Məhkəmə qərarları › İş №2(103)-9161/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9161/2021

10.12.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9161/2021 10.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kərimli İlham Əziz oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Hüseynova Gültəkin Xalıq qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X1, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “qanunsuz hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli 2(010)-3323/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh ASC-yə qarşı «qanunsuz hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 38945 saylı abonent İddiaçı tələb olunan 4086 manat borcun Cavabdeh ASC tərəfindən silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Kirov küçəsi, “Qumadası” NQÇİ-nin MTJN-nin qarşısında yerləşən qeyri-yaşayış sahəsindəki emalatxana ona məxsusdur. 15.09.2018-ci il tarixində Şamaxı rayonu Şərədil kənd sakini olan X2 vəfat etməsi səbəbindən tanışı X5 ilə birlikdə Şamaxı rayonu Şərədil kəndinə getmiş və 15.09.2018-16.09.2018-ci il tarixində dəfn mərasimində iştirak etmişdir. Bakı şəhərinə qayıdan zaman bəlli olmuşdur ki, "Azərsu”ASC Suraxanı Sukanal İdarəsinin əməkdaşları ona məxsus olan emalatxanaya gəlmiş və 4086 manat cərimə hesablamışlar. Səbəbini araşdıran zaman aydın olmuşdur ki, emalatxananın qonşuluğunda yaşayan X8 ərazidə iki gün suyun olmayacağı ilə bağlı məlumatdan narahat olaraq, özünün su saxlamaq üçün su çəni olmadığından ona məxsus olan emalatxanada istifadə olunan, hamı üçün əl çatan yerdə olan su çəninə su doldurmuşdur ki, sonradan istifadə edə bilsin. Bununla bağlı olaraq Cavabdeh ASC-nin əməkdaşları tərəfindən video çəkiliş aparılmış və akt tərtib olunmuşdur. O, borcla bağlı Cavabdeh ASC-yə müraciət edərkən ona Cavabdeh ASC-nin əməkdaşları bildirmişlər ki, onun işlətdiyi qeyri-yaşayış sahəsində (emalatxana) kənar xəttdən istifadə olunmuşdur. Həmin xəttdən o istifadə etməmiş, həmin xətt X6 məxsus olmuşdur. Belə olan halda cavabdeh tərəfindən hesablanmış borc məbləğinin əsassız olduğu və həmin məbləğin silinməli olduğunu bildirərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3323/2021 saylı 21.06.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3323/2021 saylı, 21.06.2021-ci il tarixli qətnaməsindən narazı qalaraq apelyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamışdır. Məhkəmə sübutlara düzgün qiymət verməmişdir. Məhkəmə iclasında İddiaçı, habelə onun nümayəndəsi X7 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X9 apelyasiya şikayətinə etiraz edərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli və iddianın qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsində icraat zamanı iş üzrə şahid qismində ifadə vermiş X8 bildirmişdir ki, televizor vasitəsilə Suraxanı rayon ərazisində 15-16 sentyabr 2018-ci il tarixlərdə su olmayacağı barədə elan verilmişdir. O iki gün ərzində su olmayacağından ehtiyat edərək öz həyətinə gələn sudan emalatxananın çənini doldurmuşdur ki, həmin sudan istifadə edə bilsin. O bilməmişdir ki, bununla bağlı olaraq akt tərtib olunaraq iddiaçı cərimələnəcək. İş materiallarında olan Cavabdeh ASC tərəfindən tərtib olunmuş üzləşmə aktından müəyyən olunur ki, f/ş İddiaçı su və çirkab su üçün 4077.47 manat məbləğində borc hesablanmışdır. İş materiallarına əlavə edilmiş 15.09.2018-ci il tarixli, 10088 saylı inventar aktından görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən qeyri-yaşayış sahəsində (emalatxana) d20 mm-lik xətt vasitəsi ilə suyun sayğacdan kənar qeyri-qanuni istifadə olunduğunu aşkar olundu. Aşkar olunmuş kənar xətt kəsilərək ləğv edilmişdir. İş materiallarına əlavə olunmuş Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Şərədil kənd inzibati Ərazi üzrə nümayəndəliyi tərəfindən verilmiş 84 saylı arayışdan müəyyən olunur ki, İddiaçı 15-16 sentyabr 2018-ci il tarixdə Şamaxı rayonunun Şərədil kəndində dəfn mərasimində olmuşdur. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 13.03.2019-cu il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, İddiaçı cavabdehlər X6 və Suraxanı Sukanal İdarəsinə qarşı Bakı şəhəri, Suraxanı rayonu, Kirov küçəsi “Qumadası” NQÇİ-nin MTJN-nin qarşısında yerləşən qeyri-yaşayış sahəsinə (emalatxana) tərtib olunmuş 15 sentyabr 2018-ci il tarixli, 10088 saylı inventar aktnın ləğv edilməsinə və qüsur aktının digər cavabdeh X4 barəsində tərtib olunmasına dair iddiası rədd edilmişdir. Həmin qətnamə ilə müəyyən olunmuşdur ki, iddiaçının su xəttinə sayğacdan kənar qoşulması halı ilk növbədə onun və cavabdehlərin məhkəmə iclasında verdiyi izahatlarla, şahid ifadələri ilə və işə əlavə edilən sənədlərlə öz təsdiqini tapır. Başqa sözlə, sayğacdan kənar su xəttinin mövcudluğu işin mübahisəsiz halıdır. Belə olan halda, cavabdeh təşkilatın əməkdaşları tərəfindən kənar xəttin aşkar edilməsinə və ləğv edilməsinə görə tərtib edilmiş akt əsaslı olmuşdur. İddiaçının su xəttinə qanunsuz qoşulması ilə bağlı tərtib edilmiş həmin aktın ləğv edilməsi barədə tələb əsaslı deyildir. Belə ki, aktın ləğv edilməsi kənar qoşulma faktının olmaması anlamına gəlir, hansı ki, yuxarıda qeyd edilən kimi kənar qoşulma faktı işin mübahisəsiz halları ilə təsdiq edilir. Ona görə də, iddia tələbi bu hissədə təmin edilə bilməz. İddia tələbinin qüsur aktının digər cavabdeh X4 barəsində tərtib edilməsi hissəsi də əsassızdır. Belə ki, su təchizatı ilə təmin etməni tənzimləyən qanunun müddəalarından bəlli olur ki, istehlakçıları su ilə təchiz edərkən supaylayıcı mülkiyyətçi ilə müqavilə münasibətlərinə girir və bu münasibətlərdən doğan hüquq pozuntuları zamanı da qüsur aktları və maliyyə sanksiyaları mülkiyyətçinin barəsində tərtib edilir. Ona görə də, məhkəmə qüsur aktının cavabdeh X8 barəsində tərtib edilməsi tələbini əsassız sayır. Birinci instansiya məhkəməsi işin yuxarıda sadalanan hallarına istinad etməklə müəyyən etmişdir ki, Beləliklə məhkəmə tərəfindən tədqiq olunmuş sübutların məcmusu ilə müəyyən olunmuşdur ki, İddiaçı məxsus qeyri-yaşayış sahəsində (emalatxana) sayğacdan kənar sudan qeyri-qanuni istifadə olunduğunu üçün cavabdehin nümayəndələri tərəfindən akt tərtib olunmuşdur. İddiaçı saygacdan kənar xəttdən istifadə olunmasını və həmin xəttin onun tərəfindən deyil, X8 tərəfindən çəkilməsini və istifadə edilməsini iddia etsə də, həmin xətt dolayı yolla emalatxanın istifadəsi üçün nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsi iddianın əsassız olması nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası işin müəyyən edilən hallarını və apellyasiya şikayətinin dəlillərini əlaqəli şəkildə təhlil edərək birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə qismən razılaşır. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, hazırkı iş üzrə İddiaçı məxsus olan qeyri-yaşayış sahəsində su təchizatını həyata keçirən Azərsu ASC-yə məxsus su xəttinə qanunsuz qoşulma halı olmuşdur. İddiaçı bu qoşulmanın onun tərəfindən olmadığını, onun qonşusu tərəfindən bu hala yol verildiyini bildirir. Lakin həmin qeyri-yaşayış sahəsinə quraşdırılmış su çənindən yalnız bu qeyri-yaşayış sahəsində istifadə edildiyini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, su xəttinə iddiaçının özü, yaxud digər kiminsə (həmin sahədə fəaliyyət göstərən digər bir şəxs, qonşu və s.) tərəfindən qanunsuz qoşulmaya görə, bundan faydalanan abonent məsuliyyət daşımalıdır. Qeyd edilənlərlə yanaşı, müəyyən edilir ki, cavabdeh Azərsu ASC tərəfindən İddiaçı su xəttinə qanunsuz qoşulmaya görə dəymiş zərərin məbləği 4086 manat hesablanmışdır. Məhkəmə kollegiyası bu hesabatla tam razılaşmır. Belə ki, cavabdehin nümayəndəsi tərəfindən bildirildiyinə görə, həmin hesabat «Sudan istifadə Qaydaları»nın tələbləri əsasında qanunsuz qoşulmanın həyata keçirildiyi su boru xəttinin en kəsiyinin diametri (20 mm), 1 saatlıq su sərfi 1,14m3 nəzərə alınmaqla (ayda 171m3), habelə su və kanalizasiya şəbəkəsindən gündəlik istifadə müddəti 5 saat qəbul edilməklə, su təchizatı və tullantı suların axıdılması xidmətlərinin hər birinin qeyriəhali kateqoriyası üçün 1 manat (cəmi 2 manat) olması nəzərə alınmaqla, qanunsuz qoşulma aşkar edildikdən bir il əvvəlki müddət üçün aparılmışdır (171 m3 x 12 ay x 2 manat = 4086 manat). Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 17 iyul 2014-cü ildə təsdiq edilmiş «Sudan istifadə qaydaları»na 4 nömrəli əlavənin «Qeydlər» hissəsinin 3-cü bəndindən görünür ki, su təczizatı sisteminə qanunsuz (özbaşına) qoşulma aşkar edildikdə və belə qoşulmanın tarixini müəyyən etmək mümkün olmadıqda, itirilmiş suyun həcmi olaraq ötən 1 (bir) il müddətindən yuxarıdakı cədvələ əsasən hesablanır. Lakin həmin Qaydaların 2.1.3-cü bəndindən görünür ki, fiziki şəxs olan istehlakçılar istisna olmaqla, digər istehlakçıların istismarında olan su qurğularına 6 (altı) ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etmək, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirmək və aktın bir nüsxəsini istehlakçıya təqdim etmək su təchizatı və kanalizasiya müəssisəsinin (STKM) vəzifəsi kimi müəyyən edilmişdir. Göründüyü kimi, su sisteminə qanunsuz qoşulma aşkar edildikdə itirilmiş suyun həcmi yalnız o halda son bir il üçün hesablanır ki, bu qoşulmanın tarixini müəyyən etmək mümkün olmasın. Lakin digər tərəfdən həmin qaydalarda qeyri-əhali kateqoriyası üzrə su istifadəçilərinin su qurğularına ən geci 6 ayda bir dəfə baxış keçirilməsi və akt tərtib edilməsi su təchizatçısının vəzifəsi olaraq müəyyən edilmişdir. Bu isə onu deməyə əsas verir ki, su təchizatçısı qanunsuz qoşulmanı aşkar etdikdən ən geci 6 ay əvvəl həmin su qurğusuna baxış keçirməklə, bu qoşulmanın mövcud olmasını aşkar edə bilərdi. Belə olan halda, hazırkı iş üzrə İddiaçı məxsus qeyri-yaşayış sahəsində su xəttinə qanunsuz qoşulmaya görə 1 il üçün hesabat aparılmasını məhkəmə kollegiyası düzgün hesab etmir. Məhkəmə kollegiyasının qətnaətinə görə, Azərsu ASC-nin əməkdaşları tərəfindən hazırkı iş üzrə İddiaçı su xəttinə qanunsuz qoşulmaya görə 6 ay üzrə hesabat aparılmaqla, dəymiş zərərin məbləği müəyyən edilməli idi. Bu məbləğ isə hazırda iddiaçıya hesablanmış 4086 manat məbəlğin yarısını, yəni 2043 manat təşkil edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddianı tam rədd etməklə düzgün nəticəyə gəlməmişdir və bu nəticə işin faktiki hallarına uyğun olmamışdır. Bu səbəbdən məhkəmə kollegiyası iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri qismən əsaslı hesab edir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən bu Qanunda nəzərdə tutulan hallar istisna olunmaqla, su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan su təchizatı və kanalizasiya sisteminə qoşulmaq qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş Sudan istifadə Qaydalarının 3.1.1-ci maddəsinə əsasən su təchizatı və tullantı sularının axıdılması sistemlərinə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, bir nüsxəsi istehlakçıya təqdim olunan akt tərtib etməklə və qanunsuz qoşulmanı dərhal su və kanalizasiya sistemindən ayırmaqla, su təchizatı və kanalizasiya şəbəkəsindən istifadəni dayandırmaq və dəymiş ziyanın ödənilməsini təqsirkar şəxsdən tələb etmək su təchizati və kanalizasiya müəssisəsinin hüququdur. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, iddia tələbi qismən təmin edilməklə iddiaçıdan su xəttinə qanunsuz qoşulmağa görə tutulmalı olan pulun məbləği 2043,00 manat müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması və 385.1.4-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Məhkəmə kollegiyası həmçinin izah edir ki, hazırki iddianın qiyməti 5000 manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 402.1-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3323/2021 saylı 21 iyun 2021-ci il tarixli qətnaməsi qismən ləğv edilsin. İddia tələbi qismən təmin edilsin və Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı hesablanmış borcun məbləği azaldılaraq 2043,00 manat müəyyən edilsin. Qətnamə qalan hissədə apellyasiya şikayətinə münasibətdə dəyişdirilməsin. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar