Məhkəmə qərarları › İş №2(103)-916/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-916/2023

13.01.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-916/2023 13.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2, cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “aktın etibarsız hesab edilməsi və borcun silinməsi barədə” iddiasına dair mülki iş üzrə Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, cavabdehin əməkdaşları tərəfindən Səbail rayonu, M.Hüseyn küçəsi, ev № 51-də yerləşən 18 №-li mənzil üzrə tərtib edilmiş xx.xx.2022-ci il tarixli, NDM 029599 №-li akt etibarsız hesab olunsun, həmin aktdan əmələ gələn bütün hüquqi nəticələr ləğv edilsin, iddiaçının abonent koduna (**********103X4) hesablanmış 877 manat borc silinsin. Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə qət olunub ki, iddia təmin olunsun, həmin akt etibarsız hesab olunsun və bu akta əsasən hesablanmış 877 manat borc silinsin. Cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunmasın. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin əsaslı olduğunu, iddiaçının nümayəndəsi Nümayəndə2 isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçı məişət abonenti, cavabdeh isə enerjitəchizatı müəssisəsidir. Onların arasındakı mübahisə iddiaçıya aid olan, Səbail rayonu, M.Hüseyn küçəsi, ev № 51-də yerləşən 18 №-li mənzildə (abonent kodu **********103X4) elektrik enerjisindən istifadə ilə bağlıdır. Cavabehin əməkdaşları həmin ünvan üzrə xx.xx.2022-ci il tarixli, NDM 029599 №-li akt tərtib ediblər (iş v. 27). Aktda qeyd olunub ki, sayğaca baxış keçirilərkən məlum oldu ki, mənzilə sayğac sxemindən kənar xətt daxil olur, kənar xətt birbaşa 0,4 kv-luq şəbəkədən götürülmüşdür. Daha sonra həmin akta əsasən elektrik enerjisinə görə yenidən hesablaşma aparılmış, itirilmiş enerjinin dəyəri 877,8 manat müəyyən edilmişdir (iş v. 28). Aktın tərtib olunduğu zaman cavabdehin əməkdaşları sayğacdan kənar xəttin video-auido yazısını aparmış və həmin yazını birinci instansiya məhkəməsinə təqdim etmişlər. Video-auido yazıya apellyasiya icraatı zamanı baxış keçirilmiş, iddiaçıya aid olan ünvanda elektrik enerjisindən sayağcdan kənar istifadə faktı öz təsdiqini tapmışdır. Ona görə də məhkəmə Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.32-ci bəndinin və Mülki Məcəllənin 425-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia təmin edilməməlidir. Bu qətnamədən kassasiya şikayəti verilə bilər. Belə ki, iddiada irəli sürülən 1-ci tələb (aktın etibarsız hesab olunması) qeyri-əmlak xarakterli tələbdir, iddiada irəli sürülən 2-ci tələb (877 manat borcun silinməsi) isə müstəqil tələb deyil, qeyri-əmlak xarakterli tələbin (1-ci tələbin) təmin ediləcəyi halda yaranacaq nəticədir. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin olunsun. Hazırkı iş üzrə Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “aktın etibarsız hesab edilməsi və borcun silinməsi barədə” iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar