Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9012/2021 18.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər İbayev Vəfaddin Ələm oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X10in katibliyi, İddiaçı Mirzəbala qızının, onun nümayəndəsi X5, nümayəndəsi – vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Mirzəbala qızının Cavabdeh qarşı “özbaşına tikililərin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Mirzəbala qızı Cavabdeh qarşı “özbaşına tikililərin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Dəmiryolçular küçəsi döngə 4, ev 15-15A saylı fərdi yaşayış evi 137,2 kv.m sahədən ibarətdir. Həmin fərdi yaşayış evinin 2 otaq - 26,3 kv.m hissəsi üzərində Cavabdeh, qalan hissədə İddiaçı və X1 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Cavabdeh birgə mülkiyyətlərində olan fərdi yaşayış evində qanunsuz tikinti işləri aparmış, texniki pasportda göstərilməyən tikililər inşa etmişdir. Əlavə otaqlar, mətbəx və eyvan sahələri inşa edilmişdir. Ancaq özbaşına tikililər istisna olmaqla, mübahisəli evin 04.02.2016-cı ildə tərtib edilmiş texniki pasportunda qeyd olunan yalnız 26,3 kv.metrdən ibarət olan 2 otaq sahəsi dövlət reyestrində cavabdehin adına qeydə alınmışdır. Mübahisəli evdən iddiaçı ilə onun payları müəyyən edilsə də, paylar üzrə aralarında real bölgü (naturada) aparılmamışdır. Mübahisəli evin iddiaçı ilə onun paylı mülkiyyətlərində olan sahənin və istifadələrində olan torpaq sahəsinin çox hissəsi, cavabdehin istifadəsində qalıb. Texniki pasportda göstərilməyən tikililərin inşa olunduğunun və həmin tikililərin qanunsuz olub-olmadığının müəyyən edilməsindən ötrü məhkəmə tikinti-texniki ekspertizası keçirilməlidir. Mübahisənin müəyyən olunmuş hallarından göründüyü kimi lazımi icazələr alınmadan və layihə sənədləri müvafiq orqanlarla razılaşdırılmadan cavabdeh tərəfindən əlavə tikililər və hasar inşa edilmişdir. Həmin tikililər bunun üçün lazımi icazələr alınmadan inşa edildiyi, eləcə də daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığı üçün özbaşına tikili hesab olunur. Cavabdeh tərəfindən tikilmiş həmin özbaşına tikililər iddiaçıya ev və torpaq sahəsindən istifadə etməyə imkan vermir. Evin iddiaçıya məxsus hissəsində müəyyən edilmiş qüsurların yaranmasına səbəb ola bilər. Hesab edir ki, aparılmış həmin özbaşına tikililər təhlükə mənbəyinə çevrilmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, texniki pasportda qeyd olunan İV nömrəli darvazadan daxil olduqda sol tərəfdə 5,4 metr uzunluğunda, 1,7 metr hündürlüyündə mişar daşından inşa olunmuş hasar, həmin darvazadan daxil olduqdan sonra 11 metr 5.9x5.9 metr ölçüdə, 3.3 metr hündürlükdə mişar daşından inşa olunmuş yarımçıq tikili (fərdi yaşayış evi) Cavabdeh tərəfindən sökülməsi və onun hesabına əvvəlki vəziyyətə gətirilməsi, “A” litreli fərdi yaşayış evinin 1 nömrəli otağının 2 hissəyə bölünərək 3.8 x 2.4 metr və 3.62 x 2.4 metr ölçüdə yaradılmış otaqları Cavabdeh tərəfindən ləğv edilərək otaq əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli 2(003)-233/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mülki Məcəllənin 180.4-cü maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Sözügedən normadan göründüyü kimi özbaşına tikilinin sökülməsinə dair iddianı bir qayda olaraq səlahiyyətli müvafiq icra hakimiyyəti orqanları qaldırmaq hüququna malikdir. Maraqlı tərəflər kimi hüquqi və ya fiziki şəxslər yalnız o halda özbaşına tikilinin sökülməsinə dair iddia qaldırmaq hüququnun subyekti kimi qəbul edilə bilərlər ki, həmin özbaşına tikilinin onların qanunla qorunan maraqlarına toxunması faktı aşkar müəyyən olunsun. Qna görə də, əgər iddia qaldırmış hüquqi və ya fiziki şəxslərin özbaşına tikili ilə əlaqəli olan hər hansı hüququnun pozulmasından söhbət gedə bilərsə, müvafiq olaraq onlar Mülki Məcəllənin 180.4-cü maddəsində göstərilən maraqlı tərəf kimi çıxış edə bilərlər. Bu mənada, hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəli tikililərin iddiaçının qanunla qorunan mənafelərini pozub-pozmadığını araşdırmamış və işin halları ilə ziddiyyət təşkil edən nəticəyə gəlmişdir. İşin hallarından müəyyən olunur ki, iddiaçının sökülməsini xahiş etdiyi tikililər iddiaçının özünə məxsus olan evdə və torpaq sahəsindən istifadəsinə maneçilik törədir. Belə ki, 137.2 kv.m sahədən ibarət evin 26.3 kv.m sahəsini təşkil edən iki otağı cavabdehin, qalan hissə isə iddiaçının mülkiyyətindədir. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 08 may 2021 -ci il tarixli rəyindən görünür ki, “A” literli fərdi yaşayış evinin 1 nömrəli otağının 2 hissəyə bölünərək 3.8x2.4 metr və 3.65x2.4 metr ölçülərdə yaradılmış otaqlar vardır. Həmin otaqların ləğv edilərək əvvəlki vəziyyətə qaytarılması barədə iddia tələbinə isə məhkəmə tərəfindən ümumiyyətlə hər hansı qiymət verilməmişdir. Həmin hissədə iddia tələbi tamamilə qanuni və əsaslı olduğuna görə təmin edilməli idi. İddia tələbinin İV nömrəli darvazadan daxil olduqda sol tərəfdə 5.4 metr uzunluğunda, 1.7 metr hündürlüyündə mişar daşından inşa olunmuş hasar, həmin darvazadan daxil olduqdan sonra 11 metr sonra 5.9 x 5.9 metr ölçüdə, 3.3 metr hündürlükdə mişar daşından inşa olunmuş yarımçıq tikiliyə (fərdi yaşayış evi) münasibətdə qeyd etmək lazımdır ki, həmin tikililər 04.02.2016-cı il tarixli texniki pasportda göstərilməyən tikililərdir. İV nömrəli darvazadan daxil olduqda sol tərəfdə 5.4 metr uzunluğunda, 1.7 metr hündürlüyündə mişar daşından inşa olunmuş hasara münasibətdə onun 1998-ci ildə tikildiyi nəzərə alındığında ona münasibətdə 2000-ci ilin sentyabrınadək qüvvədə olan Mülki Məcəllənin müddəalarının tətbiq edilib- edilməməsi araşdırılmamışdır. Bundan başqa, həmin tikililər ümumi istifadə üçün nəzərdə tutulmuş torpaq sahəsində inşa olunmaqla hərəkəti məhdudlaşdırmışdır. Həmin hasar torpaq sahəsindən ümumi istifadəyə, gedib-gəlməyə imkan vermir. Həmçinin, bunlar tərəflərin izahatları ilə yanaşı, ekspert rəyi ilə də öz təsdiqini tapır. Beləliklə, qeyd olunan tikililərin iddiaçının öz evindən və faktiki torpaq sahəsindən istifadəsi üçün real maneə törətdiyi müəyyən olunduğundan onun özbaşına tikili ilə əlaqəli olan hüququnun və marağının pozulmasından söz etmək mümkündür. Həmçinin, hasara münasibətdə nəzərə almaq lazımdır ki, iddiaçı onu məhkəməyə müraciət etmədən də sökə bilərdi. Təsadüfi deyildir ki, iddiaçı da izahatında göstərdiyi kimi tiklinin sökülməsini daha çox ona görə tələb etmişdir ki, evdə və torpaq sahəsində təmir-bərpa işlərinin aparılmasına maneələr yaratdığına görə, o da öz növbəsində cavabdeh tərəfindən inşa edilmiş tikilinin sökülməsinə dair iddia qaldırmışdır. Bundan başqa məhkəmə torpaq sahəsinin dövlət mülkiyyətində olduğunu qeyd etsə də, prosesdə üçüncü şəxs kimi Xəzər Rayon İcra Hakimiyyətinin iştirakını təmin etməmişdir. Məhkəmə iclasında İddiaçı, habelə onun nümayəndəsi X8, nümayəndəsi – vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Əmlak Məsəllələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrdən verilmiş 05.02.2016-cı il tarixli Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 137,2 kv.metrdən ibarət fərdi yaşayış evi paylı mülkiyyətdə olmaqla, 2 otaq – 26,3 kv.metr Cavabdeh, qalan hissə isə İddiaçı və X2 xüsusi mülkiyyət hüququ ilə məxsusdur. Həmin Çıxarışdan görünür ki, evin yerləşdiyi 0,01151 ha torpaq sahəsi dövlət mülkiyyətindədir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 12.01.2002-ci il tarixdə vəfat etmişdir. Bu barədə Xəzər rayon Qeydiyyat şöbəsinin akt qeydləri kitabında 70 nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08.05.2021-ci il tarixli 10/315 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, texniki pasportda qeyd olunan İV nömrəli darvazadan daxil olduqda sol tərəfdə 5,4 metr uzunluğunda, 1,7 metr hündürlüyündə mişar daşından inşa olunmuş hasar, həmin darvazadan daxil olduqdan sonra 11 metr 5.9 x 5.9 metr ölçüdə, 3.3 metr hündürlükdə mişar daşından inşa olunmuş yarımçıq tikili (fərdi yaşayış evi), İİİ nömrəli darvazadan daxil olduqda, piləkənləri qalxan kimi sağ tərəfdə mişar daşdan inşa olunmuş 2.5 x 3.11 m ölçüdə yaşayış otağı “texniki pasport”da öz əksini tapmamışdır. Həmçinin qeyd olunur ki, “A” litreli fərdi yaşayış evinin 1 nömrəli otağı 2 hissəyə bölünərək 3.8 x 2.4 m və 3.65 x 2.4 m ölçülərdə otaqlar yaradılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Belə ki, işin məhkəmə iclasında araşdırılan hallarından və tərəflərin verdikləri izahatlardan müəyən olunur ki, mübahisəli fərdi yaşayış evi tərəflərin ümumi paylı mülkiyyətindədir. Əmlakın üçüncü mülkiyyətçisi olan X3 ölmüşdür və tərəflərin bildirdiyinə görə, onun vərəsəsi olmadığından hazırda onun payı ilə bağlı sənədləşdirmə işləri aparılmaqdadır. Mübahisəli mənzilə dair tərtib edilmiş sənədlərdən müəyyən edilir ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətində olsa da, tərəflər arasında faktiki olaraq bölünmüş və onların hər birinin istifadəsində olan torpaq sahəsi hasarla bir-birindən təcrid edilməklə, həyətə ayrıca giriş-çıxış qapıları vardır. Belə ki, iddiaçı Texniki Pasportda göstərilən İİİ saylı qapıdan, cavabdeh isə İV saylı qapıdan istifadə edirlər. Qeyd edilən fakt texniki pasportda öz əksini tapmışdır. Həmçinin müəyyən edilir ki, fərdi yaşayış evində cavabdehin payı naturada ayrılmış və 26,3 kv.m olan 2 otaq onun mülkiyyətinə verilmişdir. Tərəflər mübahisələndirmirlər ki, həmin iki otaq texniki pasportda göstərilən 3 (14,7 kv.m) və 4 (11,6 kv.m) saylı otaqlardır. Bundan başqa, müəyyən edilir ki, iddia ərizəsində sökülməsi tələb olunan 5,4 metr uzunluğunda, 1,7 metr hündürlüyündə olan hasar, habelə 5,9x5,9 metr ölçüdə, 3,3 metr hündürlüyü olan tikili cavabdehin istifadəsində olan həyətyanı sahədə cavabdehin tərəfindən, «A» literli tikilidə 1 nömrəli otağın iki hissəyə bölünərək 3,8x2.4 metr və 3,65x2,4 metr ölçülərdə iki otağın yaradılması isə iddiaçının özü tərəfindən öz istifadəsində olan hissədə həyata keçirilmişdir. İddiaçı cavabdeh tərəfindən aparılan tikinti işlərinin qanunsuz olmaqla, onun torpaq sahəsindən istifadə hüquqlarını məhdudlaşdırdığını, bu tikililərin təhlükə mənbəyi olmaqla, evin ona məxsus hissəsində qüsurların yaranmasına səbəb ola biləcəyini qeyd etmişdir. Lakin işin araşdırılan halları ilə müəyyən edilir ki, iddiaçı tərəfindən inşa edilmiş tikililər onun faktiki istifadəsində olan həyətyanı sahədə yerləşir və evə dair texniki pasporta əsasən iddiaçının öz istifadəsində olan torpaq sahəsindən istifadə etməsinə hər hansı şəkildə mane olmur. Üstəlik, həmin tikililərin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətində olmaqla, texniki pasporta əsasən cavabdehin istifadəsindədir və iddiaçının istifadəsində olan torpaq sahəsindən təcrid olunmuşdur. Başqa sözlə, həmin tikililərin yerləşdiyi torpaq sahəsinin iddiaçıya hər hansı hüquqi bağlılığı yoxdur. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının həmin tikililərin sökülməsini tələb etməyə subyektiv hüququ olmamışdır. İddiaçının cavabdehin hesabına sökülməsini tələb etdiyi digər qanunsuz tikili («A» literli tikilidə 1 nömrəli otağın iki hissəyə bölünərək 3,8x2.4 metr və 3,65x2,4 metr ölçülərdə iki otağın yaradılması) ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı həmin tikilinin onun istifadəsində olan hissədə yerləşdiyini və onun tərəfindən inşa edildiyini bildirsə də, bu tikilinin sökülməsini onun inşa edilməsinə və istifadəsinə heç bir aidiyyatı olmayan Cavabdeh tələb etmişdir. Bu səbəbdən məhkəmə kollegiyası iddianın həmin hissəsi ilə bağlı hesab edir ki, Cavabdeh həmin iddiaya cavab verməli şəxs deyildir və onun tərəfindən iddiaçının hər hansı hüquqları pozulmamışdır. İddiaçının cavabdehin hesabına sökülməsini tələb etdiyi digər qanunsuz tikili («A» literli tikilidə 1 nömrəli otağın iki hissəyə bölünərək 3,8x2.4 metr və 3,65x2,4 metr ölçülərdə iki otağın yaradılması) ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı həmin tikilinin onun istifadəsində olan hissədə yerləşdiyini və onun tərəfindən inşa edildiyini bildirsə də, bu tikilinin sökülməsini onun inşa edilməsinə və istifadəsinə heç bir aidiyyatı olmayan Cavabdeh tələb etmişdir. Kollegiya hesab edir ki, Cavabdeh həmin tikilini inşa etmədiyindən və ondan sitifadə etmədiyindən, onun tərəfindən iddiaçının hər hansı hüquqları pozulmamışdır və həmin iddiaya cavab verməli şəxs deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-ci maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır M.Bağırovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli Qərarı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Hazırki iddia tələbi ilə bağlı məhkəmə eyni zamanda aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Oxşar hüquqi mövqe İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 avqust 2012-ci il tarixli Qərarında da ifadə olunmuşdur. X9 Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İşin yuxarıda sadalanan hallarını və Konstitusiya Məhkəməsinin bu qərarlarında formalaşdırdığı hüquqi mövqeyini nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Mirzəbala qızını qeyd edilən tikililərin sökülməsi ilə bağlı iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. “İnsan Hüquqları üzrə Ümumi Bəyannamə”nin 8-ci maddəsinə əsasən hər bir şəxs konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsasında yoxlayaraq bu qənaətə gəlir ki, iddia tələbi əsassız olmuşdur və işə baxmış məhkəmə mübahisənin mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında göstərmişdir ki, “konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər”. Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında göstərmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ : İddiaçı Mirzəbala qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli 2(003)-233/2021 saylı qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-9012/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9012/2021
18.11.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver