Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9174/2021 04.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “aktların ləğvi və aktlar üzrə hesablanmış borcun silinməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli 2(006)-1201/2021 saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətlərinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, ASC tərəfindən tərtib edilmiş 14.01.2020-ci il tarixli və 20.02.2020-ci il tarixli aktların ləğv edilməsini və həmin aktlar əsasında hesablanmış 3164 manat məbləğində borcun silinməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, ailəsi ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Lakin 14 yanvar 2020-ci ildə ona məxsus olan, ünvan 2 ünvanında küçədə yerləşən işıq sayğacı sındırılmış və bununla bağlı ASC-nin Xəzər rayon Enerji Təchizatı və Satış İdarəsinə özü məlumat vermişdir. ASC-nin Xəzər rayon Enerji Təchizatı və Satış İdarəsinin əməkdaşları tərəfindən heç bir məlumat verilmədən və onun iştirakı olmadan 2500 manat məbləğində cərimələnmişdir. Sözü gedən akta əsasən sayğacın hesablama tablosunun deşildiyi və bu tablonun oxunmadığı aşkar edilmişdir. 20 yanvar 2020-ci il tarixdə isə Xəzər rayon Enerji Təchizatı və Satış idarəsinin əməkdaşları protokol tərtib edərək onun məlumatı və iştirakı olmadan işıq sayğacını dəyişdirmişlər. Dəyişdirilən bu sayğac daha sonra alışaraq yanmışdır. 20 fevral 2020-ci il tarixdə ASC-nin Xəzər rayon Enerji Təchizatı və Satış İdarəsinin əməkdaşları, yenə ona heç bir məlumat vermədən və iştirakı olmadan akt tərtib etməklə onu 500 manat cərimələmişlər. Akta əsasən ünvana baxış keçirilərək sayğacın əriyib yararsız halda olduğu, yenisi ilə əvəz olunmalı olduğu müəyyən edilmişdir. 11 mart 2020-ci il tarixdə isə Xəzər rayon Enerji Təchizatı və Satış İdarəsinin əməkdaşları protokol tərtib edərək onun məlumatı və iştirakı olmadan işıq sayğacını dəyişdirmişlər. ASC-nin Xəzər rayon Enerji Təchizatı və Satış İdarəsinin əməkdaşları tərəfindən tərtib olunan protokol və aktların heç birində iştirak etməmiş və imzası yoxdur, aktların nüsxəsinin verilməsi ilə bağlı müraciət etsə də, müraciəti rədd olunmuş və iki aktdan hər hansı birinin surəti verilməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli 2(006)-1201/2021 saylı qətnaməsi iddia tələbi qismən təmin edilmiş, "xxxx" ASC tərəfindən İddiaçı barəsində tərtib edilmiş 14 yanvar 2020-ci il tarixli R 171765 saylı və 20 fevral 2020-ci il tarixli R 171815 saylı aktların ləğv edilməsi, ünvan 4 ünvanı üzrə İddiaçı adına olan «**********90083» saylı abunə koduna qeyd olunan aktlar üzrə hesablanmış 625,33 manat borc və əlavə olaraq hesablanmış 1609,58 manat borc, cəmi 2234,91 manat məbləğində elektrik enerjisi borcunun əsassız sayılaraq silinməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Qətnamədən iddiaçı və cavabdeh tərəfindən apelyasiya şikayəti verilmişdir. İddiaçı apelyasiya şikayətində qətnamənin qismən dəyişdirilərək, iddia tələbinin tam təmin edilməsi, yəni əlavə olaraq hesablanmış 1609,58 manat borc hissəsində ləğv edilərək, bu hissənin 2517,34 manat olmaqla, cəmi 3142,67 manat borcun (cavabdehin ehtimalına əsasən hesablanmış 625,33 manat və əlavə olaraq sayğac yararsız vəziyyətdə olduğu dövrdə hesablanmış 2517,34 manat) silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, ASC-nin abunə haqqında invoysa əsasən guya o, 05.02.2020-ci il tarixli göstəriciyə əsasən, 11.01.2021-ci il tarixdən 05.02.2021-ci il tarixədək 25 gün ərzində 2512,37 manat dəyərində elektrik enerjisi istifadə etmiş, invoysda isə sərfiyyat 05.02.2020-ci il tarixində ayrı-ayrılıqda (1609,58 manat və 907,76 manat) göstərilmişdir (borcun 907,76 manatlıq hissəsi, invoysun ikinci səhifəsinin "xxxx" hissəsində ayrılıqda qeyd olunub). Cavabdeh ASC-nin apelyasiya şikayətində qətnamənin iddianın təmin edilmiş hissəsində ləğv edilməsi xahiş edilərək, göstərilmişdir ki, məhkəmə işi düzgün və hərtərəfli araşdırmamış, abunə haqqında məlumatın təhlilini düzgün aparmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı öz apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi ASC-nin apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Qeyd etdi ki, 1609,58 manat məbləğində borc təzə sayğac quraşdırılan zaman köhnə sayğacın üzərində qeydə alınmış sərfiyyat borcu olmuşdur. Eyni zamanda, "xxxx" bölümündə qeyd edilmiş 907,76 manat məbləğində olan borc da təzə sayğac quraşdırılan zaman köhnə sayğacın üzərində olan sərfiyyat borcuna aiddir, yəni 2517,34 manat köhnə borcun 1609,58 manat hissəsi ilə 907,76 manat hissəsi saldoda ayrı-ayrı bölmələrdə göstərilmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli, iddiaçının apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, iddianın təmin edilməyən hissəsində ləğv edilməli və həmin hissədə iddia qismən təmin edilməlidir. 14.10.2020-ci il tarixli Qaradağ RMKTB-nin 109 saylı MKİS tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı ünvan 5 ünvanında yaşayır. 14 yanvar 2020-ci il tarixdə tərtib edilmiş R 171765 saylı aktdan görünür ki, ünvan 6 ünvanında olan sayğaca EEİQ-ya uyğun baxış keçirilən zaman sayğacın hesablama tablosunun deşildiyi və tablonun oxunmadığı müəyyən edilmişdir. 20 fevral 2020-ci il tarixdə tərtib edilmiş R 171815 saylı aktdan görünür ki, ünvan 6 ünvanına abonentin şifahi tələbinə əsasən baxış keçirilmiş, quraşdırılmış elektrik sayğacının tamamilə əridiyi və yararsız halda olduğu müəyyən edilmişdir. 11.03.2020-ci il tarixli ******* saylı protokoldan görünür ki, 171815 saylı akt əsasında sayğac quraşdırılmış, çıxarılan sayğac isə tam yanmışdır. İddiaçı 14.01.2020-ci il tarixli və 20.02.2020-ci il tarixli aktların ləğv edilməsini və həmin aktlar əsasında hesablanmış 3164 manat məbləğində borcun silinməsini tələb etmişdir. Məhkəmə belə nəticəyə gəlmişdir ki, elektrik enerjisi sayğacı evdən kənarda, yəni çöldə quraşdırılmış, qeyd olunan aktlar tərtib olunarkən isə qanunvericiliyin tələblərinə riayət olunmamış, borc düzgün hesablanmamış və istehlakçının hüquqları pozulmuşdur. Belə ki, cavabdeh "xxxx" ASC tərəfindən aktlar tərtib edilərkən qanunvericiliyin tələblərinə zidd olaraq abonent və hal şahidlərinin iştirakı təmin olunmamış, aktlar abonent və hal şahidləri tərəfindən imzalanmamış, həmçinin istehlakçı tərəfindən sayğaca hər hansı bir müdaxilə edilməsi, sayğacın təhvil verilməməsi və pozuntunun məhz istehlakçının təqsiri üzündən yaranmasına dair cavabdeh tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim olunmamışdır. Bundan başqa, hər iki aktdan göründüyü kimi, sayğac ümumi istifadədə olan yerdə quraşdırıldığından abonentin sayğacda müəyyən olunmuş qüsurlara görə məsuliyyət daşıması qanuna ziddir. Cavabdeh tərəfindən təqdim olunmuş abunə haqqında arayışda hesablanmış 1.609,58 manat borc 11.01.2020-ci il tarixdən 05.02.2020-ci il tarixədək olan dövrü, yəni sayğacın elektron tablosunun yararsız vəziyyətdə olduğu dövrü əhatə etdiyinə görə, həmçinin cavabdeh tərəfindən qeyd olunan borcun nəyə əsasən və hansı formada hesablanmasına dair sübutlar təqdim edilmədiyinə görə qanuni hesab oluna bilməz. İddiaçı apelyasiya şikayətində iddianın təmin edilməyən hissəsində qətnaməni mübahisələndirərək, sayğacın yararsız vəziyyətdə olduğu dövrdə hesablanmış 2517,34 manat borcun qalan hissəsi olan 907,76 manat məbləğində borcun da silinməsini xahiş etmişdir. Kollegiya hesab edir ki, iddiaçının apelyasiya şikayəti qismən təmin edilməlidir. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi göstərmişdir ki, abunə haqqında arayışda göstərilən 1609,58 manat borc və 907,76 manat borc təzə sayğac quraşdırılarkən, köhnə sayğac üzərində olan sərfiyyata görə hesablanmış borcdur, sadəcə arayışda 907,76 manat "xxxx" bölümündə göstərilmişdir, əslində həmin məbləğ də 1609,58 manat borcun davamı olaraq hesablanmış borc məbləğidir. Belə olan halda, Kollegiya hesab edir ki, məhkəmə hesablanmış 1.609,58 manat borcun sayğacın elektron tablosunun yararsız vəziyyətdə olduğu dövrü əhatə etdiyinə görə, həmçinin cavabdeh tərəfindən qeyd olunan borcun nəyə əsasən və hansı formada hesablanmasına dair sübutlar təqdim edilmədiyinə görə silinməsi barədə haqlı nəticəyə gəlsə də, həmin borc məbləğinə aid olan 907,76 manat borcun silinməməsi barədə yalnış nəticə gəlmişdir. Əlavə olaraq 2517,34 manat (1609,58+907,76) borc hesablanmış, abunə haqqında arayış da isə 1609,58 manat bir qeyd edilmiş, 907,76 manat isə "xxxx" bölümündə göstərilmişdir. Odur ki, həmin hissədə iddia qismən təmin edilməli və əlavə olaraq hesablanmış 907,76 manat məbləğində elektrik enerjisi borcu silinməlidir. Kollegiya onu da qeyd edir ki, iddiaçı apelyasiya şikayətində yalnız məhkəmə tərəfindən nəzərə alınmamış 907,76 manat məbləğində əsassız hesablanmış borcun silinməsini də tələb etsə də, ümumi iddia tələbi 3164 manat olduğu, apelyasiya şikayəti təmin edildiyi halda isə təmin olunan ümumi tələb 3142,67 manat (1609,58+625,33+907,76) təşkil etdiyi üçün apelyasiya şikayəti qismən təmin edilmiş olur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh iddianın təmin edilmiş hissəsini mübahisələndirmişdir. Kollegiya hesab edir ki, cavabdehin apelyasiya şikayəti əsassızdır. «Elektroenergetika haqqında» 03 aprel 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin tələblərinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 saylı 02.02.2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemləri ilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə enerji təchizatı müəssisəsi cavabdehlik daşıyır. 8.32-ci bəndinə əsasən, məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Həmin Qaydaların 8.33-cü bəndinə görə isə məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Göründüyü kimi, “Elektrik enerjisindən istifadə qaydaları”nın tələbinə görə elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Lakin hazırki iş üzrə tərtib edilmiş aktlardan görünür ki, aktların tərtib edilməsində hal şahidlərinin iştirakı təmin edilməmiş, akt yalnız cavabdeh təşkilatın əməkdaşları tərəfindən imzalanmış, hal şahidləri və abonent tərəfindən imzalanmamışdır. Bu isə həmin aktların mötəbərliyini şübhə altına alır. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi akt tərtib olunarkən qanunvericiliyin tələblərinə riayət olunmaması və istehlakçının hüquqlarının pozulması barədə düzgün nəticəyə gəlmişdir və cavabdehin apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 398 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçının apelyasiya şikayəti qismən təmin edilsin, cavabdehin apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1201/2021 saylı iş üzrə 18 mart 2021-ci il tarixli qətnaməsi qismən, iddianın təmin edilməmiş hissəsində ləğv edilsin və həmin hissədə iddia tələbi qismən təmin edilsin. ünvan 4 ünvanı üzrə İddiaçı adına əlavə olaraq hesablanmış 907,76 manat məbləğində elektrik enerjisi borcu əsassız sayılaraq silinsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-9174/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9174/2021
04.10.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver