Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9083/2021 04.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06 iyul 2021-ci il tarixli 2(003)- 1961/2021 saylı qətnaməsindən cavabdehin apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona əsassız hesablanmış 907.2 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, ünvan 1 ünvanda iki ev mövcuddur, bir evdə o, ailəsi ilə birlikdə, digər evdə isə qardaşı, ailəsi ilə birlikdə yaşayır. Həmin ünvanda yalnız ona məxsus evə gedən qaz xətt üçün sayğac quraşdırıldığından uzun müddət ərzində həmin xətt vasitəsilə qazdan qardaşı da istifadə etmişdir. Sonradan qardaşı öz evinə sayğac quraşdırılması üçün Birliyə müraciət etmiş və qardaşının müraciəti əsasında qardaşının evinə yeni xətt çəkilmiş və sayğac quraşdırılmışdır. Bir müddətdən sonra sayğacın səhv düşməsi bəhanəsi ilə açıb aparmışlar və yenisini quraşdıracaqlarını bildirmişlər. Müvəqqəti olaraq qaz sayğacının açılmış yerinə rezin boru əlavə edərək işlədilməsini bildirmişlər, sonra Birliyin əməkdaşları qaz xəttini kəsib aparmışlar və bildirmişlər ki, bir ünvana 2 sayğac quraşdırılması mümkün deyildir. Akt tərtib edilən zaman onun iştirakı təmin edilməmiş və bu barədə ona heç bir məlumat verilməmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06 iyul 2021-ci il tarixli 2(003)-1961/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh tərəfindən İddiaçı abonent koduna (abonent kodu **********00000) hesablanmış 907,20 manat məbləğində borcun silinməsi, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən 30 manat dövlət rüsumunun alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh nümayəndəsi apelyasiya şikayəti verərək onun ləğv və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətə görə, bir abonent kodu verilmiş ünvanda ikinci sayğacın quraşdırılması mümkün olmadığından, sayğac quraşdırılmamış, iddiaçı isə təbii qazdan sayğacsız qeyri-qanuni istifadə etməklə cavabdehə ziyan vurmuşdur. Kollegiya iclasında iddiaçı apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış cavabdeh (nümayəndə) məhkəmə iclasına gəlmədiyinə görə, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Cavabdeh İB tərəfindən tərtib edilmiş 30.12.2019-cu il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktdan məlum olur ki, abonentin sayğacdan kənar xətt vasitəsilə təbii qazdan qeyri-qanuni istifadə etməsi aşkar edilmişdir. Dəymiş ziyanın hesablanması və ödənilməsi tələb kimi qoyulmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, 30.12.2019-cu il tarixli ******* saylı akt əsasında 9072 m3 qaz miqdarında dəymiş ziyan hesablanmışdır. İş materiallarında olan abonentin saldosundan görünür ki, iddiaçının hesabına 2019-cu ilin dekabr ayında akt əsasında 907,20 manat borc hesablanmışdır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Həmin Qanunun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvana iki ev mövcuddur, həmin evlərdən biri iddiaçının qardaşının yaşadığı ev olmuşdur. Ünvanda quraşdırılmış sayğac iddiaçıya məxsusdur və o, həmin sayğac vasitəsi ilə təbii qazdan qanunvericiliyin tələblərinə uyğun olaraq istifadə etmiş (əksi sübuta yetirilmir), lakin qardaşının yaşadığı evə görə iddiada göstərilən vaxtda ünvana ikinci sayğac quraşdırılmış, sonradan həmin sayğac açılmaqla götürülmüşdür. Bundan sonra isə həmin yerdən çəkilməklə qazdan qeyri-qanuni kənar xətt vasitəsi ilə istifadə edilməsi halı görünsə də, həmin xəttən qardaşının deyil, məhz iddiaçının istifadə etməsi sübuta yetirilmir. Abonent saldosundan göründüyü kimi, həmin vaxtlarda iddiaçı tərəfindən istifadə edilmiş qaz sərfiyyatına uyğun ödənişlər edilmişdir. Sayğacdan kənar xətt vasitəsilə qazdan istifadə edilməsi halı aşkar olunan zamanı iddiaçının iştirakı təmin edilmədən akt tərtib edilmiş, həmçinin həmin xəttin kimin tərəfindən çəkilməsi və istifadə edilməsi araşdırılmadan ünvanın yalnız bir abonent hesabı olması səbəbindən dəymiş ziyan iş üzrə iddiaçıdan tələb olunması müəyyən edilmişdir. Qeyd olunanlara əsasən, hesablanmış borcun əsassız olması barədə məhkəmə düzgün nəticəyə gəlmişdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1961/2021 saylı iş üzrə 06 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-9083/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9083/2021
04.10.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver