Məhkəmə qərarları › İş №2(103)-9169/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9169/2021

28.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9169/2021 28.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh1 nümayəndəsi (vəkili) X2 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması” tələbinə dair iddiası üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 iyul 2021-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bank) Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bankla Cavabdeh1 arasında bağlanmış 13 noyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən ona 24 ay müddətinə, illik 26 % (iyirmi altı) faiz hesablanmaqla 19 000 ABŞ dolları kredit verildiyini, 21.04.2015-ci il tarixli əlavə sazişlə kreditin qaytarılma müddətinin 21.09.2017-ci il tarixinə qədər müəyyənləşdirildiyini, Cavabdeh2 kredit öhdəliklərinin icrası üçün zamin durduğunu, ötən müddət ərzində cavabdehlərin müqavilə üzrə üzərlərinə götürdükləri öhdəlikləri lazımınca yerinə yetirmədiklərini və 07 dekabr 2020-ci il tarixinə 16910,67 ABŞ Dolları əsas, 6557,58 ABŞ Dolları faiz, 6038,57 ABŞ Dolları cərimə borclarının, habelə 21 sentyabr 2017 il tarixdən 07 dekabr 2020 il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 2723,65 ABŞ Dolları faiz borclarının yarandığını irəli sürmüş, ümumilikdə 32 230,47 ABŞ Dolları borcun və 30 manat Dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin edilməməsi, eyni zamanda 100 manat ekspertiza xərcinin bankdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət olunmuşdur. Qətnamə ilə razılaşmayan iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətində mülki qanunvericiliyin öhdəlik hüququ ilə bağlı bir sıra müddəlarına istinad etməklə, birinci instansiya məhkəməsinin əsassız olaraq iddia müddətinin ötürülmüş olması nəticəsinə gəldiyini, Cavabdeh1 iddianı etiraf etməklə müddətin axımını kəsən hərəkətlər etdiyini nəzərə almadığını irəli sürmüşdür. Məhkəmə iclasında iştirak edən iddiaçı bankın nümayəndəsi şikayətin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, cavabdeh Afaq Hüseynovanın nümayəndəsi (vəkili) şikayətin əsassız olduğunu bildirmiş, digər Cavabdeh2 isə məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin müəyyən olunmuş hallarına əsasən, "xxxx" İKB ASC (hazırda İddiaçı ASC) ilə Afaq Hüseynova və Cavabdeh2 arasında 13 noyabr 2014-cü il tarixdə “Bank hesab, kredit və zaminlik” müqaviləsi bağlanaraq Afaq Hüseynovaya 24 ay müddətinə, illik 26 % (iyirmi altı) faiz hesablanmaqla 19 000 ABŞ dolları kredit verilmiş, Cavabdeh2 kredit öhdəliklərinin icrası üçün zamin qismində üzərinə öhdəliklər götürmüş, həmin müqaviləyə edilmiş 21.04.2015-ci il tarixli əlavə ilə kreditin qaytarılma müddəti 21.09.2017-ci il tarixinə qədər uzadılmış, kredit faizi 28%-ə artırılmışdır. İddiaçının iddia tələbi məhz qeyd olunan müqaviləyə istinadla irəli sürülmüş, birinci instansiya məhkəməsi isə həmin tələbi təmin etmədiyi zaman göstərilən müqavilədən yaranan tələblər üzrə iddia müddətinin keçmiş olmasına əsaslanmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır; belə ki, Mülki Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır; bu isə o deməkdir ki, tərəflərlə bank arasında bağlanmış müqavilə üzrə öhdəliklərin icrası üçün nəzərdə tutulmuş müddət 21.09.2017-ci il tarixdə bitmiş və iddia müddətinin axımı başlanmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Qərarında göstərilmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, 13.11.2014-cü il tarixdə bağlanmış müqavilə üzrə iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünə dair birinci instansiya məhkəməsinin qənaəti Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında müəyyən olunmuş hüquqi mövqeyə görə əsaslıdır və həmin müqavilə üzrə iddia müddətinin axımı kredit müqaviləsinin müddətinin bitdiyi 17 sentyabr 2017-ci il tarixdən hesablanmalıdır. Kollegiya həmçinin qeyd edir ki, kredit müqaviləsində borc alanın öz üzərinə götürdüyü öhdəlikləri tam həcmdə yerinə yetirdikdən sonra onun xitam olunacağının nəzərdə tutulmuş olması müqavilənin qeyri-müəyyən müddətə bağlanmış olması kimi qəbul edilə bilməz, çünkü müddət hüquqi anlayış kimi özündə həmişə konkretliyi ehtiva edir. Mülki Məcəllənin 367-ci maddəsi də bunu təsdiq edir, həmin maddəyə görə “müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər”. Bu baxımdan, əsasını həmin müqavilənin təşkil etdiyi tələblər üzrə iddia müddəti 18 sentyabr 2020-ci il tarixdə bitmişdir, iddiaçı isə ərizə ilə məhkəməyə 2021-ci ilin yanvar ayında müraciət etdiyinə görə iddia müddəti ötürülmüş hesab edilməlidir. Nəzərə alınmalıdır ki, iş materiallarından Afaq Hüseynovanın müqavilə müddəti ərzində sonuncu dəfə 09.10.2015-ci il tarixdə ödəniş həyata keçirdiyi, bu tarixdən iddia müddətinin bitdiyi 18.09.2020-ci il tarixinədək ödəniş etmədiyi aydın olur; onun, hazırkı iddiaya birinci instansiya məhkəməsində baxılarkən ödədiyi 117 ABŞ dolları ödəniş isə iddia müddətinin bitməsindən sonra həyata keçirildiyindən müddətin axımını kəsən hərəkət kimi qiymətləndirilə bilməz – çünkü iddia müddətinin axımını kəsən hərəkətlər müddət daxilində baş verməlidir. Qeyd olunmalıdır ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1919/2021 saylı iş üzrə 17 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçıya aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar