Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9025/2021 22.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Guseinov Gasanın iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-2869/2018 saylı 12 sentyabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 12 avqust 2014-cü il tarixli AL-1338 saylı Daxili lizinq müqaviləsinin ləğv edilməsi, cavabdehdən 12 avqust 2014-cü il tarixli AL-1338 saylı Daxili lizinq müqaviləsinə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə 02. aprel 2015-ci il tarixə 885,58 manat əsas borcun 1033,78 manat mükafat və həmin günə hesablanmış 527,79 manat dəbbə pulunun, 1590 manat dəymiş zərərin, cəmi 4037,15 manat borcun və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun Cavabdeh iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 12 avqust 2014-cü il tarixli AL-1338 saylı Daxili lizinq müqaviləsinə əsasən İddiaçı ASC mülkiyyətində olan 2014-cü il buraxılışlı, “Samand SE” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı, NAACU1FT9EF710152 ban, 47436 qara rəngli avtomobil Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi»nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən Cavabdeh illik 17% hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 274.12 manat, ümumilikdə isə 13157,65 manat məbləğində pulu İddiaçı ASC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı ASC-nin mülkiyyətində olan “Daewoo Gentra” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobil 02 aprel 2015-ci il tarixdə istifadəyə yararsız vəziyyətdə şirkətin müvəqqəti duracağında yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 1590 manat ziyan dəymişdir. Lizinq alan Cavabdeh 12 avqust 2014-cü il tarixli AL-1338 saylı “Daxili Lizinq” müqaviləsinə əsasən lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 02 aprel 2015-ci il tarixə 885,58 manat əsas, 1033,78 manat mükafat və həmin günə hesablanmış 1590 manat dəbbə pulu, cəmi 2447,15 manat borcu vardır. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 19 sentyabr 2014-cü il tarixdə 277 manat məbləğində olmuşdur. “Daxili lizinq” müqaviləsi və “ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-2869/2018 saylı 12 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı ASC-nin xeyrinə 885,58 manat əsas borcun, 1033.78 manat mükafatın, 527,79 manat dəbbə pulunun, 1590 manat dəymiş zərərin, cəmi 4037,15 manat məbləğində borcun və 30 (otuz) manat məbləğində dövlət rüsumunun Cavabdeh tutulması, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Elvin Əliyev adlı şəxs onun icazəsi olmadan ona məxsus maşını götürüb aparmış və maşınla yol qəzası keçirmişdir. Həmin şəxs ona bildirdi ki, maşının pulunu özü ödəyəcək. Bu barədə banka da məlumat vermişlər. Lakin indiyənə kimi heç bir ödəniş olmamışdır. Bu məsələdən onun xəbəri belə olmamışdır. Bank maşını götürmüşdür. Bununla bağlı bank ondan pul tələb edir. Bank ona məxsus maşını götürüb, hələ üstəlik ondan pul da tələb edir. Ona görə də qətnamə ləğv olunmalıdır. Bu ona qarşı haqsızlıqdır. O, Qarabağ uğrunda gedən müharibədə iştirak etmişdir. Bildirmək istəyir ki, məhkəmə iclasının vaxtı və yeri barədə ona lazımı qaydada məlumat verilməmişdr. Bundan başqa hesablanmış məbləğlə tam razı deyil. Onun iştirakı təmin olunsaydı işin bu halları aydınlaşdırılardı. Lakin məhkəmə işin faktiki hallarını araşdırmamış və əsassız qətnamə qəbul etmişdir. Məhkəmə işin faktiki hallarını araşdırmadan, əsassız qətnamə qəbul etmişdir.Məhkəmə baxışı zamanı maddi hüquq normalarını və prossesual hüquq normaların pozulması ilə nəticələnən qətnamə çıxarmışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı ASC-nin nümayəndəsi Guseinov Gasan izahat verərək apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddia tələbinin təmin edilən hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, iş üzrə çıxarılmış qətnaməni yalnız qeyd edilən hissədə, yəni borcun tutulması hissəsində Cavabdeh mübahisələndirməklə, həmin hissə ilə bağlı apellyasiya şikayəti vermişdir. İddiaçı isə iddianın təmin edilməyən hissəsini, yəni daxili lizinq müqaviləsinin ləğv edilməsinin təmin edilməməsinə dair hissəsini mübahisələndirməmişdir Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-2869/2018 saylı 12 sentyabr 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir: Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 12 avqust 2014-cü il buraxılışlı, “Samand SE” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə vermişdir. İş materiallarında olan 12 avqust 2014-cü il tarixli Təhvil-təslim aktından gorunur ki, “Samand SE” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı ASC tərəfindən Cavabdeh təhvil verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə əsasən, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-1.8-ci maddəsinə əsasən lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Həmin Məcəllənin 748-1.12-ci maddəsinə əsasən lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə, lizinq alan lizinqobyektini işlək halda saxlamırsa bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Həmin Məcəllənin 748-11.1-ci maddəsinə əsasən lizinq ödənişlərinin ümumi məbləğinə lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər, lizinq verənin mükafatının məbləği, lizinq verənin əlavə xidmətlərinin haqqı və s. daxildir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin müəyyən edilmiş hallarına və qanunvericiliyin tələblərinə uyğun olmaqla apellyasiya şikayətində göstərilənlər iş materialları ilə təkzib edilərək qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Mülki qanunvericiliyin prinsiplərinə görə müqavilə şərtləri onun iştirakçıları tərəfindən sərbəst şəkildə müəyyənləşdirilir ki, cavabdeh daxili lizinq müqaviləsini imzalamaqla həmin müqavilənin şərtlərini qəbul etməsi barədə iradəsini ifadə etmişdir. İş materiallarından göründüyü kimi, cavabdeh isə daxili lizinq müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi üçün tərəflər arasında bağlanmış 12 avqust 2014-cü il tarixli AL-1338 saylı daxili lizinq müqaviləsindən yaranan, iddiaçıya ödənilməli olan 885,58 manat əsas borc, 1033.78 manat mükafatın, 527,79 manat dəbbə pulu, 1590 manat dəymiş zərər, cəmi 4037,15 manat məbləğində borc müəyyən olunmuşdur. Cavabdeh yaranmış borca dair iddiaçının təqdim etdiyi məbləğləri təkzib edəcək hər hansı sübut təqdim etməyərək borcun düzgün hesablanmamasını əsaslandırmamışdır. Buna görə də, cavabdeh müqavilə şərtləri üzrə öz üzərinə götürdüyü icra edilməmiş qalan öhdəliklərini yerinə yetirməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası hesab edir ki, şikayətdə göstərilən hallar formal mülahizələr olmaqla əsaslı sayıla və qanuni və əsaslı qətnamənin ləğvi üçün əsas ola bilməz. Belə ki, cavabdeh şikayətində qeyd etdiyi halları təsdiq edəcək heç bir sübutu məhkəmə kollegiyasına təqdim etməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdeh şikayətində onun iştirakı təmin olunmadığı üçün hesablanmış məbləğin düzgün hesablanmadığını bildirsə də, apellyasiya şikayətinə heç bir sübut əlavə edilməmiş və məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-2869/2018 saylı 12 sentyabr 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-2869/2018 saylı 12 sentyabr 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-9025/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9025/2021
22.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver