Məhkəmə qərarları › İş №2(103)-9090/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9090/2021

08.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9090/2021 08.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlundan (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Borclu Cavabdeh1 iştirakı ilə, Borclu Cavabdeh1 qətnamənin icrasına möhlət verilməsi barədə ərizəsinə baxılmasına dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli 2(007)- 40/2020 saylı qərardadından borclunun şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 mart 2020-ci il tarixli 2(007)-40/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 18 iyun 2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 İddiaçı İKB ASC-nin xeyrinə 2014-cü il 18 iyun tarixli kredit müqaviləsi üzrə 19346.38 manat əsas, 7806.58 manat faiz, 50 manat cərimə olmaqla cəmi 27202.96 manat məbləğində borc, 30 manat ödənilmiş dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının tutulması, tutmanın Cavabdeh1 məxsus olan Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən, qiyməti 70000 manat müəyyən edilmiş 2 otaqlı, 46.9 kv.m ümumi, 31.1 kv.m yaşayış, 15.8 kv.m yardımçı sahədən ibarət 16 nömrəli evin 77 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun həmin mənzilin hərracdan satışından əldə olunan vəsiat hesabına İddiaçı İKB ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 məxsus olan Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən, 2 otaqlı, 46.9 kv.m ümumi, 31.1 kv.m yaşayış, 15.8 kv.m yardımçı sahədən ibarət 16 nömrəli evin 77 nömrəli mənzili satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Qasımova (Əliyeva) Fatma Fəxrəddin qızının Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən, 2 otaqlı, 46.9 kv.m ümumi, 31.1 kv.m yaşayış, 15.8 kv.m yardımçı sahədən ibarət 16 nömrəli evin 77 nömrəli mənzilinə olan istifadə hüquqları itirilmiş istifadə edilsin, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Qasımova (Əliyeva) Fatma Fəxrəddin qızı həmin mənzildən çıxarılmaları və həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 11.08.2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, qətnamə mübahisələndirilən – iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 03.03.2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Borclu Cavabdeh1 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 mart 2020-ci il tarixli 2(007)-40/2020 saylı qətnaməsinə əsasən Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən 16 saylı evin 77 nömrəli mənzilinə tutmanın yönəldilməsinin bir il müddətinə təxirə salınması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 40/2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 18 iyun 2014-cü il tarixli kredit müqaviləsi ləğv edilmiş, Cavabdeh1 İddiaçı İKB ASC-nin xeyrinə 2014-cü il 18 iyun tarixli kredit müqaviləsi üzrə 19346.38 manat əsas, 7806.58 manat faiz, 50 manat cərimə olmaqla cəmi 27202.96 manat məbləğində borc, 30 manat ödənilmiş dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı tutulması,tutmanın Cavabdeh1 məxsus olan Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən, qiyməti 70000 manat müəyyən edilmiş 2 otaqlı, 46.9 kv.m ümumi, 31.1 kv.m yaşayış, 15.8 kv.m yardımçı sahədən ibarət 16 nömrəli evin 77 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun həmin mənzilin hərracdan satışından əldə olunan vəsiat hesabına İddiaçı İKB ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi,Cavabdeh1 məxsus olan Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən, 2 otaqlı, 46.9 kv.m ümumi, 31.1 kv.m yaşayış, 15.8 kv.m yardımçı sahədən ibarət 16 nömrəli evin 77 nömrəli mənzili satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Qasımova (Əliyeva) Fatma Fəxrəddin qızının Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən, 2 otaqlı, 46.9 kv.m ümumi, 31.1 kv.m yaşayış, 15.8 kv.m yardımçı sahədən ibarət 16 nömrəli evin 77 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Qasımova (Əliyeva) Fatma Fəxrəddin qızının həmin mənzildən çıxarılması, mənzilin boşaldılaraq Banka təhvil verilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Onun və ailə üzvlərinin yaşamaq üçün başqa mənzilləri yoxdur. Mənzili tərk edəcəkləri halda 7 nəfərlik ailə üzvləri ilə birlikdə küçədə qalmalı olacaqlar. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli 2(007)-40/2020 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. Həmin qərardaddan borclunun verdiyi şikayət təmin olunmayaraq, məhkəmənin 04.08.2021-ci il tarixli qərardadı ilə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən borclu Cavabdeh1 şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış digər tərəflər məhkəməyə gəlmədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Məcəllənin 231.5-ci maddəsinə əsasən qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icrasına möhlət verilməsinə, məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsinə, icra üsulunun və qaydasının dəyişdirilməsinə, habelə icra üzrə icraatın dayandırılmasına yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir. Qanunvericilik, məhkəmə icraatı tərəflərinin hüquqlarını və qanuni maraqlarını nəzərə alaraq məhkəmə aktlarının icrasının hissə-hissə həyata keçirilməsi, həmçinin onların icrasına möhlət verilməsi institutlarını nəzərdə tutsa da, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.5-ci maddəsinin məzmununa əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qətnaməsinin icrasına möhlət verilməsinə, qətnamənin hissə-hissə icra edilməsinə, icra üsulunun və qaydasının dəyişdirilməsinə, habelə icra üzrə icraatın dayandırılmasına yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir. Məhkəmə də belə nəticəyə gəlmişdir ki, icrasına möhlət verilməsi xahiş olunan qətnamə ilə ipoteka predmetinə tutma yönəldilməsi nəzrdə tutulmuşdur. Bu səbəbdən ərizənin təmin olunması üçün hüquqi əsaslar mövcud deyil. Hazırda isə ipoteka saxlayanın belə bir razılığının olduğu müəyyən edilmir. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti qanuni və əsaslıdır, şikayətin dəlilləri əsassızdır. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Borclu Cavabdeh1 şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli 2(007)-40/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar