Məhkəmə qərarları › İş №2(103)-9087/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9087/2021

01.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9087/2021 01.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı və nümayəndəsi-vəkili Vəkil, Cavabdeh1 və nümayəndəsi-vəkili X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və “Bank VTB (Azərbaycan) ASC-yə qarşı “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli 2(006)-2575/2021 saylı qətnaməsindən Cavabdeh1 apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ASC-yə qarşı iddia ərizəsi, daha sonra iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada Cavabdeh2 ASC-yə ödədiyi 7579,18 ABŞ dolları, avtomobilin təmirinə xərclədiyi 694.43 manat pul, 2000 manat mənəvi ziyanın və 30 manat dövlət rüsumunun tutularaq xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli 2(006)- 2575/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 7579,18 manat məbləğində borc, avtomobilin təmirinə xərclədiyi 694.43 manat pul və 30 manat dövlət rüsumunun tutularaq, İddiaçı xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli 2(006)-2575/2021 saylı qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2575/2021 saylı 23 aprel 2021-ci il tarixli qətnaməsində olan yanlışlığın düzəldilməsi, qətnamədə yazılmış hissəsində “7579,18 (yeddi min beş yüz yetmiş doqquz manat on səkkiz qəpik) məbləğində manat borc” əvəzinə “7579,18 (yeddi min beş yüz yetmiş doqquz manat on səkkiz sent) dollar məbləğində borc” kimi oxunması qərara alınmışdır. Qətnamədən Cavabdeh1 apelyasiya şikayəti verərək, qətnamənin qismən, iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsini iddia tələbinin tamamilə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edərək, göstərmişdir ki, iddiaçı ilə aralarında avtomobilin alqı-satqısına dair müqavilə, hər hansı formada razılaşma olmamış, məhkəmə iclasında da avtomobili satmadığını, keçmiş iş yoldaşı kimi yaxşı münasibətləri olduğuna görə, iddiaçının işsiz olduğu və taksi kimi istifadə etmək üçün avtomobilə ehtiyacı olduğuna görə, məhz İddiaçı xahişi ilə müəyyən müddətə istifadə üçün vermiş, razılığa görə iddiaçı avtomobili istifadə etdiyi müddətdə Banka aylıq ödənişləri etməliydi, müəyyən müddət keçdikdən sonra İddiaçı aylıq ödənişləri etmədiyi məlum olmuşdur. Bank tərəfindən ona qarşı kredit müqaviləsi üzrə ödənilməmiş borcun tutulması və tutmanın avtomobilə yönəldilməsinə dair iddia qaldırılmış, o Vüqardan ya bankın borcunu ödəməsini, ya da avtomobili qaytarmasını xahiş etsə də, sonuncu, bunu etməmişdir. Yardımlı Rayon Məhkəməsinin 05.12.2018-ci il tarixli qətnaməsi ilə Bankın ona qarşı iddiası təmin edilmiş, borcun tutulması, avtomobilin hərracda satılaraq Bankın borcunun ödənilməsi qət edilmişdir. Sözügedən qətnamənin icrası qaydasında icra hərəkətləri ilə avtomobil İddiaçı alınaraq banka təhvil verilmişdir. İddiaçı 3 ildən artıq müddətdə avtomobili istifadə etməsinə baxmayaraq, heç bir ödəniş etməmişdir. Əgər avtomobili satmış olsa idi, hər hansı ödəniş almalı olardı, lakin belə ödəniş almamış və məhkəmə də belə ödəniş almadığını müəyyən etmişdir, məhz İddiaçı Bankın ödənişlərini icra edəcəyi müqabilində avtomobili onun istifadəsinə verməyi işin həqiqi halıdır ki, 2015-ci ilin yanvarından başlayaraq Yardımlı Rayon məhkəməsinin 05.12.2018-ci il tarixli qətnaməsinin icrasına - 2019-cu ilədək avtomobil İddiaçı istifadəsində olmuşdur. Apelyasiya baxışı zamanı iddiaçı ərizə təqdim edərək, cavabdeh ilə məhkəmədən kənar razılıq əldə etdiklərini və notarial qaydada barışıq sazişi bağlandığını bildirmiş və bu səbəbdən də iddia tələbindən imtina edərək, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Cavabdeh1 iddiaçının imtinasının qəbul edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, digər cavabdehin nümayəndəsi məhkəməyə gəlmədiyindən işə nümayəndənin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya izahatları dinləyib, iddiaçının iddiadan imtina barədə ərizəsini və iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə qəbul edilərək birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi ləğv edilməklə, iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 370-ci maddəsinə əsasən apelyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apelyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Mülki Prosessual Məcəllənin 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1- 259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası hesab edir ki, iddiadan imtina yazılı formada ifadə edildiyindən, qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, iddiadan imtina qəbul olunmalı, iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə ləğv edilməli və iddia üzrə işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261, 370, 384, 400 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş iddiadan imtina qəbul edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli 2(006)- 2575/2021 saylı qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar