Məhkəmə qərarları › İş №2(103)-9153/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9153/2021

08.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9153/2021 08.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 avqust 2021-ci il tarixli, 2(004)-5156/2021 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti, Cavabdeh2 ASC və Hərrac Mərkəzi "xxxx" MMC-yə qarşı “protokolun və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə 29.07.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Yasamal Rayon İcra və Probasiya şöbəsinin sifarişi əsasında Hərrac Mərkəzi "xxxx" MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən 37 saylı evin, 5 saylı mənzilə dair keçirilən hərracın yekunları barədə VTB bankın balansına keçməsi barədə 51/02 nömrəli protokolun etibarsız hesab edilməsi, onun nəticələri əsasında Bank VTB-nin adına həmin mənzilə dair verilmiş RX ********** saylı çıxarışın ləğv edilməsi və yenidən hərracın keçirilməsinin Yasamal Rayon İcra və Probasiya şöbəsinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını etmişdir. Eyni zamanda İddiaçı iddianın təmin tədbiri barədə ərizə verərək, qətnamənin gələcəkdə icrasının təmin edilməsi məqsədi ilə mübahisəli olan və hazırda Cavabdeh2 ASC-nin adına rəsmiləşdirilmiş Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən 37 saylı evin, 5 saylı mənzilin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5156/2021 nömrəli, 06 avqust 2021-ci il tarixli qərardadına əsasən ərizə qismən təmin edilərək Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 37, 5 saylı mənzilin özgəninkiləşdirilməsi Cavabdeh2 ASC-yə qadağan edilmişdir. İddiaçı şikayət verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 5156/2021 nömrəli, 06 avqust 2021-ci il tarixli qərardadının ləğv edilməsini, iddianın təmini tədbiri barədə ərizənin tam təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qərardad qəbul edərkən qanuvericiliyin tələblərini pozmuşdur. Odur ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5156/2021 nömrəli, 06 avqust 2021-ci il tarixli qərardadı ləğv edilməli, iddianın təmini tədbiri barədə ərizə tam təmin edilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işin materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 avqust 2021-ci il tarixli, 2(004)-5156/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 158.1.1, 158.1.2, 158.1.3cü maddələrinə əsasən məhkəmə iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq, müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək, mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan edə bilər. Yuxarıda qeyd olunan mülki qanunvericiliyin tələblərinə əsasən iddianı təmin etmək barədə qəbul edilmiş qərardad müvəqqəti xarakter daşıyır və iş üzrə gələcəkdə qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən hallara dair şübhələr olduqda iddianın təmin etmək üçün nəzərdə tutulmuş tədbirlər görülə bilər. Məhkəmə kollegiyası şikayətin dəlilləri ilə bağlı qeyd edir ki, iş üzrə gələcəkdə qətnamənin icrasını təmin etmək üçün Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən 37 saylı evin, 5 saylı mənzilin özgəninkiləşdirilməsinin qadağan edilməsi yetərlidir. Bununla da, məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və hazırki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 avqust 2021-ci il tarixli, 2(004)-5156/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 avqust 2021-ci il tarixli, 2(004)-5156/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar