Məhkəmə qərarları › İş №2(103)-902/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-902/2022

10.01.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-902/2022 10.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh2 ASC-yə qarşı “akt əsasında hesablanmış borcun silinməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli 2(005)-4362/2021 saylı qətnaməsindən Cavabdeh2 ASC tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Nərimanov rayon Sukanalı İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17.08.2021-ci il tarixdə Nərimanov rayon Sukanalı İdarəsi tərəfindən tərtib edilmiş 600677 saylı aktın ləğv edilməsi, aktın əsasında hesablanmış 2196 manat borcun silinməsinin cavabdehə həvalə edilməsi və sayğac üzrə tədbiq edilmiş qadağaların aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı tələbin həcminin artırılması barədə ərizə ünvanlayaraq, cavabdeh Nərimanov rayon Sukanalı İdarəsinin 17.08.2021-ci il tarixdə tərtib edilmiş 600677 saylı akt əsasında hesablanmış 2196 manat puldan ödənilmiş 200 manat pulun şəxsi hesabına qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı yenidən tələbin həcminin artırılması barədə ərizə ünvanlayaraq, Cavabdeh2 ASC-nin cavabdeh qismində məhkəmə prosesinə cəlb edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh2 ASC ilə bağlanmış 19219748 saylı, Kod 092863 müqavilə əsasında içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadə etmişdir. Müqavilənin şərtlərinə uyğun olaraq istifadə etdiyi içməli suyun dəyərini su xəttinin üzərində quraşdırılmış smart tipli sayğacın vasitəsi ilə kart üsulu ilə Cavabdeh2 ASC-yə ödəmişdir. 16.08.2021-ci il tarixdə saat 21-20 radələrində qeyri-iş vaxtı “Azərsu" ASC-nin struktur tərkibinə daxil olan Cavabdeh1 üç nəfər əməkdaşı tərəfindən onun şəxsi mülkiyyəti sayılan su sayğacının qoruyucu qutusunu ayaq zərbəsi ilə sındırıb açaraq baxış keçirilmiş, baxış nəticəsində 17.08.2021-ci il tarixində yəni bir gün sonra 600677 saylı akt tərtib edilib 723-İQ saylı “Su təchizatı və tullantı suları haqqında" Qanunun tələblərinin pozulmasına istinad edilərək, şəxsi hesabı üzrə 2196 manat borc tətbiq edilmiş, sayğac üzərinə qadağa qoyularaq, sudan sərfiyyat dayandırılmışdır. Akt onun iştirakı təmin edilmədən, yalnız Cavabdeh1 əməkdaşları tərəfindən tərtib edilmiş və imzalanmışdır. Aktda göstərilən tarix həqiqəti əks etdirmir saxtakarlığa yol verilərək 16.08.2021-ci il tarixi – 17.08.2021-ci il tarixi kimi göstərilmişdir. Aktda qeyd edilən “obyektə baxış keçirilən” cümləsi - həqiqəti əks etdirmir, qeyri-iş vaxtı olduğuna görə obyekt fəaliyyət göstərmirdi. Məhkəmə tərəfindən cavabdeh Nərimanov rayon Sukanalı İdarəsi əsl Cavabdeh2 ASC ilə əvəz edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli 2(005)- 4362/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, 17.08.2021-ci il tarixli Cavabdeh1 tərəfindən tərtib edilmiş 600677 saylı aktın ləğv edilməsi və akt əsasında hesablanmış 1994,2 manat borcun silinməsinin Cavabdeh2 ASC-nin üzərinə vəzifə kimi qoyulması, Cavabdeh1 tərəfindən tərtib edilmiş 600677 saylı akt əsasında hesablanmış 1994,2 manat borcdan məcburi ödənilmiş 200 manat məbləğində pulun İddiaçı hesabına qaytarılması, sayğac üzrə tətbiq edilmiş qadağaların Cavabdeh2 ASC tərəfindən aradan qaldırılması qət edilmişdir. Qətnamədən Cavabdeh2 ASC tərəfdən apelyasiya şikayəti verilərək, onun iddianın təmin edilmiş hissəsində ləğv edilməsi və apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 21,98 manat dövlət rüsumunun iddiaçıdan ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, ASC-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektə baxış keçirilən zaman sayğacdan kənar bir ədəd d=15 mm-lik boru vasitəsi ilə sudan qeyri-qanuni istifadə faktı aşkar edilmiş, bu barədə 17.08.2021-ci il tarixli 600677 saylı akt tərtib edilmiş, faktı təsdiq edən videoçəkiliş aparılmışdır. Akta əsasən 2196 manat dəymiş ziyan hesablanmışdır. Tərəflər arasında 28.08.2021-ci il tarixində borcun ödənilməsinə dair razılaşma protokolu imzalanmışdır. Həmin protokola əsasən iddiaçı ayda 333 manat olmaqla borcu 6 ay ərzində ödəyəcəyi barədə öhdəlik götürmüş və ilkin olaraq dəymiş ziyandan 200 manat ödəmişdir. Məhkəmə qətnamə qəbul edərkən, təqdim edilmiş video görüntülərə, razılaşma protokoluna və iddiaçının etirafedici ödənişinə hüquq qiymət verməmişdir. İddiaçının razılaşma protokolu imzalamaqla və 200 manat ödəniş etməklə qanunsuz sudan istifadə etdiyini etiraf etməsinə baxmayaraq məhkəmə bu faktlara hüquqi qiymət verməyərək əsassız qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Həmçinin qeyd etdi ki, iddiaçının obyektinə baxış 16.08.2021-ci il tarixdə axşam vaxtı gecə növbəsinin əməkdaşları tərəfindən keçirilmiş, akt isə növbəti gün tərtib edilmiş və bu zaman hər hansı qanunsuz hərəkətlərə yol verilməmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, iddiaçı işlətdiyi yuyucu sexinə aid olan, faktiki istifadəsindəki su çənini özünə aid sayğacdan keçən su ilə yox, Mənzil Kommunal Təsərrüfat Birliyinə çəkilmiş su xəttindən, yəni su krantından rezin boru vasitəsi ilə istifadə etməklə doldurmuşdur. MKTB-in su xətti isə sayğacdan kənar işləyir, belə ki, MKTB dövlət idarəsi olduğuna görə güzəşt edilərək sayğac qoyulmamışdır və həmin suya görə ödəniş aparılmır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. Qeyd etdi ki, ASC-nin onunla əvvəl də mübahisəsi olmuşdur, yəni barəsində əsassız akt tərtib olunmuş, lakin o, həmin aktı məhkəmə qaydasında mübahisələndirərək ləğv etdirmişdir. Həm əvvəlki, həm də hazırda mübahisələndirdiyi aktın tərtib olunmasında eyni şəxs, yəni Asif Əliyev iştirak etmişdir. Bu isə o deməkdir ki, ona qarşı qərəzli münasibət göstərilir. Çənin ona məxsus olub-olmamasını ASC-nin əməkdaşları müəyyən etməmişlər, həmin çən ümumi istifadədə olan çəndir və onun yuyucu sexindən kənarda yerləşir. Çəndən həm o, həm də MKTB-in əməkdaşları istifadə edir. Cavabdehin əməkdaşı onun iştirakını təmin etmədən 16.08.2021-ci il tarixdə qeyri iş vaxtı baxış keçirmişdir. 26.08.2021-ci il tarixli «Yaranmış borcun ödənilməsi qaydasına dair razılaşma protokulu»nu bağlamağa və 200 manat ödəniş etməyə ona görə razılaşmışdır ki, suyu kəsilməsin. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməklə iddia təmin edilməlidir. İş materiallarında olan Daşınmaz Əmlakın Texniki Pasportundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, İnqlab küçəsi, 53 saylı evin həyətində yerləşən qeyri-yaşayış binası - qaraj İddiaçı məxsusdur. Cavabdeh2 ASC-nin 600677 nömrəli aktının surətindən görünür ki, İddiaçı məxsus obyektə baxış keçirilər zaman yuyucu kimi fəaliyyət göstərən ünvanda sayğacdan kənar d=11 mm.-lik rezin boru vasitəsi ilə qanunsuz özünə məxsus su çəninın doldurduğu aşkar edilmişdir. Cavabdeh2 ASC-nin 18.08.2021-ci il tarixli ********* nömrəli «qanunsuz istifadə fakturası»ndan görünür ki, 18.08.2021-ci il tarixli 600677 saylı Akta əsasən su təchizatı və kanalizasiya xidmətlərindən qanunsuz istifadə haqqında ödəniş üçün cəmi 2196 manat dəymiş maddi ziyan hesablanmışdır. ünvan 2 ünvanda yerləşən binanın sakinləri tərəfindən tərtib olunmuş 16.08.2021-ci il tarixli aktdan görünür ki, 16.08.2021-ci il tarixində axşam saat 21-20 radələrində 46 saylı binanın qarşısında dayanarkən şahidi olmuşlar ki, özlərini Cavabdeh2 ASC-nin əməkdaşları kimi təqdim edərək 3 nəfər şəxs Sabit Rahman küçəsi, 46 saylı binanın qarşısında quraşdırılmış İddiaçı məxsus olan su sayğacına yaxınlaşaraq qoruyucu qutuya ayaq zərbasi vuraraq həmin qutunu sındıraraq açmış, telefon vasitasilə fotoşəkil çəkib həmin ərazidən uzaqlaşmışlar. Cavabdeh2 ASC-nin 26.08.2021-ci il tarixli «Yaranmış borcun ödənilməsi qaydasına dair razılaşma protokulu»ndan görünür ki, Cavabdeh2 ASC-nin Cavabdeh1 rəisi və İddiaçı protokol imzalayaraq, 1994,2 manat borcun olmasını qəbul etmişlər və həmin borcu 6 dəfəyə, hər dəfəsində 333 manat olmaqla ödənilməsinə razılaşmışlar. 26.08.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, Cavabdeh2 ASC-nin hesabına 200 manat kommunal ödəniş edilmişdir. Məhkəmə iddianı qismən təmin edərək, gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçıya məxsus suölçən cihaz ümumi istifadədə olan ərazidə quraşdırıldığından, onun işlək vəziyyətdə saxlanılmasına, o cümlədən üzərindəki plombun toxunulmazlığına iddiaçı cavabdehlik daşımır. Digər tərəfdən məhkəmə göstərmişdir ki, iddiaçı Cavabdeh2 ASC-nin Nərimanov rayon Sukanalı İdarəsinə və Cavabdeh2 ASC-yə qarşı iddia ərizəsilə müraciət etmişdir. Bununla belə Cavabdeh2 ASC-nin strukturu ilə bağlı bəzi məsələlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 328 saylı, 29 iyul 2019-cu il tarixli Qərarına görə Cavabdeh1 Cavabdeh2 ASC-nin nəzdində olan hüquqi şəxs olmayan təşkilatdır. Əvvəla bununla bağlı Kollegiya qeyd edir ki, məhkəmə qətnamədə bu halı göstərsə də, iş materiallarından görünür ki, tərəflər vəsatət vermiş və 28.09.2021-ci il tarixli məhkəmə iclasında əsl olmayan cavabdeh Nərimanov rayon Sukanalı İdarəsi əsl Cavabdeh2 ASC ilə əvəz edilmişdir və iş üzrə iddia tələbinə cavab verməli olan şəxs də məhz Cavabdeh2 ASC-dir. Digər tərəfdən, iddiaçıya akt sudan qanunsuz (sayğacdan kənar) istifadə ilə bağlı tərtib olunduğu halda, məhkəmə sayğacın mühafizəsi ilə bağlı normalara istinad edərək mübahisəyə yalnış qiymət vermişdir. Məhkəmə hazırki halda sayğacın işlək vəziyyətdə saxlanılmasına Cavabdeh2 ASC-nin cavabdehlik daşıdığını qeyd edərək iddianı təmin etmişdir. Apelyasiya baxışı zamanı iş materiallarında olan CD-yə baxış keçirilmiş, həmin videoçəkilişdə özünü ASC-nin nümayəndəsi kimi təqdim edən Asif Əliyev adlı şəxs baxış keçirdiyini qeyd edərək, sayğacı göstərir və işləmədiyini, yəni sayğacdan su keçmədiyini bildirir, daha sonra rezin boru ilə kranta qoşularaq çənə su doldurulduğunu göstərir və belə nəticəyə gəlir ki, sayğac işləmədiyi halda çənə su doldurulduğu üçün qanunsuz qoşulma baş vermişdir. Apellyasiya baxışında isə müəyyən edilmişdir ki, rezin borunun qoşulduğu krant Mənzil Kommunal Təsərrüfat Birliyinə məxsusdur və onların istifadə etdiyi suyun sərfiyyatını göstərən sayğac yoxdur, videoçəkilişdə istinad edilən həmin kranta qoşularaq sudan istifadə edilsə də, iddiaçıya məxsus sayğacın işləməməsinin qanunsuz qoşulma olması barədə ASC-nin nəticəsi yolverilməzdir. Həmin krantdan istifadə edilən su iddiaçıya məxsus sayğaca aid deyildir. Bu əsasla tərtib edilmiş akt etibarsızdır, əvvəla videoçəkilişdən müəyyən edilir ki, tərtib edilmiş akt istehlakçının, yəni iddiaçının iştirakı təmin edilmədən iş vaxtından sonra axşam vaxtı baş vermişdir. İddiaçıya bu barədə məlumat verilməmişdir. Videoçəkilişdə göstərilən su çəninin bilavasitə iddiaçıya məxsus olması sübuta yetirilməmişdir. Həmçinin çənin doldurulmasında istifadə edilən su iddiaçının sayğacdan kənar qoşularaq qanunsuz istifadə etdiyi su deyildir, göründüyü kimi MKTB-nə məxsus olan krantdan gələn sudan istifadə edilmişdir. Belə olan halda cavabdehin bu hala istinad etməsi və iddiaçının qanunsuz qoşularaq sudan istifadə etməsi əsası ilə tərtib edilmiş akta əsasən borc məbləğini iddiaçıdan tələb etməsi qanunsuz və əsassızdır. İş materiallarından görünür ki, tərəflər arasında daha əvvəl də borcun silinməsi barədə məhkəmə mübahisəsi olmuş və iddia təmin edilmişdir. Hər iki halda iddiaçıya sudan qanunsuz istifadə barədə aktın tərtib edilməsində Cavabdeh2 ASC-nin əməkdaşı Asif Əliyev iştirak etmişdir. Tərəflər arasında bağlanmış razılaşma protokolu və iddiaçı tərəfindən 200 manat pul vəsaitinin ödənilməsinə münasibətdə isə Kollegiya bildirir ki, iddiaçı həmin 200 manatı istifadə etdiyi suyun dayandırılmasının qarşısının alınması məqsədi ilə etmişdir, yəni bu hal onun tərəfindən borcun qəbul edilməsi nəticəsinə gəlməyə əsas vermir və ödənilmiş həmin məbləğ geri qaytarılmalıdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 398 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apelyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4362/2021 saylı iş üzrə 28 sentyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. 17.08.2021-ci il tarixli Cavabdeh1 tərəfindən tərtib edilmiş 600677 saylı akt ləğv edilsin və həmin akt əsasında hesablanmış 1994,2 manat borcun silinməsi Cavabdeh2 ASC-nin üzərinə vəzifə kimi qoyulsun və həmin borcdan məcburi ödənilmiş 200 manat məbləğində pul İddiaçı hesabına qaytarılsın, sayğac üzrə tətbiq edilmiş gadağalar Cavabdeh2 ASC tərəfindən aradan qaldırılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar