Məhkəmə qərarları › İş №2(103)-9138/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9138/2021

20.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9138/2021 20.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli, 2(004)-4341/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 22.09.2019-cu il tarixli müqavilə üzrə “Soyuducu Hitachi” üçün 1624 manat ödənilməmiş hissə, 478 manat dəbbə; 17.11.2019-cu il tarixli müqavilə üzrə “Alyans-Paris” termo üçün 324 manat ödənilməmiş hissə, 65 manat dəbbə; 07.02.2020-ci il tarixli müqavilə üzrə “Soft Yumsaq 3 yerli” üçün 358 manat ödənilməmiş hissə, 62 manat dəbbə; ümumilikdə 2911 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, cavabdeh, "xxxx" MMC ilə 22.09.2019-cu il, 17.11.2019cu il və 07.02.2020-ci il tarixli müqaviləsinə əsasən, “Soyuducu Hitachi”, “Alyans-Paris” termo, “Soft Yumsaq 3 yerli” almış və nəticədə 2911 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 22.09.2019-cu il tarixli müqaviləsinə əsasən, alğı-satqı qiyməti 2610 manata (18 ay x 145 manat) “Soyuducu Hitachi” üçün ümumilikdə, 2102 manat olmaqla ondan, 1624 manat ödənilməmiş hissə, 478 manat dəbbə; 17.11.2019-cu il tarixli müqaviləsinə əsasən, alğı-satqı qiyməti 432 manata (24 ay x 18 manat) “Alyans-Paris” termo üçün ümumilikdə, 389 manat olmaqla ondan, 324 manat ödənilməmiş hissə, 65 manat dəbbə; 07.02.2020-ci il tarixli müqaviləsinə əsasən, alğısatqı qiyməti 405,6 manata (24 ay x 16.9 manat) “Soft Yumsaq 3 yerli” üçün ümumilikdə, 420 manat olmaqla ondan, 358 manat ödənilməmiş hissə, 62 manat dəbbə borcu yaranmışdır. Cavabdehin müqavilələr üzrə cəmi ödədiyi məbləğ 1141,6 manat təşkil edir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli, 2(004)-4341/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, 22.09.2019-cu il tarixli müqaviləyə əsasən 1624 (bir min altı yüz iyirmi dörd) manat ödənilməmiş hissə, 80 (səksən) manat dəbbə pulu, cəmi 1704 (bir min yeddi yüz dörd) manat; 17.11.2019-cu il tarixli müqaviləyə əsasən 324 (üç yüz iyirmi dörd) manat ödənilməmiş hissə, 30 (otuz) manat dəbbə pulu, cəmi 354 (üç yüz əlli dörd) manat; 07.02.2020-ci il tarixli müqaviləyə əsasən 358 (üç yüz əlli səkkiz) manat ödənilməmiş hissə, 30 (otuz) manat dəbbə pulu, cəmi 388 (üç yüz səksən səkkiz) manat, ümumilikdə 2446 (iki min dörd yüz qırx altı) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın qismən təmin edilməsi və tutulacaq məbləğin hissə-hissə tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, üzrlü səbəbdən cavabdeh məhkəmə iclasında iştirak edə bilməmiş, yalnız qətnamə elan olunduqdan sonra gəlmişdir. Bu səbəbdən də iddiaya münasibət bildirə bilməmiş, özünü müdafiə edə bilməmişdir. Qeyd olunan əşyaları cavabdeh maddi vəziyyəti çətin olduğu üçün nisyə almışdır. Bir müddət ödənişlərini etsə də sonradan maddi çətinliklərə görə ödənişləri vaxtında edə bilməmişdir. Hazırda işsizdir və məhkəmənin tutduğu məbləği birdəfəyə ödəmək gücü yoxdur. Cavabdeh öz gecikməkləri nəticəsində yaranan 2911 manat məbləğində borcu etiraf etməklə, məhkəmənin həmin məbləği hissə-hissə ödəməsinə şərait yaratmasını xahiş edir. O, iddianı qismən qəbul edir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətini qəbul etmədi, iddia tələbində göstərilənlərə uyğun məzmunda izahat verərək, Yasamal rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli, 2(004)-4341/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi, izahatında əlavə olaraq qeyd etdi ki, hətta məhkəmə tərəfindən dəbbə pulu həddən artıq çox azaldılmaqla, cavabdehə köməklik olunmuşdur. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığınımübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, cavabdeh qətnamənin ləğv edilməsini xahiş etdiyindən, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə kollegiyası bu kontekstdə iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 22.09.2019- cu il tarixli, 00930839 nömrəli müqaviləyə əsasən, iddiaçı ümumi alğı-satqı qiyməti 2610 manat olan “Soyuducu Hitachi”ni nisyə satmış, alıcı həmin məbləği hər ay 145 manat ödəmək şərti ilə 18 ay müddətinə ödəməyi öz üzərinə götürmüşdür. 17.11.2019-cu il tarixli, 01056444 müqaviləyə əsasən, iddiaçı ümumi alğı-satqı qiyməti 432 manata “Alyans-Paris” termonu nisyə satmış, alıcı həmin məbləği hər ay 18 manat ödəmək şərti ilə 24 ay müddətinə ödəməyi öz üzərinə götürmüşdür. 07.02.2020-ci il tarixli, 20085295 nömrəli müqaviləyə əsasən, iddiaçı ümumi alğı-satqı qiyməti 405,6 manat olan “Soft Yumsaq 3 yerli”ni nisyə satmış, alıcı həmin məbləği hər ay 16,9 manat ödəmək şərti ilə 24 ay müddətinə ödəməyi öz üzərinə götürmüşdür. Cavabdehin müqavilələr üzrə cəmi ödədiyi məbləğ 1141,6 manat təşkil edir. Cavabdehə borcun ödənilməsinə dair dəfələrlə şifahi xəbərdarlıq edilmiş, həmçinin poçt vasitəsi ilə ona rəsmi qaydada xəbərdarlıq məktubu göndərilmişdir. Lakin cavabdeh xəbərdarlıqlara məhəl qoymaraq müqavilə üzrə yaranmış borcunu ödəməkdən yayınmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM) 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. MM-nin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. MM-nin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, məhkəmə tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsinin ödənişin hissə-hissə ödənilməsi şərti ilə bağlandığı nisyə alğı-satqı müqaviləsi olaraq təfsir etməsi və cavabdehin həmin müqavilə əsasında yaranmış öhdəliyini bu konteksdə müəyyənləşdirməklə düzgün nəticəyə gəlmişdir. MM-nin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Sadalanan qanunvericilik aktlarının tələblərinə əsasən kollegiya hesab edir ki, Cavabdeh İddiaçı MMC-dən alğı-satqı müqaviləsi üzrə aldığı əşyaların dəyərini hissə-hissə ödəmək öhdəliyinin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini tam icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, İddiaçı MMC-nin cavabdehdən həmin müqavilə üzrə “Soyuducu Hitachi” üçün 1624 manat ödənilməmiş hissə, 478 manat dəbbə, “Alyans- Paris” termo üçün 324 manat ödənilməmiş hissə, 65 manat dəbbə, “Soft Yumsaq” 3 yerli üçün 358 manat ödənilməmiş hissə, 62 manat dəbbə olmaqla, ümumilikdə 2911 manat borcun ödənilməsini tələb etməsi tam əsaslıdır. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 22.09.2019-cu il, 17.11.2019-cu il və 07.02.2020-ci il tarixli müqavilələrinin müvafiq bəndinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanarsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq peniya ödəyir. Kollegiya hesab edir ki, məhkəmə MM-nin 467-ci maddəsinə istinad etməklə, tənasübsüz surətdə yüksək məbləğdə olan dəbbə pulları 478 manatı 80 manata, 65 manatı 30 manata, 62 manatı 30 manata qədər azaltmaqla bağlı düzgün nəticəyə gəlmişdir. Həmçinin, məhkəmə MPM-nin 119-cu maddəsinə istinad etməklə, məhkəmə xərclərinin tərkib hissəsi olan dövlət rüsumunu prosessual qanunvericiliyin tələblərinə uyğun bölməklə düzgün nəticəyə gəlmişdir. Kollegiya apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, işsizlik ilə əlaqədar cavabdehin maddi sıxıntılarının olması, onu müqavilə öhdəliklərinin icrasından azad etmir. Borcun hissə-hissə icrası ilə bağlı cavabdeh gələcəkdə icra icraatı qaydasında Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 231-ci maddəsi və “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququ vardır. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycaqn Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli, 2(004)- 434/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar