Məhkəmə qərarları › İş №2(103)-9076/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9076/2021

04.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9076/2021 04.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayev (sədrlik edən və məruzəçi), Şeyda Ədalət qızı Məhərrəmova və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Məryəm Faiq qızı Orucovanın katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-809/2021 saylı mülki iş üzrə qəbul etdiyi 27 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh Zuyafəddin oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı Cavabdeh Zuyafəddin oğluna qarşı “borcun və maddi ziyanın tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, onunla cavabdeh X2 arasında 18 may 2019-cu il tarixdə Bakı Şəhəri 15 Saylı Notariat ofisində borc müqaviləsi bağlamışdır. Həmin müqavilənin şərtlərinə əsasən o, Cavabdeh 18 iyun 2020-ci il tarixdə qaytarmaq şərti ilə 50000 manat pul vermişdir. Müqavilə müddətinin başa çatmasına və dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq cavabdeh bu günə qədər müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməkdən yayınır.2016-cı ilin oktyabr ayından bu günə qədər Mərkəzi Bankın uçot fiz dərəcəsi orta hesabla 5% olmuşdur.Cavabdeh ona qaytarmalı pul vəsaitini uzun müddət qaytarmamaqla ondan qanunsuz istifadə etmiş və ona ziyan vurmuşdur. Bu səbəbdən Azərbaycan Respublikası MM-nin 21,439 və 449- cu maddələrinə əsasən cavabdeh əsas borc məbləğindən əlavə dəymiş ziyan da ödəməlidir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli 2(007)-809/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh Zuyafəddin oğlundan İddiaçı xeyrinə 50000 manat əsas borc, 1198,5 manat bank uçot dərəcəsinə görə faiz, 30 manat dövlət rüsumunun tutulması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Cavabdeh Zuyafəddin oğlu apellyasiya şikayəti verərək, həmin qətnamənin qismən ləğv edilməsini, əsas və faiz borcunun aşağıda həddə hesablanmasını xahiş etmişdir. Apellyasiya şikayətində işin faktiki halları ilə yanaşı əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi işi tam və hərtərəfli araşdırmamış, maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Belə ki, o, qeyd olunan müqavilə üzrə iddiaçıya 13.000 manat pul ödəmişdir. Lakin pandemiya başladıqdan sonra ödəniş edə bilməmişdir. Borcunu qəbul edir, lakin bir dəfəyə borcu qaytarmağa imkanı yoxdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-809/2021 saylı mülki iş üzrə qəbul etdiyi 27 may 2021-ci il tarixli qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk olaraq kollegiya qeyd edir ki, apellyasiya baxışının hədləri müəyyən edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyi nəzərə alaraq Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti isə qətnamənin qismən ləğv edilməsinə yönəldiyinə görə birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını iddianın qismən təmin edilməsi hissəsində yoxlanılmalıdır. Belə ki, borcun tutulması barədə iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 739.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan İddiaçı ilə X2 arasında 18 may 2019-cu il tarixdə Bakı Şəhəri 15 Saylı Notariat ofisində bağlanmış borc müqaviləsindən görünür ki, İddiaçı X1 18 iyun 2020ci il tarixədək qaytarmaq şərti ilə 50000 manat pul vermişdir. Cavabdeh apellyasiya şikayətində borcdan 13000 manatını qaytardığını bildirsə də bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh Zuyafəddin oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-809/2021 saylı mülki iş üzrə qəbul etdiyi 27 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəfaddin İbayev Hakimlər: Rəşad Həsənov Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar