Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-909/2022 07.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, iddiaçının vəkili və nümayəndəsi Ruslan Umuduovun, üçüncü şəxs Maraqlı şəxs1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC və Maraqlı şəxs2 Bank Olmayan Kredit Təşkiları MMC-yə qarşı “hərracın nəticələrinin etibarsız hesab olunması barədə” iddiasına dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin 26.04.2021-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: Mübahisə Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 1241 nömrəli bağ evinin hərracda satılması ilə bağlıdır (bundan sonra – bağ evi) Bağ evi İddiaçı (hazırkı işdə iddiaçıya) məxsus olub, kreditin qaytarılmasının təminatı məqsədilə ilə ipoteka ilə yüklü edilib. Kredit Maraqlı şəxs1 (hazırkı işdə üçüncü şəxs) tərəfində götürülüb. Kredit verən isə Maraqlı şəxs2 BOKT ASC olub (hazırkı işdə cavabdeh). Kredit qaytarılmadığına görə məhkəmə qətnaməsi ilə kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi qət edilib. Qətnamə Yasamal Rayon Məhkəməsi tərəfindən 27.04.2017-ci il tarixdə qəbul olunub, daha sonra həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin 20.06.2019-cu il tarixli qətnaməsi ilə dəyidirilib, bu qətnamə isə Ali Məhkəmənin 16.12.2019-cu il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılıb. Bundan sonra, icra sənədi verilib, Sabunçu Rayon İcra və Probasiya Şöbəsinin sifarişi əsasında "xxxx" MMC hərrac keçirib. 18.09.2020-ci il tarixinə birinci hərrac təyin olunub (iş v. 64). Bu hərrac baş tutmadığına görə 30.11.2020-ci il tarixə təkrar hərrac təyin olunub (iş v. 65) və bağ evi ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə təkrar hərraca çıxarılıb. Təkrar hərrac da baş tutmadığına görə 08.12.2020-ci il tarixdə hərracın təşkilatçısı ipoteka saxlayana təklif edib ki, bağ evini təkrar hərracdakı satış qiymətindən 25 faiz aşağı qiymətə alsın (iş v. 66). Təklif qəbil olunub və 27.11.2020-ci il tarixdə “Hərracın yekunları barədə” protokol tərtib olunub (iş v. 62). 27.11.2020-ci il tarixdə “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqavilə bağlanıb və bağ evi 44.625 manata Maraqlı şəxs2 BOKT ASC tərəfindən əldə edilib (iş v. 127). Tələb və onun həlli: İddia ərizəsində tələb olunub ki, “Hərracın yekunları barədə” 27.11.2020-ci il tarixli protokol və “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” 27.11.2020-ci il tarixli müqavilə etibarsız hesab olsun. Daha sonra “iddianın əsasının dəyişdirilməsi barədə” ərizə verilib. İddiaçı həmin ərizədə qeyd edib ki, hərracın etibarsızlığı bardə tələbi əvvəlcə onunla əsaslandılrıb ki, iddiaçı (ipoteka qoyan) hərrac barədə məlumatlandırılmaıyıb, hazırda isə iddianın əsasını dəyişir, hərracın etibarsızlığı bardə tələbi onunla əsaslandırır ki, hərracın yekunları barədə protokol təkrar həracın keçirilməsindən əvvəl tərtib olunub, o cümlədən hərracın yekunları üzrə alqı-satqı müqaviləsi təkrar hərracın keçiriməsindən əvvəl bağlanıb. Qətnamə ilə qət olunub ki, iddia təmin edilsin, həmin protokol və müqavilə etibarsız hesab edilsin. Şikayət və izahatlar: Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin, həmin protokol və müqavilə yalnız “iddianın dəyişdirilməsi barədə” ərizədə göstərilən əsas üzrə etibarsız hesab olunsun. Apellyasiya şikayəti onunla əsaslandırılıb ki, məhkəmə qətnamə qəbul edərkən iddianın əsasının dəyişdirilməsini nəzərə almamışdır, halbuki, iddiaçı iddia ərizəsində göstərilən əsası sonradan dəyişib. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Maraqlı şəxs1 bildirdi ki, o, kredit müqaviləsi üzrə kredit alan olub, həmin bağ evi onun aldığı kreditin qaytarılması üçün ipoteka ilə yüklü edilib. Birinci instansiya məhkəməsində onun mövqeyi təhrif edilib, qətnamədə qeyd olunub ki, guya o, iddia tələbini qəbul etməyib. Əslində isə o, iddia tələbinə etiraz etmir. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmişlər. Qətnamənin yoxlanılması: “İpoteka haqqında” Qanunun 44-cü maddəsinə görə bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Mülki Məcəllənin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Mülki Məcəllənin 416.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərrac 2 əsasla etibarsız sayılmalıdır. 1-ci, hərrac ipoteka qoyana (İddiaçı) məlumat verilmədən keçirilib. 2-ci, əmlak təkrar hərracdan əvvəl ipoteka saxlayana (cavabdeh Maraqlı şəxs2 BOKT ASC-yə) satılıb. Hər 2 əsas subut olunur. 1-ci, hərrac təşkilatçısı hərracın keçirilməsinə dair bildirişlərin heç birini ipoteka qoyana göndərməyib. Həmin bildirişlərdə ipoteka qoyanın adı ümumiyyətlə yoxdur. İpoteka qoyana bildiriş göndərmək hərrac təşkilatçısının vəzifəsidir, bu vəzifə “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsində müəyyən edilib. Həmin maddənin tələbi pozulub. 2-ci, təkrar hərrac 30.11.2020-ci il tarixinə təyin olunub, bundan 3 gün əvvəl - 27.11.2020-ci il tarixində “Hərracın yekunları barədə” protokol tərtib olunub və “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqavilə bağlanıb. İpoteka saxlayanın ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə almaq hüququ “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsində nəzərdə tutulub. Bu hüquq təkrar hərracdan əvvəl deyil, sonra həyata keçirilə bilər. Həmin maddənin tələbi pozulub. Yuxarıda göstərilən hər 2 əsas prosedur qaydaya aiddir. Hərracın etibarsız sayılması barədə iddia verildikdə hərracın keçirilməsinə dair prosedur qaydaların pozulubpozulmadığını məhkəmə iddia ərizəsinin məzmunundan asılı olmayaraq yoxlayır. Çünki hərrac - ipoteka predmetinə tutma yönəldilməsi barədə məhkəmə qərarının icrasının tərkib hissəsidir, hərracın etibarsızlığı barədə tələb prosedur qaydaların hamısını əhatə edir. Odur ki, iddiaçının əvvəl (iddia ərizəsində) istinad etdiyi prosedur pozuntusunu sonradan (iddianın dəyişdirilməsi barədə ərizədə) geri götürməsi və yeni prosedur pozuntusuna istinad etməsi iddianın əsasının dəyişdirilməsi hesab olunmur. Mülki-Prosessual Məcəllənin 53-cü maddəsində “iddanın əsasının dəyişdirilməsi” deyiləndə prosedur qaydalar nəzərdə tutulmur. Lakin birinci instansiya məhkəməsi iddianın əsasının dəyişdirilməsi ilə bağlı iddiaçının hərəkətinin qanunvericiliyə uyğun olub-olmadığına ümumiyyətlə qiymət verməmişdir. Ona görə də qətnamə ləğv edilməli, hərrac hər iki pozuntuya görə etibarsız hesab olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Nərimanov Rayon Məhkəməsinin 26.04.2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia təmin edilsin. Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 1241 nömrəli bağ evinə dair "xxxx" MMC tərəfindən tərtib olunmuş “Hərracın yekunları barədə” 27.11.2020-ci il tarixli, 45/05 nömrəli protokol və həmin bağ evinə dair "xxxx" MMC ilə Maraqlı şəxs2 Bank Olmayan Kredit Təşkilatı ASC-nin arasında bağlanmış 27.11.2020-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab olunsun. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-909/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-909/2022
07.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver