Məhkəmə qərarları › İş №2(103)-9078/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9078/2020

09.12.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9078/2020 09.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(001)-5643/2020 saylı qərardadından Cavabdeh etibarnamə əsasında nümayəndəsi və vəkil X1 tərəfindən verilən şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh (üçüncü şəxs Xocəsən Bələdiyyəsinə) qarşı “zəbt olunmuş torpaq sahəsinin boşaldılması, tikilinin cavabdehin hesabına sökülməsi və ödənilmiş dövlət rüsumunun cavabehdən tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xocəsən Bələdiyyəsinin xx xxxx 2007-ci il tarixli, 05/22 saylı qərarı ilə X2 adına ayrılmış Xocəsən Bələdiyyəsinin ərazisində yerləşən sahəsi 600 kv.m olan torpaq sahəsi üzərində özbaşına inşa edilmiş tikilinin Cavabdeh vəsaiti hesabına sökülərək torpaq sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməsi, cavabdehin həmin torpaq sahəsindən çıxarılması, cavabdeh tərəfindən qeyd edilən torpaq sahəsi boşaldılaraq ona geri qaytarılması, ödənilmiş dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini, həmçinin sui-istifadə edərək qanunsuz olaraq torpaq sahəsini zəbt etdiyi üçün Cavabdeh və ona torpaq sahəsinin qanunsuz satılması ilə məşğul olmuş təqsirkar şəxslərin dairəsi müəyyən edilməklə barələrində hazırki iş üzrə xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. İddiaçının etibarnamə əsasında nümayəndəsi və vəkili X3 eyni zamanda iddia tələbi ilə bağlı iddianın təmini tədbiri barədə ərizə verərək, hazırda Cavabdeh nəzarətində olan Xocəsən Bələdiyyəsinin xx xxxx 2007-ci il tarixli, 05/22 saylı qərarı ilə X2 adına ayrılmış Xocəsən Bələdiyyəsinin ərazisində yerləşən sahəsi 600 kv.m olan mübahisəli torpaq sahəsinin üzərinə həbs qoyularaq özgəninkiləşdirilməsinin cavabdehə və üçüncü şəxslərə qadağan edilməsi və həmin torpaq sahəsindən istifadənin digər şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(001)-5643/2020 saylı qərardadı ilə ərizə qismən təmin edilərək, Cavabdeh nəzarətində olan Xocəsən Bələdiyyəsinin xx xxxx 2007-ci il tarixli, 05/22 saylı qərarı ilə Muradova Nüşabə Abdulla qızının adına ayrılmış Xocəsən Bələdiyyəsinin ərazisində yerləşən sahəsi 600 kv.m olan torpaq sahəsinin üzərinə həbs qoyulması, qalan hissədə ərizənin təmin edilməməsi qərara alınmışdır. Cavabdeh etibarnamə əsasında nümayəndəsi, vəkil X1 tərəfindən Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-5643/2020 nömrəli qərardadından verilmiş şikayət, həmin məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətdə qeyd olunur ki, iddiaçının göstərdiy tələblər əsassızdır. İddiaçının mərhum anasına ayrılmış torpaq sahəsi ilə cavabdehin faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşmür. Bu faktın özünün mübahisəli olmasına baxmayaraq məhkəmə tərəfindən iddianın təmin tədbiri barədə yuxanda qeyd edilən qərardad qəbul edilmişdir. Hesab edir ki, qərardad əsassız olaraq qəbul edilmişdir. Sanki iddiaçıya miras qalmış torpaq sahəsinin cavabdehin faktiki istifadəsində olması “faktı” məhkəmə tərfindən müəyyən edilmiş və həmin torpaq sahəsi üzərinə həbs qoyulmuşdur. Halbuki bu fakt mübahisəlidir hələ öz təsdiqini heç bir sübutla tapmır. İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(001)-5643/2020 saylı qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. 158.1.1-ci maddəsinə görə iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoyula bilər. 158.1.2-ci maddəsinə əsasən iddianı təmin etmək üçün müəyyən hərəkətlərin edilməsi cavabdehə qadağan edilə bilər. 158.1.3-cü maddəsinə əsasən iddianı təmin etmək üçün mübahisə predmetinə aid olan müəyyən hərəkətlərin edilməsi başqa şəxslərə qadağan edilə bilər. 158.2-ci maddəsinə əsasən məhkəmə zəruri hallarda iddianı təmin etmək məqsədi ilə bu Məcəllənin müvafiq maddələrində nəzərdə tutulan digər tədbirləri görə bilər. Məhkəmə iddianın təmin edilməsinin bir neçə növünü tətbiq edə bilər. 159.1-ci maddəsinə əsasən iddianı təmin etmək haqqında ərizəyə mübahisəni həll edən hakim tərəfindən, daxil olduğu gündən sonra təxirə salınmadan baxılır. 159.2-ci maddəsinə əsasən hakim iddianı təmin etmək haqqında ərizəyə baxılması nəticəsi barədə qərardad çıxarır. 160.1-ci maddəsinə əsasən iddianı təmin etmək haqqında qərardad dərhal icra edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2018-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Mülki Prosessual Məcəllənin 158-ci maddəsində nəzərdə tutulmuş hansı təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş tələbə mütənasib olması göstərilmir. Lakin həmin maddənin mənasından aydın olur ki, məhkəmə, təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olub-olmadığını araşdırmalıdır. Buna görə məhkəmə, irəli sürülmüş iddia tələbindən və həmin iddia ilə bağlı mümkün məhkəmə qərarından çıxış edərək əmin olmalıdır ki, iddia tələbinin təmin olunması halında Mülki Prosessual Məcəllənin 158-ci maddəsində göstərilən tədbirlərdən hər hansı birinin qəbul olunmaması məhkəmə qərarının icrasını çətinləşdirə və yaxud qeyri-mümkün edə bilər. Təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş əsas tələbə mütənasibliyi prinsipinin mahiyyəti bundan ibarətdir ki, hakim cavabdehin əmlakına iddia məbləğindən çox olmayan ölçüdə həbs qoya və yaxud cavabdehə və ya digər şəxslərə müstəsna olaraq irəli sürülmüş tələb həddində müəyyən hərəkətləri icra etməyi qadağan edə bilər. Prosessual qanunvericiliyin yuxarıda qeyd edilən maddələrin məzmunundan göründüyü kimi iddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönələn prosessual tədbirdir, işi qabaqcadan mahiyyəti üzrə həll etmir və müvəqqəti xarakter daşıyır. Məhkəmə iddia tələbi ilə iddianı təmin etmə tədbirinin qismən bağlı olduğunu nəzərə alaraq hesab etmişdir ki, ərizə qismən təmin edilməli, qətnamənin icrasını təmin etmək məqsədi ilə Cavabdeh nəzarətində olan Xocəsən Bələdiyyəsinin xx xxxx 2007-ci il tarixli, 05/22 saylı qərarı ilə X2 adına ayrılmış Xocəsən Bələdiyyəsinin ərazisində yerləşən sahəsi 600 kv.m olan torpaq sahəsinin üzərinə həbs qoyulmalı, ərizə qalan hissədə təmin edilməməlidir. Belə ki, məhkəmə iddianın təmin etmə tədbirinin “mübahisəli torpaq sahəsinin özgəninkiləşdirilməsinin cavabdehə və üçüncü şəxslərə qadağan edilməsi” hissəsi ilə əlaqədar qeyd etmişdir ki, mübahisəli torpaq sahəsinin üzərinə həbsin qoyulması artıq onunla bağlı sərəncam vermə (özgəninkiləşdirmə), bağışlama, satma, girov qoyma, idarə olunma və sair hərəkətlərin qadağan edilməsini ehtiva etdiyinə görə ərizə bu hissədə təmin edilməməlidir. Eyni zamanda iddianın təmin etmə tədbiri barədə ərizənin “torpaq sahəsindən istifadə edilməsinin digər şəxslərə qadağan edilməsi” hissəsi ilə bağlı isə məhkəmə qeyd etmişdir ki, ərizə bu hissədə də təmin edilməməlidir. Belə ki, digər şəxslərin dairəsinə mübahisəli torpaq sahəsinin qanuni sahibi də daxildir. Ona görə də ərizənin bu hissədə təmin edilməsi onun hüquqlarını məhdudlaşdıra bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı dəyişdirilmədən saxlanmalı, şikayətin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh etibarnamə əsasında nümayəndəsi və vəkil X1 tərəfindən verilən şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(001)- 5643/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar