Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-916/2025 17.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: pulun tutulması tələbi) X1 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlundan və X2 ibarət tərkibdə, məhkəmə kollegiyası İddiaçı MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-5948/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı MMC (bundan sonra iddiaçı) ilə Cavabdeh (bundan sonra cavabdeh) arasında bağlanmış xx.xx.2022-ci il tarixli əşyanın nisyə alqı-satqısına dair müqaviləyə əsasən cavabdeh iddiaçıdan ümumi qiyməti (qızıl zəmanətlə birlikdə) 1.030,80 manat olan **********54963 İMEİ kodlu, Huawei Nova 10SE markalı telefonu nisyə almış və ödəniş cədvəlinə uyğun olaraq bu əmlakın dəyərini aylar üzrə ödəməyi, həmin şərtləri pozduqda müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində mübahisəsiz olaraq penya ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür (müqaviləyə əlavənin 2-ci bəndi). xx.xx.2022-ci il tarixli əşyanın təhvil-təslim aktına əsasən həmin əşya iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. Lakin, cavabdeh bu müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməyərək, ötən dövr ərzində cəmi 593 manat məbləğində ödəniş etmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən onun həmin müqavilə üzrə 437,80 manat məbləğində əsas, 43,20 manat məbləğində cərimə borcu yaranmışdır. Bununla bağlı iddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixdə bildiriş (xəbərdarlıq) göndərilməklə yaranmış borc barədə məlumat verilmiş və həmin borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məsələ ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə ona xəbərdarlıq edilmişdir. Lakin, bu bir nəticə verməmiş, öhdəliklər bundan sonra da lazımi qaydada icra edilməmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı MMC Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında ərizə ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən İMEİ kod **********54963 Huawei Nova 10 SE markalı telefon üçün 437,80 manat əsas, 43,20 manat cərimə, ümumilikdə 481 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı MMC iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixdə bağlanmış müqaviləyə əsasən cavabdeh İMEİ kodu **********54963 olan Huawei Nova 10SE markalı telefon almış və nəticədə onun 481 manat borcu yaranmışdır. Ödənişin gecikdirilməsinə görə hesablanmış cərimə məbləği də nəzərə alınmaqla, cavabdehin cəmi ödədiyi məbləğ 593 manat təşkil edir. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən yayınmışdır. Bu səbəbdən həmin müqavilə üzrə yaranmış borc məbləği cavabdehdən tutulmalıdır.
4. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-5948/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh 437,80 manat məbləğində əsas, 43,20 manat məbləğində cərimə, ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi, ümumilikdə 511 manat pulun iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması qət edilmişdir. (hakim X7)
5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımi qaydada icra etməmişdir. Bu səbəbdən xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 437,80 manat məbləğində əsas, 43,20 manat məbləğində cərimə, ümumilikdə 481 manat məbləğində borc, habelə 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465-ci, 600cü, 601-ci, maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1ci, 284-1-ci, 284-5-ci, 284-6.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onunla əvvəllər bir yerdə işləmiş X6 telefon almaq istəmiş və kredit müqaviləsinin onun adına rəsmiləşdirilməsini xahiş etmişdir. O, da onun bu təklifı ilə razılaşmışdır. xx.xx.2022-ci il tarixdə 1.030,75 manat məbləğində kredit "xxxx" ASC-ın "X10" iş mərkəzində onun adına rəsmləşdirilərək, X4 verilmişdir. Bundan sonra X6 işdən çıxmış, əlaqələri kəsmiş və kredit məbləğini ödəməkdən yayınmışdır. Onunla dəfələrlə telefon danışığı və mesajlar olub və o, kredit borclarını ödəyəcəyini bildirmişdir. Lakin onun adına kreditlə götürülmüş telefonun pulunu ödəməkdən yayınmışdır. Buna görə də dəfələrlə iddiaçıya bildirmişdir ki, telefonu kreditlə alan X5r və onu aldadaraq aldığı telefonun pulunu hissə-hissə ödəmir, telefonun pulunun 593 manatını isə o əmək haqqından ödəmişdir. Ona görə də malı, yəni telefonu alıcıdan geri tələb etsinlər. Lakin iddiaçı malı geri alınmasına heç bir cəhd göstərməyərək, qalan pulların da ondan tutulmasını tələb edir. Hesab edir ki, malın geri alınması barədə heç bir tədbir görülmədiyi üçün qalan pulun da ondan tələb olunması tamamilə qanunsuzdur.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. İşdə iştirak edən şəxslərə apellyasiya şikayətinə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmişdir. Lakin apellyasiya şikayətinə qarşı əsaslandırılmış etiraz və ya hər hansı sənəd məhkəməyə daxil olmamışdır.
Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 394-1.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər apellyasiya şikayətinin surəti onlara rəsmi qaydada verildiyi vaxtdan 10 iş günü müddətində apellyasiya şikayətinə qarşı əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri məhkəməyə göndərə bilər; 394-1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
12. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.1 maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir.
Apellyasiya baxışının hədləri
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
14. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
15. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamənin qəbul edilməsi xahiş olunduğundan qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
17. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
18. Bu baxımdan əşyanın nisyə alqı-satqısına dair xx.xx.2022-ci il tarixli müqavilənin formal olaraq onun tərəfindən imzalanması, həqiqətdə X6 tərəfindən bağlanması, müqavilənin predmeti olan əşyanın da bu şəxs tərəfindən götürülməsi və əşyanın hazırda onda olması mövqeyindən çıxış edən cavabdeh, öz mövqeyini təsdiq edən sübutları məhkəməyə təqdim etməli və bu müqavilənin yalan əqd olmasını sübuta yetirməli idi. Lakin bu istiqamətdə hər hansı sübut təqdim edilməmişdir.
19. İş materiallarına əsasən isə İddiaçı MMC ilə Cavabdeh arasında onların qarşılıqlı iradə ifadəsi əsasında xx.xx.2022-ci il tarixdə əşyanın nisyə alqı-satqısına dair müqavilə bağlanmış və müqavilənin predmeti olan əşya məhz sonuncuya təhvil verilmişdir. Bununla bağlı aidiyyəti sənədlər də məhz Cavabdeh tərəfindən imzalanmışdır. Müqavilə bağlandıqdan və əşya qəbul edildikdən sonra cavabdeh tərəfindən onun hər hansı başqa şəxsə verilməsi, ödənişlərin cavabdeh deyil, üçüncü şəxs tərəfindən aparılması apellyasiya şikayətin təmin edilməsi və iddianın rədd edilməsi üçün əsas ola bilməz.
20. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Həmin münasibətlər çərçivəsində iddiaçı müqavilələrin predmeti olan və yuxarıda göstərilən əşyanı müəyyən edilmiş müddətlərdə və məbləğlərdə onun dəyərini ödəmək şərti ilə cavabdehə nisyə satmışdır. Müqavilədə əşyanın qiyməti, ödənişin qaydası, müddəti və məbləği göstərilmişdir. Cavabdeh müqavilənin predmeti olan əşyanı qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətdə və məbləğdə ödəniş etməyərək, müqavilənin şərtlərini pozmuşdur. Bu səbəbdən birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmiş və onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdığı kimi iddiaçıya ödəməli olması qənaətinə gəlmişdir.
21. Məhkəmə kollegiyası o halı da qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında olan razılaşmaya əsasən cavabdeh ödənişlərin gecikdirilməsinə yol verdiyi halda şərtləşdirilmiş dərəcə ilə cərimə ödəyəcəyini vəd etmişdir. Bu razılaşma (vəd) yazılı şəkildə həmin müqavilədə öz əksini tapmışdır. Hazırda da iddiaçı müqavilə üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən müqavilə üzrə hesablanmış 43,20 manat məbləğində cərimə borcunun ödənilməsini tələb edir.
22. Məhkəmə kollegiyası əşyanın dəyərini, habelə aparılmış ödənişlərin və yaranmış borcun məbləğini nəzərə alıb, belə qənaətə gəlir ki, iddiaçı tərəfindən əsaslı olaraq xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 43,20 manat məbləğində cərimə borcu hesablanmışdır. Bu məbləğlərin azaldılması üçün hər hansı əsas yoxdur. İddia tələbinin bu hissəsi ilə bağlı da birinci instansiya məhkəməsinin qənaəti düzgün olmuşdur.
23. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Cavabdehin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyinəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə və ya ləğv edilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
24. Eyni zamanda, məhkəmə kollegiyası vurğulayır ki, hazırkı iş üzrə iddianın qiyməti 481 manat təşkil etdiyindən, yəni məbləğ etibarı ilə 5.000 manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.
25. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 284-1-ci, 382-ci, 384-cü, 392-ci, 394-1-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-5948/2024 nömrəli, xx.xx.2024cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.