Məhkəmə qərarları › İş №2(103)-913/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-913/2024

21.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-913/2024 21.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh İstehsalat Birliyinə qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-913/2024 (Açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X2 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-5125/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 21 fevral 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh İB-nə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən təbii qazdan istifadəyə görə əsassız hesablanmış 12184,40 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanda qeydiyyatda olsa da, ünvan 2 ünvanında yaşayır. Həmin ünvanda quraşdırılan sayğac mərhum atası Əliabbas Xasıyevin adınadır Abonent kodu **********10000 olan ünvana quraşdırılan sayğac elektron sayğac olduğundan karta pul yükləməklə təbii qazdan istifadə edilir. İddiaçının atası xx.xx.2010-cu il tarixdə vəfat etmişdir. Bu yaxınlarda karta pul köçürdüyü zaman yüklədiyi puldan 90 faizinin borca görə tutulmasının şahidi olub və bunun səbəbini araşdırmaq üçün cavabdeh təşkilata müraciət edib. Müraciəti əsasında ona müvafiq sənədlər təqdim edilmişdir. Təqdim edilmiş sənədlərə əsasən, mərhum atası barəsində Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* nömrəli; xx.xx.2023-cü il tarixli ******* və xx.xx.2023-cü il tarixli ******* nömrəli aktlar tərtib edilmişdir. Həmin aktara əsasən, guya mənzildə təbii qazdan sayğacdan kənar qeyriqanuni istifadə aşkarlanmışdır. Həmin aktlar əsasında, dəymiş ziyanın hesablanması göstərilmişdir. O həmin aktlarla razı deyil aktlar tamamilə əsassızdır. Belə ki, cavabdeh əgər 2022-ci ilin dekabr ayında təbii qaz xəttini talanmasını aşkar etmişdirsə, bəs niyə görə bu qanunsuzluğun qarşısını almaq üçün təbii qazın verilməsini dayandırılmamış və “Qazdan istifadə Qaydalan”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarının 6.5-ci bəndinə görə, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Göründüyü kimi, qanunvericilik imperativ qaydada qazpaylayıcısının üzərinə qazın verilməsini dayandırılması vəzifəsi qoymuşdur. Bundan başqa, aktlar mövcud olmasa da, abonetin saldosundan aydın olur ki, 2023-cü ilin aprel ayında 1468,80 manat, 2023-cü ilin may ayında 362,88 manat, 2023-cü ilin iyun ayında 362,88 manat da borc hesablanmışdır. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında çıxarılmış aktlarda iddiaçının 2010cu ildə vəfat etmiş atasının akı imzalamaqdan imtina etməsi göstərilmişdir. Həmin aktlar tərtib edilərkən istehlakçı tərəfindən hər hansı bir müdaxilənin olub-olmaması müəyyən edilməmiş və hal şahidlərinin iştirakı təmin edilməmişdir. Göründüyü kimi həmin aktlar formal olmaqla bərabər ölmüş şəxsin adına çıxarıldığı üçün qanunsuz və etibarsızdır. Cavabdeh tərəfindən zərər aktı tərtib etməsi şübhə doğurur və reallığa uyğun deyil. Belə ki, həmin aktda dəmir soba, İran sobasının olduğu göstərilir. Halbuki, göstərilən qızdırıcılardan heç biri iddiaçının evində mövcud deyil. Həmin aktlar tərtib edilərkən istehlakçı tərəfindən hər hansı bir müdaxilənin olub-olmaması müəyyən edilməmiş və hal şahidlərinin iştirakı təmin edilməmişdir. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar və itirilmiş təbii qazın dəyərinin hesablanması barədə sənəd borc məbləğinin yaranması üçün əsaslı hesab edilə bilməz. Əvvəla, bu aktlar məhz iddiaçının sayğaca müdaxilə etməyini, yaxud sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etməyini bilavasitə təsdiq etmir. Çünki, bu aktlar yalnız cavabeh tərəfin maraqlı şəxsləri tərəfindən tərtib edilmişdir. İtirilmiş təbii qazın dəyəri hesablanarkən hər hansı bir normativ hüquqi akta, hansısa qaydalara da istinad edilməmişdir. Bu cür hesablama üsulu ilə, ümumiyyətlə hansısa şəxsin cavabdehə hansısa miqdarda maddi ziyan vurmasını müəyyən etmək mümkünsüzdür. Cavabdehin təqdim etdiyi aktlardan görünür ki, onlar qanunvericiliyin tələblərinə zidd olaraq birtərəfli qaydada, istehlakçının (və ya onun hər hansı ailə üzvünün) iştirakı təmin olunmadan tərtib olunmuş, eyni zamanda aktların bir surəti təqdim olunmamış və ya göndərilməmişdir. Halbuki, Qaydaların yuxarıda qeyd edilən tələblərinə görə, şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Əgər həqiqətən, qanunusuz qoşulma halı aşkar edilmişdirsə, deməli cavabdeh bilərəkdən qaz xəttini dayandırmamaqla, qanunsuzluğun davam etdirilməsinə rəvac vermişdir. Dəymiş ziyanın bərpasına dair qəbul olunmuş tələbnamələrdən görünür ki, cərimə borc məbləğləri hesablanarkən fərdi yaşayış evində PQ-4 məişət qaz qurğusundan əlavə QSQ və Radiator cihazları, dəmir soba və iran sobası üzrə də qanunsuz şəkildə əsassız hesablamalar aparılmışdır. Dəymiş ziyanın bərpasına dair qəbul olunmuş tələbnamələrdə aparılmış hesablamalar 24 saat müddətinə olmaqla 360 gün müddətləri üçün hesablanmışdır. 24 saat müddətinə hesablamaların aparılmış olması o deməkdir ki, o, işdə olarkən (8 saat iş saatı) və eləcə də gecə yatarkən də (8 saat yuxu rejimi) evində məişət qaz qurğusu daimi açıq olmuş və təbii qaz istehlak edilmişdir. 360 gün müddəti üçün isə təbii qazdan qanunsuz istifadə edilmiş olunmasına dair tələbnamənin qəbul edilməsi hər hansı bir normativ hüquqi akta əsaslanmır. Zərərin məbləği akt tərtib edildikdən sonra müvafiq tələbnamə əsasında müəyyən edilsə də tələbnamənin mövcudluğu da iddianın əsaslı olması demək deyil. Yəni, dəymiş ziyanın hesablanması ilə bağlı orta günlük iş rejiminin 24 saat müəyyən edilməsi də əsaslandırılmalıdır. İtirilmiş təbii qazın dəyəri hesablanarkən hər hansı bir normativ hüquqi akta, hansısa qaydalara da istinad edilməmişdir. Dəymiş zərərin Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) Şurasının xx.xx.2011-ci il tarixli 11 N»-li qərarı ilə təsdiq edilmiş «İstehlakçılar tərəfindən təbii qazdan istitadə qaydalarının pozulması hallarında qanunsuz istitadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları»na əsasən müəyyən edilməsi isə mötəbər sayıla bilməz.Tərtib edilmiş əsassız akt ucbatından 12 184,40 manat borc yazılmışdır.

3. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-5125/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim Ruslan Mirzəliyev) iddianın qismən təmin edilməsi, Cavabdeh İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli aktlara əsasən **********10000 nömrəli abonent İddiaçı əsassız olaraq hesablanmış 11616,48 manat borcun silinməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

4. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1, 1096.2-ci maddələri, «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 6.2, 13-cü maddəsinin 8-1-ci hissəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

5. Qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Apellyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol vermişdir. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən özünə sərf etdiyi tərzdə təbii qazdan sayğacsız istifadə etməklə təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyriqanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş aktlarla rəsmiləşdirilmişdir. Tərtib edilmiş həmin Aktlar əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamələr təsdiq edilmişdir. Həmin Tələbnamələrə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həcminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Göründüyü kimi istehlakçı qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacdan kənar qeyri-qanuni birləşmə vasitəsilə istifadə etməklə Cavabdehə böyük məbləğdə ziyan vurmuşdur. Odur ki, 1-ci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə səhv nəticəyə gələrək qismən əsassız qətnamə qəbuletmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. İddiaçı tərəfindən apellyasiya şikayətinə etiraz daxil olmuş, etiraz iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmış və apellyasiya şikayətinin təmin edilməməsi xahiş olunmuşdur.

c) Proses iştirakçılarının izahatı

8. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.

9. İşin halları, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

10. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır.

11. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

«Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanunu (aktların tərtib olunduğu tarixdə mövcud olan yeni redaksiyada)

12. Maddə 13. 8-1 bəndi. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. (“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanun 2022-ci il mayın 1-dən qüvvəyə minmişdir)

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»

13. Bənd 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.

14. Bənd 4.6. Qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.

15. Bənd 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.

16. Bənd 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi özləri daşıyırlar.

17. Bənd 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

21. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

24. Cavabdeh tərəfindən qətnamənin yalnız iddianın təmin edilən hissəsi mübahisələndirildiyindən qətnamə həmin hissədə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

26. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

27. Belə ki, işdən müəyyən edilir ki, iddiaçının mərhum atası barəsində Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli aktlar tərtib edilmişdir. Həmin aktlara əsasən, mənzildə təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə aşkarlanmışdır. Həmin aktlar əsasında, dəymiş ziyanın hesablanması göstərilmişdir.

28. Kollegiya qeyd edir ki, cavabdehin istinad etdiyi aktlar istehlakçının təbii qazdan qeyri-qanuni istifadə edilməsi barədə tərtib edilmiş, aktlar istehlakçı tərəfindən imzalanmamışdır (aktlarda qeyd olunan Xasıyev Əliabbas xx.xx.2010-cu il tarixdə ölmüşdür). Görünür ki, aktlar birtərəfli qaydada Birliyin əməkdaşları tərəfindən tərtib edilmiş, iddiaçı və ya digər istehlakçılar aktları imzalamamışlar. Aktlarda onu imzalamaqdan imtina edildiyi qeyd olunsa da, aktların tərtib olunmasında hal şahidləri iştirak etmədiyindən həmin məlumatın mötəbərliyi şübhə doğurur. Dövlət orqanlarının, icra və s. orqanların aktları ilə bağlı mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Lakin apelyator bununla bağlı mövqeyini əsaslandıra bilməmiş, sübutlar təqdim edilməmişdir.

29. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya məxsus mənzillə bağlı hazırki apellyasiya baxışının predmeti olan qeyri-qanuni qoşulma əsası ilə aktlar tərtib edilsə də, məhkəmə araşdırması zamanı bu hallar öz təsdiqini tapmamışdır.

30. Digər tərəfdən, istehlakçının illərlə qazpaylayıcısına davamlı zərər vurmasına görə qazpaylayıcının səssiz qalaraq, akt tərtib etməklə kifayətlənməsi inandırıcı görünmür. Belə ki, qanunsuz qaz xəttinə qoşulmasına təkcə vurulmuş zərər deyil, həmçinin əməlinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində məsuliyyət nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən bu istiqamətdə hər hansı hərəkət edilməsi iş materiallarında müəyyən edilmir.

31. Belə ki, məhkəmə kollegiyası tərtib olunan bütün aktlar 2022-ci ilin may ayının 1-dən sonra tərtib olunduğundan onlara münasibədə qeyd edir ki, yuxarıda qeyd olunduğu kimi “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunun (hazırda qüvvədə olan, 2022-ci il mayın 1-dən qüvvəyə minmiş redaksiyada) 13-cü maddəsinin 8-1 bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

32. Lakin qeyd olunan maddənin tələblərinə uyğun birliyin əməkdaşlarının hərəkət etməsi də iş materiallarında müəyyən olunmur. Abonent saldosundan isə müəyyən olunur ki, istehlakçı tərəfindən mütəmadi olaraq ödənişlər edilmişdir.

33. Beləliklə qeyd olunanlara əsasən kollegiya belə qənaətə gəlir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olmaqla, qanuni və əsaslı olan qətnamənin ləğv edilməsinə əsas vermir.

34. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

35. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

36. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

37. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

38. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

39. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir.

40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-5125/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar