Məhkəmə qərarları › İş №2(103)-9/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9/2021

30.03.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9/2021 30.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5115/2016 saylı mülki iş üzrə qəbul etdiyi xx xxx 2016-cı il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxx 2016-cı il tarixli 2(001)-5115/2016 saylı qətnaməsi ilə iddiaçı “X6” şirkətinin Cavabdeh qarşı özbaşına tikilidən çıxarılma və s. tələblərinə dair iddia təmin edilərək, Cavabdeh şirkətin saziş ərazisi hüdudları 2 saylı mədənin 9-cu sahəsində yerləşən 295056 saylı neft quyusunun, neft xəttinin təhlükəsizlik zolağı daxilində inşa etdiyi özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və ərazinin boşaldılaraq iddiaçı “X6” Şirkətinin qanuni istifadəsinə qaytarılması qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz etdi. Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi hallar ondan ibarətdir ki, cavabdeh tərəfindən “X6” Şirkətinin saziş əsasında istifadəsinə verilmiş kontrakt sahəsinin ərazisində lazımi icazələr almadan, şəhərsalma və tikinti normaları və qaydaları ciddi surətdə pozulmaqla özbaşına tikili inşa edilmişdir. Cavabdehin inşa etdiyi özbaşına tikili şirkətin həmin ərazidə neft-qaz əməliyyatlarını həyata keçirməsinə ciddi maneələr yaratdığından, “X6” Şirkətinin qanunla qorunan hüquqları və Dövlət tərəfindən verilmiş təminatları kobud surətdə pozulmuşdur. Belə ki, xx xxxxxxxx 2004-cü il tarixdə “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandag və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, X7 Bi.Vi. və xxxx-in Ortaq Şirkəti arasında saziş imzalanmış və xx xxxxx 2005-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901 saylı Qanuna əsasən Saziş qanun statusunu almışdır. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, Binəqədi rayon Binəqədi qəsəbə Bələdiyyəsinin xx xxxxxxx 2004-cü il tarixli 873/1 nömrəli Sərəncamı ilə X1 fərdi ev tikintisi məqsədilə qanunla müəyyən edilmiş qaydada ayrılması rəsmiləşdirilmiş 400 m2 torpaq sahəsinin 200 m2-nin sahiblik və istifadə hüquqları Cavabdeh adına keçirilmişdir. Həmin Sərəncamda eyni zamanda göstərilmişdir ki, ayrılmış ərazidə fərdi yaşayış evinin tikintisi ilə bağlı rayon (şəhər) memarlıq xidməti ilə razılaşdırılmış tikintinin eskiz və layihəsi nəzərə alınsın. Ona ayrılan torpaq sahəsi Azərbaycan Respublikasının xx xxxxx 2005-ci il tarixli, 901-İİQD saylı Qanunundan xeyli əvvəl X1 fərdi ev tikintisi məqsədilə qanunla müəyyən edilmiş qaydada ayrılması rəsmiləşdirilmiş, hətta onun adına sahiblik və istifadə hüquqları da həmin Sazişlə bağlı Qanunun qüvvəyə minməsindən əvvəl keçirilmişdir. Onun evi özbaşına tikinti anlayışına uyğun gəlmir. Digər tərəfdən iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Şirkət ərazini qəbul edərkən həmin ərazilərdə yaşayış massivləri olmuşdur. Belə olan halda sözügedən sazişə əsasən iddia edilən ərazilər şirkət tərəfindən qəbul edilməməli və bununla bağlı Hökumətə məlumat verilməli idi. Lakin şirkət üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş 10 ildən sonra həmin ərazilər barədə iddia tələbi irəli sürmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır. Belə ki, özbaşına tikintinin sökülməsi barədə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 180-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır (maddə 180.1). Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər (maddə 180.4). Özbaşına tikintinin sökülməsi barədə tələbin əsaslı olub-olmadığının yoxlanılması üçün iki hal araşdırılmalıdır: 1) iddia tələbində göstərilən tikilinin özbaşına tikinti olubolmadığı, 2) iddiaçının Mülki Məcəllənin 180.4-cü maddəsində göstərilən şəxslərə aid olub-olmadığı. İddiaçı tərəfindən irəli sürülmüş digər iddia tələblərinin qanuni əsasını isə Torpaq Məcəlləsinin 111-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Qeyd olunan tələblərin əsaslı olub-olmadığının yoxlanılması üçün isə torpaq sahəsindən faktiki istifadə edən şəxsin, həmçinin iddia irəli sürmüş şəxsin sahiblik və istifadə hüquqlarının olub-olmadığı araşdırılmalıdır. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli 10/469 saylı rəylə də təsdiq olunur ki, cavabdehin sahiblik və istifadəsində olan mübahisəli torpaq sahəsi və tikili “X6” şirkətinin kontraktla istifadəsinə ayrılmış torpaq sahələrinə daxildir. Bu baxımdan kollegiya hesab edir ki, iddia tələbləri əsaslıdır. Belə ki, cavabdehin istifadəsində olan tikili tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və buna lazımi icazələr almadan tikilmiş yaşayış evidir və Mülki Məcəllənin 180.1-ci maddəsinin tələblərinə görə özbaşına tikinti sayılır. Həmin ev isə iddiaçının qanuni istifadəsinə ayrılmış torpaq sahəsində yerləşir. Beləliklə müəyyən olunur ki, hazırkı işdə iddia tələblərinin qanuni əsasını təşkil edən maddələrin bütün dispozisiya şərtləri mövcuddur və iddiaçı Mülki Məcəllənin 180.4-cü maddəsinin və Torpaq Məcəlləsinin 111-ci maddəsinin tələblərinə uyğun olaraq iddianı irəli sürməkdə haqlıdır. Cavabdehin istinad etdiyi dəlillər isə əsassızdır. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, iddiaçı “X6” şirkəti cavabdeh Binəqədi qəsəbə Bələdiyyəsinə qarşı (üçüncü şəxslər Cavabdeh və X2) iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən X1 400 m2 torpaq sahəsinin ayrılması barədə 873/1 saylı, xx xxxxxxx 2004-cü il tarixli sərəncamı və həmin torpaq sahəsinin 200 m2 hissəsinin Cavabdeh adına keçirilməsi barədə sonrakı sərəncamı Sazişin qüvvəyə mindiyi xx xxx 2005-ci il tarixdən hüquqi qüvvəsini itirdiyi üçün etibarsızlığının tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2-1(81)- 1510/2018 saylı qərardadı ilə iddia mümkün sayılmamış və həmin qərardaddan şikayət verilməmişdir. Həmin qərardadda göstərilmişdir ki, xx xxxxxxxx 2004-cü il tarixində “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublıkası Dövlət Neft Şirkəti ("xxxx"), X7 Bİ.Vi. və xxxx-in Orta Şirkəti ("Podratçılar") arasında Saziş ("Saziş") imzalanmış və xx xxxxx 2005-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901 saylı Qanuna əsasən Saziş Qanun statusunu almışdır. Sazişlə bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər və sonralar bağlanmış hər hansı qərar, sərəncam və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr qüvvədən düşmüşdür, həmçinin hazırkı iddia ilə mübahisə edilən Binəqədi qəsəbə Bələdiyyəsinin 873/1 saylı, xx.xx.2004-cü il tarixli qərarı da bu qaydada artıq qüvvədən düşmüşdür. Mübahisələndirilən qərar artıq qüvvədən düşdüyündən, mübahisə də mövcud deyildir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405, 119.1ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5115/2016 saylı mülki iş üzrə qəbul etdiyi xx xxx 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 50 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar