Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-910/2023 17.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X2 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3320/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Cavabdeh ilə "xxxx" MMC arasında xx.xx.2020-ci il tarixdə bağlanmış hissə-hissə ödəmə şərti ilə malın alqı-satqısı müqaviləyə əsasən, cavabdeh ümumilikdə dəyəri 340,2 manat təşkil edən İMEİ kodu **********73723 olan “Samsung Galaxy A01” markalı telefonu əldə etmiş, ödəniş məbləğini 18 ay müddətinə "xxxx" MMC-yə ödəməyi və ödənişin gecikdirildiyi halda, hər hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdehin cəmi ödədiyi məbləğ 57.2 manat təşkil edir.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********73723 olan “Samsung Galaxy A01” markalı telefon üçün 283 manat ödənilməmiş hissə, 28 manat cərimə, ümumilikdə 311 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında xx.xx.2020-ci il tarixdə bağlanmış müqaviləyə əsasən, iddiaçı cavabdehə ödəniş qrafikinə əsasən alqısatqı qiyməti 340.2 manata İMEİ kodu **********73723 olan “Samsung Galaxy A01” markalı telefonu nisyə satmışdır. Alıcı həmin məbləği hər ay 18.9 manat ödəmək şərti ilə 18 ay müddətinə (ilkin ödəniş 0 manat olmaqla) ödəməyi öz üzərinə götürmüşdür. Cavabdehin cəmi ödədiyi məbləğ 57.2 manat təşkil edir. Cavabdehə borcun ödənilməsinə dair dəfələrlə şifahi xəbərdarlıq edilmiş, həmçinin poçt vasitəsi ilə ona rəsmi qaydada xəbərdarlıq məktubu göndərilmişdir. Lakin cavabdeh xəbərdarlıqlara məhəl qoymaraq müqavilə üzrə yaranmış borcunu ödəməkdən yayınmışdır.
4. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək qeyd etmişdir ki, İddiaçı MMC ilə aralarında bağlanmış xx.xx.2020-ci il tarixli 22064281 nömrəli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavənin 4-cü bəndində göstərilmişdir ki, “Müştəri” Ödəniş cədvəlinin tələblərinin 2 aydan artıq müddətdə yerinə etmədikdə “Malı” geri qaytarır, bu zaman “Mal” “ABC”-nin özü və ya onun müəyyənləşdirdiyi subyekt tərəfindən birtərəfli qaydada qiymətləndirilir və qiymətləndirmə nəticəsində müəyyən edilmiş məbləğ “Müştəri”nin ümumi borcundan çıxılır. Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavənin 4-cü bəndini əsas tutaraq İddiaçı MMC-dən kreditə əldə etdiyi Samsung galaxy A01 (SM-A015) markalı mobil telefonun ödənişini 2 aydan artıq müddətdə edə bilmədiyi üçün geri qaytarmaq məqsədi ilə İddiaçı MMC-nin Qara Qarayev pr. 59 ünvanında yerləşən Servis Link məkrəzinə bir necə dəfə yaxınlaşaraq “Malı” tam işlək vəziyyətdə geri qaytarmaq istəsə də, İddiaçıMMC müqavilə üzrə öhdəliklərini kobud şəkildə pozaraq “Malı” geri götürməkdən imtina etmişdir. Bununla da İddiaçı MMC Müqavilənin və MM-nin 430.1 maddəsinin tələbini pozulmuşdur. İddianın təmin edilməməsini və pozulmuş hüquqlarını bərpa etmək məqsədi ilə İddiaçı MMC-nin üzərinə Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavənin 4-cü bəndini icra etmək öhdəliyini qoyulmasını xahiş etmişdir.
5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3320/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim T.Axundov) iddia təmin edilmiş, Cavabdeh əsas borc üzrə 283 manat, cərimə borcu üzrə 28 manat, cəmi 311 manat məbləğində pulun "xxxx" MMC-nin xeyrinə tutulması qət edilmişdir.
6. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, nisyə alqı-satqı müqaviləsi qüvvədə olduğu müddətdə cavabdeh telefondan istifadə etməklə, müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir. Tərəflər arasında bağlanmış müqavilənin Əlavəsinin 4cü bəndinə əsasən, müştəri Ödəniş Cədvəlinin tələblərini iki aydan artıq müddətdə yerinə yetirmədikdə malı geri qaytarır, bu zaman mal "xxxx" MMC-nin özü və ya onun müəyyənləşdirdiyi subyekt tərəfindən birtərəfli qaydada qiymətləndirilir və qiymətləndirmə nəticəsində müəyyən edilmiş məbləğ müştərinin ümumi borcundan çıxılır. Cavabdehin etirazısının əsasını Əlavənin 4-cü bəndi təşkil etsə də, məhkəmə qeyd edir ki, bu hal iddiaçının öz hüququdur.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının MM-nin 567, 600.1, 601.1, 404.1, 386.1, 385.1, 600.4, 442, 445.1 və 462.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3320/2022 saylı 24 iyun 2022-ci il tarixli qətnaməsinin ləğv olunmasını, onun pozulmuş huquqlarını bərpa etmək məqsədi ilə "xxxx" MMC-nin üzərinə Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavənin 4-cü bəndini icra etmək öhdəliyinin qoyulması, iş üzrə ödənilmiş 15 (on beş) manat dövlət rüsumunun iddiaçı "xxxx" MMC-dən tutularaq Cavabdeh ödənilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə onun arasında bağlanmış xx.xx.2020-ci il tarixli 22064281 nömrəli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavənin 4-cü bəndində göstərilmişdir ki, “Müştəri” ödəniş cədvəlinin tələblərinin 2 aydan artıq müddətdə yerinə yetirmədikdə “Malı” geri qaytarır, bu zaman “Mal” “ABC”-nin özü və ya onun müəyyənləşdirdiyi subyekt tərəfindən birtərəfli qaydada qiymətləndirilir və qiymətləndirmə nəticəsində müəyyən edilmiş məbləğ “Müştəri”nin ümumi borcundan çıxılır. Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavənin 4-cü bəndini əsas tutaraq "xxxx" MMC-dən kreditə əldə edilmiş “Samsung Galaxy A01” (SM-A015) markalı mobil telefonun ödənişini 2 aydan artıq müddətdə edə bilmədiyi üçün geri qaytarmaq məqsədi ilə "xxxx" MMC-nin Qara Qarayev prospekti 59 ünvanında yerləşən Servis Link məkrəzinə bir neçə dəfə yaxınlaşaraq “Malı” tam işlək vəziyyətdə geri qaytarmaq istəsə də, "xxxx" MMC müqavilə üzrə öhdəliklərini kobud şəkildə pozaraq “Malı” geri götürməkdən imtina etmişdir. Bununla da "xxxx" MMC Müqavilənin və MM-nin 430.1 maddəsinin tələbini pozmuşdur. Cavabdeh yuxarıda göstərilənləri etiraz formasında Yasamal Rayon Məhkəməsinə göndərməyinə baxmayaraq Məhkəmə eitrazını qəbul etməmiş, səbəb kimi isə mötəbər sübutun olmamasını göstərmişdir. 02 iyul 2022-ci il tarixdə növbəti dəfə "xxxx" MMC-dən aldığı “Samsung galaxy A01” (SM-A015) markalı mobil telefonu geri qaytarmaq məqsədi ilə, "xxxx" MMC-nin Qara Qarayev prospekti 59 ünvanında yerləşən Servis Link məkrəzinə yaxınlaşmış və bir daha imtina almışdır (AKT əlavə olunub). Qeyd olunmuşdur ki, imtinaya səbəb kimi Telefonda xırda mexaniki zədənin olması və “guya” kənar müdaxilənin olması göstərilmişdir 1 boltun olmaması (bu müdaxiləni özləri edə bilər). İstənilən halda yuxarıda göstərilən “Mal” istifadə olunmuş məhsul olduğu üçün aşınma nəzərə alınmalıdır. Əlavə olaraq qeyd etmişdi ki, xx.xx.2020-ci il tarixli 22064281 nömrəli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavənin 4-cü bəndində “Malı”n geri qaytarılması və ya geri götürülməsinin mümkün olmadığı hallar göstərilməmişdir. Bu səbəbdən "xxxx" MMC-nin “Malı” geri götürməməsi birbaşa müavilə üzrə öhdəliklərin kobud şəkildə pozulması kimi qiymətləndirilməlidir. İş üzrə birinci instansiya məhkəməsi hazırki qətnaməni qəbul edərkən yalnız iddiaçının verdiyi sübutlarla kifayətlənmiş iş üzrə bütün halları aydınlaşdırmadan doğru omayan hüquqi nəticəyə gəlmişdir. Eyni zamanda Məhkəmə Kolleqiyasının nəzərinə çatdırır ki, müqavilə üzrə öhdəliyin icrası zamanı vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmiş və müqavilə üzrə öhdəliyi icra edərkən öhdəliyin icrasını təhlükəyə məruz qoya biləcək qəsdən heç bir hərəkətə yol verməmişdir. Belə ki, "xxxx" MMC-dən əldə etdiyi mobil telefonu geri qaytarmaq üçün bir necə dəfə öz təşəbbüsü ilə müraciət etməyinə baxmayaraq qarşı tərəf hər dəfə əsassız imtinalar etmişdir. Bu hal onun müqavilə öhdəliklərinə vicdanlı yanaşmağına dəlalət edir. Bu baxımdan hesab edir ki, birinci instansiya məhkəməsi, iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün bu halları lazımi qaydada aydınlaşdırmadan yanlış hüquqi nəticəyə gələrək, sonda düzgün olmayan qətnamə qəbul etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Apellyasiya baxışının hədləri
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
12. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
13. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
14. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi xahiş edilmişdir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin tam yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
15. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
16. 425-ci maddəsinin tələblərinə görə Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
17. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
18. 567, 568.1 və 597.1-ci maddələrinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə, alıcı isə əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulmuş qiymətlə ödəməyə borcludur.
19. 588-ci maddəsinə əsasən əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin.
20. 601.1 və 600.4-cü maddələrinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
22. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin apellyasiya şikayətinin məğzini, əsas dəlillini xx.xx.2020-ci il tarixli 22064281 nömrəli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavənin 4-cü bəndi təşkil edir, hansı ki, həmin bənddə qeyd olunur ki, müştəri Ödəniş Cədvəlinin tələblərini iki aydan artıq müddətdə yerinə yetirmədikdə malı geri qaytarır, bu zaman mal "xxxx" MMC-nin özü və ya onun müəyyənləşdirdiyi subyekt tərəfindən birtərəfli qaydada qiymətləndirilir və qiymətləndirmə nəticəsində müəyyən edilmiş məbləğ müştərinin ümumi borcundan çıxılır.
23. Müqavilənin bu bəndindən və Mülki Məcəllənin yuxarıda qeyd edilən maddələrinin məzmunundan anlaşıldığı kimi əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
24. Belə ki, alqı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. Cavabdehin tərəf olduğu müqavilənin bəndlərindən, həm də mülki qanunvericiliyin müvafiq normalarından göründüyü kimi alıcı müqavilə ilə üzərinə düşən öhdəliyi icra etmədikdə, yəni satıcının müəyyən məbləğdə pul-müqavilə qiymətini almaq hüququnu pozduqda satıcının əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb etmək üzrə hüququnun yaranmasına əsasdır.
25. Göründüyü kimi, alıcı tərəfindən müqavilə şərtləri pozulduğu halda qeyd edilən hüquq iddiaçıya aid olur və iddiaçı əşyanın ödənilməsini tələb etməklə həmin hüququn realizəsi üsullarından bu formanı seçməklə hər hansı qanun normasının pozulmasına yol vermir. 26.Apellyasiya şikayətinin müqavilə predmeti olan telefonda 1 boltun olmamasına, istifadə olunmuş məhsulda aşınmanın nəzərə alınmalı olmasına dair dəlilləri ilə əlaqədar isə məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, bu hallar malın qayatarılmasını o halda şərtləndirir ki, alıcı-cavabdeh alqı-satqı predmetinin qüsurlu olmasını, qüsurun ona verilməzdən əvvəl və ya verilən zaman artıq mövcud olmasını sübut etsin. İş materiallarından göründüyü kimi cavabdeh istinad etdiyi halları təsdiq edən sübutları təqdim etməmiş və beləliklə də Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. 27.Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
29. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.
30. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, hazırda iddia tələbinin təmin edilən hissəsində iddianın qiyməti 311 manat olmaqla beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
31. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3320/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Məmməd Məmmədov Rəşad Həsənov İş № 2(103)-910/2023
MƏHKƏMƏİCLASİNİNPROTOKOLU
Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası
Hakimlər: X1 (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə,
İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3320/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə 17 yanvar 2023-cü ildə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclasından kənar yazılı icraat qaydasında baxılır. Prosessual hərəkət saat 11:05-də başlayır. Məhkəmə kollegiyası mülki işin materiallarını araşdırır. Prosessual hərəkət saat 11:10-da başa çatdı. Məhkəmə iclas protokolu 17 yanvar 2023-cü ildə tərtib tərtib olundu.
Sədrlik edən Cəmilə Musayeva BAKI APELLYASİYA MƏHKƏMƏSİ
AZ 1073, Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə. Tel: (99412) 498-09-68; 498-77-82; 439-75-99. Faks: (99412) 510-53-48 http: //www.bakuappealcourt.gov.az E-mail: Elektron ünvan
İş № 2(103)-910/2023 18 yanvar 2023-cü il
Elektron kabinetləri var
Bakı Apellyasiya Məhkəməsinin 2(103)-910/2023 saylı 17 yanvar 2023-cü il tarixli qətnaməsi məlumat üçün Sizə göndərilir.
Qoşma: 05 vərəq.
Hakim Cəmilə Musayeva