Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9120/2020 08.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadından cavabdeh “Cavabdeh” İstehsalat Birliyi tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı “borcun silinməsinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayonu, Alekseyevka kəndində yerləşən ona məxsus fərdi evə (Abonentin kodu: **********06400) hesablanmış 1772.30 manat borcun “Cavabdeh” İstehsalat Birliyi tərəfindən silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bununla yanaşı iddiaçı eyni zamanda iddianın təmin tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, Quba rayonu, Alekseyevka kəndində yerləşən ona məxsus fərdi evə (Abonentin kodu:**********06400) mülki işə baxılanadək qaz verilişinin dayandırılmasının və smart karta yüklənən puldan tutulmaların aparılmasının cavabdeh “Cavabdeh” İB-yə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(011)- 5369/2020 saylı qərardadına əsasən ərizə təmin edilmiş, işə məhkəmədə baxılıb yekun qərar qəbul olunanadək, Quba rayonu, Alekseyevka kəndində yerləşən fərdi evə (Abonentin kodu: **********06400) dair Smart-kart vasitəsilə aparılan ödənişlərdən 1772.30 manat məbləğində borca görə tutulmaların aparılması və həmin ünvana dair qaz hasilatının verilməsinin dayandırılması cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qadağan edilmişdir. Cavabdeh “Cavabdeh” İstehsalat Birliyi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(011)-5369/2020 saylı qərardadından şikayət verərək, qərardadın ləğv edilərək, ərizənin rədd edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qərardad qəbul edərkən qanuvericiliyin tələblərini pozmuşdur. Odur ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(011)-5369/2020 saylı qərardadı ləğv edilməli, iddianın təmini tədbiri barədə ərizənin rədd edilməsinə dair qərardad qəbul edilməlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işin materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(011)-5369/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 158.1.1, 158.1.2, 158.1.3cü maddələrinə əsasən məhkəmə iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq, müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək, mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan edə bilər. Yuxarıda qeyd olunan mülki qanunvericiliyin tələblərinə əsasən iddianı təmin etmək barədə qəbul edilmiş qərardad müvəqqəti xarakter daşıyır və iş üzrə gələcəkdə qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən hallara dair şübhələr olduqda iddianın təmin etmək üçün nəzərdə tutulmuş tədbirlər görülə bilər. Məhkəmə kollegiyası şikayətin dəlilləri ilə bağlı qeyd edir ki, Quba rayonu, Alekseyevka kəndində yerləşən fərdi evə dair qaz təchizatı ilə bağlı hesablanmış borcun silinməsi mübahisə predmetini təşkil etdiyi üçün, həmin ünvana dair Smart-kart vasitəsilə aparılan ödənişlərdən 1772.30 manat məbləğində borca görə tutulmaların aparılması və həmin ünvana dair qaz hasilatının verilməsinin dayandırılması cavabdehə qadağan edilməlidir. Bununla da, məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və hazırki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(011)-5369/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh “Cavabdeh” İstehsalat Birliyi tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(011)-5369/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-9120/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9120/2020
08.12.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver