Məhkəmə qərarları › İş №2(103)-9109/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9109/2021

28.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9109/2021 28.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, cavabdeh - Bank Olmayan Kredit Təşkilatı Cavabdeh2 nümayəndəsi X7 iştirakı ilə İddiaçı İngilab oğlunun "xxxx" MMC-nə və Bank Olmayan Kredit Təşkilatı Cavabdeh2nə qarşı “hərracın nəticələri barədə protokolun etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) və Bank Olmayan Kredit Təşkilatı Cavabdeh2nə (BOKT) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 may 2018-ci il tarixli qətnaməsinə əsasən BOKT-a 2974,20 (iki min doqquz yüz yetmiş dörd dollar iyirmi sent) ABŞ dolları məbləğində borcunun olmasının öz təsdiqini tapdığını, Bakı şəhəri, Xətai rayonu, Əhmədli yaşayış sahəsi, X13 küçəsində yerləşən 5 nömrəli evin 26-m saylı mənzilin 57 375 (əlli yeddi min üç yüz yetmiş beş) manat dəyərində qiymətləndirilərək MMC tərəfindən hərraca çıxarıldığını, hərracın keçirilməsi zamanı ona rəsmi qaydada bildiriş çatdırılmadığını, hərracın keçirilməsinin vaxtını bilsə də yol pulu olmadığına görə hərracda iştirak edə bilmədiyini, bundan sui-istifadə edən hərrac mərkəzinin əmlakı həddindən artıq aşağı qiymətləndirib bankla əlbir olmaqla onu əmlakından məhrum etdiyini bildirmiş, həmin mənzilə dair keçirilmiş hərracın nəticələrinin, hərrac təşkilatının ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün tərtib etdiyi hərracın yekunları barədə 29 dekabr 2020-ci il tarixli 58/02 nömrəli protokolun etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasnı xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini xahiş etmiş, şikayətini, məhkəmənin işin hallarına və sübutlara düzgün hüquqi qiymət vermədiyi, maddi və prosessual hüquq normalarının tələblərini pozduğu, pandemiya səbəbilə hərracda iştirak edə bilmədiyini nəzərə almadığı arqumentləri ilə əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini müdafiə edərək onun təmin olunmasını xahiş etmiş, cavabdeh BOKTun nümayəndəsi şikayətin əsassız olduğunu bildirmiş, cavabdeh MMC-nin nümayəndəsi isə məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş və mübahisələndirilməyən halı ondan ibarətdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 31 may 2019-cu il tarixli qərarı əsasında verilmiş icra vərəqəsinə görə X1, X2, X5 Bank Olmayan Kredit Təşkilatı Cavabdeh2 xeyrinə 06 may 2015-ci il tarixli 05/295 nömrəli kredit və 06 iyun 2015-ci il tarixli 05/295 nömrəli zaminlik müqavilələrinə əsasən əsas kredit borcu üzrə 34.270,23 (otuz dörd min iki yüz yetmiş dollar iyirmi üç sent) ABŞ dolları, faiz borcuna görə 19.142,84 (on doqquz min bir yüz qırx iki dollar səksən dörd sent) ABŞ dolları, cərimə borcuna görə 3000 (üç min) ABŞ dolları olmaqla cəmi 57 413,07 (əlli yeddi min dörd yüz ön üç dollar yeddi sent) ABŞ dollarının ödəniş gününə manatın məzənnəsi ilə manatla, X1 Bank Olmayan Kredit Təşkilatı Cavabdeh2 xeyrinə 27 avqust 2015-ci il tarixli 08/420 nömrəli kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 9339,83 (doqquz min üç yüz otuz doqquz dollar səksən üç sent) ABŞ dolları, faiz borcuna görə 2974,20 (iki min doqquz yüz yetmiş dörd dollar iyirmi sent) ABŞ dolları, cərimə borcuna görə 1000 (bir min) ABŞ dolları olmaqla cəmi 13 314,03 (on üc min üç yüz on dörd dollar üç sent) ABŞ dollarının ödəniş gününə manatın məzənnəsi ilə manatla, dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına görə xidmət haqqı kimi ödənilmiş 31 (otuz bir) manat məbləğində pulun tutulması, borc tələbinin ipoteka ilə yüklü edilmiş İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli yaşayış sahəsi, X12 küçəsi, ev 5, 26M nömrəli mənzilə yönəldilməsi, mənzilin açıq hərraca çıxarılması, mənzilin açıq hərracda ilkin satış qiymətinin 90 000 (doxsan min) manat məbləğində müəyyən edilməsi, mənzilin satılması və X3, X4 və X6 06 may 2015-ci il tarixli 05/295 nömrəli kredit və 06 iyun 2015-ci il tarixli 05/295 nömrəli zaminlik müqaviləsi üzrə banka olan borcunun ödənilməsinə yönəldilməsi, mənzil satıldıqdan sonra həmin ünvanda qeydiyyatda olan şəxslərin yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməsi, aparılmış məhkəmə mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaitinin X1 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi, aparılmış qiymətləndirmə ekspertiza tədqiqatının dəyəri olan 200 manatın X1 tutularaq "Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin Nərimanov filialının müvafiq hesabına keçirilməsi, apelyasiya icraatında aparılmış qiymətləndirmə tədqiqatına görə 200 (iki yüz) manat məbləğində xərcin X1 tutularaq "X14 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Nərimanov filialının müvafiq hesabına ödənilməsi qərara alınmış, həmin icra sənədinin icrası ilə bağlı keçirilən hərraclarda mənzil satılmamış və 57 375 manata tələbkara təklif olunaraq onun tərəfindən əldə edilmişdir. İddiaçı, əmlakının real qiymətindən daha aşağı qiymətlə hərraca çıxarıldığını və hərracın ona xəbər verilmədən qanun pozuntusu ilə keçirildiyini iddia edərək hazırkı apellyasiya baxışının predmeti olan iddia tələblərini irəli sürdüyündən, kollegiya, öhdəlik münasibətləri, ipoteka predmetinə tutma yönəldilməsi, müqavilənin hərracda bağlanması və etibarlılığı ilə əlaqədar bəzi məsələlərin təhlil olunmasını zəruri hesab edir. Öhdəlik münasibətləri tərəflərini intizamlandırmaq, onun yetərincə və vaxtında icra olunmasını təşviq etmək məqsədilə Mülki Məcəllədə kreditorla müqayisədə borclu barəsində birbaşa və ya dolayısı yüklülük yaradan və əlavə təminat vasitəsi kimi çıxış edən öhdəliklərin icrasının təmin edilməsi üsulları da müəyyənləşdirilmişdir. Bu baxımdan ipoteka əlavə (aksessor) öhdəlik kimi onunla təmin edilmiş öhdəliklərin yerinə yetirilmədiyi və ya yerinə yetirilməsinin gecikdirildiyi hallarda əmlakdan real məhrum olma təhlükəsi yaratdığından borclunu əsas öhdəliyin vaxtında icrasına sövq edir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununda ipoteka predmetinə tutmanın yönəldilməsinin həm məhkəmədən kənar, həm də məhkəmə qaydası nəzərdə tutulmuş (Qanunun 35-39-cu maddələri), məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi prosedurunun icra məmuru tərəfindən həyata keçirilərək ipoteka predmetinin hərracda satılması, icra məmurunun hərracın keçirilməsini əmtəə birjasının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata sifariş verməsi, sifarişin “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunmaqla və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirməsi, hərracın isə açıq auksion formasında keçirilməsi öz əksini tapmışdır (Qanunun 41.2-ci, 41.3-cü və 41.5-ci maddələri). Qanunun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində təşkilatçının hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirməsi, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərməsi qeyd olunmaqla, elanların verilməsi müddətlərinə və s. dair müddəalar əks etdirilmiş, 43-cü və 44-cü maddələrində isə müvafiq olaraq hərracın baş tutmamış hesab edilməsinin və onun etibarsız sayılmasının nəticələri göstərilmişdir. Mülki Məcəllənin 415.2-ci maddəsində isə göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. “İpoteka haqqında” Qanunun 43.3-cü, 43.4-cü, 43.5-ci, 43.6-cı və 43.7-ci maddələrinə görə, hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. İş materiallarından aydın olur ki, "xxxx" MMC tərəfindən 23.11.2020-ci il tarixdə keçiriləcək ilk hərrac barədə mənzilin ilkin satış qiyməti, hərracın keçirilmə yeri və vaxtı göstərməklə müvafiq bildiriş icra sənədi üzrə borclulara poçt vasitəsilə göndərilmiş, ilkin hərracın baş tutmadığı və ikinci hərracın 07.12.2020-ci il tarixdə keçiriləcəyi barədə bildiriş borclulara 25.11.2020-ci il tarixdə ünvanlanmış, sözügedən hərraclar və onların baş tutmadığı barədə “Birja yenilikləri” qəzetinin müxtəlif tarixli sayılarında fasilələrlə elanlar verilmiş, 08.12.2020-ci il tarixdə əmlak, təkrar hərracdakı satış qiymətindən 25% aşağı qiymətlə, yəni 57 375 manata ipoteka saxlayana təklif olunmuşdur. İddiaçının özünün də hərrac barədə məlumatlı olduğunu və “maddi imkanı olmadığından Bakı şəhərinə gələ bilmədiyini” qeyd etməsini nəzərə almaqla kollegiya hesab edir ki, əmlakın satılması ilə bağlı keçirilmiş hərracların vaxtı, yeri, forması, keçirilmə qaydası barədə ona yazılı bildirişlərin göndərilməməsi barədə onun arqumentləri öz təsdiqini tapmamışdır və birinci instansiya məhkəməsinin işin müəyyən edilən hallarına istinadla gəldiyi nəticə ilə razılaşmamaq üçün əsas mövcud deyildir. Bu qənaətə gələrkən kollegiya, “F. Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30.12.2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyi də nəzərə alaraq qeyd edir ki, həmin qərarında Konstitusiya Məhkəməsi MM-in 415.2-ci maddəsində nəzərdə tutulmuş bildirişin ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edildiyini və bu maddənin hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoymadığını, yalnız “İpoteka haqqında” Qanununun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışlarının fərqləndirildiyini, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsinin nəzərdə tutulduğunu vurğulamışdır. Əmlakının real qiymətindən ucuz qiymətləndirildiyi barədə iddiaçının arqumenti ilə bağlı isə kollegiya qeyd edir ki, ona məxsus olmuş əmlak bilavasitə məhkəmə qətnaməsi əsasında müəyyənləşdirilmiş ilkin satış qiyməti ilə açıq hərraca çıxarılmışdır və buna görə də həmin arqumentlə bağlı əlavə əsaslandırma aparılmasına zərurət mövcud deyildir. Mülki Məcəllənin 416-cı maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, əmlakın açıq hərracdan satılması ilə bağlı qanunvericilik müddəalarının kobud pozuntusu müəyyən edilmədiyindən iddia tələbini təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından da ədalətli və qanunidir. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1809/2021 saylı iş üzrə 20 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar