Məhkəmə qərarları › İş №2(103)-911/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-911/2020

07.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-911/2020 07.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi: İsmayıl Kamil oğlu Xəlilov Hakimlər: Xəyalə Adil qızı Cəmilova və İlham Əziz oğlu Kərimlidən ibarət tərkibdə, Raul Firdovsi oğlu Ağakişiyevin katibliyi ilə, İddiaçı vəkili və nümayəndəsi Vəkil, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 vəkili və nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdehnə, cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Salyan Rayon İcra və Probasiya Şöbəsinə və X9 qarşı “hərracın yekunları haqqında yekun protokolun və alqı-satqı müqaviləsinin etibarsız sayılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X15 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh MMC və cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Salyan Rayon İcra və Probasiya Şöbəsinə qarşı iddia ərizəsi və iddia ərizəsinə əlavə ilə müraciət edərək, Cavabdeh MMC tərəfindən keçirilmiş xx xxxxxx 2019-cu il tarixli 111 nömrəli hərracın nəticələri haqqında yekun protokolun və onun əsasında hərracın yekunları üzrə əmlakın xx xxxxxx 2019-cu il tarixli alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh MMC tərəfindən Salyan rayonu, Yenikənd kəndində yerləşən torpaq sahəsində sənəd üzrə sahəsi 0,50 ha, tikinti altındakı sahə 0,02929 ha, digər sahələr 1,18856 ha olan və 1983-cü ildə tikilmiş iki mərtəbəli iki otaqdan ibarət ümumi yaşayış sahəsi 263,60 kv.metr, yaşayış sahəsi 48 kv.metr, köməkçi sahəsi 215,6 kv.metr olan ev və torpaq sahəsinin açıq hərracının yenidən keçirilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır: Salyan Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli icra vərəqəsinə əsasən, Salyan rayonu, Yenikənd kəndində yerləşən torpaq sahəsində sənəd üzrə sahəsi 0,50 ha, tikinti altındakı sahə 0,02929 ha, digər sahələr 1,18856 ha olan və 1983-cü ildə tikilmiş iki mərtəbəli iki otaqdan ibarət ümumi yaşayış sahəsi 263,60 kv.metr, yaşayış sahəsi 48 kv.metr, köməkçi sahəsi 215,60 kv.metr olan ev və torpaq sahəsinin hərracda satılması və satışdan əldə olunmuş pul vəsaitinin 23/24 hissəsinin İddiaçı, 1/24 hissəsinin X9 verilməsi qət olunmuşdur. Həmin ev və torpaq sahəsinin ilkin satış qiymətinin 35.000 manat qiymətləndirilmiş, açıq hərracda satılması, satışdan əldə olunmuş pul vəsaitinin 23/24 hissəsinin İddiaçı, 1/24 hissəsinin X9 verilməsi üçün hərracın keçirilməsi Cavabdehnə göndərilmişdir. Qətnamənin icrası mərhələsində Salyan Rayon İcra Şöbəsinin sifarişi əsasında Cavabdeh MMC tərəfindən, hesabata əsasən torpaq sahəsinin həmin günə ilkin qiyməti 35.000 manat müəyyən edilmişdir. Keçirilən birinci hərrac baş tutmuşdur. Hərracın nəticələrinə dair xx xxxxxx 2019-cu il tarixli protokoluna əsasən ev 35.000 manata X1. “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin Salyan rayon poçt filialının Yenikənd poçt şöbəsinin rəisi Zaur Nəcəfov poçta göndərilmiş məktubu Salyan rayonu, Yenikənd kənd sakini X4 İddiaçı təqdim etmək üçün vermiş, X10 həmin məktubu həmin həyətdə yaşayan İddiaçı oğlu Afət Dadaşovun arvadı X5 təqdim etmişdir. Həmin vaxt o, xəstə olduğuna görə qızı X8gildə qalmışdır. xx xxxxxx 2019-cu il tarixdə sağalandan sonra qızıgildən evə gəldikdən sonra X11 məktubu ona təqdim etmişdir. Məktub oxunan zaman məlum olmuşdur ki, xx xxxxxx 2019-cu il tarixdə Salyan rayonu, Yenikənd kəndində yerləşən faktiki yaşadığı ikimərtəbəli ev və oğlu X13 məxsus evin, təsərrüfat damlarının və sair tikililərin yerləşdiyi torpaq sahəsi də daxil olmaqla açıq hərracın keçirilməsi nəzərdə tutulmuşdur. Bildirişdə isə həmin tikililərin X12 mülkiyyətində olduğu göstərilmişdir. Hərracda iştirak edə bilmədiyi üçün onun qanunvericilikdə nəzərdə tutulmuş hüquqları pozulmuşdur. Evin və torpaq sahəsinin mülkiyyətçisi olduğu halda, keçirilən hərraclar barədə hərracın təşkilatçısı tərəfindən yalnız ona birinci hərrac barədə bildiriş göndərilmiş, amma ona şəxsən təqdim edilməmişdir. Tam məlumatlı olmadığından hərracda iştirak etmək hüququndan məhrum olunmuş və hərrac keçirilərkən onun evini almaq hüququ məhdudlaşdırılmış və xüsusi mülkiyyəti əlindən alınaraq X1. Əgər o hərracda iştirak etmiş olsaydı, evinin dəyərini ödəməklə özünü küçədə yaşamağa qoymazdı. Hazırda həmin evdə yaşayır, həmin evdən başqa yaşayış evi yoxdur. Ev ona qaytarılmazsa yaşamağa heç bir yeri yoxdur və küçələrə atılmış olacaqdır. Bildiriş şəxsən onun özünə təqdim edilməmişdir. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Salyan Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli icra vərəqəsinə əsasən keçirilmiş Cavabdeh “hərracın yekunları barədə 111 nömrəli, xx xxxxxx 2019-cu il tarixli protokolun və həmin protokol əsasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Salyan rayonu, Yenikənd kəndində yerləşən torpaq sahəsində sənəd üzrə sahəsi 0,50 ha, tikinti altındakı sahə 0,02929 ha, digər sahələr 1,18856 ha olan və 1983-cü ildə tikilmiş iki mərtəbəli iki otaqdan ibarət olan evi və torpaq sahəsi üzrə yenidən hərracın keçirilməsi qət olunmuşdur. Həmin qətnamə ilə razılaşmayan müstəqil tələb irəli sürməyən üçüncü şəxs X15 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianını rədd edilməsini xahaiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır: Məhkəmə cavabdehin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs X7 iştirakları olmadan, əlavə sübutlar tələb etmədən, işin faktiki hallarını dərindən öyrənmədən əsassız bir qətnamə qəbul etmişdir. O, cavabdeh qismində qoyulmamış, məhkəmə belə halda, iddia tələbinin dəqiqləşdirilməsi hüququnu tərəfə izah etməli olduğu halda bunları etməmiş, iştirakı olmadan onun hüquqlarına toxunan hallar barədə qərar qəbul etmişdir. Hərracın yekunlarının nəticəsi olaraq tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə hüquqlarını dövlət qeydiyyat orqanında qeyd etdirməklə həmin daşınmaz əmlaka çıxarış almışdır. İddia tələbində həmin çıxarışın etibarsız hesab edilməsi göstərilməmiş və həmin çıxarış hal-hazırda da hüquqi qüvvədədir. İddiaçı müqavilə tərəfi olmadığı üçün bağlanmış alqı-satqı müqaviləsinin etibarsızlığını tələb etməsi qanunsuz olmuş və məhkəmə bu hissədə də iddianı təmin etməklə haqlı olmamışdır.Tərəflər arasında olan əvvəlki məhkəmə mübahisələrindən də görünür ki, məqsəd onu ata mülkündən məhrum etməkdir. Belə ki, iddiaçı əvvəlcə istədi ki, onu ləyaqətsiz vərəsə hesab etdirsin. Bu barədə məhkəmə mübahisəsinə Şirvan Apelyasiya Məhkəməsi son qoydu və onun ləyaqətsiz vərəsə hesab edilməyi barədə Salyan rayon məhkəməsinin qətnaməsini ləgv etdi. Sonra, iddiaçı kompensasiya verməklə payının cüzi olması əsası ilə məhkəməyə müraciət etdi. Bu iddia da effektiv alınmadı. İddiaçı sonuncu iddia kimi “əmlakın açıq hərracdan satılması və satış pulunun paylara uyğun surətdə bölünməsi” tələbi ilə məhkəməyə müraciət etdi. Bildirişin çatmamasında poçt şöbəsinin əməkdaşlarının və iddiaçının gəlini Ərkinaz Dadaşovanm günahı var. Hərrac təşkilatı iddiaçıya bildirişi vaxtında göndərmişdir.Hərracın vaxtı və yeri barədə məlumatının olmaması və sair bəhanələr bir daha təsdiq edir ki, iddiaçı əvvəlki çoxsaylı iddiaları kimi, yenə də verdiyi hal-hazırkı əsassız iddia ilə cavabdehi süründürmək, onu bezdirmək məqsədi güdür. Məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 vəkili və nümayəndəsi X14 apellyasiya şikayətini müdafiə edərək ona uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, hərracın keçirilməsinə dair KİV-də elan yerləşdirilməsi ilə bağlı məlumatı yoxdur. Hərrac barədə təmsil etdiyi şəxs məlumatlı olubsa qarşı tərəfin bu barədə məlumatlı olmaması absurddur. Miras əmlakla bağlı uzun müddətdir ki, tərəflər arasında məhkəmə mübahisələri gedir. Artıq qanuni qüvvəsini almış qətnamə var. Həmin qətnamə əsasında hərrac keçirilmiş və təmsil etdiyi şəxs evi satın almış, iddiaçının payına düşən pul vəsaitini depozit hesabına yerləşdirmişdir. Təmsil etdiyi tərəf 35.000 AZN borc taparaq evi hərracda satın almışdır ki, atasından qalan miras əmlak başqalarına qismət olmasın. İddiaçının məqsədi ondan ibarətdir ki, hərracda evin qiymətini 50.000 AZN qaldırılsın və təmsil etdiyi şəxs məbləği ödəyə bilmədiyi üçün qarşı tərəf evi alsın. Təmsil etdiyi şəxsin mirasdakı payı cüzi olduğu üçün evin qiymətinin qaldırılması iddiaçının maddi mənafeyini bir o qədər də pozmayacaq. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətini qəbul etməmiş, iddia tələbinə uyğuün izahat vermiş və əlavə olaraq bildirmişdir ki, iddiaçı qarşı tərəfin günahından mübahisəli evdə yaşamır. O, qohumlarının yanında yaşamağa məcbur olmuşdur. Bu barədə işə fotoşəkil əlavə etmişdir ki, yaşlı qadın yaşadığı evə pəncərədən daxil olur və çıxır. Hazırkı həracın keçirilməsinin məqsədi evin qarşı tərəfə verilməsini rəsmilədirmək məqsədi daşımışdır. Əks təqdirdə iddiaçı özü evi həmin qiymətə satın ala bilərdi və qarşı tərəfin payı cüzi olduğu üçün onu ödəməkdə çətinlik çəkməzdi. İşin faktiki halları bunlardır: Qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə Salyan rayonu, Yenikənd kəndində yerləşən torpaq sahəsində sənəd üzrə sahəsi 0,50 ha, tikinti altındakı sahə 0,02929 ha, digər sahələr 1,18856 ha olan və 1983-cü ildə tikilmiş iki mərtəbəli iki otaqdan ibarət ümumi yaşayış sahəsi 263,60 kv.metr, yaşayış sahəsi 48 kv.metr, köməkçi sahəsi 215,60 kv.metr olan ev və torpaq sahəsinin hərracda satılması və satışdan əldə olunmuş pul vəsaitinin 23/24 hissəsinin İddiaçı, 1/24 hissəsinin isə X9 verilməsi qət olunmuşdur. xx xxxxxx 2019-cu il tarixdə ilk hərrac keçirilmiş, həmin tarixli alqı-satqı müqaviləsi əsasında 35.000 manata ev X1. Mübahisə ilə bağlı dəyərləndirmə: İcra vərəqəsinə əsasən əmlakın hərraca çıxarılması, ilk hərracda evi X2 alması işin mübahisəsiz hallarıdır. İddiaçının mübahisələndirdiyi hallar ondan ibarətdir ki, hərracın keçirilməsi barədə ona lazımi qaydada məlumat verilməmiş, hərracın keçirilməsi qaydaları pozulmaqla əmlak başqasının mülkiyyətinə keçmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmə hərracın nəticələrinin etibarsızlığı qənaətinə gəlməkdə haqlı olmuşdur. Hərracın keçirilməsi barədə qaydaların pozulması ilə bağlı: Açıq hərrac qüvvədə olan qanunvericiliyin tələbləri pozulmaqla keçirilmidir. Məhkəmə kollegiyası ilk növbədə onu qeyd edir ki, işə baxan məhkəmə hərracın keçirilməsi qaydalarının pozulması ilə bağlı ən əsas şərtlərdən birini qeyd etməsə də hazırkı icraatda həmin məsələnin önə çəkilməsi vacibdir. Çünki qeyd olunacaq məsələ açıq hərracın keçirilməsinin ümdə şərtidir. Beləki, açıq hərrac əmlakın ən çox pul verənə verilmək üzrə açıq satışa çıxarılmasıdır. Açıq hərracda istənilən şəxs iştirak edə bilər. Bu məqsədlə hərrac təşkilatı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirməlidir. Özü də belə elan formal xarakter daşımamalı, hamının oxuya biləcəyi, oxucu kütləsi olan mətbu orqanda verilməlidir. Hərracın keçirilməsinə dair sənədlər alınaraq hazırkı iş materiallarına əlavə edilmişdir (mülki işin 64-69-cu səhifələri). Həmin sənədlərdə evin açıq hərraca çıxarılması ilə bağlı elan verilməsinə dair ümumiyyətlə məlumat mövcud deyil. Sanki hazırkı hərrac evin maraqlı şəxsə satılması üçün təşkil olunmuşdur. Kütləvi məlumat verilmədən açıq hərrac keçirilməsi onun mahiyyətinə ziddir. Hərrac ona görə açıq elan olunur ki, istənilən şəxs bu barədə məlumatlı olsun və arzu edən şəxs həmin hərracda iştirak edə bilsin. Bu təkcə yerli mətbu olmamalıdır. Belə elan heç olmasa respublika daxili kütləvi informasiya orqanlarının birində verilməlidir. Belə elanın verilməsi ona xidmət edir ki, hərrac bunda iştirak etməyi arzu edən şəxslərin iştirakı ilə keçirilsin ki, əmlakın satılması daha çox vəsait ödəyənə verilməsi yolu ilə keçirilsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.1. maddəsinə əsasən, auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. Analoji münasibətləri nizama salan “İpoteka haqqında” Qanunun 43.1.1. maddəsinə əsasən, hərraca iki nəfərdən az alıcı gəldikdə hərrac baş tutmamış hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.4. maddəsinə əsasən, hərracın iştirakçıları hərracın keçirilməsinə dair bildirişdə göstərilən məbləğdə, müddətdə və qaydada beh verirlər. Hərrac keçirilmədikdə beh geri qaytarılmalıdır. Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin də behi qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda, onun verdiyi behin məbləği bağlanmış müqavilə üzrə öhdəliklərin icrası hesabına daxil edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun 42.1. maddəsinə əsasən, hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. Həmin qanunun 43.1. maddəsinə əsasən, hərraca iki nəfərdən az alıcı gəldikdə hərracın təşkilatçısı hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir. Yuxarıda qeyd olunan normaların məzmunundan da göründüyü kimi hərracın baş tutması üçün azı iki nəfərin iştirakı, eyni zamanda hərracın təşkilatçısının beh qoyması zəruridir. Hazırkı işdə isə hərraca X6 başqa digər şəxslərin gəlməsi barədə məlumat yoxdur. Əks təqdirdə iştirak etmək arzusunda olan şəxslərin müraciəti və bu barədə beh ödəmələrinə dair məlumat olmalıydı. Lakin hərracda azı iki nəfərin iştirak etməsi, həmçinin iştirakçıların hərracda iştirak etməsi üçün beh qoymaları halı təsdiq olunmur. Məhkəmə kollegiyası qeyd edir ki, elə yuxarıda qeyd olunan pozuntuların özü hərracın nəticələrinin etibarsız hesab olunması üçün müstəqil əsaslardır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2. maddəsinə əsasən, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. “Poçt haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.10-cu maddəsinə görə sifarisli poçt göndərişi göndərilmək üçün qəbul olunduguna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərisindən ibarətdir. Qanunvericiliyin tələbinə görə hərrac təşkilatı hərracın keçirilməsinə dair bildiriş göndərməlidir. Bildiriş çatdırılarkən ünvan sahibinin çatdırılmanı təsdiq edən müvafiq sənədi imzalaması tələb olunur. Salyan poçt filialının Yenikənd Poçt Şöbəsinin xx xxxxxxxx 2019-cu il tarixli məktubundan müəyyən edilmişdir ki, İddiaçı adına 2019-cu ilin avqust ayında daxil olan poçt məktubu İddiaçı çatdırılması üçün X4 verilmişdir. Göründüyü kimi bildiriş birbaşa iddiaçıya verilməmiş, hərrac təşkilatı bildirişin iddiaçıya çatıb-çatmamasını dəqiqləşdirmədən hərracı keçirmidir. İddiaçının hərrac barədə məlumatlı olması ağlabatan deyil. Əks təqdirdə iddiaçı həmin hərracda mütlək iştirak etməli idi. Çünki qeyd olunan miras əmlaka hüquların tanınması ilə bağlı tərəflər 20 ildən artıqdır məhkəmə mübahisələri aparırar. Nəticə etibarı ilə miras evin 23/24 hissəsinin iddiaçının, 1/24 hissəsinə isə maraqlı şəxsin payları tanınmışdır. Hərrac barədə məlumat verilmiş və əmlakda 23/24 payı olan şəxsin hərracda iştirak etməyə təşəbbüs göstərməməsi ağlabatan deyil. Çünki iddiaçı qarşı tərəfin cüzi payının dəyərini ödəməklə 20 illik mübahisəyə son qoymuş olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416.1. maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 416.2. maddəsinə əsasən, hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, əmlakın cavabdehin adına qeydiyyata alınması və çıxarışın qüvvədə olduğu təqdirdə iddianın təmin olunmasının qanunsuz olması dəlili keçərli deyil. Çünki qeydiyyat üçün əsas olan müqavilə etibarsız olduğuna görə onun hüquqi nəticəsi olan X7 mülkiyyət hüququna dair dövlət reyestrində aparılmış qeydiyyat ləğv ediləcək. Azərbaycan Respublikası MPM-nin 384.0.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Həmin iş üzrə Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Hakimlər: imzalar Əsli ilə düzdür Hakim: İsmayıl Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar