Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9073/2021 02.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2(006)-2188/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 13 saylı Dövlət Notariat Kontorunda bağlanmış 04.08.2015-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli 2(094)-2188/2021 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh arasında avtomobil barteri olmuşdur. Həmin sövdələşmədən sonra aralarında mübahisə yaranmışdır. Ondan sonra cavabdeh aralarında mübahisə həll edilənədək formal olaraq borc müqaviləsi bağlamağı təklif etmiş və iddiaçıda məcbur qalaraq 8.000 manat götürülməsi barədə kredit müqaviləsi imzalamışdır. Cavabdeh isə bunun sadəcə formal müqavilə olmasını demişdir. Notarius da öz səlahiyyətlərini pozaraq pul vəsaitinin verilməsinə dair heç bir əsas olmadan tərəflər arasında borc müqaviləsi təsdiq etmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək, təmin edilməməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə kollegiyasının iclasında gəlmədiyindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiyindən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və iddianın təmin edilməsinə yönəldiyindən hazırki məhkəmə baxışının hədləri qətnamənin əsaslığının tam yoxlanılmasını təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanlmalıdır. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, 04.08.2015-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh 8.000 manat borc pul vəsaiti almışdır. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli e-2(001)- 3958/2020 saylı qətnaməsindən görünür ki, Cavabdeh İddiaçı qarşı «borc, əldən çıxmış fayda, cərimə, mənəvi zərər və dövlət rüsumunun tutulması» tələbinə dair iddiası qismən təmin edilmiş, 04.08.2015-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı 8.000 manat əsas borc, ödənilmiş 30 manat dövlət rüsumu və 1 manat xidmət (bank xidməti) haqqı olmaqla, cəmi 8.031 manatın Cavabdeh xeyrinə tutulması qət edilmiş, iddia qalan hissədə əsassız olduğundan rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 fevral 2021-ci il tarixli 2(103)- 1371/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli e-2(001)-3958/2020 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 22.09.2021-ci il tarixli, 2(102)-4010/2021 nömrəli qərarına əsasən cavabdeh İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1371/2021 nömrəli iş üzrə 02 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (mübahisələndirilən hissədə). Birinci instansiya məhkəməsinin mövqeyinə görə, müqavilənin etibarsız hesab edilməsinin qanuni əsasları müvafiq maddi hüquq normalarında (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14-cü fəslində təsbit olunmuşdur) öz əksini tapmışdır. Hazırkı iş üzrə qanunvericilikdə sadalanan əsaslar müəyyən edilmədiyindən, iddia təmin edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən, borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Kollegiya qeyd edir ki, tərəflər arasında borc münasibətləri mövcud olmuşdur. Bununla bağlı qanuni qüvvəsini almış Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli e- 2(001)-3958/2020 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı qarşı «borc, əldən çıxmış fayda, cərimə, mənəvi zərər və dövlət rüsumunun tutulması» tələbinə dair iddiası qismən təmin edilmiş, 04.08.2015-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı 8.000 manat əsas borc, ödənilmiş 30 manat dövlət rüsumu və 1 manat xidmət (bank xidməti) haqqı olmaqla, cəmi 8.031 manatın Cavabdeh xeyrinə tutulması qət edilmişdir. Göründüyü kimi, tərəflər arasında olan borc münasibətlərinə Binəqədi Rayon Məhkəməsi tərəfindən qiymət verilmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Kollegiya apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinin tələbinə əsasən «Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.» Həmin məcəllənin 337.2-ci madəsinə görə «Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.» Həmin məcəllənin 337.3-cü maddəsinə əsasən «Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.» Həmin məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı mübahisəli kredit müqaviləsinin etibarsız hesab edilməsini xahiş etsə də, həmin müqavilə bağlanan zaman mülki qanunvericiliyin tələblərinin pozulması halları və müqavilə tərəflərinin iradəsinin qüsurlu olması müyyən edilmir. Belə olan halda, apellyasiya şikayətinin hüquqi əsası mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşıyır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual-hüquq normalarının pozulması müəyyən edilməmiş və bu səbəbdən də, apellyatorların dəlilləri əsaslı sayıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli 2(006)-2188/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-9073/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9073/2021
02.11.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver