Məhkəmə qərarları › İş №2(103)-9176/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9176/2020

16.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9176/2020 16.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 ASC, Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi MMC və Cavabdeh4nə qarşı “hərracın etibarsızlığı və s.” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, Cavabdeh2 ASC-nin xeyrinə kreditin təminatı olaraq yüklü edilmiş Bakı şəhəri, Xətai rayonu, S.Hümbətov küçəsi, ev 90, 5 saylı mənzil üzrə keçirilmiş hərracın yekunları barədə xx.xx.2010-cu il tarixli, 16/02 saylı protokolun etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı, eyni zamanda iddianın təmin tədbiri haqqına ərizə verərək, həmin mənzil üzərində bütün hərəkətlərin aparılmasına qadağa qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə ərizə təmin edilərək, Bakı şəhəri, Xətai rayonu, S.Hümbətov küçəsi, ev 90, 5 saylı mənzil üzərinə həbs qoyulmuşdur. Cavabdeh2 ASC, həmin qərardaddan şikayət verərək, onun ləğv, ərizənin rədd olunması barədə yeni qərardad çıxarılmasını xahiş etmişdir. Xətai Rayon Məhkəməsi, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayəti rədd edərək, baxılması üçün işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət qismən təmin edilərək, Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli mənzilin üzərinə həbs qoyulması barədə qərardadı ləğv edilmiş, mənzilin özgəninkiləşdirilməsi Cavabdeh2 ASC-yə və digər şəxslərə qadağan edilmiş və qərardad dərhal icraya yönəldilmişdir. Şikayətə baxıldıqdan sonra iş, Xətai Rayon Məhkəməsinə göndərilmiş və həmin Məhkəmənin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə, iddia rədd edilmişdir. Cavabdeh2 ASC, xx xxxxxxx 2020-ci il tarixdə ərizə ilə Xətai Rayon Məhkəməsinə müraciət edərək, mübahisə predmeti olan mənzilin özgəninkiləşdirilməsinə qoyulan qadağanın götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə, ərizə təmin edilərək, mənzilin özgəninkiləşdirilməsinə qoyulan qadağa götürülmüşdür. İddiaçı, həmin qərardaddan şikayət verərək, ləğv olunmasını xahiş etmiş və şikayətini məhkəmə tərəfindən prosessual hüquq normalarının pozulması ilə əsaslandırmışdır. Xətai Rayon Məhkəməsi, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayəti rədd edərək, baxılması üçün işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət təmin olunmalı, Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli, ərizənin geri qaytarılması üçün iş həmin məhkəməyə göndərilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 162.1-ci maddəsinə əsasən, iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Göründüyü kimi, qanunverici iş üzrə tətbiq edilmiş iddianın təmin tədbirinin yalnız bu barədə qərardad qəbul etmiş məhkəmənin özü tərəfindən ləğv edilməsini mümkün hesab etmişdir. Başqa sözlə, iddianın təmin tədbirinin ləğv edilməsi səlahiyyəti yalnız onu tətbiq etmiş məhkəməyə aiddir. Hazırkı işdən görünür ki, Bakı şəhəri, Xətai rayonu, S.Hümbətov küçəsi, 90saylı evin, 5 saylı mənzilinin özgəninkiləşdirilməsinə qadağa Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə qoyulmuşdur. Bu halda, tətbiq edilmiş qadağanın götürülməsi səlahiyyəti də yalnız həmin məhkəməyə aiddir. Rayon məhkəməsi isə, prosessual qanunvericiliyin bu tələbini pozaraq, özünün tətbiq etmədiyi təmin tədbirinin ləğvi barədə ərizəyə baxaraq, onu təmin etmişdir. Halbuki, o, MPM-in 153-cü maddəsinin tələblərinə əsasən, ərizəni qəbul etməkdən imtina etməli və ərizəçiyə hansı orqana müraciət etməli olduğunu izah etməli idi. Odur ki, qeyd olunanlara əsasən Kollegiya bu qənaətə gəlir ki, Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli və Cavabdeh2 ASC-nin “mübahisə predmeti olan mənzilin özgəninkiləşdirilməsinə qoyulan qadağanın götürülməsi barədə” xx xxxxxxx 2020-ci il tarixli ərizəsinin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. MPM-in 398.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1242/2020 nömrəli, xx xxxxxxx 2020ci il tarixli qərardadı ləğv edilsin. Cavabdeh2 ASC-nin “Bakı şəhəri, Xətai rayonu, S.Hümbətov küçəsi, 90saylı evin, 5 saylı mənzilinin özgəninkiləşdirilməsinə qoyulan qadağanın götürülməsi barədə” xx xxxxxxx 2020-ci il tarixli ərizəsi geri qaytarılması üçün işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar