron məlumat bazasından edilmiş çıxarışda da iddiaçıya kredit borcu üzrə 2143.98 manat kompensasiya hesablandığı qeyd olunmuşdur. İddiaçı qeyd olunanları nəzərə alaraq və həmin hallara əsaslanaraq hazırkı iddianı qaldırmışdır. Onun tələbi kredit borcunun restrukturizasiya olunması, həmin kredit müqaviləsinə xitam verilməsi və onunla güzəştli şərtlərlə yeni kredit müqaviləsinin bağlanması barədədir. Birinci instansiya məhkəməsi iddianı qismən – yalnız kredit borcunun restrukturizasiya olunması hissəsində əsaslı saymış və gəldiyi nəticəni “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə Başçısının 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının 6-cı bəndi və s. ilə əsaslandırmışdır. Bundan narazı qalan cavabdehin apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçı 06.04.2015-ci il tarixli kredit müqaviləsinin təminatı olaraq girov qoyulmuş qızılzinət əşyalarının yenidən girov qoyulmasına razılıq vermədiyinə görə kredit borcunun restrukturizasiya edilməsi və güzəştli şərtlərlə yeni kredit müqaviləsinin bağlanması mümkün olmamışdır. Məhkəmə kollegiyası həmin dəlili əsassız sayır və ilk növbədə qeyd edir ki, iddiaçının kredit borcunun restrukturizasiya edilməli olmasını cavabdeh də qəbul edir. Cavabdeh sadəcə olaraq qızıl-zinət əşyaları ilə bağlı girov təminatı olmadığına görə restrukturizasiyadan imtina etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin göstərdiyi əsas (dəlil) heç bir halda ’’Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, 551 saylı Fərmanının icrasına mane ola bilməzdi. Belə ki, əvvəla qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən iddiaçıdan kredit borcu tutulmuş və tutma ipoteka predmeti olan fərdi yaşayış evinə yönəldilmişdir. Yəni, iddiaçının götürmüş olduğu və məhkəmə qətnaməsi ilə ondan tutulan kredit təminatsız deyildir. Digər tərəfdən, qızıl-zinət əşyaları girov predmeti olmuş olsa da qüvvədə olan qətnamə ilə həmin əmlaklara tutma yönəldilməmişdir və hazırda aparılacaq restrukturizasiyanın məqsədi iddiaçının borc yükünü ağırlaşdırmaq yox, yüngüllləşdirmək məqsədi daşıyır. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının qüvvədə olan 27.02.2019-cu il tarixli qətnaməsi ilə kredit borcunun tutulması ipoteka predmeti olan fərdi yaşayış evinə yönəldilmiş və həmin evin ilkin satış qiyməti 65 000 manat, yəni kredit borcunu dəfələrlə üstələyən məbləğdə müəyyən edilmişdir. Belə olan vəziyyətdə, cavabdehin restrukturizasiya üçün iddiaçıdan qızıl-zinət əşyalarının da girov qoyulmasını tələb etməsi anlaşılan deyil. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı sayır və bir daha qeyd edir ki, ’’Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, 551 saylı Fərmanının 6-cı bəndində banklara tövsiyə edilmişdir ki, bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər və borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Göründüyü kimi, sözügedən Fərmanın məqsədi fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsinin təmin edilməsi olmuşdur. Belə olan halda, Bank tərəfindən İddiaçı restrukturizasiya, güzəştli şərtlərlə yeni kredit müqaviləsinin bağlanması üçün girov müqaviləsinin bağlanmasının tələb edilməsi və bunun şərt kimi qoyulması, yalnız bunun qarşılığında onun kredit borcunun restrukturizasiya edilə bilməsinin imtina səbəbi kimi göstərilməsi yolverilməzdir. Müqavilənin bağlanması tərəfin iradə ifadəsi olmaqla yalnız könüllülük prinsipi əsasında həyata keçirilə bilər, müqavilənin hər hansı təzyiq və təsir yolu ilə bağlanılması isə elə həmin müqavilənin etibarsızlıq əsası hesab edilməlidir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməkdə haqlı olmuşdur. Məhkəmə tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apelyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi, yaxud ləğv olunması üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə 02 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-8989/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8989/2021
17.11.2021 · Müqavilələrin ləğv edilməsi - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver