Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-902/2021 22.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçının vəkili X5 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 avqust 2020-ci il tarixli 2(006)- 1147/2020 nömrəli qətnaməsindən iddiaçı X4 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X1 Cavabdeh ASC-yə qarşı «ipoteka müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, H.B.Əliyev küçəsində istifadədə olan 0.08 ha torpaq sahəsində yerləşən 5 nömrəli beş mərtəbəli binanın 5-ci girişində, 5-ci mərtəbəsində 57,84 kv.m ümumi, 43,14 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 60 nömrəli mənzil (sonradan mübahisəli mənzil) tam mülkiyyət hüququ üzrə iddiaçıya məxsusdur və Daşınmaz Əmlakın Dövlət Reyestrində 30 yanvar 2008-ci il tarixində 634 nömrəli reyestr kitabında 58226 nömrəli vərəqində qeydiyyata alınmışdır. İddiaçı həmin tarixdən göstərilən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. 2019cu ilin oktyabr ayına icra şöbəsinə dəvət olunduğu zaman ona məlum olmuşdur ki, Cavabdeh ASC ilə X10 arasında bağlanmış 07 dekabr 2017-ci il tarixli, 7130F nömrəli krdeit müqaviləsinə əsasən mənzil alınması üçün ona illik faiz dərəcəsi 20% olmaqla 48 ay müddətinə 56.000 (əlli altı min) manat məbləğində kredit verilmişdir. O cümlədən iddiaçıya məxsus mübahisəli mənzil 07 dekabr 2017-ci il tarixli ipoteka müqailəsi ilə bankın xeyrinə yüklü edilmişdir. Məhkəmə qətnaməsindən ona məlum olmuşdur ki, X6 banka kredit müqaviləsi üzrə borcu yaranmışdır. İddiaçı qeyd edir ki, mübahisəli mənzilin ipoteka ilə yüklü edilməsindən məlumatı olmayıb və yeganə yaşayış yeri olan mənzilin ipotekaya qoyulmasına razılıq verməmişdir. O cümlədən mənzilə baxış keçirilmədən “xxxx” MMC tərəfindən mənzilin hərracdan ilkin satış qiyməti 85.000 (səksən beş min) manat məbləğində müəyyən edilmişdir. Ən azından mənzilə baxış keçirilmiş olsa idi, iddiaçı mənzilin ipotekaya qoyulmasından məlumatlı olardı. İş materiallarından aşkaar görünür ki, mübahisəli mənzilə dair ipoteka müqaviləsi bağlanan zaman iddiaçının yazılı razılığı alınmamışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 avqust 2020-ci il tarixli 2(006)- 1147/2020 nömrəli qətnaməsi ilə iddiaçı X1 Cavabdeh ASC-yə qarşı «ipoteka müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddiasının təmin edilməməsi qət olunmuşdur. Qətnamədən iddiaçı X4 apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1147/2020 saylı iş üzrə 26.08.2020-ci il tarixli qətnaməsininin ləğv edilməsini və Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsində istifadədə olan 0.08 ha torpaq sahəsində yerləşən 5 nömrəli, 5 mərtəbəli binanın 5-ci girişində, 5-ci mərtəbəsində 57.84 kv.m ümumi 43.14 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 60 nömrəli mənzilinə dair bağlanmış ipoteka müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırır ki, birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə qəbul edilən zaman məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamış və işə baxılarkən prosessual hüquq normaları kobud şəkildə pozulmuşdur. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsində istifadədə olan 0.08 ha torpaq sahəsində yerləşən 5 nömrəli, 5 mərtəbəli binanın 5-ci girişində, 5-ci mərtəbəsində 57,84 kv.m ümumi 43.14 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 60 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə ona məxsusdur və daşınmaz əmlak dövlət reyestrində 30 yanvar 2008-ci il tarixində (********** qeydiyyat nömrəli, **********67-05101-09301 8 reyestr nömrəli) 634 nömrəli reyestr kitabında 58226 nömrəli vərəqində qeydiyyata alınmışdır. O, həmin tarixdən göstərilən ünvanda ailə üzvlərilə birlikdə yaşayır. 2019-cu ilin oktyabr ayında icra şöbəsinə dəvət olunduğu zaman ona məlum olmuşdur ki, "Cavabdeh" ASC ilə X10 arasında bağlanmış 07.12.2017-ci il tarixli, 7130 F №-li kredit müqaviləsinə əsasən mənzil alınması üçün ona illik faiz dərəcəsi 20 % faiz olmaqla 48 (qırx səkkiz.) ay müddətinə, 56.000 manat məbləğində kredit verilmişdir. O cümlədən ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 5 saylı evin 60 saylı mənzil 07 dekabr 2017-ci il tarixli ipoteka müqaviləsi ilə bankın xeyrinə yüklü edilmişdir. Məhkəmə qətnaməsindən ona məlum olmuşdur ki, kredit müqaviləsinə əlavə olunmuş qrafik üzrə X10 ödənişləri bir müddət vaxtlı-vaxtında və artıqlamasıyla həyata keçirmişdir. Ödəmələrdə gecikdirilmələr olduğu üçün iddiaçı "Cavabdeh" ASC kredit müqaviləsi üzrə əsas kredit borcunu, bundan əlavə 48 ay müddətinə bağlanmış kredit müqaviləsi üzrə 48 ay üçün faizləri və hər gecikdirilən gün üçün cərimə tələb edir. O, bu mənzilin ipoteka ilə yüklü edilməsindən məlumatlı olmadığını və yeganə yaşayış yeri olan mənzilinin ipotekaya qoyulmasına razılıq vermədiyini bildirmişdir. Onun yeganə yaşayış yeri olduğu üçün buna razıda ola bilmədiyini qeyd etmişdir. О cümlədən mənzilinə baxış keçirilmədən “xxxx" MMC tərəfindən mənzilin hərracdan ilkin satış qiyməti 85.000 manat məbləğində müəyyən edilmişdir. Ən azından mənzilə baxış keçirilmiş olsaydı o mənzilinin ipotakaya qoyulmasından məlumatlı olardım. Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsində istifadədə olan 0.08 ha torpaq sahəsində yerləşən 5 nömrəli, 5 mərtəbəli binanın 5-ci girişində, 5-ci mərtəbəsində 57,84 kv.m ümumi 43.14 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 60 nömrəli mənzilinə dair ipoteka müqaviləsi bağlanarkən onun razılığı alınmamışdır. Məhkəmə işin obyektiv və ədalətli baxımından ən azından notariat kontorundan notariat işini tələb etməli, notariat işində onun razılığı olub-olmamasını, qrafiki imzanın ona mənə məxsus olub-olmamasını müəyyən etmək üçün iş üzrə xətşünaslıq ekspertizası təyin etməli idi. Göründüyü kimi məhkəmə işin obyektiv araşdırılmasında maraqlı olmamışdır. Məhkəmənin digər nəticəsi isə ondan ibarət olmuşdur ki, o, hazırki iddia tələbi ilə MM-nin 354-cü maddəsində göstərilən iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Buna görə də, məhkəmə hesab etmişdir ki, onun ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia tələbi təmin olunmamalıdır. Məhkəmənin gəldiyi bu nəticə ilə razılaşmır və bildirmək istəyir ki, o icra şöbəsinə dəvət olunduğu zaman məhkəmə qətnaməsindən məlumatı olmamışdır. Məhkəmə qətnaməsi ilə tanış olduqdan sonra mülkiyyətində olan mənzilin ipoteka qoyulduğunu bilmişdir. Əgər o, əmlakının ipotekaya qoyulmasından məlumatlı olmamışsa və belə bir razılıq verməmişsə hansı kəsici müddətdən və ya iddia müddətinin axımından söhbət gedir. Göstərilən hallar məhkəmə tərəfindən aydınlaşdırlmadan iddia müddəti tətbiq edilə bilməzdi.İş materiallarından və məhkəmə qətnaməsindən göründüyü kimi iş üzrə heç bir araşdırma aparılmamışdır. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili X11 iddia tələbinin və apellyasiya şikayətinin dəlillərinə istinad edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.Həmçinin, beş vərəqdən ibarət iddiaçı X1 imza və xətt nümunələrini təqdim edərək xəttşünaslıq ekspertizasının təyin olunmasını xahiş etsə də, iddiaçının özünün məhkəmə iclasında iştirakını təmin etmək, beləliklə də, imza-xətt nümunələrinin iddiaçıdan məhkəmə iclasında alınmasının mümkün olmadığını bildirmişdir. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir.Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəfin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarında olan 07.12.2017-ci il tarixli 7130F nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh ASC X8 48 ay müddətinə illik 20%olmaqla 56.000 (əlli altı min) manat krdeit vermişdir. İş materiallarında olan ipoteka müqaviləsindən görünür ki, Cavabdeh ASC X10 arasında bağlanmış 07.12.2017-ci il tarixli kredit müqaviləsinin icrasının təmin edilməsi üçün X2 məxsus Bakı şəhəri, Nəsimi rayonu, H.B.Əliyev küçəsində istifadədə olan 0.08 ha torpaq sahəsində yerləşən 5 nömrəli beş mərtəbəli binanın 5-ci girişində, 5-ci mərtəbəsində 57,84 kv.m ümumi, 43,14 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 60 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında çıxarışından görünür ki, iddiaçıya məxsus mübahisəli mənzil 12.12.2007-ci il tarixdən Cavabdeh ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Nəsimi rayon Məhkəməsinin 2(006)-1798/2019 saylı, 03.06.2019-cu il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ASC-nin X10 və X3 qarşı “krdeit müqaviləsi üzrə borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” nə dair iddiası təmin edilmişdir. Hazırda iddiaçı, Cavabdeh ASC ilə bağlanmış ipoteka müqaviləsinin etibarsız hesab edilməsini istəyir. Məhkəmə kollegiyası hazırki mülki işin hüquqi tərəfləri ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 339.1-339.4-cü maddələrinə əsasən, hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. İş materiallarından göründüyü kimi, iddiaçı ipoteka müqaviləsini mübahisələndirərkən əqdin etibarsızlığına dair qanunvericilikdə müəyyən edilmiş və yuxarıda qeyd edilən əsaslara istinad etmişdir. Qeyd olunan hüquq normalarının məzmunundan aydın olduğu kimi, hazırki halda tərəflər arasında bağlanmış əqd o zaman etibarsız sayıla bilər ki, iddiaçının ağır vəziyyətə düşməsi və digər tərəfin, yəni cavabdehin bundan istifadə etməsi nəticəsində iddiaçının özü üçün son dərəcə əlverişsiz şərtlərlə müqavilə bağlamağa məcbur olduğu və yaxud da əqdi məcburetmə (zorakılıq və ya hədələmə) təsiri altında bağladığı sübuta yetirilsin. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, iddiaçının istinad etdiyi etibarsızlıq şərtlərinin faktiki hallarını sübut etmək yükü onu iddia edən tərəfin üzərinə düşür. Bununla belə, istinad olunan etibarsızlıq halının hər hansı bir zəruri şərtinin aşkar edilməməsi bu xarakterli iddia tələbinin rədd edilməsi üçün əsasdır. Hazırkı mülki işdə isə iddiaçı yuxarıda sadalanan etibarsızlıq şərtlərinə istinad etsə də, ipoteka müqaviləsinin bağlanılması ilə bağlı iradəsinin təşəkkül etməsinə təsir edən amillərdə cavabdehin məcburetmə hərəkətlərinin mövcud olduğunu, onunla cavabdeh arasında özünün zəifliyindən qaynaqlanan tənasübsüzlük olmasını, cavabdehin bu zəiflikdən istifadə edərək onu qəsdən istismar etməsini və müqavilənin də bunun nəticəsində bağlanıldığını (ağır şərtli əqd) bildirən, habelə sözügedən ipoteka müqaviləsi bağlanarkən tərəflərin hüquqi nəticə əmələ gətirməmək barədə razılığa gəldiklərini təsdiqləyən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı həm də mübahisə predmeti olan ipoteka müqaviləsi üzrə həmin müqavilənin onun tərəfindən imzalanmamasını qeyd etsə də, iş materialları ilə həmin hal sübuta yetirilməmiş, hətta 1-ci instansiya məhkəməsində iddiaçının özü tərəfindən də xətşünaslıq ekspertizasının keçirilməsini belə tələb etməmişdir. Apellyasiya şikayətinin dəlillərini yoxlamaq üçün məhkəmə 04.03.2021-ci il tarixli qərardadla Bakı şəhəri 6 saylı Notariat ofisindən mübahisələndirilən ipoteka müqaviləsi üzrə notariat işinin əslini tələb etmiş, xəttşünaslıq ekspertizasının keçirilməsi üçün iddiaçının məhkəmə iclasında iştirakının təmin olunmasını onun vəkilinə təkli etmiş, lakin məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili X11 beş vərəqdən ibarət iddiaçı X1 imza və xətt nümunələrini təqdim edərək xəttşünaslıq ekspertizasının təyin olunmasını xahiş etsə də, iddiaçının özünün məhkəmə iclasında iştirakını təmin etmək, beləliklə də, imza-xətt nümunələrinin iddiaçıdan məhkəmə iclasında alınmasının mümkün olmadığını bildirmişdir.Odur ki, iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizasının təyin olunması məqsədəmüvafiq olmamışdır. Məhkəmə proseslərinin gedişatı zamanı iddiaçı əqdin etibarsızlığının digər bir əsasına, MM-in 340.1-ci və 340.2-ci maddələrinə istinad etmişdir. Həmin maddələrdə qeyd olunur ki, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Mülki Məcəllənin 347.1-ci və 347.2-ci maddələrinə əsasən, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır: şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 12 mart 2020ci il tarixli qərarında qeyd olunmmuşdur ki, Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti və kəsici müddət arasındakı əsas fərqlər aşağıdakılardan ibarətdir: - iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin ondan bəzi istisnaları mövcuddur. Məsələn, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə, əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; - iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; - iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; - iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 377.1-ci maddəsinin tətbiqi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, qanunverici əmlak və qeyri-əmlak hüquqlarının pozulmasına dair iddia hüququna tətbiq edilən iddia müddətinin axımının başlanmasını şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilmək şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir. Qanun iddia müddətinin axımının başlanmasını obyektiv anla deyil, subyektiv anla əlaqələndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Maddi mənada iddia hüququ dedikdə, mülki hüquqların məcburi həyata keçirilməsi imkanı başa düşülür və bu imkan müəyyən müddətlə məhdudlaşır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, hətta mübahisə predmeti olan ipoteka müqavilələsi iddiaçının qeyd etdiyi əsaslar səbəbilə etibarsız olsaydı belə, iddiaçı tərəfindən bu əqdin etibarsızlığını mübahisələndirmə müddəti ötürüldüyündən ( kəsici müddət), tələb rədd edilməlidir. Çünki, Mülki Məcəllənin 354.1-ci və 354.2-ci maddələrinə görə, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. İddiaçı, həm əqdin əhəmiyyətsiz əqd olduğuna, həm də MM-in 340.1-ci və 340.2-ci maddələrinə istinad etdiyindən, həmin tələbə MM-nin 354.1-ci və 354.2-ci maddəsində nəzərdə tutulmuş bir illik kəsici müddət şamil edilir. Həmin müddətin axımının başlandığı tarix hesablanarkən şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gün nəzərə alınmalıdır. Hazırki işin hallarından və tərəflərin izahatlarından belə məlum olur ki, iddiaçı mübahisə predmeti olan ipoteka müqaviləlsi bağlanarkən öz hüquqlarının pozulduğunu bilməli idi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Viktor Ozerovun şikayəti üzrə 15 aprel 2011-ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki amilin mövcudluğu, habelə onların heç də həmişə üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm faktordur. Beləliklə, məhkəmə kollegiyası iş maeriallarında olan sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddiaçı X1 Cavabdeh ASC-yə qarşı «ipoteka müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddiasının əsassız olduğuna görə təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 avqust 2020-ci il tarixli 2(006)- 1147/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-902/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-902/2021
22.04.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver