Məhkəmə qərarları › İş №2(103)-9143/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9143/2021

02.11.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9143/2021 02.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçı, Cavabdehin vəkili-nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh “Yazıçılar Poliklinikası”na qarşı “əmək haqqı və yaradılan maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, 2(004)-4416/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Yazıçılar Poliklinikası”na qarşı “əmək haqqı və yaradılan maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh qurum tərəfindən əmək haqqının ödənilməməsinə (boş dayanma) görə 7 aylıq əmək haqqının hesablanaraq ona ödənilməsi və əmək müqaviləsi üzrə üzərinə düşən öhdəliklərin yerinə yetirilməsinə yaradılan maneələrin cavabdehə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Hüseynova X4 Poliklinikasında böyük tibb bacısı vəzifəsində (şəxsi kod: 2104042) işləyir. İşlədiyi müddətdə əmək müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri daim yerinə yetirmişdir. Analıq məzuniyyətinə çıxdığı müddət başa çatdığı üçün işə qayıtmaq istəyir. Amma 7 aydır ki, onu aldadaraq işə buraxmırlar. Hər dəfə azyaşlı uşağının olduğunu, pandemiya və sair bəhanələr gətirməklə onun əvvəlki vəzifəsində çalışmağına mane olurlar. Bu hallar qanunsuz olsa da, etiraz etməyəcəyi təqdirdə işə gəlmədiyini əsas götürüb onu işdən çıxaracaqlar. Belə hallarla rastlaşdığı üçün çox narahatdır. Əgər o işdən çıxarılmamışsa, məzuniyyəti bitibsə nə üçün işə çıxmağının qarşısı alınmalıdır. Onu başqa vəzifədə yarımştat işə keçirmək istəyirlər. O, Yazıçılar Poliklinikasında, əvvəlki iş yeri üzrə işləmək istəyir. Aralarında bağlanılmış əmək müqaviləsi mövcuddur və bu müqavilə əsasında əmək münasibətlərində olmuşlar. Belə olan halda cavabdeh qurum tərəfindən yaradılmış maneələr aradan qaldırılmalı və qanunsuz olaraq işdən uzaqlaşdırıldığı dövr üzrə əmək haqqı hesablanaraq ona ödənilməlidir. Cavabdehin vəkili Vəkil2 iddia ərizəsinə etiraz edərək etirazında göstərmişdir ki, iddia tələbi tam əsassızdır. Belə ki, İddiaçı 01.04.2015-ci il tarixindən AR Səhiyyə Nazirliyi Yazıçılar Birliyi Poliklinikasında tibb bacısı, 01.09.2015-ci il tarixindən etibarən böyük tibb bacısı olaraq işləyir. İş üzrə iddiaçı şəxs 01.08.2017-ci il tarixində 136 a nömrəli əmr ilə 04.12.2017-ci il tarixinədək doğuşdan əvvəl və doğuşdan sonra analıq məzuniyyətinə buraxılmış, 05.12.2017-ci il tarixli 216 a nömrəli əmr ilə keysəriyyə əməliyyatı olduğuna görə 18.12.2017-ci il tarixinədək əlavə 14 gün hesablanıb verilmişdir. 19.12.2107-ci il tarixli 220 a nömrəli əmr ilə uşağının 1 yaş 6 ayı tamam olanadək ona qulluq etmək üçün 05.03.2019-cu il tarixinə qədər qismən ödənişli sosial məzuniyyət verilmişdir. 06.03.2019-cu il tarixli 52 a nömrəli əmr ilə uşağın 3 yaşı tamam olanadək ona qulluq etmək üçün 05.09.2020-ci il tarixinə qədər qismən ödənişli sosial məzuniyyət verilmişdir. İddiaçı 05.09.2020-ci il tarixində ərizə ilə müraciət edərək, uşağının səhhətini əsas gətirməklə ona qulluq etmək üçün 6 ay müddətinə icazə istəmişdir. 05.09.2020-ci il tarixli 125 a nömrəli əmrlə ona 05.02.2021-ci il tarixinədək öz hesabına məzuniyyət verilmişdir. İşə çıxma tarixi 06.02.2021-ci il olaraq müəyyən edilmişdir. İşə çıxmayan iddiaçı 19.03.2021-ci il tarixindən etibarən poliklinika və onun baş həkiminə qarşı yalan, böhtan, şərəf və ləyaqəti alçaldıcı yazılı müraciətlərinə başlamışdır. Bundan sonra İddiaçı bir sıra KİV-də və sosial şəbəkələrdə poliklinikanın və baş həkimin ünvanına yuxarıda qeyd etdiyi və özünün müraciəti məzmununda yalan, böhtan, şərəf və ləyaqəti alçaldıcı məlumatlar, açıqlamalar verməyə başlamışdır. Bununla əlaqədar Zəngilan rayon Məhkəməsində İddiaçı qarşı AR Səhiyyə Nazirliyinin Yazıçılar Birliyi Poliklinikasının Baş X6-Cəfərova tərəfindən Şərəf və ləyaqəti ləkələyən, həqiqətə uyğun olmayan məlumatların təkzib edilməsi, yalan məlumatlara görə üzr istənmsi və mənəvi zərərin ödənilməsinə dair iddia qaldırılmışdır. Yuxarıda da qeyd edildiyi kimi məzuniyyətdə olan İddiaçı işə çıxma tarixi 06.02.2021-ci il olaraq müəyyən edilmişdir. İşə çıxmayan və əsassız ittihamlar savuran İddiaçı dəfələrlə işə çıxması bildirilmiş, 24.05.2021-ci il tarixində ona fevral ayında məzuniyyətinin bitdiyi və təcili işə çıxmasına dair teleqram göndərilmişdir. Lakin İddiaçı işə çıxmamışdır, çıxmamaqda da davam edir. Dəfələrlə iddiaçı izahat yazması və həmkarlar ittifaqının iclasında iştirak etməsi dəvət edilmiş, buna dair ünvanına teleqrmlar vurulmuşdur. Lakin iddiaçı gəlməmişdir. İddiaçının onu yarımştat işə keçirmək istəyirlər, bununla razılaşmır, bəyanına gəldikdə bildirmişdir ki, işçinin əmək şəraiti və funksiyasında dəyişikliklər iki tərəfin razılığı və əmək müqaviləsində aparılan dəyişikliklə mümkündür. Bunu birtərəfli etmək mümkün deyil. İşəgötürən işçinin razılığı olmadan bunu edə bilməz. Deməli işçi iki tərəfin iradəsi ilə ola biləcək, mümkün olan hala istinad edib işə çıxmaqdan imtina edə bilməzdi. İşçi məzuniyyəti bitdikdən sonra işə çıxmalı, əgər əmək şəraiti və funksiyasında öz iradəsi xaricində dəyişiklik edilərdisə bunun mübahisəsini aparmalı idi. Yəni işçi işə çıxmalı, işləməli, ay sonunda əmək haqqında natamamlıq gördüyü halda bunun mübahisəsini etməlidir. Ştatı azalda bilmərsiz deyə işə çıxmıram deyə bir şey yoxdur. İşə çıxıb iradəsi olmadan onun ştatını azalda bilmərsiniz deyə bir şey var. Yuxarıda qeyd olunan səbəblərdən iddia tələbinin əsası yoxdur və təmin edilə bilməz. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4416/2021 saylı, 03 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı 06 fevral 2021-ci il tarixdən 03 avqust 2021ci il tarixədək 05 ay 27 gün ödənilməmiş əmək haqqının cavabdeh “Yazıçılar Poliklinikası” tərəfindən hesablanaraq ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh “Yazıçılar Poliklinikası” apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən vəzifəsinə uyğun olaraq iddiaçıya əmək haqqının müəyyən edilməsinə və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmədiyinə baxmayaraq, 06.02.2021-ci il tarixdən bugünədək cavabdeh tərəfindən ona hər hansı məbləğdə əmək haqqının verildiyi müəyyən edilmir. Cavabdeh tərəf iddiaçıya əmək haqqı ödənilməməsini onunla əsaslandırır ki, “iddiaçı işə çıxmamışdır”. Məhkəmə qeyd edir ki, cavabdehin dəlili əsassızdır. Çünki işçinin heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçinin əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir ki, əmək qanunvericiliyi işəgötürənə imkan verir ki, əmək müqaviləsinə xitam versin. Lakin məhkəmə araşdırması zamanı, işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verilmədiyi, bununla bağlı hər hansı bir əmrin olmadığı müəyyən olunur. Deməli birinci instansiya məhkəməsinin qənaətinə görə işçi üzürsüz səbəbdən işə çıxmırsa və işəgötürən tərəfindən buna görə əmək müqaviləsinə xitam verilməyibsə “işçi işə çıxmamışdır” dəlili əsassızdır. Bu həm də o demək olur ki, məhkəmənin qənaətinə görə işçi işdə hesab edilir. Hətta iddiaçının izahatı ilə onun işdə olmadığı müəyyən edilsə də, hətta məhkəməyə təqdim edilmiş, 24.05.2021-ci il tarixində iddiaçıya ünvanlanmış “fevral ayında məzuniyyətinin bitdiyi və təcili işə çıxmasına” dair teleqram belə məhkəmənin qənaətinə təsir etməmişdir. 1-ci instansiya məhkəməsi qəti şəkildə belə qənaətdədir ki, işçi üzürsüz səbəbdən tam iş günü işdə deyilsə əmək müqaviləsi xitam edilməlidir. Hətta işçinin üzürsüz səbəbdən işdə olmadığına dair izahatının istənməsi və məsələnin rəyi alınması üçün həmkərlar ittifaqının iclasına təqdim edilməsinə dair dəlillər belə məhkəmənin qənaətini dəyişməmişdir. Birinci instansiya məhkəməsi bilməli idi ki, işçinin işə çıxmamasının səbəbləri onun izahatı və araşdırmalar nəticəsində üzürlü və ya üzürsüz olması müəyyən edilir. Bu səbəblər mütləq araşdırılmalıdır. Bunlara aydınlıq gətirmədən dərhal işçinin əmək müqaviləsinə xitam vermək qadağandır. İddiaçı əmək müqaviləsi üzrə üzərinə düşən öhdəliklərin yerinə yetirilməsinə hər hansı maneələrin yaradıldığını sübut etməli idi. Lakin bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Deməli məhkəmə belə hesab etmişdir ki, iddiaçının tələbinin “məni işə buraxmırlar” hissəsinin əsası yoxdur. İddiaçı izahatında deyir ki, mən 06.02.2021-ci il tarixindən işə çıxmıram ona görə ki, cavabdeh məni işə buraxmırlar. Cavabdeh deyir və təsdiq edir ki, iddiaçı 06.02.2021-ci il tarixindən işə çıxmır, ünvanına teleqram vurulub işə dəvət edilsə belə işə çıxmamaqda davam edir. Məhkəmə də belə hesab etmişdir ki, iddiaçının tələbinin “məni işə buraxmırlar” hissəsinin əsası yoxdur, amma cavabdehin “işçi işə çıxmamışdır” dəlilləri də əsassızdır, çünki, işə üzürsüz çıxmaması səbəbindən əmək müqaviləsinə xitam verilməyib. Açıq bir şəkildə məhkəmə qətnaməsində göstərilmiş nəticə işin hallarına uyğun gəlməmişdir. 1-ci instansiya məhkəməsi iddia tələbindən kənara çıxaraq, iddia ərizəsi ilə tələb olunmayan aylara belə əmək haqqı hesablanaraq ödənilməsinə qət etmişdir. Belə ki, iddiaçı iddia ərizəsi ilə 7 aylıq (boş dayanmaya) görə əmək haqqının hesablanaraq ödənilməsini xahiş etmişdir. İddia ərizəsi məhkəməyə 21 iyun 2021-ci il tarixində təqdim edilmişdir. Deməli iddiaçı 21 iyun 2021ci il tarixindən geriyə doğru 7 aylıq ödənilməmiş əmək haqqını tələb edirdi. Deməli iddiaçı dekabr 2020-ci il tarixindən 21 iyun 2021-ci il tarixinədək əmək haqqının ödənilmədiyini iddia və hesablanaraq ödənilməsini tələb edirdi. 21 iyun 2021-ci il tarixində təqdim edilmiş iddia ərizəsi üzrə gələcək və yaşanmamış gün və aylar üzrə əmək haqqı hesablanb ödənilməsi düşünülmədiyi üçün, əlbəttə ki, keçmiş və yaşanmış gün və aylar nəzərə alına bilərdi. Məhkəmə gedişatında iddiaçı tərəf iddia ərizəsinə əlavə və dəqiqləşmə verməmişdir. Belə olan halda birinci instansiya məhkəməsi hansı haqq və hüquqla 2021-ci ilin iyul və avqust ayları üzrə əmək haqqının hesablanıb ödənilməsinə qət etmişdir anlamaq mümkün deyil. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili-nümayəndəsi Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, şikayətin rədd edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, tərəflərin izahatlarını nəzərə alıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi rədd edilməlidir. Məhkəmə kollegiyası tərəfindən iş materiallarının araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı 01.04.2015-ci il tarixindən AR Səhiyyə Nazirliyi Yazıçılar Birliyi Poliklinikasında tibb bacısı vəzifəsinə qəbul edilmişdir. İddiaçı öz hesabına məzuniyyətə getməsi haqqında 05.09.2020ci il tarixli 125a nömrəli əmrin surətindən görünür ki, tibbi bacısı övladının səhhəti ilə bağlı müayinə və müalicəyə apardığına görə 05.09.2020-ci il tarixdən 05.02.2021-ci il tarixinədək öz hesabına məzuniyyətə buraxılmış, işə çıxma tarixi 06.02.2021-ci il müəyyən edilmişdir. Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 19 may 2021-ci il tarixli məktubundan görünür ki, müraciəti ilə bağlı Agentliyin tapşırığına əsasən Yazıçılar Poliklinikası tərəfindən təqdim edilən məlumatda iddiaçının öz ərizəsi əsasında 05.09.2020-ci il tarixdən 05.02.2021-ci il tarixədək məzuniyyətdə olduğu, həmçinin sizə 0,5 ştat vakant tibb bacısı vəzifəsinin təklif edildiyi qeyd edilmişdir. Eyni zamanda, qeyd edir ki, Agentliyin əməkdaşı tərəfindən tibb müəssisəsinin rəhbərliyi ilə əlaqə saaxlanıldığı zaman iddiaçının işdən azad edilmədiyi bildirilmişdir. İddiaçı Qaasım qızına 24.05.2021-ci il tarixində ünvanlanmış teleqramdan görünür ki, ona fevral ayında məzuniyyətinin bitdiyi və təcili işə çıxmasına dair teleqram göndərilmişdir. 07.05.2021-ci il tarixli hesabdan çıxarışın surətindən görünür ki, İddiaçı 23.09.2020-ci il tarixdən əmək haqqı ödənilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Yazıçılar Poliklinikası tərəfindən verilmiş 02.10.2020-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı 2015-ci il tarixdən AR Səhiyyə Nazirliyi Yazıçılar Poliklinikasında tibb bacısı vəzifəsində çalışır. Bundan başqa iş materialları ilə müəyyən edilir ki, Zəngilan Rayon Məhkəməsinin icraatında iddiaçı X1 qızının cavabdeh İddiaçı qarşı «şərəf və ləyaqəti ləkələyən, həqiqətə uyğun olmayan məlumatların təkzib edilməsi, yalan məlumatlara görə üzr istənməsi və mənəvi zərərin ödənilməsi» tələbinə dair mülki iş olmuşdur. Zəngilan Rayon Məhkəməsinin 20.09.2021-ci il tarixli, e-2(034)- 422/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən mənəvi zərərin əvəzi olaraq 3000 manat pulun alınaraq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. Sözügedən qətnamənin təsviri-əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, məhkəmə araşdırması zamanı cavabdeh İddiaçı yuxarıda göstərilən müraciətində, həmçinin kütləvi İnformasiya vasitəsi olan LAF TV-də və sosial şəbəkə olan öz Facebook səhifəsində poliklinikanın baş həkimi X1 qızı barəsində yayılmış məlumatları yaydığını etiraf edərək bu cür məlumatların yaymasını işdən çıxarıldığına görə itirilmiş öz hüquqlarının bərpa etmək məqsədi ilə yaydığını bildirsə də, bu halları və işdən qanunsuz olaraq azad olunmasını təsdiq edə biləcək mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Birinci instansiya məhkəməsinin hazırki iş üzrə mövqeyinə görə, cavabdeh tərəfindən vəzifəsinə uyğun olaraq iddiaçıya əmək haqqının müəyyən edilməsinə və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmədiyinə baxmayaraq, 06.02.2021-ci il tarixdən bugünədək cavabdeh tərəfindən ona hər hansı məbləğdə əmək haqqının verildiyi müəyyən edilmir. Bu səbəbdən, İddiaçı 06 fevral 2021-ci il tarixdən 03 avqust 2021-ci il tarixədək 05 ay 27 gün ödənilməmiş əmək haqqı cavabdeh “Yazıçılar Poliklinikası” tərəfindən hesablanaraq ödənilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (bundan sonra Əmək Məcəlləsinin) 83-cü maddəsinin 1 -ci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istər işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Əmək Məcəlləsinin 172.5-ci maddəsinə görə, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin "Əmək mübahisələri" bölməsində nəzərdə tutulan qaydada həll edilir. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, bu maddədə "işəgötürənin təqsiri üzündən gecikdirildikdə" dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir. Qeyd olunan normaların təhlilindən görünür ki, əgər işçi işdən azad edilmişdirsə ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin "Əmək mübahisələri" bölməsində nəzərdə tutulan qaydada həll edilir. Kollegiya qeyd edir ki, iddiaçı hazırki iddia tələbləri ilə məhkəməyə müraciət etsə də, qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə, məhkəmə kollegiyasının iclası zamanı İddiaçı özünün izahatı ilə və apellyasiya şikayətinin dəlilləri ilə müəyyən edilmişdir ki, İddiaçı işdən çıxarılmamış, bu barədə işəgötürən tərəfindən hər hansı əmr verilməmişdir. İddiaçı öz şəxsi istəyi əsasında işə çıxmamış, işəgötürəndən tələbi onun iş yerinin dəyişdirilməsi olmuş, lakin istəkləri təmin edilməyincə iş yerinə gəlməkdən imtina etmişdir. İşəgötürən də öz növbəsində əmək haqqının ödənilməsini dayandırmışdır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsi). Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, cavabdeh tərəfindən iddiaçının işə buraxılmaması sübuta yetirilmir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Birinci instansiya məhkəməsi isə qeyd edilən halları araşdırmadan iddianın rədd edilməsi barədə səhv nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbləri rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, 2(004)-4416/2021 saylı ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi rədd edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh “Yazıçılar Poliklinikası”nın apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, 2(004)-4416/2021 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov, Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar