Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9009/2021 19.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, X1, İddiaçı2 Sattar qızının, İddiaçının vəkili X4 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, X11, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən cavabdehlərin istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23.06.2021-ci il tarixli, 2(003)-379/2021 nömrəli qətnaməsindən iş üzrə iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, X11, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, 8000 manat məbləğində kompensasiya ödəməklə cavabdehlərin ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı2 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 şəxsi mülkiyyətində başqa yaşayış yeri olduğu üçün onun ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüquqlarına kompensasiya verilmədən və Cavabdeh2 6000 manat kompensasiya verilməklə onun ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı1 nümayəndəsi İddiaçı2 yenidən iddia tələbini dəqiqləşdirərək, Cavabdeh1 şəxsi mülkiyyətində başqa yaşayış yeri olduğu üçün onun ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüquqlarına kompensasiya verilmədən və Cavabdeh2 7200 manat kompensasiya verilməklə onun ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 01.07. 2017-ci il tarixli RX Seriyalı ******* nömrəli dövlət reyestrindən çıxarışa əsasən, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ ilə İddiaçı1 adına qeydiyyata alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4439/19 saylı, 17 aprel 2017-ci 11 tarixli qərardadı ilə miras əmlakın bölünməsi tələbinə dair iddiaçılar arasında bağlanılmış aşağıdakı məzmunda olan barışıq sazişi təsdiq edilmişdir: Cavabdeh İddiaçı1 bacıları İddiaçı2, İddiaçı3, İddiaçı4, X3 həqiqətən də 05.05.1990-cı ildə vəfat etmiş X9 vərəsələri olduğunu qəbul edir, cavabdeh İddiaçı1 atasından miras qalan, ünvan 3 ünvanda yerləşən evin faktiki olaraq bacıları İddiaçı2, İddiaçı3, İddiaçı4, X7 tərəfindən qəbul edildiyini nəzərə alaraq aralarında 1/5 payla (yəni bərəbər) bölünməsinə etiraz etmir. Qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4439/19 saylı 17 aprel 2019-ci il tarixli qərardadı ilə evin mülkiyyət rejimi dəyişmiş və həmin ev paylı mülkiyyət hüququ ilə iddiaçıların bərəbər payda mülkiyyətinə keçmişdir. İddiaçı1 övladları olan cavabdehlər həmin mənzildə doğulmuşlar, mənzil və mülki qanunvericiliyin müdəalarına görə mənzildən istifadə hüququna malikdirlər. Lakin, hazırda evin mülkiyyətçiləri ilə cavabdehlərin ailə münasibətlərinə xitam verilmişdir. Son zamanlar iddiaçılar ilə cavabdehlərin birgə yaşaması qeyri-mümkün olmuşdur. Cavabdehlər onların mülkiyyət hüquqlarını məhdudlaşdırır, onlara hədə-qorxu gəlib mənzilə buraxmırlar, ataları İddiaçı1 mütamadi olaraq döyüb psixi və fiziki işgəncələrə məruz qoyurlar, sonuncu dəfələrlə polisə şiklayət etmiş, həmin şikayətlər üzrə müvafiq araşdırmalar aparılmış, cavabdehlər inzibati məsuliyyətə cəlb edilmişlər. Lakin, cavabdehlər bundan nəticə çıxarmamışlar, islah olunmamışlar, mülkiyyətlərində olan əmlak barədə sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirməklərinə imkan vermirlər. Bütün bunlar onu göstərir ki, iddiaçıların cavabdehlər ilə bir mənzildə yaşamaqları qeyrimümkündür. Ona görə cavabdehlərin evdən istifadə hüququna xitam verilməsi barədə məhkəmədə iddia qaldırmaq qərarına gəlmişlər. Cavabdehlərin mübahisəli mənzildən istifadə etmək hüququ 01.09.2000-ci il tarixdən əvvəl yaransa da, AR Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən 26.09.2007-ci il qərarının müddəaları baxımından mülki hüquq münasibətlərinin uzanan xarakter daşıması nəzərə alınmaqla cavabdehlərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi ilə əlaqədar münasibətlər hazırda qüvvədə olan AR Mülki Məcəlləsinin 228.2-ci maddəsi ilə tənzimlənir. Cavabdeh2 kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi üçün ona ödənilməli olan pul kompensiyasının məbləğini müəyyən edərkən nəzərə alınmalıdır, mülkiyyətlərində olan mənzil Bakı şəhərinin ucqar məkanı olan Şüvəlan qəsəbəsində yerləşir. Bu qəsəbədə olan mənzillər orta kirayə haqqı Bakını digər rayonlarında yerləşən mənzillərdən münasibətdən ucuzdur, oxşar yerdə olan və oxşar şəraitə malik olan iki otarlı mənzillin kirayə haqqı 150-200 manat civarındadır. Ona görə hesab edirlər ki, cavabdehin oxşar şəraitə malik başqa mənzildə davamlı surətdə uzun müddət yaşaması üçün 7200 manat kompensasiyanın verilməsi ağlabatan məbləğdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23.06.2021-ci il tarixli, 2(003)-379/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilməsi, Cavabdeh2 İddiaçı1 tərəfindən 7200 manat məbləğində kompensasiya verilməklə Cavabdeh2 ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüquqlarına xitam verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçılar apellyasiya şikayəti verərək, iddia tələbinin tam təmin edilməsini xahiş etmişlər. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsi məhkməyə təqdim edilən zaman Cavabdeh1 adına başqa yaşayış sahəsi mövcud olmamış, lakin sonradan işə məhkmədə baxılan ərəfədə cavabdeh vərəsəlik üzrə mülkiyyətinə başqa yaşayış sahəsi əldə etmişdir. Məhkəməyə təqdim edilmiş DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinbin 02.06.2021-ci il tarixli rəsmi məktubunda müəyyən olunur ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsi, ev 92/2, 11 saylı mənzil 23.08. 2017-ci il tarixdə X6 adına qeydiyyatdan keçmişdir. 5 saylı ASAN xidmət mərkəzinin xüsusi notariusu N.K. Gülməmmədova tərəfindən təstiqlənmiş 07.10.2020-ci il tarixli vərəsəlik hüququ haqqqında Şəhadətnamədən görünür ki, həmin mənzil Cavabdeh1 adına qeydiyyatdan keçmiş və hazırda onun mülkiyyətindədir. Göründüyü kimi, Cavabdeh1 adına Bakı şəhəri, Xəzər rayonunun eyni qəsəbəsində olan, lakin daha sərfəli ərazidə yerləşən və daha yaxşı şəraiti olan başqa yaşayış sahəsi vardır. Belə olan halda, onun mübahisələ mənzilə olan istifadə hüququna kompensasiya verilmədən xitam verilməlidir. Kompensiya almaq hüququ öz təbiətinə görə o halda mümkündür ki , şəxsin başqa yaşayış yeri olmasın və kompensasiya pulu hesabına o başqa mənzildə davamlı surətdə kirayəçi kimi yaşamaq imkanını əldə etsin. Əgər mənzildən istifadə hüququna malik olan şəxsin mülkiyyətində hər hansı başqa yaşayış sahəsi vardırsa deməli o mənzililə təmin edilib və onun hər hansı başqa yaşayış sahəsində kirayələməğə ehtiyacı yoxdur. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 Sattar qızı və iddiaçının vəkili X10 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdilər. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasında gəlmədiklərindən və bu barədə məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı iddia tələbinin təmin edilməmiş hissəsində yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilibedilməməsinə hüquqi qiymət verilməlidir. Kollegiya işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 02.06.2021-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsi, ev 92/2, 11 saylı mənzil 23.08.2017-ci il tarixdə X6 adına ilkin qeydiyyatdan keçmişdir. 5 saylı ASAN Xidmət mərkəzində notariat ofisinin xüsusi notariusu N.K.Gülməmmədova tərəfindən təsdiqlənmiş 2V-335 reyestr nömrəli 07.10.2020-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən Cavabdeh1 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş RX seriyalı ******* saylı 01.07.2017-ci il tarixli Çıxarışın surətindən görünür ki, ünvan 2 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı1 adına qeydiyyatdan keçmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4439/2019 saylı 17.04.2019-cu il tarixli qərardadının surətindən görünür ki, iddiaçılar İddiaçı2, X8, İddiaçı4 və İddiaçı5 cavabdeh İddiaçı1 qarşı miras əmlakın bölünməsi tələbinə dair iddiaçılar arasında bağlanılmış aşağıdakı məzmunda olan barışıq sazişi təsdiq edilmişdir: Cavabdeh İddiaçı1 bacıları İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 həqiqətən də 05.05.1990-cı ildə vəfat etmiş X9 vərəsələri olduğunu qəbul edir, cavabdeh İddiaçı1 atasından miras qalan, ünvan 3 ünvanda yerləşən evin faktiki olaraq bacıları İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 tərəfindən qəbul edildiyini nəzərə alaraq aralarında 1/5 payla (yəni bərəbər) bölünməsinə etiraz etmir. 05.05.2021-ci il tarixli aktda qeyd olunur: “yazıb sizə bildirmək istəyirik ki, biz, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, M.Müşviq küçəsi, döngə 3-də yaşayanlar təsdiq edirik ki, Cavabdeh1 və Cavabdeh2 həmin ünvanda anadan olub və bu günə kimi yaşayırlar. İddiaçı1 artıq 5 ildir ki, həmin ünvanda yaşamır və ondan heç bir xəbər yoxdur. İddiaçı2 isə artıq 40 ildir ki, həmin ünvanda yaşamır və bu iki qardaşlara 5 ildir ki, problem yaradır." Babayev Etibar, Enkin Denis, Mursukayev Azər, Baxşıyeva Radan, Abdullayev Teymur, HaşımovA.B. İmzalar var. "xxxx" MMC-nin 08.05.2021-ci il tarixli LP-082/21 saylı daşınmaz əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, M.Müşviq küçəsində 0,1046 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin hazırkı bazar qiyməti torpaq sahəsi 68000 manat, fərdi yaşayış evi 15000 manat, həmin mənzilin orta aylıq kirayə haqqı isə 200-250 manat məbləğində qiymətləndirilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, İddiaçı1 mübahisəli mənzilin mülkiyyətçisi olduğundan, Cavabdeh1 isə mülkiyyətçinin ailə üzvü kimi həmin yaşayış sahəsində yaşamaqla yaşayış sahəsindən mülkiyyətçi ilə bərabər istifadə etmək hüququnu əldə etdiyindən, bununla da mübahisəli mənzildən istifadə hüququna malik olduğundan, İddiaçı1 mübahisəli mənzilin mülkiyyətçisi kimi, həmin mənzildən istifadə hüququna malik olan Cavabdeh1 yalnız kompensasiya verməsi yolu ilə onların mübahisəli mənzildən istifadə hüququna xitam verilməsini tələb edə bilər. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Cavabdeh1 mülkiyyətində digər yaşayış sahəsi olsa da, o mübahisəli evdə yaşayır. Bu hal Bakı şəhəri, Şüvəlan qəsəbəsi, M.Müşviq küçəsi, döngə 3 ünvanında yaşayan sakinlər tərəfindən tərtib edilmiş 05.05.2021-ci il tarixli aktlı və iddia ərizəsinin dəlilləri ilə öz təsdiqini tapır. Beləliklə, Cavabdeh1 yaşayış sahəsindən könüllü surətdə köçməsi halı müəyyən edilmədiyindən onun istifadə hüququna kompensasiya verilmədən xitam verilməsi əsaslı hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. Göründüyü kimi, birinci instansiya məhkəməsi iddia tələbini Cavabdeh1 münasibətdə rədd etməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmiş və bu səbəbdən də, iddiaçının dəlilləri əsaslı sayıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, X8, İddiaçı4 və İddiaçı5 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23.06.2021-ci il tarixli, 2(003)-379/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-9009/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9009/2021
19.10.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver